Türk dünyası mədəniyyətinin
təbliğində önəmli addım: "Mahnıdan
Şarkıya"
"Mahnıdan Şarkıya"
- bu, Azərbaycandan başlayıb, türk dünyasına uzanan möhtəşəm bir proyektin adıdır.
Bütün qardaş türk
dünyasının qəlbinin
şeirlərlə, mahnılarla,
şarkılarla bir vurduğu nəhəng proyekti həyata keçirən Azərbaycan
Bəstəkarlar İttifaqı,
Azərbaycan Yazıçılar
Birliyi və Türkiyə Elm və Ədəbiyyat Əsəri
Sahibləri Məslək
Birliyinin (İLESAM) bu
ilk birgə addımı
çox maraqlı və uğurlu olub.
Türk qardaşlarımızdan gələn
dəvət-təklifə görə,
altı türk şairinin sözlərinə,
altı azərbaycanlı
bəstəkar mahnı
yazmalı və altı azərbaycanlı şairin sözlərinə
altı türk bəstəkarı şarkılar
bəstələməliydi. Hər zamankı kimi Azərbaycan Bəstəkarlar
İttifaqı qarşısına
gələn təklifləri
qəbul edib, dəyərləndirəndən sonra hər iki qurum arasında
işbirliyi sazişini
təsdiqləyərək, Azərbaycanda ilk belə bir proyektin üzərində
işə başlandı.
Əlbəttə, belə
bir qarşılıqlı
əməkdaşlığın nə qədər önəmli olduğunu əvvəlcədən görən
və uzun ömürlü iş birliyi, perspektiv əhəmiyyəti Bəstəkarlar
İttifaqı bu addımı atmağı
vacib bildi. Bu işbirliyinin içində
Azərbaycan bəstəkarları
və şairlərinin
türk dünyasında
bir daha tanınması var idi.
Dəyərli türk şairləri
Nedim Uçar, Eklem Yalbuz, Sərdar
Öncül, Durmuş
Kaya, Sevinc Atan, Sevim Yakıcı
öz şeirlərini
Azərbaycan Bəstəkarlar
İttifaqına göndərdikdən
sonra bizim bəstəkarlardan Firəngiz
Əlizadə, Sərdar
Fərəcov, Cavanşir
Quliyev, Həsən Adıgözəlzadə, Elza
Seyidcahan və Cəlal Abbasov bu şeirlər üzərində işləyib
mahnılarını yazdılar.
Qarşılıqlı olaraq Azərbaycan tərəfi tanınmış şairlərimiz
Əhməd Cavad, Rəsul Rza, Nigar Rəfibəyli, Məmməd Araz, Zəlimxan Yaqub, Nəriman Həsənzadənin
gözəl şeirlərini
türk musiqiçilərinə
təqdim edəndən
sonra, onlardan Faruk Şahin, Özgen Gürbüz, Zekai Tunca, Yaşar
Bedük, Pınar Köksal, Uğur Top bir-birindən gözəl şarkılar
hazırladılar.
Sözləşməyə görə bu mahnı və
şarkılar "Türk
dünyası konsertlər
silsiləsi" başlığı
altında türksoylu
ölkələrin hamısında
bir-bir təqdim olunmalıydı və türk dünyası konsertlər silsiləsi
"Mahnıdan Şarkıya"nın ilk təqdimatı
Bakıda "Muğam
Mərkəzində" böyük
müvəffəqiyyətlə keçdikdən sonra növbəti çıxış
Ankarada oldu. Bakıdan Ankaraya uzanan konsert proqramı ulu öndərimiz Heydər Əliyevin "İki dövlət - bir millət" mesajını verirdi.
Noyabr ayının 18-dən 21-nə qədər
uzanan bu tədbirdə iştirak etmək üçün başda Azərbaycan Bəstəkarlar İttifaqının
sədri Firəngiz Əlizadə olmaqla İttifaqın bir qrup üzvü və Azərbaycan Yazıçılar Birliyinin
mətbuat katibi,
İLESAM-ın Bakı
təmsilçisi Xəyal
Rza "Mahnıdan Şarkıya" proqramlarında
iştirak etmək üçün Ankaraya gəldilər.
Əlbəttə ki, ənənəyə
görə tədbirlərə
başlamazdan öncə
hər iki öndərin, əvvəlcə
Bakıda Heydər Əliyevin, sonra isə Ankarada Mustafa Kamal Atatürkün məzarlarını ziyarət
etmək sənət adamlarının dahi insanlar qarşısında
vəfa borcu idi və Ankara ziyarəti də məhz Anıtqəbirə
çələng qoyma
mərasimiylə başladı.
Əvvəlcədən demək istərdim ki, türk dostlarımız çox gərgin iş planı tərtib etmişdilər.
Bu tədbirlər içərisində Türkiyədə
yerləşən Qazaxıstan
səfirliyində, Azərbaycan
Böyük Elçiliyində
və TÜRKSOY-da görüşlər də
nəzərə alınmışdı.
Əlbəttə, yadda qalan görüşlərdən biri
də bizim Azərbaycan Səfirliyində
olan görüşümüz
idi. Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov iki plkənin qardaşlıq əlaqələrini vurğulayaraq,
azərbaycanlı musiqiçilərin
Türkiyənin incəsənətinə,
musiqi təhsilinə gətirdiyi töhfələrdən
danışdı. F.Əlizadənin Mersin şəhərinin Opera və
Balet Teatrı üçün yazdığı
"Boş beşik"
baletini xüsusilə
qeyd etdi. Firəngiz xanım da Azərbaycan Bəstəkarlar İttifaqında
görülən işlər
barədə səfirliyə
toplaşanlara, türkiyəli
dostlarımıza məlumat
verdi. Ən yadda
qalan görüşlərdən
biri də Ankarada TÜRKSOY-un qərargahında
olan görüş idi. TÜRKSOY-un sədri Düseyin Kaseinov, demək olar ki, xarici
səfərindən birbaşa
bizim heyətlə görüşə gəlmişdi.
Maraqlı keçən görüş
zamanı TÜRKSOY-un son vaxtlarda
gördüyü işlər
barədə videoçarx
nümayiş etdirildi.
Bir də bizim üçün
ən sevindirici hal Xalq şairi
Bəxtiyar Vahabzadənin
şeirlərinin türkdilli
xalqların dilində
yenicə çıxan
nüsxələrinin təqdimatı
oldu.
Nəhayət, noyabrın 19-da Ankarada TRT Avaz kanalında baş tutan möhtəşəm canlı
yayım konserti olduqca uğurla, böyük ruh yüksəkliyilə təşkil
olunmuşdu. Konsertdən öncə səhnəyə
çıxan İLESAM Genel
Başkanı Mehmet Nuri Parmaksız türksoylu ölkələrin
tarixən mədəni
irslərinin biri-birinə
bağlılığını göstərmək və bunu gələcək nəsillərə ötürmək
amacıyla belə bir proyekti, yardımçısı
tanınmış şairə
İlter xanım Yaşılayla birlikdə
hazırlayıb azərbaycanlı
dostların dəstəyiylə
həyata keçirməkdən
qürur duyduğunu qeyd etdi və
bu konsertin araya-ərsəyə gəlməsində
əməyi keçən
hər kəsə təşəkkürünü bildirdi.
Daha sonra Azərbaycan Bəstəkarlar
İttifaqının sədri
Firəngiz Əlizadə
öz çıxışında
iki ölkə arasında qardaşlıq,
bərabərliklə yanaşı,
sənət birliyinin əhəmiyyətini xüsusi
vurğulayaraq ortaq türk mədəniyyətinin
inkişafına uğurlar
arzuladı.
Təşkilatçılığın yüksək səviyyədə
olması, Azərbaycanın
səfirinin, Türkiyənin
o günlərdəki mədəniyyət
və türizm naziri - hörmətli Yalçın Topçunun
konsertdə iştirak
etməsi buna bir daha dəlalət
edirdi. Nazir öz çıxışında
bütün türk dünyasının, islam aləminin hər gecəsinin belə şeirlə musiqinin vəhdətində
keçməyini arzuladı.
Əlbəttə, konsertin müvəffəqiyyətlə
keçməsində TRT-nin
musiqi kollektivlərinin
xorun, solistlərin, orkestrin əməyini xüsusiylə qeyd etmək lazımdır. Kollektivə
rəhbərlik edən
həmyerlimiz Abdulla Gurlakini,
bəstəkar və Koro Şefi Özgen Gürbüz, solistlərdən Çigdem
Gürdal, Elif Güreşçi, Suat Kılıç öz çıxışlarıyla dinləyiciləri
feyziyab etdilər.
Konsertin sonunda bütün iştirakçılar, qonaqlar,
təşkilatçılar səhnəyə dəvət
olundu və demək olar ki, konsert təzədən
başladı. Yəni, TRT sənətçiləriylə birlikdə türk şarkılarından ibarət
geniş on beş
dəqiqəlik mahnı
çələngi gecənin
son nöqtəsini qoydu.
Beləcə, 2016-cı ildə Qazaxıstanda görüşmək ümidiylə
böyük proyektin birinci bölümünü
yekunlaşdırdıq.
Həcər
BABAYEVA
Əməkdar incəsənət
xadimi
525-ci qəzet.-
2015.- 11 dekabr.- S.6.