Demokratik mətbuatın Heydər Əliyev
konsepsiyası
Tarixən bir missiya qədəmi ilə meydana
çıxmış mətbuat yaranışının lap
ilk çağlarından hakimiyyət və cəmiyyət
münasibətlərinin, dövlət idarəçiliyinin
demokratikləşməsi yolunda öz missiyasını yerinə
yetirməkdədir.
Hər bir ölkənin, hər bir dövlətin və
hər bir millətin demokratik inkişaf yolu mütləq mətbuatdan
keçir. Hələ sağlığında klassik
yazıçı statusunu qazanmış A.Soljenitsın
özünün demokratik ideyalı əsərlərinə
görə 1975-ci ildə SSRİ vətəndaşlığından
məhrum edildi və o, rəsmi olaraq ölkədən
çıxarıldı. Böyük fransız
yazıçısı Sartrın dili ilə desək, Qərb
ölkələrində əsl sənətkara, Şərq
ölkələrində isə üsyançılara təqdim
olunan Nobel mükafatını alarkən Soljenitsın söylədiyi
nitqində demişdi: "Dünyada rus olmaqdan böyük
faciə yoxdur". O zaman Sovet mətbuatı onun
çıxışında bu cümləni kontekstdən
çıxararaq oxucuya beləcə təqdim etmiş və
Soljenitsını antivətənpərvərlikdə
günahlandırmışdı. Uzun illər
keçdi və biz SSRİ-nin süqutundan sonra öyrəndik
ki, Soljenitsın "dünyada rus olmaqdan böyük faciə
yoxdur" - deyəndə yalnız ənənəvi rus
senzurasını - hələ XVII əsrin birinci
yarısından özünü qeyri-rəsmi, 1804-cü ildən
isə dövlət sənədi ilə rəsmiləşən
senzuranı nəzərdə tutaraq öz
çıxışında belə bir qənaətə gəlmişdi.
Rusiyanın və sonralar onun varisi olan SSRİ-nin dəmir
senzura şəraiti elə Rusiyanın və ona daxil olan digər
milli respublikaların iki əsrə qədər bir müddətdə
Avropadan geri qalmasına səbəb olmuşdu. Böyük
M.Ə.Rəsulzadənin "O xalq xoşbəxtdir ki, onun azad
mətbuatı olsun" məlum ifadəsi də azad
sözün, azad mətbuatın, demokratik dəyərlərin
hər bir millətin inkişafındakı yerini dəqiq ifadə
edir. Millətini, ölkəsini hər şeydən uca
tutan bütün dahi şəxsiyyətlər dövlət
idarəçiliyi sistemində azad mətbuatın,
jurnalistikanın qiymətini yaxşı dərk etmiş və
bunun üçün ən çətin ağrılara, təzyiqlərə
dözmüşlər. Azərbaycan məmləkətinin,
millətinin və dövlətinin möhtəşəm təəssübkeşlərindən
biri və birincisi olan Heydər Əliyev Sovet senzura sisteminin dəmir
qaydalarını hamıdan yaxşı bilən və dəmir
qaydalardan hamıdan çox narahat olan bir millət fədaisi
kimi Sovet dönəmində fəaliyyəti boyu Bəxtiyar
Vahabzadə, Rəsul Rza, Anar, Elçin, Məmməd Araz, Xəlil
Rza və başqa onlarca yaradıcı vətən cəfakeşini
repressiyalardan qorumaq missiyasını öz üzərinə
götürmüş, bəzən risqə gedərək bu
missiyanın ağrılarını da yaşamağa məcbur
olmuşdur.
Azərbaycanın yeni müstəqillik
çağının və yeni Azərbaycanın arxitektoru vəzifəsini
çiyninə götürən Heydər Əliyev ilk
növbədə ölkədə söz və mətbuat
azadlığının dönməz təminatçısına
çevrildi.
Ulu öndər dərhal bəyan etdi: "Azərbaycanda
mütərəqqi mətbuat ənənələrinin qorunub
inkişaf etdirilməsi, müasir beynəlxalq təcrübə
ilə zənginləşdirilməsi, kütləvi informasiya
vasitələrinin imkanlarından ölkəmizdə hüquqi
dövlət quruculuğu, vətəndaş cəmiyyətinin
formalaşdırılması, demokratik islahatların həyata
keçirilməsi, Azərbaycan dilinin inkişafı sahəsində
düzgün istifadə edilməsi dövlət siyasətinin əsas
istiqamətlərindəndi". Bu fikirlər
deklorativ sözlər deyildi. Azərbaycan uğrunda həyatını
belə əsirgəməyən bu böyük mücahid bunları
dövlət siyasəti səviyyəsinə
qaldırırdı və bir azdan söz və mətbuat
azadlığına xeyli dərəcədə nail olduqdan
sonra qürurla dedi: "Müstəqil, demokratik və
hüquqi dövlət quruculuğu prosesini yaşayan Azərbaycan
dövlətinin ictimai-siyasi həyatının bütün sahələrində
olduğu kimi,
mətbuat və informasiya sahəsində də demokratiya
prinsiplərinə dönmədən əməl olunur. Müstəqil Azərbaycan Respublikasının yeni
Konstitusiyasında təsbit olunmuş fikir və söz
azadlığı, siyasi plüralizm, mətbuat və
informasiya sahəsində Azərbaycan dövlətinin yeritdiyi
siyasətin əsasını təşkil edir".
Bir az da
keçəcək və Prezident H.Əliyevin Azərbaycandakı
demokratik dövlət quruculuğu təcrübəsi
dünyanın ünlü populyar jurnalları sırasında
olan "Oqonyok" dərgisinin Azərbaycana həsr olunmuş
xüsusi nömrəsində (1996) özünə yer alacaq və
bu jurnalın təqdimat mərasimində Prezident H.Əliyev
jurnalistikanın yeni nəzəri konsepsiyasını yaradan bir
elmi şəxsiyyət kimi də hər kəsi heyran qoyacaq. Bu böyük nəzəriyyəçi və
praktik insan "Oqonyok" jurnalının 1990-cı illərdəki
- Rusiyanın müstəqillik əldə etdikdən
sonrakı nömrələrini əsl müstəqil mətbuat
nümunəsi kimi qiymətləndirir, jurnalın Azərbaycana
həsr edilən xüsusi buraxılışını
"hadisə" adlandırırdı. Ulu
öndər jurnalın təqdimat mərasimindəki
çıxışında deyirdi ki, "mətbuat-jurnallar,
qəzetlər, kütləvi informasiya vasitələri
insanlara, cəmiyyətə, siyasi xadimlərə və
dövlət xadimlərinə çox güclü təsir
göstərir". H.Əliyev bu anda fürsətdən
istifadə edərək çox hörmət etidyi jurnalist əməyini
belə qiymətləndirirdi: "Jurnalistlərin əməyi
qeyri-adi əməkdir, olduqca böyük, zəhmətli əməkdir,
çox səylər göstərilməsini, hətta, cəsurluq,
hünər tələb edən əməkdir, öz peşəsinə
vurğunluq tələb edən əməkdir. İnsanın
daxilində bu peşəyə xüsusi bir meyl, ehtiras olmasa, o
jurnalist peşəsinin öhdəsindən gələ bilməz".
Bu fikir bütövlükdə jurnalistlərə
aiddir, həm də universitetlərin jurnalistika
ixtisasını seçməkdə olan abituriyentə və
artıq bu peşəni seçmiş birinci kurs tələbəsinə
çox dəyərli bir məsləhətdir. Seçdiyin ixtisasın çətinliyi də,
şərəf və ləyaqəti də bu sözlərdə
özünün nəzəri əksini tapıb.
H.Əliyev həmin mərasimdə jurnalistikanın və
jurnalistin cəmiyyətdə yerini belə müəyyənləşdirir:
"Əlbəttə, bizim hər birimiz jurnalistdən
obyektivlik, düzlük, səmimilik gözləyirik. Lakin jurnalistlər bu və ya digər
qüsurları aşkara çıxararaq, nöqsanları
aşkara çıxararaq qanuna, Konstitusiyaya zidd faktları
aşkara çıxararaq bəlkə də başqalarına
nisbətən sözü üzə daha şax və
açıq deyir, bəzən də xoşagəlməz
olurlar. Bununla bərabər onlar cəmiyyətin
demokratikləşməsi işinə, siyasi plüralizm
prinsipinin bərqərar olmasına və dərinləşməsinə
olduqca böyük kömək göstərirlər".
Bu fikirlər böyük dövlət
başçısının mətbuatla bağlı fəaliyyət
kredosudur və o ömrü boyu bu kredonu heç nəyə dəyişmədi.
Yeri gələndə bəzi jurnalistləri məzəmmət
də etdi, amma məzəmmətində də jurnalistə
müsbət münasibətini göstərdi: "Hərçənd
bəzən onlar da (jurnalistlər - C.M.) ifrata varırlar, elə
jurnalistlər də olur ki, onlar tamahkarlıq məqsədi ilə
və ya başqa məqsədlərlə
qeyri-səmimi, qeyri obyektiv yol tutur və bütövlükdə
jurnalist peşəsinə böyük xələl gətirir
və təbii olaraq, həyatın və cəmiyyətin bu və
ya digər sahəsinə düzəldilməsi mümkün
olmayan zərər vururlar. Lakin mən bunu müəyyən mənada
təbii hal sayıram: dünyada ideal heç nə yoxdur və
heç kəs iddia edə bilməz ki, o hər şeyi ideal
sürətdə edir. Bu nöqsanlar, bu
qüsurlar, bu çatışmazlıqlar jurnalistlərin
gördükləri çox böyük işlə
müqayisədə çox cüzi bir şeydir". Bu, jurnalistikanı, onun dünya təcrübəsini
çox yaxşı bilən bir dövlət
başçısının demokratik dəyərləri
müdafiə naminə söylədiyi fikirlərdir.
Daha bir az
keçəcək və Ümummilli lider statusu
qazanmış bu dövlət başçısı milli mətbuatımızın
125 illiyi
münasibəti ilə imzalandığı fərmanda
ictimai həyatda mətbuatın rolunu elmi şəkildə
yüksək qiymətləndirəcək və istər
1918-ci ildə, istərsə də yeni dövrdə Azərbaycanın
müstəqillik qazanmasında kütləvi informasiya vasitələrinin
mühüm rolunu ayrıca vurğulayacaqdır.
Azərbaycanda mətbuatın tam demokratikləşməsi,
formalaşması üçün H.Əliyev tez-tez jurnalist
korpusu ilə görüşlər keçirirdi. Bu
görüşlərdə jurnalistləri təmkinlə,
axıradək dinləyir, onların problemlərini həll
edirdi. Və bu görüşlərdə
prezident Sovet-kommunist mətbuat modelinin cəmiyyətə
vurduğu zərəri, senzuranın yolverilməzliyini diqqətə
çatdırır, Azərbaycanda jurnalist müstəqilliyinin
təmin olunması üçün tədbirlər
planını həyata keçirirdi. 1998-ci il 6 avqust tarixli fərmanı ilə ölkədə
senzuranın bütün qalıqlarını ləğv etməsi,
redaksiyaların dövlət nəşriyyatlarına
borclarının dondurulması və nəticə etibarilə
bağışlanılması, qəzet kağızına
vergilərin aradan qaldırılması kimi onlarca tədbir bu
görüşlərin real nəticələridir. Həmin
görüşlərdə H.Əliyevin ortaya qoyduğu nəzəri-praktik konsepsiyalar mətbuatımızın
inkişafında, peşəkar jurnalistin qərəzsiz,
vicdanlı, balanslı fəaliyyətində, jurnalistikanın
nəzəri modellərinin inkişafında çox
böyük rol oynamışdır: "Mətbuat, ya müstəqil
mətbuat, yaxud müxalifət mətbuatı təbiidir ki, cəmiyyətdə
olan çatışmazlıqları, nöqsanları, hakimiyyətin
fəaliyyətində olan qüsurları tənqid etməklə,
həm iqtidara, həm də cəmiyyətin bu nöqsanlardan təmizlənməsinə
kömək etməlidir". Bu, nəzəri
bir konsepsiyadır, jurnalistin praktik fəaliyyətinin kodudur.
Yaxud: "... mən bütün mətbuatın, təkcə
müstəqil mətbuatın yox, müxalifət mətbuatının
yox, dövlət mətbuatının da məhz bu yolla getməsini
istəyirəm. Dövlət mətbuatı
yalnız iqtidarı təbliğ etmək, iqtidarın
qanunlarını, qərarlarını şərh etmək
yolu ilə getməməlidir. O da bizim bütün
işlərimizdə olan nöqsanları, qüsurları
aşkara çıxarmalıdır, tənqid etməlidir".
Bu sözlərdə ölkə
başçısının tənqidə, sağlam tənqidə
necə böyük hörmət etdiyi aydınca
görünür. Həm də bu fikirdə
bəzən hansısa istiqamətinə görə birtərəfli
fəaliyyətə üstünlük verən mətbuat
qurumlarına nəzəri bir mesaj vardır. Bu mesaj
müasir mətbuatın problemlərini qaldıran və
bu problemlərin həlli yollarını göstərən nəzəriyyəçilərin
fikirləri ilə tam üst-üstə düşür. Zəmanəmizin böyük filosofu Səlahəddin
Xəlilov "Azərbaycan Respublikasının müstəqillik
illərində keçdiyi inkişaf yolunun fəlsəfi təhlilinə
və bu müstəqilliyin dönməzliyinin təminatçısı
olan cənab Heydər Əliyevin ideyalarının elmi-nəzəri
şərhinə həsr olunmuş" "Lider. Dövlət. Cəmiyyət"
kimi fundamental əsərində göstərir ki, "əsl
mətbuat kimlərinsə mənafeyinə yox, milli mənafeyə
xidmət etməlidir. Hətta iqtidara və
müxalifətə xidmət etmək belə əsl mətbuat
üçün başucalığı gətirmir".
H.Əliyev jurnalistlərə təzyiq göstərilməsinin
yolverilməzliyini dönə-dönə bildirmişdir. O, bir dövlət
başçısı kimi jurnalistlərə yalnız
tövsiyələrini bildirirdi. Görüşlərinin
birində jurnalistlərə müraciətlə deyir: "Sizə
bir neçə tövsiyəm var. Birincisi ondan ibarətdir ki,
bizim mətbuatda gərək Azərbaycanın milli mənafelərinə
zərər gətirən şeylər dərc olunmasın. Amma təəssüf ki, dərc olunur". Sonra Prezident Ermənistan mətbuatında Azərbaycana
qarşı böhtan dolu bir yazının bizim bir qəzetdə
yer almasına təəssüfünü bildirir və belə
məqamlarda düşmən dəyirmanına su tökən
jurnalistləri ədalətə çağırır.
Ümummilli liderin həmin fikri və tövsiyələri bəlkə
bu gün daha artıq aktuallıq kəsb edir...
Heydər
Əliyev jurnalistikaya və jurnalistlərə böyük
qayğısına, medianın nəzəri
konsepsiyasının zənginləşməsinə, ölkədə
kütləvi informasiya vasitələri sisteminin sürətli
inkişafına göstərdiyi dövlət köməyinə
görə "Jurnalistlərin dostu" mükafatına layiq
görülmüşdü. O mükafatın təqdim olunma mərasimində
də Ulu öndər ölkədə demokratik dəyərlərin
formalaşması prosesində mətbuatın, teleradionun
misilsiz xidmətini xüsusi qeyd etdi, jurnalistlərin əməyini
bir daha yüksək qiymətləndirdi və bu peşə
sahiblərinə bəzi gileylərini də dilə gətirdi.
O, bəzi jurnalistlərin ucuz sensasiya dalınca
qaçmalarını tənqid etdi, amma jurnalistikanın
bütün incəliklərinə ən yaxşı nəzəriyyəçi
və peşəkar bələdçiliyi ilə
yarızarafat, yarıciddi belə bir fikri də gizlətmədi:
"Bilirəm - dedi - sensasiya yaratmayanda sizi oxumurlar, amma
sensasiyada da həqiqət prinsipinə sadiq
olmalısınız". Bəli, bu da H.Əliyevin
jurnalistikaya dair nəzəri görüşləri silsiləsinə
aid olan çox maraqlı bir fikir idi...
Yuxarıda
da qeyd etdiyimiz kimi, müntəzəm xarakter alan
bu görüşlərin jurnalistikamızın
inkişafına çox böyük köməyi olurdu. Məhz
buna görə də ölkənin inkişaf prosesinin
bütün məqamlarında H.Əliyev məktəbinə
söykənən Prezident İlham Əliyev jurnalistlərə
göstərilən dövlət qayğısına, tənqidi
yazılara tolerant münasibətinə, media əməkdaşlarının
sosial şəraitinin yaxşılaşdırılmasına,
qəzet, jurnal redaksiyalarının maliyyə məsələlərini
həll etmək məqsədilə yaratdığı yardım
fonduna və s. tədbirlərinə görə iki dəfə
"Jurnalistlərin dostu" mükafatına layiq
görülmüşdür. Onun da media
işçiləri ilə görüşlərindən
doğan tədbirləri sayagəlməzdir. Və ...
ayrıca olaraq 2013-cü il noyabrın 23-də
"Jurnalistlərin dostu" mükafatının təqdimatı
zamanı media nümayəndələri ilə keçirdiyi
geniş tədbirli görüşdən doğan təəssürat
burada iştirak edən hər bir jurnalistin qəlbində dərin
izlər buraxdı.
Prezidentə "Jurnalistlərin dostu"
mükafatını təqdim edən Mətbuat
Şurasının sədri Ə.Amaşov öz
çıxışında Azərbaycan jurnalistika məktəbinin
H.Əliyev dərslərini xatırlatdı və onun dövlətçilik
ənənələrinin davamçısı olan
İ.Əliyevin mediaya göstərdiyi qayğı faktlarını
bir daha məclis iştirakçılarının nəzərinə
çatdırdı.
Azərbaycan jurnalistlərinin və bütövlükdə
Azərbaycan cəmiyyətinin fikrini ifadə edən
Ə.Amaşov əvvəlcə Prezidentin media ilə
bağlı "önəmli yaşantılarını
xatırlatdı. Onun mətbuat ənənələrinə
hörmətini, müasir mətbuatın inkişafı ilə
bağlı sərəncamlarını xatırlatdı və
xüsusi olaraq qeyd etdi ki, "ölkə mediası
Prezidentimizin səyləri nəticəsində, sözün əsl
mənasında, keyfiyyət dəyişiklikləri
dövrünü yaşayır. Artıq
internet Azərbaycan vətəndaşlarının operativ
informasiya tələbatını ödəyən dünyəvi
ünsiyyət vasitəsinə çevrilibdir.
Doğrudan da çoxsaylı internet, televiziya və
radiolar on minlərlə insana yenilikləri
çatdırır. Facebook şəbəkəsi ölkənin
bir milyondan çox vətəndaşını əhatə
edir. Otuz mindən çox bloqqer sərbəst
və maneəsiz fikir və mülahizələrini cəmiyyətlə
bölüşür. Jurnalist ictimaiyyətimiz
bütün bunları, 2013-cü ilin
"İnformasiya-kommunikasiya texnologiyaları ili" elan
olunmasının məntiqi nəticələrini əyani surətdə
görür və dəyərləndirir. Mətbuat
Şurası da fəaliyyətini zamanın tələblərinə
uyğun şəkildə qurur. Bilavasitə
peşəkarlıq prinsiplərinin onlayn medianı da əhatə
etməsinə yönələn layihələr
reallaşdırır".
Ə.Amaşov
görüş iştirakçılarının fikrini ifadə
edərək göstərdi ki, son beş
ilin mühüm yeniliklərindən biri də KİV-lərə
dövlət dəstəyinin sistemli mexanizminin
yaranmasıdır. Bu, özünü mətbuat
orqanlarının maddi-texniki bazasının möhkəmlənməsində,
jurnalistlərin peşəkarlığının yüksəlməsində
göstərməkdədir. Davamlı
proseslər ictimai missiya yerinə yetirən jurnalistləri təkcə
peşələrinə bağlamır, eyni zamanda, medianın
cəmiyyətdəki nüfuzunu yüksəldir, ümumən,
demokratik cəmiyyət quruculuğunda dövlətin
jurnalistikaya dəyər verdiyini, etimadını bir daha təsdiqləyir.
Hamımız yaxşı bilirik ki, bütün
bunların qarantı dövlətimizin
başçısıdır. Ə.Amaşov insan
amilinin, dövlətin vətəndaşına
qayğısının üzərində xüsusi dayanaraq
dedi ki, bu qayğının sırf jurnalistə yönələn
nümunəsinə "Teleqraf.az" saytının baş
redaktoru Nicat Dağların şəxsində şahidlik etdik.
Bir müddət əvvəl bu jurnalistin həyatı
təhlükədə idi, cənab Prezident. Siz çox vacib bir anda insan taleyinə reaksiya
verdiniz. Şəxsi göstərişiniz əsasında
onun Almaniyada dövlət hesabına müalicəsi təşkil
olundu. Bu gün şükürlər olsun
ki, o aramızdadır. Belə həssas
münasibətinizə görə, Sizə bir daha dərin
minnətdarlığımızı bildiririk.
Ə.Amaşov dövlət başçısına müraciətlə
sözünə davam etdi: "Möhtərəm cənab
Prezident, jurnalistlər cəmiyyətin düşünən
beynidir. Onlar hadisə və proseslərə
özlərinə xas yanaşmaları ilə seçilirlər.
Bu mənada Azərbaycan jurnalistləri Sizin
şəxsinizdə təkcə dövlətin onlara göstərdiyi
qayğını deyil, eyni zamanda, yeritdiyiniz daxili və xarici
siyasət kursunu yaxından izləyirlər. Söz yox
ki, onların Sizi özlərinə ikinci dəfə dost seçmələri,
eyni zamanda, yüksək səriştəli dövlət
adamı olmağınızdan, prinsipial dəst-xəttinizdən,
Azərbaycanın dövlət müstəqilliyini qətiyyətlə
qorumağınızdan, Vətənimizi beynəlxalq aləmdə
layiqincə təmsil etməyinizdən, son 10 ildə ölkəmizi
dinamik iqtisadi inkişaf müstəvisinə
çıxarmağınızdan, bir sözlə, Azərbaycanın
dünya dövlətləri arasında layiqli yerini
tutmasından qaynaqlanır".
Ə.Amaşovun təqdimat mərasimindəki
çıxışından gətirdiyimiz bu faktlar Prezidentin
jurnalistikaya, media sisteminin inkişafına qayğılarının
cüzi bir hissəsidir. O, hakimiyyətə gəldiyi lap ilk vaxtlarda demokratik mətbuata,
müstəqil mediaya münasibətini dəqiq olaraq belə
ifadə etmişdi: "Azərbaycanda sözün əsl mənasında
müstəqil mətbuata, KİV-lərə böyük
ehtiyac vardır… Əminəm ki, normal,
hüquqi, demokratik dövlətin qurulması işində
KİV-lərin çox böyük əhəmiyyəti var və
bu əhəmiyyət getdikcə artır". İctimai Teleradionun açılışı
münasibəti ilə hələ 2005-ci ilin avqustunda dediyi bu
sözlərlə Prezident İ.Əliyev kütləvi
informasiya vasitələrinin müstəqilliyinə zəmanət
verirdi. Elə o zaman jurnalistlər onun simasında özlərinə
güclü iradəyə, demokratik amala sahib bir dost
gördülər. Prezident də jurnalist
dostlarına əl uzatdı və onların məhəbbətini
qazandı.
Dövlətimizin
başçısı xatırlatdığımız mərasimdəki
giriş nitqində dedi: "Hörmətli qonaqlar, media
nümayəndələri. İlk növbədə
yenidən məni "Jurnalistlərin dostu"
mükafatına layiq gördüyünüz üçün
sizə minnətdaram. Doğrudan da, mənim
üçün böyük şərəfdir ki, ikinci dəfə
bu ada layiq görülürəm. Çalışacağam
ki, bundan sonra da "Jurnalistlərin dostu" kimi Azərbaycanda
azad mətbuatın inkişafı üçün səylərimi
əsirgəməyim.
Bu mükafatın verilməsi böyük məna
daşıyır. Çünki ölkə Prezidentini "Jurnalistlərin
dostu" adına sizin tərəfdən
layiq görməyiniz, əlbəttə ki, Azərbaycanda azad mətbuatın
inkişafında görülən işlərə işarə
vurur. Mən bundan sonra da
çalışacağam ki, Prezident kimi Azərbaycanda azad
medianın inkişafı üçün dəstəyimi
verim və beləliklə, ölkəmizin sürətli və
uğurlu inkişafını təmin edim. Çünki müasir dünyada inkişaf etmiş
ölkələrdə azad medianın səviyyəsi hər
bir ölkənin səviyyəsini göstərir. Azərbaycanın qarşısında isə belə
məqsəd qoyulub ki, Azərbaycan gələcəkdə
inkişaf etmiş ölkələrin sırasına daxil
edilsin. Belə olan halda Azərbaycanda media
ilə bağlı məsələlər ən yüksək
səviyyədə öz həllini tapmalıdır.
Bildiyiniz kimi, Azərbaycanda azad jurnalistikanın
yaradılması prosesi 1980-ci illərin sonlarına təsadüf
edir. Ondan sonra 1990-cı illərin əvvəllərində
bu prosesə daha da böyük təkan verilmişdir. Ancaq sirr deyil ki, 1998-ci ilə qədər Azərbaycanda
mediada olan senzura imkan vermirdi ki, mətbu orqanlar tam şəkildə
azad və sərbəst fəaliyyət göstərsin. 1998-ci ildə Ulu öndər Heydər Əliyevin qərarı
ilə senzuranın ləğv edilməsi bu sahədə də
dönüş yaratdı, bu sahədə də Azərbaycanın
siyasətini əks etdirdi. Çünki
1990-cı illərin ortalarından başlayaraq Azərbaycanın
inkişaf konsepsiyası icra edilir. Bu
konsepsiyanın əsas istiqamətləri bu gün artıq
reallıqdır".
Prezidentin
bu sözlərinə diqqətlə yanaşanda aydın hiss
olunur ki, ölkə başçısı demokratiyanın bərqərar
olması, hüquqi dövlət quruculuğunun uğurla həyata
keçirilməsi işində medianın və onun peşəkarlarının
üzərinə çox böyük vəzifə qoyur. Həm də bu sözlərdə jurnalistikanın
çox ciddi nəzəri məsələləri öz əksini
tapıb. Bu nəzəri məsələlərin
praktikada reallaşma yolları barədə də
danışan Prezident jurnalistlərdən faktlara obyektiv
yanaşmağı, Azərbaycanın milli maraqlarını
qorumağı, daxili mübahisəli məsələləri
elə ölkənin özündə müzakirə və həll
etməyi məsləhət gördü. Adamlara xoş
ovqat bağışlayan hadisələrə daha çox yer
verməyi tövsiyə etdi və bununla bağlı dedi:
"... cəmiyyətdə müsbət meyllərin
inkişafı üçün mən demirəm ki,
bütün xəbərlər ancaq xoş xəbərlər
olsun. Əlbəttə ki, müxtəlif xəbərlər ola bilər. Amma hər halda burada
balans gözlənilməlidir, saxlanılmalıdır ki, Azərbaycan
cəmiyyəti həmişə olduğu kimi nikbin olsun".
Mən
müasir jurnalistikanın nəzəri məsələləri
ilə az-çox məşğul olan bir adam
kimi bu mətndəki mesajı yaxşı başa
düşdüm və elə o anda jurnalistikanın qərəzsizlik,
dəqiqlik, balanslılıq kimi ciddi yaradıcılıq
prinsiplərinə Prezidentin necə yaxından bələd
olduğunu duydum.
Prezidentin mübahisəli siyasi məsələlərə
medianın yanaşma metoduna dair elmi fikirləri də bizi
çox düşündürməlidir. Xüsusilə onun belə
bir fikrini jurnalistika dərsi kimi qəbul etməliyik: "demək
istəyirəm ki, siyasi baxışlar müxtəlifdir. Bu, təbiidir. Siyasi mübarizə
aparılır, aparılmalıdır. Əlbəttə,
mən istərdim ki, bu mübarizə daha çox sivil qaydada
aparılsın. Son prezident seçkiləri
və ondan sonrakı dövr onu göstərir ki, Azərbaycanda
siyasi mədəniyyət artır.
Media nümayəndələri, iqtidar-müxalifət
nümayəndələri də öz aralarında məsələlərini
həll etməlidirlər. Biz hamımız Azərbaycan
vətəndaşlarıyıq. Hamımızın
bir Vətəni vardır - Azərbaycan. Hamımız
vətənpərvərik, Vətənimizi sevirik. Ola bilər ki, ölkəmizin inkişafı ilə
bağlı müxtəlif fikirlərimiz olsun. Kimsə kimisə istəməyə bilər. Bu da təbiidir. Ancaq biz əsas
amallar ətrafında daim bir yerdə olmalıyıq. Bugünkü görüş hesab edirəm ki, onu
göstərir. Media məsələlərinin,
digər məsələlərin həlli ilə bağlı
Azərbaycanda heç bir ayrı-seçkilik yoxdur, ola bilməz".
Ölkədə
azad, demokratik mətbuatın bərqərar olmasını həm
özünün şəxsi fəaliyyəti, həm də
başçılıq etdiyi dövlətin iradəsi ilə
həyata keçirmiş Prezidentin tövsiyələri Vətəni
sevən, peşənin beynəlxalq prinsiplərini
yaradıcılığı üçün əsas
götürən böyük jurnalistlər ordusu
üçün yaradıcılıq məktəbidir. Lakin
bir sıra hallarda Azərbaycan, Vətən, millət kimi
müqəddəs anlayışları nəzərə
almamaq, şəxsi mənafeni milli maraqlardan üstün
tutmaq meylləri də özünü göstərməkdədir.
2014-cü ildə cəbhə xəttində
baş verən hadisələr zamanı və 2015-ci ilin
noyabrında ölkədə kadr siyasəti ilə
bağlı tədbirlər vaxtında bəzi qəzet və
saytların səriştəsiz, qərəzli,
hay-küylü yanaşmaları bir daha sübut etdi ki,
jurnalistika Ümummilli liderimizin dediyi kimi, "Çox səylər
göstərilməsini... tələb edən əməkdir".
Bu səylərin lap əvvəl sırasında
isə sahənin qanunlarına dərindən bələd
olmaq, etik normalara, beynəlxalq media mühitində qəbul
olunmuş peşəkarlıq prinsiplərinə yiyələnmək
və ən əsası, peşənin elmi-nəzəri məsələlərinə
bağlı mühüm qaydalara sahib olmaq dayanır.
Prezidentin jurnalistika dərsləri bizə bunları
öyrədir.
Cahangir MƏMMƏDLİ
525-ci qəzet.- 2015.- 11 dekabr.- S4.