Nağıl adam
portret-povestdən
parçalar
(Əvvəli
ötən şənbə sayımızda)
Sevdiyim və
məni sevən dostlara!
BU DA
ÜMİD QAPISI...
...Ötən
əsrin 80-ci illərində “Azərbaycan” jurnalında
Aydının iki hekayəsi və hətta həcmcə
böyük bir publisistik yazısı çap olunur. O vaxt
jurnalın məsul katibi isə indi bu dərgiyə rəhbərlik
edən İntiqam Qasımzadə idi. Bir yay
günü, daha dəqiqi, bazar günü səhər ertədən
məhəllə camaatından kimsə Aydını
çölə çağırır. Və o da həyətə
düşəndə qapılarının ağzında bir ağ “Jiquli” görür (Aydın
burasını da məmnuniyyətlə qeyd edir ki, o zaman Dəvəçiyə
gəlib onu soruşanlara həmyerliləri evlərinin
ünvanını lap dəqiqliyi ilə göstərərlərmiş,
yəni ki, onu tanıyırlarmış...)
Demə, Aydın müəllimin qapısının
ağzına maşın sürən bu qonaq da olur İntiqam
müəllim.
Təbii ki, qonaqların, özü də
İntiqam müəllim kimi hörmətli bir qələm
adamının - Aydının o vaxtlar söz yox ki, İntiqam
müəllimlə hələ elə bir yaxın münasibəti
olmasa da - onu axtarmağına çox şad olur. Və evə dəvət edir. İntiqam
müəllim də onunla gələn yol yoldaşını təqdim
edib qardaşı Daşqını Aydına tanıdır.
Aydının qonaqları evə dəvət etmək təklifinə:
- Bir vacib işimiz var, - deyir, - işimizi görək sonra evə
gələrik, hələ bir çörək də yeyərik.
Burası
isə mənə, Aydın deməsə də, gün kimi
aydındır ki, bu mötəbər şəxslər yəqin
xeyir iş qabağı, o zamanların Dəvəçisində
lap bol olan “osetirin” balığı üçün gəlmiş
olarlar...
Və o
da şəksizdir ki, dost yolunda canını belə əsirgəməyən
Aydın gün ərzində qonaqlarına yaxşı bələdçilik
və ehtirama layiq yoldaşlıq edir.
Bax, o
görüşdə tanışlıqdan məlum olur ki,
Daşqın müəllim o zaman Bakıdakı məşhur
“Kitab pasajı”nın direktorudur...
Xudahafizləşib ayrılanda Daşqın müəllim
qardaşından qabaq, dönə-dönə Aydına
Bakıya gələndə ona da baş çəkməyi,
görüşüb hal-əhval tutmağı xahiş edir.
O vaxtlar
nadir kitablar da hələm-hələm ələ düşməzdi.
Bakıya yolu düşən Aydın Daşqın müəllimlə
görüşəndə məşhur kitab pasajının
direktoru da də sayla gələn kitabların
siyahısını Aydının qabağına qoyub: -
İstədiyini seç, götür, - deyərmiş. (O
vaxtlar çətin tapılan, mənim də
müştağında olduğum, ancaq istəməyə
üzüm gəlməyən, Ojeqovun məşhur lüğətini
də Aydın elə o kitab mağazasından alıb...)
Sözüm bunda deyil.
Artıq nəşriyyatların təsərrüfat
hesabına keçdiyi bir vaxtda, ötən əsrin səksəninci
illərinin sonlarında “Gənclik” nəşriyyatında
Aydının “Ümid” adlı povest və hekayələr
kitabı plan əsasında nəşrə hazırlanır. Kitab
yığılıb səhifələnir, demək olar ki,
çapa hazır hala gəlir.
Elə bu zaman məlum olur ki, kitab lazımi tirajı
yığmayıb və bu tiraj məsələsi də
bir-iki günə həll olunmasa, nəşri
dayandırılacaq.
Bir-iki
gün şəhərdə kitab mağazalarını gəzib
tiraj toplaya bilməyən Aydın məşhur Tarqovı
küçəsi ilə məlul-müşkül üzü
“Gənclik” nəşriyyatına tərəf addımlayarkən
nəzərləri bir anlıq “Kitab pasajı”na
sataşır. Yadına birdən-birə dostu
Daşqın müəllim - İntiqam müəllimin
qardaşı Daşqın Qasımzadə düşür.
Ləngimədən, “ya mədəd” deyib Daşqın
müəllimin yanına yollanır. Aydını dinləyən
Daşqın müəllim də: - Əşi, min ədəd
nədir, mən sənin kitabının bütün
tirajını mağazama götürüb satmağa
hazıram, - deyib nəşriyyatın direktoru Əlican
Əliyevə zəng vurur. Nəşriyyat
direktoru ilə sözləşib razılaşandan sonra
kitabın nəşr olunması işi, necə deyərlər,
rəsmiləşdirilir.
İndi aradan illər keçəndən sonra, neçə-neçə
kitab müəllifi olan Aydın minnətdarlıqla deyir ki,
“Ümid” adlı o kitab mənim çap olunan ikinci kitabım
idi. Həcmcə o qədər də böyük olmayan
nazikcə bir kitabdır. Ancaq o kitab mənə
çox əzizdir. Ona görə əzizdir ki, o
kitabın çapında dost qayğısını, kəsilən
duz-çörəyə qiymət qoyub kömək
üçün əlindən gələni əsirgəməyən
bir insanın diqqətini, etibarını görmüşəm.
Bu da Aydının sözləridir: O kitab Daşqın müəllimdən
həm də bir yadigardır... Sonra da Aydın bir köks
ötürür: - Ancaq nə yazıqlar ki, Daşqın
müəllim kimi xeyirxah, etibarlı insanlar dostları tez tərk
edir. Daşqın müəllim də
dünyadan vaxtsız getdi. Qəbri nurla dolsun!..
Elə həmin
80-ci illərdə, yenə də qızmar günəşin
can yaxdığı bir gündə dostumuz Aydının
paytaxtdan qonaqları olur. O zaman Yazıçılar
İttifaqının nəzdində Bədii Ədəbiyyatı
Təbliğ Bürosu deyilən bir qurum var idi. Bu qurumun da vəzifəsi
yazıçı və şairləri, bir sözlə, qələm
adamlarını yerlərə göndərmək, o vaxtın
zəhmətkeşləri arasında qurumun adına
uyğun, bədii ədəbiyyatı təbliğ etmək
idi. Və bunun da müqabilində olduqları təşkilatlarda
təbliğ bürosu tərəfindən onlara verilən
putyovkalara möhür vurulur, qol çəkilir,
Yazıçılar İttifaqının hesabına müəyyən
məbləğdə pul köçürülürdü
ki, o puldan da putyovka yiyələri qonorar alırdılar.
Bəli,
iki adlı-sanlı şair - Qabil və İsa
İsmayılzadə, bir də Aydın belə putyovkalarla
Şabranda (o vaxtkı Dəvəçidə), təbii ki,
Aydının bələdçiliyi ilə, sözünün
keçərli olduğu bir neçə təşkilatın
kandarına ayaq qoyub, nəhayət, o zaman rayonda ən iri təsərrüfat
olan “Sovet Konstitusiyası” sovxozunda ləngiyirlər.
Yay vaxtı, tərəvəz
yığımının qızğın dövrü
imiş.
Pomidor-xiyarın az qala hər kiloqramının
üstündə yekə-yekə kişilər əsim-əsim
əsirmişlər ki, min bir əziyyətlə becərilən
məhsul itkiyə getməsin, plan dolsun, “yuxarılar”
qarşısında da üzüqaralıq olmasın. Və
zamanın qızıldan qiymətli belə vaxtlarında səhərdən
axşama qədər tarlada, bağda-bağatda iş
üstündə olan təsərrüfat rəhbərinin qiymətli
vaxtını almaq, əlbəttə, ağlabatan sayılmaz, əslində
qınağa tuş gələrdi. Ancaq burası da
varmış ki, o vaxtlar Aydın həmin təsərrüfata
rəhbərlik edən, deyilənlərə görə də,
xasiyyətcə sərt, tündməzac adam
olan Abdulmənna Quliyevi şəxsən tanımasa da,
haqqında da az-çox eşidibmiş.
Beləcə qələm dostlarının yanında
özünü sındırıb o yerə qoymayan Aydın
özü qabaqda, qonaqları da ardınca sovxozun idarə
binasına yollanırlar. Təbii ki, kiçikdən-böyüyə,
bütün işçi və qulluqçuların məhsul
yığımına səfərbər edildiyi idarə
binasında kimsəni tapa bilmirlər. İdarə
binasının böyür-başında var-gəl edərkən
birdən Aydının əvvəlcədən tanıyıb
“dayı” çağırdığı, o illərdə o
sovxozun baş mühasibi Mehdi Vahabovla rastlaşırlar. Aydın “dayısı” ilə görüşüb
hal-əhval tutur.
Onu
qonaqlarla da tanış edib gəlişlərinin
məqsədini açıb deyir. Köhnə baş
mühasiblərdən olan Mehdi dayı da belə “işlərdən”
hali adam idi. Və bildirir ki,
direktor yalnız gecə saat 10-dan sonra, gündəlik işlərə
yekun vurmaq üçün idarəyə gələcək.
Direktoru yerində tapmadığına, dediyinə
görə, Aydın ürəyində sevinir də. Axı qələm
dostlarının yanında direktor onu pərt edib deyə bilərdi
ki, ay müəllim, heç yeridi, biz nə hayda, sən nə
hayda, camaat günün altında yanır, qan-tər
içində məhsul yığır, siz də durub gəlmisiniz
ki, şeir deyəcəyik, hekayə oxuyacağıq...
Rəhmətlik Qabil müəllim də hələm-hələm
geri çəkilən kişilərdən deyildi. “Nə olar, o vaxtacan gözləyərik”,
- deyib durur.
Daha çarə nədir, Aydın qonaqlarını idarə
binasına yaxın bir yerdə yaşayan ərkiçatan
köhnə bir tanışının evinə aparır. Ev yiyəsi - özü də
gözəl bir əhli-qələm olan mərhum Adil İsgəndərov
qonaqların adına layiq gözəl bir
süfrə açır.
Nəhayət,
deyilən vaxt gəlib çatır, saat 10-un tamamında
Aydın putyovkaları götürüb ayağa durur,
üzünü dostlarına tutur ki, siz gözləyin, bəlkə direktor heç iş yerinə
qayıtmayıb... Əvvəlcə mən bir
idarəyə dəyib gəlim.
Ancaq nə Qabil müəllim, nə də İsa
İsmayılzadə Aydını tək buraxmırlar. Yeri gəlmişkən,
maşını Qabil müəllim sürürmüş.
Beləcə, gəlib çıxırlar
sovxozun idarə binasına. Demə, direktor
da gəlib çıxıbmış. Və
böyük kabineti də adamla dolu imiş. İsti olduğundan qapı-pəncərələri
açıq otaqda yenicə başlamış iclasa direktorun acıqlı,
hirsli-hikkəli səsi hakim imiş. Görünür, kişi bugünkü işlərin gedişindən
razı qalmayıbmış.
Canını dişinə tutan Aydın açıq
qapıdan özünü göstərib, dəvət gözləmədən
içəri girir, direktorun stoluna tərəf yeriyir. Bu qəfil, həm də belə
əmin-arxayın, sorğusuz-sualsız qonağın gəlib,
necə deyərlər, “yuxarı başa keçməsinə”
təəccüblənən direktor sözünü
yarımçıq qoyub mat-mat Aydına baxır:
- A bala,
kimsən, nəyə görə bu vaxt bura gəlmisən?..
Aydın
da birtəhər özünü ələ alıb:
- Mən Hafizin dostuyam, - deyir.
Elə yeri gəlib, qoy deyim. Mən tanıdığım
müddətdə Hafiz müəllim Təhsil işçiləri
Həmkarlar Təşkilatı rayon komitəsinin sədri idi və
dünyasını dəyişənə qədər
Aydının sanatoriyalarda istirahət üçün
aldığı o dediyim iki putyovkadan birini o kişi
verərdi...
Tanımadığı
bu cavan oğlanın həmyaş oğlu Hafizlə dost
olduğunu eşidən direktorun çöhrəsi bir anda
çiçək açır. Yerindən
qalxıb Aydına tərəf gəlir.
Oğlu
ilə dost kimi tanışlıq verən bu cavan
oğlanın sözləri bayaqdan bəri səsi kabinetinə
sığmayıb kəndi başına götürən təsərrüfat
rəhbərini bir anda muma döndərir. Direktor şəstlə
içəri girib diri-diri danışan oğlanı
qucaqlayıb:
- Belə
Hafizə də qurban olum, onun dostlarına da (Dostuna yox,
dostlarına ha...)! Nə işdi, a bala!..
Mehdi dayı (mühasib) əlüstü məsələni
açıb deyir. Abdulmənna Quliyev seyfin açarını baş
mühasibə uzadıb:
-
Möhürü götür, oğlumun dostunun işini
düz-qoş!..- deyib
bir direktor kimi hökmlə dillənir.
Elə həmin yaradıcılıq səfəri
vaxtı Aydın qonaqlarını şam yeməyi
üçün rayon mərkəzindəki atalı-analı
evinə dəvət edir. Gündəlik oturub durduğu,
yoldaşlıq etdiyi həmyerlilərinə də Aydın belə
dost görüşlərini gızırqananlardan deyil ha. O
vaxtlar bizim Şabranda, Gəndab kənd xəstəxanasında
baş həkim işləyən cavanlıq dostu (hərçənd
ki, o illərdə hər ikisi də hələ lap cavan olub,
yaşları otuzu təzəcə haqlayıbmış),
gözəl şairimiz, səmimi, canıyananlığı qədər
də ciddi, yəni “xarizmatik” insan Tofiq Nurəli də öz
yerində, süfrənin başında olur.
Sərin
yay gecəsində, açıq şüşəbənddə
hal əhli olan Qabil müəllimlə Aydın bir-biri ilə
bəhsə giriblərmiş kimi, təmiz spirt qarışdırılmış “saf su”dan nuş edirlər. Bəlkə
də işin bu yerində Qabili dilləndirmək
üçün Aydın Xəyyamvari bir rübai də deyir:
Kaşı
kuzələrin şöhrəti şərab,
Nuş
üçün könlümə eylədi xitab,
Könlümün
şövqüylə meyl etdim meyə,
Arzum təlqin
oldu, əhvalım bitab...
(Burasını da qeyd edim ki, o illərdə
keçmiş Dəvəçi rayonunda üç
üzüm emalı zavodu varmış, zavod olan yerdə də
spirt də ki, genə-bol). Spirtli içki ilə
elə əvvəldən arası olmayan şair Tofiq Nurəli
də İsa İsmayılzadə ilə sərin pivədən
içə-içə öz qələm dostlarını
heyran-heyran seyr edir, badə toqquşdurmasalar da, dedikləri
sağlıqlara sidq-ürəklə qoşulurlar (Yəqin ki,
Qabil müəllimin dediyi o sağlıqlar da elə
dostlarının şərəfinə olardı).
Yay gecəsinin
sərin havası, göydə bədirlənmiş ay,
bir-birinə göz vuran ulduzlar... gecənin lal sükutu... Bəh-bəh-bəh...
Əsl poetik bir gecə, romantik duyğuların
coşub-daşdığı anlar...
Birdən bu lal sükutu Aydıngilə qonşu qadının hay-harayı pozur:
- Ay Dilbər
huyyy, Dilbər huyyy!..
Qabil
müəllim yerindən sıçrayıb açıq məhəccərrə,
pilləkən olan tərəfə az qala
quş kimi qanadlanıb uçur.
Hörmətli
sənətkarın bu qəfil hərəkətindən
Aydın bir ev yiyəsi kimi həyəcanlanıb
əlbəəl ayağa qalxır, özlərini itirib qalan
İsa müəllimlə Tofiq Nurəli ilk əvvəl yerlərində
donub qalırlar. Ancaq tez də özlərinə
gəlib yerlərindən qalxaraq Qabil müəllimin
ardınca cumurlar.
Dostlarının
onun ardınca gəldiyini görən Qabil müəllim geri
dönüb əllərini dodaqlarına apararaq işarə
edir: yəni ki, səsinizi çıxartmayın...
Çağırışına
qızının huy vermədiyini görən qonşu
qadın hələ də haylamağındaymış...- Ay
Dilbər, huyyy!.. Dilbər, huyyy!..
Axır ki, qonşu qadının gecənin səssizliyini
yaran harayı kəsilir.
Qabil müəllim bundan sonra da bir müddətdə
yerində lal-dinməz durub baxır, sonra da, nəhayət, məhəccərdən
aralanır, qayıdıb yerində oturur. Bu dəfə
sağlıqsız-filansız qədəhini təkbaşına
boşaldır, sonra da kövrək səslə:
-
Bilirsiniz, bu “huy” səsini-sədasını
axırıncı dəfə Yardımlıda, kənddə
müəllim işləyən cavanlıq
çağlarımda eşitmişəm, - deyə, qəfil
yerindən qalxmağının, o səsi daha yaxşı
eşitmək üçün səda gələn tərəfə
daha yaxın getməyinin səbəbini narahat-nigaran
qalmış dostlarına izah edir. Sonra da kövrəlmiş
şair: - O vaxtdan neçə il keçir.
Ancaq elə bil dünən idi... Şair bir də köks
ötürür: - Hə, ömür keçdi, gün
keçdi...
lll
Gözəl sənətkarımızın anadan
olmasının 70 illiyi münasibəti ilə İsa
İsmayılzadə “Azərbaycan” jurnalında çap
etdirdiyi sanballı məqaləsində Qabilin dostları cərgəsində
bizim Aydının da adını çəkmişdi. Yəqin ki, kövrək
şairimiz də aradan xeyli illər keçəndən sonra o
gecəni, o gecənin lal sükutunu pozan qəfil “huuy” sədasını
öz yazısını qələmə alan
məqamda bəlkə bir də eşidibmiş...
lll
Yaddaşlarda
yaşamağa hələ tezdir
Hamı
qocalıq yaşına çatmaq istəyir,
amma
heç kim qoca olduğunu qəbul
etmək
istəmir.
Fransisko
Kevedo
İosif
Stalin deyəndə nə olar, tutarlı fikirdir:
“Yazıçılar insan ruhunun mühəndisləridir”. Elə Aydın da o ruhu naxış-naxış, ilmə-ilmə
bəzəyən, həm də mahir bir nəqqaşdır.
Aydın yerlipərəstlik nədir, bilməz.
Onun üçün bir Vətən anlamı, müqəddəs
Azərbaycan anlayışı var. Şahidi olmuşam,
yazı-pozusunda o qədər də “duz” görmədiyi bir
neçə qələm əhlinin
yaradıcılığından söhbət düşəndə,
dostarası qeybətə özünə məxsus astalıq
və ustalıqla: - Yox ee, o “filankəslər” Vətən,
ana dilimiz, üç rəngli bayrağımız haqqında
şeirlər yazıblar (necə yazıb, yox aa...), - deyərək
üstufca bir nida qoyar.
Bu babətdən, mənim qənaətimə görə,
Aydının bu ağır Şabran elinin yazarlarına əlavə,
fərdi sevgisi təhtəlşüurdur. Öz
eloğlularını da elə başqaları qədər
sevir.
Görkəmli yazıçımız Sadıq
Elcanlı Aydının həm qonşusu, həm də gənclikdən
üzü bu tərəfə yoldaşı, dostudur.
Həm də
elə dost ki, həftədə, ayda AzTV-nin o
ağırlığında ədəbi dram verilişləri
redaksiyasının baş redaktoru kimi məsul işdən
vaxt-macal tapıb elə-obaya güzarını salanda, “haqq
Allahın adıdır”, mütləq ev yiyəsi kimi bir “fəzilət”
sahibi olaraq əslində “səhərlini”
qarşılamağa vəzifəli olan Aydının yerinə
o kişi özü bu dostumuzu arayıb-axtarır, süfrəsinin
də başında oturdur.
Sadıq Elcanlı Aydının
yaradıcılığı ilə bağlı, elə
öz qələmi ağırlığında və elə
həm də nəfəsinin dərinliyində neçə-neçə
məqalə də yazıb.
Di gəl, Aydın o istedadlı yazıçının
yaradıcılığını həmişə diqqətlə
izləsə də, işıq üzü görən
irili-xırdalı bütün əsərlərini oxusa da, son
vaxtlaracan bircə yazı da yazmamışdı. Ancaq bu il yazıçı
dostunun “Zülmət” romanını oxuyandan sonra ürəyini
boşaltdı, “525-ci qəzet”də “Zülmətdən
doğan işıq” adlı bir esseylə
çıxış etdi.
Qeybət
olmasın, orasını da deyim ki, əslində Sadıq
Elcanlının hələ çox illər bundan əvvəl,
sevə-sevə oxuduğum “Qanlı quzğun meydanı” povesti
haqqında mən də yazmaq istəyirdim. Daha
doğrusu, yazdıqlarıma əl gəzdirib çap etdirmək
istəyirdim ki, yazıçının “Zülmət”
romanı çap olundu və mən də romanın ilk
oxucularından oldum. Və bu əsər
haqqında dostum Aydınla fikir mübadiləsi aparıb
mühakimələr də yürütdük, fikirlərimizi
bölüşdük. Düzdür,
Aydın başqasının nə fikrinə, nə də
düşüncəsinə ehtiyacı olan, ya da ona göz
dikib faydalanmağa çalışan yazıçılardan
deyil. Ancaq həmyerlimizin romanını
ikimizin də eyni vaxtda oxumağımız və fikirlərimizin
də təqribən üst-üstə düşməsi o
kişiyə “impuls” verdi ki, “Zülmət” romanı
haqqında öz düşüncələrini qələmə
alıb mətbuatda çap etdirsin. Nə isə, beləsinə
“qalsın qulluğunda” - deyərlər...
Bu torpağın çox istedadlı şairlərindən
biri də Ağalar Mirzə idi və dünyasını
çox tez dəyişdi, aramızdan vaxtsız getdi. Ölümündən az
öncə Ağalar Mirzənin 17 noyabr 2007-ci ildə öz dəsti-xətti
ilə “Çox hörmətli Novruz müəllimə - ən
xoş arzularla” avtoqrafı ilə ilk və həm də son
görüşümüzdə mənə
bağışladığı, 2004-cü ildə
işıq üzü görmüş “Karvan” adlı
seçilmiş şeirlər kitabına görkəmli
şair, yazıçı, bir-birindən maraqlı portret
hekayələr ustası Əjdər Ol “Ağalar Mirzənin
işinin adı” başlığı ilə olduqca dəyərli
və sanballı bir ön söz yazıb.
Ağalar Mirzənin “Karvan” şeirlər kitabına
yazdığı o önsözdən iqtibas etmək
üçün seçdiyim birinci abzasdan heç bir kəlməni,
cümləni ayırıb çıxara bilmədim. Beləliklə, Əjdər
Ol şair Ağalar Mirzə haqqında deyir:
“...Dostluğun,
yoldaşlığın uzun müddət davam etməsinin təəccüb
doğurduğu indiki zamanda hərdən məndən
soruşurlar ki, Ağalar Mirzə kimi sərt, soyuq adamla necə
dostluq, yoldaşlıq edirsən? Düzü, əvvəllər
fikrimi toplayıb həmin adamlara tutarlı bir cavab verə
bilmirdim. Heç özüm
üçün də aydın deyildi ki, bu sualı nəyə
görə mənə verirlər. İllər
boyunca şair Ağalar Mirzə ilə çox insani
sınaqlardan, məhrəm münasibətlərdən
keçdikdən sonra onun xarakterinin özəlliklərini
olduğu kimi ayırd etməyə başladım.
Gördüm ki, şair dostum dönüklüyə,
boşboğazlığa, lovğalığa,
yarıtmazlığa, əhmədi-biqəmliyə,
badalağa, paxıllığa, düşüklüyə,
lotuluğa, çörəyi dizi üstə olmağa
qarşı çox sərtdir, laqeydlik, miyanəlik, hərəkətsizlik,
qeyrətsizlik görəndə isə üzünü
çevirib öz işinin dalınca gedir, bişməmiş
adamlar da elə bilir ki, o, soyuqdur, adamayovuşmazdır. Açığını deyim ki, Ağalarla yola
getmək çox rahatdır, amma düzə-düz. Mən həmişə onun dostluqda
umacağını yox, təmənnasızlığını
gördüm”.
Bu isti sətirlərdən
sonra dostunun yaradıcılığı haqqında isə belə
yazır: “Ağalar Mirzə sözün həqiqi mənasında
vətən sevgili, patriot bir şairdir”.
Nobel
mükafatı laureatı, ispan yazıçısı Kamilo
Xose Sela Nobel nitqində “Allahların biz ispanlara hədiyyə
etdiyi bu dildə yazmaq çətin deyil və əslində
bu mükafat bu dilin daşıyıcısına, ona xidmət
edənə yox, bu şərəfli dilin özünə
verilmiş mükafatdır”,- demişdi.
Dilimizin saflığı, paklığı Ağalar
Mirzə poeziyasının çeşməsindən elə
qaynayıb axırdı ki - mələklərin haləsi,
nurlu ruhların rayihəsi kimi. Bəlkə elə bu elin zəngin
folklor xəzinəsindən bəhrələndiyindən idi
ki, Əməkdar incəsənət xadimi, şair Ağalar Mirzə
uzun illər radionun xalq yaradıcılığı “Bulaq”
verilişinin, sonralarsa televiziyanın “Yurd” proqramının
baş redaktoru olmuşdu. Doğma
diyarımızı qarış - qarış gəzib, folklor
xəzinəsinin zənginliklərini, yurd, vətən
yaddaşını “Qoşma”, “Bayatı”, “Ozan” kimi müəllif
verilişlərində xalqa çatdırırdı.
Şeirləri yurd, ana, ata kəlməsi ilə dolu
öyüd-nəsihət, paklığa həzin
çağırış idi. Bir şeirindən ikicə bənd:
Şəhərdən
gedəndə anam ağladı,
Məni qərib bildi, şəhəri qürbət.
Kəndin
xatirini əziz saxladı;
“Çölü xiyabandı, suları şərbət”.
Qapı
döyülmədi, qonşu gəlmədi,
Hasarı, çəpəri, bəndi yox evin.
Süfrə
salınanda üzü gülmədi;
“Qonaqsız çörəyi, qəndi yox evin”.
Yaxın
illərin söhbətidir, əslən Lerikin Anburdərə
kəndindən olan istedadı, insanlığı və ləyaqəti
ilə həm tanıyanlarının, həm də ədəbiyyatsevərlərin
yaddaşında indi də yaşayan Allahverdi Məmmədli
haqqında içimdən gələn duyğularımı qələmə
alıb kağıza köçürmüşdüm, mətbuatda
- sevimli qəzetimiz “525”də çap olunmuşdu. O yazıda
Lerik rayonunda işləyərkən rayon mərkəzinin bir
küçəsinə o gözəl şairimizin
adının verilməsi barədə qərar qəbul etməyimdən,
müvafiq sərəncamla rəsmiləşdirməyimdən
də söz açmışdım.
Bax, bəlkə
də elə bu yazı Aydın üçün tutarlı vəsilə
oldu və onu həyatdan vaxtsız getmiş digər bir gözəl
şairimizin - Ağalar Mirzənin Şabranda 60 illik yubileyinin
keçirilməsi və adının əbədiləşdirilməsi
üçün şəhərin bir küçəsinin
onun adına verilməsi barədə təşəbbüs irəli
sürməyə ruhlandırdı. Başda
Aydın özü olmaqla, rayonun xeyli ziyalısı və
ağsaqqalının adından daxil olan müraciətə əsaslanıb
biz də Ağalar Mirzəyə təntənəli bir yubiley
tədbiri keçirdik, Şabran şəhərində
küçələrdən birinə onun adını verib
abadlaşdırdıq.
İnşallah, Şabran şəhəri daha da gözəlləşib
abadlaşar və sonsuza qədər yaşayar, bu şəhərdəki
elə o küçə də şəhərimiz var olduqca,
dünyadan erkən getmiş şairin adını yaşadar.
Aydına
nə var ee, hələ neynir küçəni, xiyabanı...
Xiyabanı da, küçəsi də onu
çox sevən, içi mən qarışıq,
dostlarının, həmyerlilərinin yanıdır. Aydın üçün oxucularının “qəlbində”
yaşamaq hələ tezdir, qardaşım uzun ömür
yaşasın, inşallah.
Aydın yazıçıdı. Yazıçı olmaq Aydına nə qazandırıb? Çox şey - elə indiyəcən bütün bu danışdıqlarımı! Axtardığımız, daha doğrusu, arzuladığımız bu ali keyfiyyətləri: saflığı, səmimiliyi, gözü toxluğu, insani sevgini, mərdliyi, əxlaqlı həyat tərzini, həm də bir-birindən gözəl, içdən gələn yaratdığı obrazları! Aldığı öyüd-ibrətdən naxışlanan, mərdlik, vətənpərvərlik, milli qeyrət, mənəvi dəyərlərimizin nümunəsi olan o obrazlar bəlkə də daha çox Aydının öz xarakterik cizgilərindən qaynaqlanıb. Bir sözlə, yazıçılıq Aydına elə Aydını qazandırıb.
Əzizim Aydın, yetər bu təvazökarlıq,
razı ol, həm də özün işə qarış,
qoy əsərlərinin əsas nümunələri
seçilib tam külliyat şəklində çap edilib.
“Kiril”də qalan hissəsi də o keçmiş donundan
çıxıb bu günün oxucusu tərəfindən
rahat oxunsun. Qoy nəsillər
sənin bal dadan bədii dilinin tamından
doya-doya dadsınlar.
Eh, dostum,
yaxşı eləyirsən, bizi qəddar zamanın,
doğulduğumuz məqama yaxınlaşdırmaqda olan tərəzisinə
vurmursan, yola verə-verə yol ötürürsən.
Mənim qıvraq qardaşım, sən hələ yazacaqsan, yaradacaqsan. Əhmədin, Aydının, Lamiyənin toyunda qol götürüb oynayacaqsan. Bir gün onların Şəhriyarı, Bəxtiyarı sənə: - Baba, bizə nağıl danış, - deyəcək... Yox, sən özün onlardan nağıl istəyəcəksən, nağıl bitəndə ardınca da göydən düşən üç alma payını gözləyəcəksən. Ancaq onda sənə üç alma yox, o nağıl, bayatı dilində, əfsanə və rəvayətlərlə naxışlı, elə özün qurub bara-bərəkətə doldurduğun, ərsəyə yetirdiyin səbət-səbət şipşirin “nemətlər” töküləcək.
Bölüşdürməyə tay-tuş gərək...
Eh, dostum Aydın, bu da mən, payızı addayıb üzü qışa doğru durmuşam:
Ömür - yuxu!..
Zamanı var, müddəti var.
Baharı sevib gülsə də
Payız adlı möhnəti var.
Günah - çuxur!..
Doldurmağa güc gərəkdir,
Doğrultmağa təpər varsa,
Tövbə günaha bəzəkdir.
Ümid - qapı!
Haqqın idraka aynası,
Bəlkə bir yaz da yaşadıq,
Ay dostluğun pərvanəsi.
Yüz yaşına təbrik yazmaq arzusu ilə: qoca Novruz Nəcəfoğlu.
Son
5
oktyabr-27 noyabr 2015-ci il, Şabran.
Novruz Nəcəfoğlu
525-ci qəzet.- 2015.- 12 dekabr.- S.22-25