Türkiyədə Azərbaycan ədəbiyyatı
Bizim nəsil
Azərbaycan ədəbiyyatı
nümunələrini ilk dəfə
Azərbaycan jurnalında
oxudu.
Məmməd Əmin Rəsulzadənin Ankarada qurduğu Azərbaycan dərnəyinin
sanıram üç
ayda bir çıxardığı “Azərbaycan”
jurnalını maraqla
gözləyər və
gələr-gəlməz də
bütün səhifələrini
əzbərcəsinə oxuyardıq. O jurnalda
Hüseyn Cavid, Mükayil Müşfiq, Cəfər Cabbarlı kimi şairlərimiz və yazarlarımızın
yanında istiqlal mübarizəsi qəhrəmanlarını
da tanımışdıq.
Sonra İstanbulda
Əhməd Kabaklının
aylıq olaraq nəşr etdiyi “Türk ədəbiyyatı”
jurnalında Əhməd
Şmide vasitəsilə
günümüz ədəbiyyatçılarını
da oxumağa və tanımağa başladıq. Təbii, bu vaxt Mirzə
Ələkbər Sabiri
latin əlifbası ilə nəşr edən Məcid Doğrunu, Yusuf və Fethi Gedikli qardaşlarını,
“Qardaş qələmlər”
jurnalını çıxaran
İbrahim Bozyeli, Yavuz Akpınarı, Zeynalabdin Makası, İrfan Murat Yıldırımı,
Ali Akbaşı və
bu kimi başqalarını
da unutmaq olmaz. Son dövrlər
isə İmdat Avşar, Yasemin Bayer kimi bu mövzuda
sıx çalışan
Azərbaycan ədəbiyyatı
sevdalılarını yad
etməmək vəfasızlıq
olar.
Mənim əsl üzərində dayanmaq istədiyim mövzu Azərbaycanda nəşr olunan ədəbiyyatın Türkiyədə
çap olunmasından
daha çox, Türkiyədə nəşr
edilən Azərbaycan
ədəbiyyatı nümunələridir. Bu mövzuda çalışan
bir xeyli yazarımız var Türkiyədə. Müslim
Oğuz, Ziya Zakir Acar, Serdar
Ünsal, Yahya Azeroğlu, Fatma Çetin Kabadayı, Mehmet Kum, Yurtseven
Şen kimi ilk anda ağlıma gələn adlar... Bunlar Türkiyədə doğulub-böyüyən
və romanlarında, şeirlərində Azərbaycan
ədəbiyyatından nümunələr
təqdim edən yazar və şairlərimizdir.
Əlimə bir neçə ay əvvəl keçən
Mehmet Kumun “Atamın səsi “kitabı ilə Yurtseven Şenin “Ferize” romanıdır. İkisini də
birnəfəsə və
maraqla oxudum.
Yazar Mehmet Kum, əslində
İğdırda həkimlik
etməkdədir. Orta hesabla
hər gün qarşılaşdığı insanların duyğularını,
dərdlərini, komikliklərini
və inanclarını,
müəyyən ki, çox diqqətlə izləmişdir. Hekayələrini ilk dəfə mənə göndərəndə zövqlə
oxumuş və dərhal Avropada yayınladığımız “Baxış” jurnalında nəşr etmişdim.
Hekayələr böyük rəğbətlə
qarşılanmışdı.
O, türk ədəbiyyatına
çox fərqli və gerçəkçi
insan tipləri təqdim edən usta yazarlarımız Yaşar Kamal, Fakir Baykurt kimi diqqətli
bir Anadolu müşahidəçisidır. Oxucularının qarşısına çıxardığı bu
ilk kitabında Anadolunun
ən ucqar guşələrindən birində
- İğdırda müşahidə
etdiyi adi insanların ziddiyyətlərini,
yanılqılarını, xurafat içində çırpınışlarını sadə, axıcı bir dillə və ustalıqla təsvir edib. Onun hekayələrinin elə
ilk sətirlərində türk
dilinin özünəxas
musiqisinə qapılmamaq
mümkün deyil.
Hekayələrindəki dialoqlar şişirtməsiz,
səmimi, xalqın danışdığı dilə
yaxın və axıcıdır. Mövzular əksəriyyətlə
Türkiyədə (İğdırda)
yaşayan Azərbaycan
türklərinə xas
inancların yadlaşmasından
və insanların getdikcə öz içinə qapanması kimi problemlərdən seçilmişdir. İnsan
gerçəkliyinə tərs
və özgəninkiləşdirilən
bəzi inancların insanı necə kiçiltdiyi, dəyişdirdiyi
və gülünc hala saldığı çox usta bir üslubla bu hekayələrdə təsvir edilmişdir. Onun “Yetim Məhərrəm”,
“Ölü bayramı”,
“Zurnaçı Qulem”
adlı hekayələrı
az qala
Cəlil Məmmədquluzadə
dadında hekayələrdir.
Mirzə Cəlilin hekayələrində “Danabaş
kəndi” necə yaddaqalan bir yer olaraq təsvir
edilmişsə, Mehmet
Kumun hekayələrində
də “Tamahkar köyü” təsviri
önə çıxmaqdadır.
Mehmet Kumun digər xüsusiyyəti
isə İğdır
və ətrafında
danışılan Azərbaycan
türkcəsinə xas
tərzdə yazması
və Türkiyə oxucusunu bu bölgənin
insanları, adət-ənənələri
və inanclarıyla tanış etməsidir.
Yurtseven Şen gənc bir şairimizdir və İstanbulda yaşayır. Əvvəl onun şeirləriylə tanış olmuşdum. Şeirlərində həm satira,
həm də dərin bir lirizm var. Azərbaycan türkcəsindən də
çox ustalıqla istifadə edir. Onun şeirlərini də “Baxış” jurnalında nəşr etdim və oxuculardan şeirlər haqda tərif məktubları aldım.
Amma bu dəfə əlimə onun “Ferize” romanı
keçdi. “Azərbaycan
Mədəniyyət Yayınevi”ndə
nəşr olunan 366 səhifəlik roman gerçək
bir hekayədən yola çıxaraq türk oxucusunu Azərbaycan tarixinə, folkloruna və müstəqillik mübarizəsinə
aparmaqdadır. Romandakı hekayə
20 Yanvarda şəhid
olan İlham Allahverdiyev ilə həyat yoldaşı Fərizənin dərin eşqlərini və mübarizələrini izah
etməkdədir. Yurtseven Şenin
yazı dili çox axıcı və ifadə üslubu cəlbedicidir.
Azərbaycanı çox
da tanımayan bir oxucu bu
romanla birlikdə həm o acı dolu illəri öyrənəcək, həm
də özünü
bir anda Azərbaycanda hiss edəcək.
Şenin
öz romanıyla vermək istədiyi mesajlar və məlumatlar Azərbaycanın
yaxın tarixinə tutulan bir işıq
kimidir.
Azərbaycan türkcəsini Türkiyədə
layiqincə təmsil edən bu iki yazarımızı təbrik edirəm.
Orxan
ARAS
525-ci qəzet.- 2015.- 12 dekabr.- S.27