Şahmat dünyası və ilahə
Kaissanın kahinləri
ŞAHMAT: MƏNŞƏYİ VƏ İNKİŞAFI. OYUN QAYDALARI
Bütün oyunlar içərisində şahmatın
icadını, meydana gəlməsini onu insan zəkasının
inkişafına xidmət edən bir növ hesab etməklə,
ümumi proqressdə xüsusi bir mərhələ kimi qəbul
etmək olar.
Bu oyun ağlın inkişafına, güclənməsinə
böyük təsir göstərən əyləncə vasitəsinə
çevrildi və dünyanın əksər hissələrinə
yayılmağa başladı.
Futbol azarkeşləri kütləviliyinə görə
öz sevimli oyunlarını daha vacib hesab etsələr də,
lakin çox istedadlı oyunçular istisna olmaqla, futbolda
bilavasitə ağlın itiliyi o qədər də
mühüm rol oynamır. Şahmatda isə əksinə,
ən sadə oyunçu belə bu oyunu oynayarkən
ağıl, intellekt rəqabətinə girməli olur. Digər tərəfdən, şahmatla müqayisədə
futbol, yaşına görə hələ körpə kimidir,
onun min ildən sonra necə olacağını təsəvvür
etmək də asan məsələ deyildir.
Şahmatı, əlbəttə ki, böyük
ixtiralardan biri hesab etmək olar. Axı bəşəriyyətin
elə ixtiraları vardır ki, onlar zaman dəyişsə də,
sıradan çıxmırlar, istifadədə qalmaqda davam
edirlər. Çörəyi ilk dəfə
bəşər qidasına daxil edənlərə indi də
minnətdar olmalıyıq, axı minlərlə rəngarənglikdə
qida növləri yaransa da, çörək milyardlarla insanlar
üçün öz dəyərini hələ də
itirmir. Qədim insan zeytundan yağ
almağı, üzümdən şərab, arpadan pivə
düzəltməyi öyrənmişdi və bu gün də
dünyanın hər yerində onlardan istifadə olunur. Texniki ixtiralar içərisində təkərin
meydana gəlməsi bir inqilabi yenilik idi. Ona
qədər insan öz yaşayış evini,
özünü əhatə edən mühiti yaratmaq
üçün təbiəti, göy cisimlərini təqlid
etmək yolunu tuturdu. Təkərin hərəkətinin
isə təbiətdə heç bir analoqu yox idi,
canlılardan heç birində bu növ hərəkətə
rast gəlinmirdi. Fırlanmaqla irəli, bəzi
hallarda isə geri hərəkət etməklə təkər
gələcək bütün nəqliyyat növlərinin icad
olunmasına yol açdı. XX əsrin əvvəllərində
isə döyüş maşını olan tanka, sonra isə
iri traktorlara çöl şəraitində müqavimətsiz
hərəkətinə imkan yaratmaq üçün
tırtıllar icad edildi. Təkəri
tanımayan hindular (əslində onların qoşqu
heyvanları da yox idi) ispan işğalına qədər
yükü kiçik həcmlərdə bellərində
daşıyırdılar. Təkər insanı
ağır zəhmətdən xilas etməklə
yanaşı, ən uzaq məsafələrə belə
ağla sığmayan həcmlərdə yüklərin
daşınmasına şərait yaratdı.
Şahmatın icadını öz sələfləri
olan bütün digər oyunlardan mürəkkəbliyinə və
ağıldan daha çox istifadəyə əsaslandığına
görə də təkərin ixtira edilməsi ilə
müqayisə etmək heç də düzgün olmazdı. Şahmat fərdlərə,
təkər isə bəşəriyyətə xidmət edir.
Lakin bunun özü də şahmatın dəyərini
azalda bilməz. Şahmat taxta üzərində
döyüşə girməyə hazırlaşan və bunu
təxirə salmadan üz-üzə dayanmış iki ordunu
xatırladır. Döyüş isə insana lap
çox qədimdən tanış idi. Şahmat əslində silahlı
döyüşün miniatür formasını təmsil edir.
Şahmat müharibə təcrübəsinə
əsaslanır, onun strategiyasını və
taktikasını özündə ehtiva edir. Müharibə
heç də adi, sadə iş olmadığı kimi,
şahmatda da zahiri görünüşdən fərqli olaraq
elə bir sadəlik
yoxdur və şahmatçılar da müharibəni
özünə sənət kimi seçən hərbçiləri
xatırladırlar.
Bir idman növü kimi şahmatı elmin, zəkanın,
incəsənətin müsabiqəsi hesab etmək olar. Onun idmana xas
olan xüsusiyyətləri mövcud olsa da, tam fərqli cəhətlərdən
də xali deyildir. Burada nəzəriyyəyə, əvvəllər
mövcud olmuş məşhur oyunçuların təcrübəsinə
bələdçilik az rol oynamır. Oyun vaxtı meydana çıxan problemləri həll
etməkdə birinci növbədə ağıl və iradə
köməyə gəlir. Yalnız nəzəriyyəyə
dərindən bələd olanlar isə çox hallarda
güclü şahmatçılara çevrilə bilmirlər,
yaxşı halda onlara məşhur şahmatçılara məşqçilik
etmək nəsib olur. Onlar, zəhmətləri
lazımınca qiymətini almayan sıravi arxeoloqları
xatırladırlar. Şahmatdakı mürəkkəblik
insanın fiziki və psixoloji imkanlarını
bütünlüklə sınağa çəkir. Hər gedişdə onu təkcə həmin ana xas
olan çətinliyi dəf etmək deyil, həm də
perspektivi, xüsusən rəqibin əks reaksiyasını nəzərə
almaq vacib əhəmiyyətə yiyələnir. Şahmatçı təkcə rəqibi ilə
deyil, həm də özündəki zəifliklərlə,
şirnikləndirilmə ilə mübarizə aparmalı olur.
Kronos öz övladlarını yeyən kimi,
oyuna ayrılmış vaxt da, zaman ölçüsü də
şahmatçının əsəblərini
didib-dağıtmaqla məşğul olur. Çünki müəyyən zaman müddətində
o, bütün əqli imkanlarını, biliyini, öyrəndiyi
xəzinədən nəyə müraciət etməyi səfərbərliyə
almalı, ilk gedişdən tutmuş son qələbə və
ya məğlubiyyət anına qədər bütün ruhu
gücünü tam gərginlikdə saxlamalıdır. Sayıqlığı azca itirmə daha ağır
problemlər əmələ gətirir. Yayın
dartılma səviyyəsi onun hədəfə dəyməsinə
şərait yaratdığı kimi, şahmatçı da
mahir oxatan tək bütün diqqətini oyunun
inkişafına yönəltməlidir. Burada
onun müşahidə etmə, seçim etmə qabiliyyəti
ağlın, iradənin hökmranlığına tabe olur və
ya onlar qarşılıqlı qaydada bir-birinə təsir
göstərirlər. Bu simbioz
şahmatçının nəyə qadir olduğunu göstərir.
Şahmatdakı mübarizə elmi və məntiqi
dayaqlara əsaslanır. Hər iki tərəf partiyanın əvvəlində
döyüş qüvvələri və onların dəyərlərinə
görə tam bərabər vəziyyətdə olur. Şahmat ordularında yer dəyişmə və
döyüşçülərin hərəkətləri
eyni qaydalara tabe olur. Beləliklə,
şahmat partiyasında döyüşün nəticəsini
ağlın rəqabətə davamlılığı həll
edir.
Şahmat oyunun böhran vəziyyətlərində
oyunçudan emosiyalara nəzarət edilməsi tələb
olunur. Şahmat partiyası vaxtı oyunçu olduqca
ağır emosiya yükünə məruz qalır, bu
yükün təzyiqi bəzən saatlarla davam edir. Öz daxili gərginliyi ilə və özü ilə
bacarmaq, arzu olunan nəticəni əldə etmək
şahmatçının ən birinci və başlıca vəzifəsinə
çevrilir.
Şahmat intellektual oyunlar arasında xüsusi yer tutur. Qədim
Çində icad edilmiş, Yaponiyada isə daha geniş
yayılmış qo oyunu ilə onu bir qədər müqayisə
etmək olar. Lakin qo oyunu da dama kimi
“qaniçən” oyundur, burada rəqabətin qələbə
ilə başa çatması üçün rəqibin
fişkaları eynilə damada olduğu kimi
bütünlüklə məhv edilməlidir. Şahmatda isə qələbə üçün
bütün ordunun hökmən məhv edilməsi tələb
olunmur, qələbənin başlıca şərti
şahın əsir götürülməsidir. Hələ
fiqurların nəinki hamısı, heç xeyli hissəsi də
məhv edilməmişdən şahmatın fars
dilindəki mənasını bildirən “şah öldü”
fazacında oyun başa çatır. Digər tərəfdən
qo oyunun və ya damanın, istər bu100-xanalı, yaxud da rus
daması olsun, dünyada yayılmasını şahmatın əhatə
miqyası ilə heç cür müqayisə etmək olmaz.
Qo və ya dama üzrə məşhur oyunçuları
yalnız onların azarkeşləri və mütəxəssislər
tanıyırlar, görkəmli şahmatçılar isə
populyarlıqda bəlkə az sayda
futbolçulara və ya boksçulara uduza bilərlər. Şekspirin Kleopatra barədə dediyi “Age cannot wither
her” - “Onun gözəlliyini zaman soldura bilmir” sözlərini
şahmata da aid etmək olar. Şahlar
ölsə də, heç kəs şahmatın nə vaxtsa
öləcəyini ağlına belə gətirmir.
Şahmatdakı hökmdarın ölməsi isə onun
tələyə düşməsi ilə baş verir. Persiya
çarı III Daranın ölümü üçün
bütün ordunun məhv edilməsi vacib olduğu halda,
şahmatdakı çar bəzən ordunun gözü
qarşısında öz sonluğunu tapmalı olur. Makedoniyalı Aleksandr da həyatdan gedəndə, bəzi
itkilərinə baxmayaraq, ordusu heybətli bir qüvvə kimi
qalırdı. Şahmatdakı hökmdar
isə ya rəqibin qurduğu tələyə düşəndə,
yaxud da onun taleyini həll edən oyunçunun kobud səhvinə
görə vaxtından xeyli əvvəl müdafiəsiz
qaldığından öz səltənəti sayılan
taxtanı guya ki, tərk etmiş kimi olur. Burada
həyatda olduğu kimi, təbiətin deyil, mübarizənin
hökmü, son akkordu öz işini görmüş olur.
Şahmat olduqca qədim oyundur, V əsrdən gec
olmayaraq, güman edildiyi kimi, Hindistanda meydana gəlmişdir. Bəzi
tarixçilər onun yaranma dövrünü VI əsr hesab
edirlər. Həmin ölkədə ona çaturanqa
deyirdilər, bu da “çatur” - “dörd” və “anqa” - “dəstə”
sözlərinin birləşməsindən ibarət idi. Həmin oyun sonralar çox inkişaf edən
şahmatın rüşeymi idi. Bu oyun
Hindistandan Persiyaya, oradan isə Persiya imperiyasını
işğal edən müsəlman ərəblərə keçmişdi.
Müsəlmanlar İspaniyanı işğal
etdikdə, oyun bu ölkəyə gətirilmiş, oradan isə
əsasən Avropanın qərbinə, bizanslılar vasitəsilə
isə qitənin digər hissələrinə
yayılmışdır. “Min bir gecə”
nağıllarının daha çox məşhurlaşdırdığı
VIII əsrin sonu, IX əsrin əvvəllərində islam xəlifəsi Harun ər-Rəşid
Avropadakı Qərbin imperatoru Böyük Karla hədiyyə
kimi şahmat göndərmişdi.
Şahmat sonralar bütün dünyanı
dolaşsa da, məhz Şərqdə yaranmışdı.
Onun bir çox dillərdəki “şahmat” adı fars
sözü kimi “hökmdar” mənasını verən
“şah” və “ölü” mənasını verən “mat”
ifadələrindən yaranmışdır. Bu
oyun intellektual əyləncəyə aid olduğundan,
yuxarı siniflər arasında geniş
yayılmışdı, ona görə də onu həm də
şah oyunu adlandırırlar.
Şahmat öz başlanğıcını Hindistandan,
bəzi mülahizələrə görə isə Çindən
götürür. Onun qədim formaları mövcud
olmuş, bu formalardan Çin, Koreya, yapon, Malay və Birma
şahmatları kimi geniş müxtəlif variantlar meydana gəlmişdir.
Avropada yayıldıqdan xeyli sonra bu oyun həmçinin
öz himayəçisi olan ilahəyə və ya şahmat
muzası olan Kaissaya yiyələnmişdir. Hər şeydə dəqiqlik axtaranlar qoy tarixə
elmin və incəsənətin himayəçiləri kimi məlum
olan doqquz muza arasında onu axtarmasınlar. Bu ilahənin və ya muzanın adı ilk dəfə
1763-cü ildə ingilis şairi ser Uilyam Consun şeirində
səslənmişdir.
Şahmat iki oyunçu arasında oynanılan oyundur. Onlar bu vaxt
şahmat taxtasından və fiqurlardan istifadə edirlər.
Hər oyunçu müəyyən olunmuş məhdudiyyətlər
daxilində və pozulmaz qaydalara uyğun olaraq fiqur tipini hərəkət
etdirməklə, rəqibin ən mühüm fiquru olan
şahı elə vəziyyətə salmaq istəyir ki, orada
məhz əsir düşməkdən, mat olmaqdan qaçmaq
heç cür mümkün deyildir.
Şahmat taxtası üzərindəki mübarizə
müharibə logistikasına və davranışlarına bənzəyir. Şahmatın
hücum və mübarizə fiqurları rəqib şahı
mühasirəyə salmaq məqsədini güdür. Buna baxmayaraq, oyun çox vaxt məhdud müharibə
gedişlərini nümayiş etdirir. Ziqmund
Freydin təbiri ilə deyilsə, bunun sublimasiyası aqressiv
impulsdan ibarətdir. Daha çox isə
oyun, onun sehrliliyi hind simvolizmini və digər alleqoriya elementlərini
daşıyır.
Şahmat taxtası səkkiz üfüqi və şaquli xətdəki 64 kvadrat xanadan ibarətdir. Onlar növbəli qaydada ağ və qara rəngdə olurlar. Müqayisə üçün qeyd etmək lazımdır ki, qo taxtasında 19 şaquli və 19 üfüqi xətdə 361 xana, damada 100 xana, rus damasında isə 64 xana vardır. Şahmatda şaquli sıralar xətt adlanmaqla, bütün taxta boyu ötüb keçən, eyni rəngdə olan diaqonalları əmələ gətirir. Oyunçular və ya rəqiblər oyuna hansı rəngdə başlamasından asılı olaraq “ağlar” və “qaralar” adlanırlar. Oyunçular bir-birilə üz-üzə oturduğundan, hər bir oyunçu öz sağ qolu altında ağ künc xanaya malik olur. Ağ piyadalar elə bil ki, yuxarıya doğru hərəkət edirsə, qara piyadalar da müvafiq olaraq aşağıya doğru hərəkət edir.
Hər bir rəqib 16 fiqura malik olur, biri açıq rəngdə olmaqla ağ tərəf hesab olunur, digəri qara rəngdə başlayan isə qara tərəf hesab olunur. Bu fiqurlar dəstəsinin hər ikisi bir-birilə üz-üzə yerləşmişdir, vuruşmağa hazır olan iki düşmən qoşununu xatırladırlar. Birinci cərgədə o fiqurlar yerləşir ki, onlar özlərinin beş növü ilə bir-birindən fərqlənirlər. Şah, vəzir, top, fil, at adlanan bu fiqurların qarşısındakılar ikinci dəstəni əmələ gətirir və piyadalar adlanırlar. Onların da sayı səkkizdir. Beş fiqurdan ikisi - şah və vəzir təkdirlər, top, fil və at isə cüt saydadır. İkimənalılıqdan qaçmaq üçün iri fiqurlar və piyadalar birlikdə bəzi hallarda maddi qüvvə kimi qəbul olunurlar.
Ser Uilyam Cons Kaissanı yaratmaqla yanaşı, özünün “Hind oyunu olan şahmat haqqında” essesində Hindistanın şahmatın beşiyi olduğu barədəki ideyanı müdafiə edir. Göstərir ki, həmin oyun qədim dövrlərdən çaturanqa adı ilə məşhur idi. Bu sözün mənalandığı dörd ordu hissələri - fillər, atlar, arabalar və piyada əsgərlər olmaqla qədim hind eposunun tərcüməsindən götürülmüşdü. O, sübut etməyə çalışırdı ki, çaturanqa bizim eranın VI əsrində bir oyun kimi Persiyada tətbiq edilmiş və oradan Şartanc (və ya şirtanc) adı altında ərəb ərazilərinə yayılmışdır. “Şatranc” sanskrit dilindəki “dörd” mənasını verən “şatr” və “dəstə” mənasını verən “anqa” sözlərinin birləşməsindən ibarət idi. Hind mistitsizminə görə “şatranc” kainatı, onun dörd tərəfi isə Yerin dörd elementini - odu, suyu, havanı və torpağı, həmçinin dörd mövsümü təmsil edir.
(Ardı var)
Telman
Orucov
525-ci qəzet.- 2015.- 12 dekabr.- S.26