Ağdamda nəyim qaldı?

 

 avtobioqrafik roman

 

 

 

Novruzlu toyları

 

Dediyim kimi, ögeyli-doğmalı qardaş-bacılarımdan kənd məclislərinə getmək təkcə mənim imtiyazımdı. Təbii ki, burada mənim çox yaraşıqlı uşaq olmağım da rol oynayırdı. Valideynlərim mənimlə qürrələnirdilər.

 

Kənd toyları əsrarəngiz yuxular kimi yadıma düşür. Düzdür, yaşa dolduqca, elə birbaşa deyək, qocaldıqca köhnə xatirələrin təsir gücü azalır, bir vaxtlar səni üzən nostalji zəifləyir, heydən düşür, amma yenə də! Bu xatirələr içərisində kəndin toylarının dəyişməz “paccahı” olan gər səsli arıq, hikkəli, artıq bu yazının əvvəlində adını çəkdiyim Tağı Yarovu, bir də çox gözəl rəqs eləyən, ağappaq sifəti işıq saçan, kənd qadınlarından kəskin seçilən, şəhərlilər kimi yaraşıqlı geyinən Gülsaba müəlliməni elə bil indi də görürəm. Bu qadının rəqsi də başqa qadınların rəqsindən kəskin seçilirdi. O, adi kənd qadınları kimi başını aşağı salıb utana-utana oynamırdı, onun rəqsi qadının bütün gözəlliyini aşkar edir, onu olduğundan da yaraşıqlı, məlahətli göstərirdi. İndi də Gülsaba müəllimənin geyim-kecimi, başındakı ağ , uzun saçaqlı ipək örpəyi, örpəyi rəngində lak dikdaban çəkmələri gözümün qabağındadı.

 

Çox-çox uzun illərdən sonra Bakıda xalam oğlunun hüzür yerində az qala əyilib ikiqat olmuş bir qarını mənə göstərib: “Gülsaba müəllimədi”. - dedilər. “Sənin yadına gəlməz, bir vaxtlar Novruzluda bundan gözəl arvad yoxuydu”.

 

Onda mən donub qaldım, heç nə də demədim... Doğrudanmı quru yarpaq kimi bükülüb bürmələnmiş bu xırda qarı mənim uşaqlıq yaddaşıma həkk olunmuş o örpəkli, dikdaban çəkməli, ay qabaqlı qadındı?! “Sənin yadına gəlməz” - dedilər. Doğru dedilər, mənim yadımda olan tam başqa qadındı.

 

Bir də, başında soğanı rəngdə örpəyi olan çox utancaq bir qızın rəqsi yaxşı yadımdadı. Görünürdü ki, o çox utanır, sıxılır, təzə yerimək öyrənən körpə kimi qorxa-qorxa addım atır, ləng oynayır, elə bil icbari vəzifə yerinə yetirirdi. Onda Mamam Əmimə pıçıldadı ki, Şəkərin qızıdı, ərə gedəndən birinci dəfədi üzə çıxır. Yeri gəlmişkən, o zamanlar bizim kənddə, elə bütöv Qarabağda arvadlı-kişili hamı bir mağarda (Bakıda palatka deyirlər) olurdu toyda. Bu ümumi mağar rəqs və musiqi üçündü. Burada yemək verilməzdi. Yemək üçün qonaqları beş-beş, bəzən on-on mağardan çıxarıb başqa bir otağa aparardılar.

 

Qonaqlar mağarda, adətən, iki-iki oynayardı. Ər arvadla, gəlin qaynana və ya qardaşla, yəni doğmalar, dostlar... O zamanlar kollektiv rəqs yoxdu, heç kəs başqasının havasına oynamırdı. Əsl hökmdar ədası ilə toyu idarə eləyən Tağı Yarov bütün bu qaydalara ciddi nəzarət edir, pozucuları cəzalandırırdı.

 

Paccahın qabağındakı kiçik stolun üstündə həmişə seçmə payız meyvələri ilə dolu mis məcməyi olurdu. O da istədiyi qonağı bir zingilə üzümlə, yaxud bir dilim yaxşı armudla, alma ilə mükafatlandırır, istəmədiyini və ya toya gecikəni fərraş vasitəsilə cəzalandırır, kimisə rəqsə məcbur edir, şabaşla cərimə kəsirdi. Bu, əsl tamaşa idi; rejissoru və baş rolun ifaçısı Tağı Yarov özü, rejissor köməkçisi əli çubuqlu fərraş Dilqəm, aktyorlar da toyun qonaqları. Hamı bu tamaşada məmnuniyyətlə iştirak edir, rolunu məharətlə oynayır, bəziləri isə geniş improvizəyə meyl edir, hoqqalar çıxarır, nəticədə, Tağı Yarovdan ya hədiyyə alır, ya da cərimələnirdi.

 

 Hava qaralanda toyun ən maraqlı vaxtı başlayırdı. Hələ kənddə elektrik işığı olmadığından, mağarda bir neçə nöyüt lampası yandırılırdı, iki otuzluq lampa da paccahın stolunun üstünə qoyulurdu. Lampa işığında toy daha maraqlı, daha sirli görünürdü. Uşaq vaxtlarımda yaxşı oynadığıma görə məni tez-tez ortaya çıxarırdılar. Hər tərəfdən şabaş verilən iri kağız pullar xırda ovuclarıma güclə sığışırdı. Bilirdim ki, oyun bitəndə mən o pulları istəməsəm də, çalğıçılara verməliyəm. Qayda beləydi.

 

lll

 

Toyların birində “Qarabağın maralı” mahnısının müəllifi İsgəndər Novruzlunu görmüşdüm, indi də onun Səməd Vurğunun yaşlı, saçları ağarmış vaxtını xatırladan yapışıqlı çöhrəsi yadımdadı. Onun həqiqi adı İngilisdi, sonradan dəyişmişdi. Deyilənə görə, İngilis Novruzlu Hacı bəyin oğluydu. Amma vaxt o vaxtdı ki, adamlar bəy, kulak, molla oğlu olmağı ilə qürrələnmir, əksinə, bunu hər vəchlə gizlədirdilər. İngilisdə də nə bəylik qalmışdı, nə var-dövlət, nə də təkəbbür. O adicə bir oxuyandı. Taleyi isə adi deyildi. İki müharibə iştirakçısı olmuşdu.

 

1917-ci ildə anadan olmuş İngilis əvvəl Sovet-Fin, sonra 1941-1945-ci illər müharibəsində hərbi xidmətə çağırılmış, hər dəfə də yaralanaraq tərxis edilmişdi. Buna baxmayaraq, İngilis Hacıbəy oğlu etibarsızlar sırasında idi. Qələbədən sonra yeni bir güclə tüğyan edən repressiyadan, təqib və tənələrdən canını qurtarmaq məqsədi ilə İngilis Türkmənistana gedir. Orada evlənir, oğul-uşaq sahibi olur. Təəssüf ki, 1948-ci ildə baş verən Aşqabad zəlzələsində o, bütün ailəsini bir göz qırpımında itirir və havalanmış şəkildə yenidən Novruzluya qayıdır. Toylarda oxuyur, şeirlər yazır, adını da dəyişib İsgəndər Novruzlu qoyur. Mən bu məlumatları dostum Mustafa Çəmənlinin “Bir şair-bəstəkarın taleyi” oçerkindən götürmüşəm. Elə o oçerkdən bir parçanı yada salmaq istərdim: “Ətrafı istedadlı şair-bəstəkarı olduğu kimi qəbul edə bilmirdi. Azad ruhlu İsgəndər onların əhatəsində təkdi. Qanadları qırılmış bir quşa bənzəyirdi, çırpınır, vurnuxur, bir çıxış yolu tapa bilmirdi. Ailəsini itirib tək-tənha qalmış İsgəndərin şair könlünə yeni eşq odu düşmüşdü. O, Novruzlunun çox hörmətli seyid ocağından bir qıza vurulmuşdu. Təbiidir ki, bütün kəndin müqəddəs bildiyi bir ailə meyə meyl edən, azadlıq sevən, dilinin siyasi mənada qaytanı olmayan İsgəndərə qız verməzdi. Bu uğursuzluqdan sonra şair bir az da bədbinləşir, hamıdan, lap dünyanın özündən də küsür, artıq-əskik danışır, adamları haqlı-haqsız acılayır, incidir. Nəticədə İsgəndər həbsə alınır. İstedadlı şair, incə ruhlu bəstəkar qəfəsə salınmış bülbül kimi çırpınır, səsinə səs verən tapılmır. Heç kəs fərqində olmur ki, dillər əzbəri “Qarabağın maralı” mahnısının müəllifi Qala türməsində xiffətdən saralıb-solur. Dünyanın, Qarabağın, onun gözəlliklərinin heyranı olan İsgəndər 1958-ci ildə vəfat edir”.

 

Əgər İsgəndər əlli səkkizinci ildə vəfat edibsə, deməli mən onu beş-altı yaşımda görmüş, yaddaşımda saxlamışdım. İndi də o məşhur mahnını eşidəndə keşməkeşli həyat yaşamış şair-bəstəkarın məlahətli siması köhnə albomda ilişib qalmış pozuq şəkil kimi gözümün önündə canlanır.

 

Ay qız, gəzmə aralı,

Könlüm səndən yaralı,

Gözlərinə heyranam,

Qarabağın maralı.

 

Bir vaxtlar mahnıda “Qarabağın maralı” əvəzinə “Azərbaycan maralı” deyilməsi tələb olunurdu və bu günün özünə kimi də bu təhrif qüvvədə qalır. Onda, həqiqətən, senzura kimi səbəb vardı, bugünkü səbəb isə bilməməzlikdən və yəqin ki vərdişdəndir.

 

lll

 

Kəndə ilk dəfə radio xəttinin çəkilməsini, elektrik işığının verilməsini də xatırlayıram. Kəndin məişətini kökündən dəyişən bu texniki yeniliklərə möcüzə kimi baxırdıq. Radio ilk vaxtlar camaatın əlini işdən soyutmuşdu. Hamı radioya aludə olmuşdu, millət daim konsert sorağındaydı. Saat on ikidən sonra verilən oyun havalarını adamlar həsrətlə gözləyirdilər. Məni oynatmaq üçün məktəbdən gəlməyimi güdürdülər.

 

 Birinci sinfə getməyim də yadımdadır, heç xoşlamırdım məktəbə getməyi, hər səhər ağlayırdım. Mamam əvvəl məni əzizləməyə, dilə tutmağa çalışır, sonra, özü demiş, “höysələsi bir tikə olanda” qışqırırdı:

 

- Cəhənnəmə get! Getmirsən- getmə!

 

Əmim isə, mələk kimi hövsələli, qılıqlı, mehribandı. Yaxşı da muğam səsi olduğundan çox yumşaq danışar, “Əlləş (Əmimdən başqa heç kəs mənə Əlləş deməzdi) niyə ağlayır?” - deyib, həmişə ağappaq olan dəsmalı ilə burnumu silər, cibindən bir manat pul çıxarıb verərdi mənə. Mən pulu görüb susar, Novruzlunun bizim Boccalıdan xeyli uzaqda - Aşağı məhlədə yerləşən məktəbinə yollanardım.

 

Deməzdim ki, yaxşı oxuyurdum, yazıq Əmim hər axşam mənə hesab dərsini öyrədənə kimi cəhənnəm əzabı çəkirdi. Otağımız böyükdü, onun aşağı başında bir stol qoyulmuşdu, bir-iki də stul. Əmim həmişə stol arxasında oturur, yeməyini orda bizdən ayrı çəngəllə yeyir, bizim kimi palaz üzərində salınmış süfrə qırağında oturmurdu. Mənim hesab dərsim də elə o stolun arxasında başlayırdı.

 

Əmimin hesab öyrətmək cəhdi, bir qayda olaraq, mənim göz yaşlarımla bitirdi. Onda kişi dilxor halda məndən əl çəkir, mənim də canım kibrit çöpləri ilə misal həll eləməkdən qurtarırdı. Buna baxmayaraq, məktəbdə şəklimi əlaçı kimi şərəf lövhəsinə vurmuşdular. Həmişə belə olub; uşaq vaxtlarımda da, gənclik dövrümdə də, bir sözlə, həyatımın hər dönəmində tay-tuşlarımın deyil, məhz yaşlı adamların hörmətini, hətta məhəbbətini hiss eləmişəm, bəlkə də qazanmışam. Sonralar, elə indinin özündə də çox vaxt yaşıdlarımla deyil, məndən böyüklərlə (indi məndən böyüklərin sayı xeyli azdır), bir də məndən çox-çox cavanlarla daha səmimi ünsiyyət qururam. Yaşıdlarımla münasibət qurmaqda çətinlik çəkirəm, bu kompleks məni həmişə izləyir. Ümumiyyətlə, hər bir adamla, hətta dost dediyim adamla da, aramda görünməyən bir sədd var. Bu sədd mənə dostluq eləməkdə ciddi əngəldir. Ona görə də çevrəmdə tanışlar çox olsa da, dostların sayı bir əldəki barmaqların sayından azdır. Bəlkə bu, mənim çox erkən yaşlarımdan ehtiyatlı davranmaq vərdişimin nəticəsidir?! 

 

Dəyirman

 

1956-cı ilin yayından mənim Ağdamlı günlərim başladı. Papam məni şəhərin ən yaxşı və nüfuzlu hesab olunan 1 nömrəli məktəbinə yazdırdı. Mənim Ağdamla bağlı xatirələrimin çoxu da məhz bu məktəblə, bir də “Dəyirman həyəti” kimi tanınan məhlə ilə bağlıdır. İndidən hiss edirəm ki, bu yazıda məktəbdən yox, bir yazıçı kimi yaradıcılığımda dərin izlər buraxmış bu köhnə məhlədən söhbət açacam.

 

 Bəli, Ağdamda bir dəyirman vardı. Adına çox vaxt od dəyirmanı deyirdilər, yəqin su ilə deyil, elektriklə işlədiyinə görə. Mənim uşaq təsəvvürümə görə, bu, çox nəhəng bir tikili idi. Həm də yarıxaraba bir yerdi, baxmayaraq ki, onun bir hissəsi, deyək ki, ağzı çeynəyir, dən üyüdürdü.

 

Yaxın-uzaq kəndlərdən bura üyütməyə çuval-çuval dən gətirirdilər. Dövrə görə xeyli arxaik mənzərə idi. Nimdaş geyimli adamlar eşşək və ya at qoşulmuş araba ilə kisə dolu buğda, arpa, darı gətirir, axşam tərəfi qovurğa iyi verən unu elə həmin kisələrdə arabaya yükləyib geri aparırdılar.

 

İlk vaxtlar dən üyüdülməsini maraqla izləyirdim, sonralar şəhərli tay-tuşlarımda olduğu kimi, bu proses mənim üçün də adiləşdi. Dəyirmanla bağlı əsas marağımız həyətin cənub divarına, bir növ hasarına çevrilmiş bu yöndəmsiz, çox iri və uzunsov tikilinin baxımsız və istifadəsiz qalmış arxa tərəfiydi. Pəncərə şüşələri bizim, bizdən də qabaqkı nəsil uşaqların atdığı daş parçaları ilə sındırılmış, dişi tökülmüş ağız kimi mırıqlamışdı. Bununla belə, şüşələrdən hələ salamat qalanları da vardı. Hərdən kiminsə əli dinc durmur, daş atıb daha bir şüşəni sındırır və dəyirmançı Astanın qulağı səsi alanda balaca bir qara-qışqırıq, qalmaqal qopurdu.

 

 Dəyirman ikimərtəbəli idi, ya da tavanı çox hündür olduğundan bizə ikimərtəbəli kimi görünürdü. Avgi tövləsi kimi uzun, ucu-bucağı görünməyən yarıqaranlıq zalda çoxlu metal hissələr, dəzgahlar, saysız-hesabsız dişli, dişsiz çarxlar, təkərlər, onları birləşdirən enli qayış ötürmələr, transpartyorlar... Nələr yoxdu burda?!

 

Biz şüşəsi sındırılmış pəncərələrdən qorxa-qorxa içəri keçirdik; Astandan qorxurduq, amma burda Astan təhlükəsindən başqa, məzmunu bizə aydın olmayan bir vahimə də vardı. Bəlkə də bu vahimə dəyirmanın sirli bətni ilə bağlıydı və elə bu vahimə, qorxu bizi nəhəng piton şikarını çəkən kimi Dəyirmanın içinə çəkirdi. Parlaq metal hissələri əlləşdirir, o üzünə bu üzünə çevirir, böyük hissələrdən vaz keçib xırda metal hissələri qənimət kimi götürür, “Dava-dava” oyununda silah kimi işlədirdik. Metal kürəcik, diyircəkli təkər tapan uşaqlara isə həsədlə baxırdıq.

 

Mənim uşaq təsəvvürümdə Dəyirman sonralar Hollivudun savaş-döyüş və triller filmlərindəki mürəkkəb konstruksiyalı əsrarəngiz məkanlara bənzəyirdi.

 

Astanın çox vaxt dəyirmanın yağmalanmasından xəbəri olmurdu. Biz qarəti ya axşamtərəfi, Astan evə gedəndən sonraya saxlayırdıq, ya da Astan dən üyüdəndə. İkinci hal risqli olsa da, şəbxunlar, yəni gecə basqınları daha cazibəli, vahiməli və qandondurandı. Adama elə gəlirdi ki, indi hansı qaranlıq küncdənsə əcaib bir məxluq çıxıb səni görünməz bir aləmə dartıb aparacaq. Adətən, bu gecə basqınlarından sonra fantaziyası zəngin olan uşaqlar maraqlı nağıllar uydururdular. O vaxtlar məndə hələ yazıçı istedadı oyanmamışdı, maraqlı bir şey düzüb-qoşa bilmirdim, həm də kənddən gəldiyimə görə şəhər uşaqlarından bir baş geriydim, sən deyən populyarlığım və liderliyim də yoxdu. Şəhər uşaqları üçün mən maraqlı deyildim. Səmimi görünmək üçün onu da deyim ki, uşaq yaşlarında məndə əlamətdar bir cəhət yoxdu, bir zahiri görkəmim, qıvrım saçımdı ki, o da yaşlı adamların, xüsusilə qadınların diqqətini çəkirdi. Onu da deyim ki, saçımın qıvrım olduğunu mən Ağdamda bildim, kənddə başım həmişə Əmimin çalışqanlığı üzündən daz olurdu. Başımın elə bir balaca qaralması kifayət edirdi ki, Əmim maşınkanı götürüb işə başlasın. Ağdamda isə birdən-birə saçımın qıvrım olduğunu kəşf etdik. Bu, Papamın xoşuna gəldi. Hətta məktəbdə saçımın uzunluğuna müəllimlər irad tutmasın deyə, həkimdən arayış da almışdı, guya başım qırxılanda burnumdan qan açılır. “Ögey ana” filminin də populyar vaxtıydı. Böyüklər saçımın qıvrımlığına görə məni İsmayıla bənzədirdilər. Mənim bu təbii üstünlüyüm tay-tuşlarımın vecinə deyildi.

 

Dərslərdə də uğurum yoxdu, üçüncü sinifdə qiymət vərəqində dörd qəşəng “iki” vardı. Alt-alta yazılmış o dörd ikinin qıvrım görkəmi altmış ildən sonra da gözümün qabağındadı. Bu vəziyyət beşinci sinfə qədər davam elədi, altıncı sinifdə isə mən “iki” və “üç”ün nə olduğunu unutdum, humanitar fənlərdən dörd-beş almağa başladım. Məktəbi bitirməyə yaxın mən artıq medala namizəddim, amma namizəd olaraq da qaldım. Elə onda da medal məsələsində valideyn-müəllim münasibətləri az rol oynamırdı. Bir tərəfdən də, yaxşı ki, mənə medal vermədilər, yoxsa mən də biabır olardım, məktəb də. Məsələ bu ki, riyaziyyat müəllimi mənim riyazi qabiliyyətimi nə qədər tərifləsə də, şəxsən mən özüm bilirdim ki, riyazi təfəkkürdən, demək olar ki, məhrumam. Bununla belə, həvəs və istəyimin əksinə olaraq, AZİ-yə (indiki Neft Akademiyası) daxil olmaq istədim və xoşbaxtlıqdan elə birinci imtahandan kəsildim. Bu yerdə çox-çox illər sonra bir elmi-tədqiqat institutunda rəhbərlik elədiyim şöbədə hər cəhətdən qartımış bir erməni işçimin sözü yadıma düşür: “Adə, eto tvoy xorək?” Doğrudan da, AZİ, özü də avtomatika-telemexanika qətiyyən mənim xörəyim deyildi.

 

lll

 

Astanın çox vaxt dəyirmanda baş verən hadisələrdən, bizim şəbxunlardan xəbəri olmurdu. Dəyirman, bir növ, quyruğunun çürüdüyündən xəbəri olmayan dinozavr kimiydi. Onun ağız hissəsində hələ də dən üyütməsəydilər, yəni faydalı bir işə yaramasaydı, milyon illər qabaq məhv olmuş və skeleti bir möcüzə ilə salamat qalmış dinozavrdan artıq bir şey olmazdı.

 

Əlbəttə, bu Dəyirman ekzotik bir şeydi, amma uşaqlıq həyatımın ən maraqlı, bəzən dramatik, bəzən komik məqamları Dəyirmanın özündə deyil, onun yanındakı dövrələmə həyətdə, konkret desək, Dəyirman həyətində baş verirdi. Mənə atalıq eləmək iddiasında olan Papam da bu həyətin ən koloritli sakinlərindən biriydi. Yox, birincisiydi!

 

Tutduğu vəzifələrə, rayon miqyasındakı hədsiz populyarlığına, hörmətinə, nəhayət sosial statusuna görə, Papam bu məhlənin çox sadə kontingentinə yad adamdı desəm düz olmazdı, sadəcə, yaraşmırdı. Kommunal təsərrüfat idarəsinin, daha sonra təmir-tikinti idarəsinin, bütün Qarabağda məşhur olan Ağdam kolxoz bazarının, yol idarəsinin rəhbəri olmuş bir adamın Ağdamda ən azı ikimərtəbəli ev tikdirməsi çox təbii, adi bir iş olmalıydı, amma kişi bu həyətə necə alışmışdısa, ordan aralanmağı ağlına belə gətirmirdi. Bir tərəfdən də o, ev-eşik, ailə adamı yox, kef adamıydı. Heç vaxt evində cibindəkindən artıq pulu olmazdı. Çox vaxt idarə müdiri olduğundan gələn ayların maaşlarını da vaxtından qabaq alır, pal-paltara, hansısa kostyuma, çəkməyə, köynəyə, sayı-hesabı olmayan qalstuklara xərcləyirdi. Bəlkə də ağıllı işi o görüb. Ağdamın ağ daşdan tikilmiş saysız-hesabsız saraylarını murdar düşmən acgöz canavar kimi vəhşicəsinə yağmaladı, sökdü, dağıtdı, daşlarını belə daşıyıb apardı. “Zıpırtıçnı” kommunal evi itirmək dəbdəbəli villa itirməkdən ağrısız olmalıdı yəqin. Bu faktın özü maraqlı bir xarakter kimi Mamed Əmirovu tanımaqda bir ipucudu.

 

 

Əli Əmirli

525-ci qəzet.- 2015.- 12 dekabr.- S.24-25