Sözünüz yerə düşməsin!
Səhv
etmirəmsə, 2008-ci il idi (ayı,
günü xatırlamıram). Rəssam dostum
Nadir bizə gəlmişdi. Həmişəki
kimi daha çox ötüb keçənlərdən
danışırdıq. Mən Əjdər
Olun “Ölümlə zarafat” kitabını yeni bitirmişdim.
Janrından asılı olmayaraq bütün əsərləri
xoşuma gəlmişdi. “Xoşuma gəlmişdi” kitab haqqında
təəssüratımı tam ifadə etmir. Əslində, “ofsunlamışdı”, “məftun
etmişdi” də demək olardı. Ancaq bu sözlər
yerli-yersiz o qədər işlənib ki, adama bir az saxta görünür. O zaman öz təəssüratımı
Nadirə necə ifadə etdiyim yadıma gəlmir.
O, maraqla
dinləyirdi. Qeyri-səmimi bir söz desəydim,
hansısa bir hərəkəti ilə bunu büruzə verərdi.
“Börüsoy” hekayəsindəki bütün surətləri
şəxsən tanıyırdım, “Ölümlə
zarafat” hekayəsindəki surətlərəsə
yaxından-uzaqdan bələdliyim vardı. Bəziləri
ilə hətta bir süfrə ətrafında oturmuşdum.
Tanıdığım bu adamların heç
bir hərəkəti mənə yad görünmürdü.
Bu şəxslər yüz faiz mənim
tanıdığım adamlar idi. “Usta
Yusifin kamançası”, “Fa...”, “Şər Nizi” hekayələrindəki
obrazlarla şəxsən tanışlığım yoxdu.
Ancaq o surətlər də mənə eyni dərəcədə
təsir edirdi: kədərləndirirdi,
düşündürürdü. Qısası,
Əjdər Olun yazı tərzi, mövzuları, heç kimə
bənzəməyən təsvir üsulu məni yerimdən
oynatmışdı.
Bir
sözlə, hamının bildiyi Molla Nəsrəddin lətifəsindən
belə maraqlı pyes yazmasından, Namiq Abdullayevin, Rafiq
Tağının, Əlisəmid Kürün ədəbi
portretləri barədə heyranlıqla
danışırdım. Bu zaman fikir verdim ki,
Nadir cibindən telefonu çıxarıb kiminsə nömrəsini
yığdı. Məni dinləmədiyini
görüb dayandım. Onun
danışıb qurtarmasını gözlədim.
- Salam! Neftçaladan danışıram. Salamatlıqdı. Telefonu Fərhad
müəllimə verirəm. Onun sənə
sözü var.
Sonra
telefonu mənə uzatdı:
- Fikrini
Əjdər müəllimin özünə de.
Mən çaşıb qaldım. Nadirin mənə
uzatdığı telefonu almaq istəmədim. O, telefonu
ovcuma qoydu.
- Sadə
adamdır, sərbəst danış!
Əjdər Olla telefon danışığından yadımda qalan onunla salamlaşmağımızdı. Başqa nə dediyim, nə eşitdiyim bir kəlməni də xatırlamıram. Xudahafizləşib telefonu Nadirə verdim. Dostum məmnun görünürdü. Yəqin mənim həyəcanımı gördüyü üçün:
-
Qardaş, narahat olma, yaxşı danışdın!- dedi.
Bu hadisədən bir aya yaxın vaxt keçməmişdi. Mənə
bağlama gəldi. Əjdər müəllim
kitablarını göndərmişdi.
Hər birinə də avtoqraf yazmışdı. Lap bu yaxınlarda “Canlı
lətifələr, əhvalatlar, deyimlər” kitabına da
avtoqraf yazaraq göndərib. Sağ olsun!
Təəssüf ki, rayonda yeni kitab almaq
müşkül məsələdir. İctimai kitabxanadan da
kitab götürməyi xoşlamıram. Çünki
sevdiyim əsəri oxuduqdan sonra dəfələrlə vərəqləyir,
onu dərk eləməyə çalışıram. Belə kitablar evimdən çıxanda, sanki onu
qovuram, hörmətsizlik edirəm.
Əjdər Olun birinci kitabındakı əsərləri
məni necə valeh etmişdisə, şeirləri də,
“Əjdər Olam” kitabındakılar da, “Canlı lətifələr,
əhvalatlar, deyimlər”də mənə eyni dərəcədə
maraqlı idi.
Məndə
belə bir sual yaranmışdı: janrından asılı
olmayaraq onun kitablarını bu qədər maraqlı edən
nədir? Bədii əsərləri ilə
bağlı bu suala cavab tapmaq nisbətən asandır. Ancaq publisistik yazılar da mənim üçün
bənzərsizdir. “Bənzərsiz”
demişkən, onun yazılarını maraqlı edən cəhətlərdən
biri də bənzərsizliyidir.
Oxuduğum minlərlə yazılardan, yazarlardan fərqlənməsidir.
Əjdər
Olun əsərlərindən bəhs edən müəlliflər
onun yaradıcılığının həyatı olduğu
kimi təsvir etməsini, ənənəvi mövzulara belə
fərqli prizmadan yanaşmasını, səmimi
olmasını və s. cəhətləri göstərirlər.
Ancaq bu keyfiyyətləri başqa əsərlərdə
də, başqa yazarlarda da görmək olar.
Mən isə
Əjdər Olun yaradıcılıq uğurlarının səbəbini
özüm üçün belə müəyyənləşdirmişəm:
1. Sözə
münasibəti. Əjdər Ol
üçün söz mücərrəd deyil. Bu yerdə rəhmətlik Sadıq müəllimin
sözləri yadıma düşür. (40
ilə yaxın Züd-Ost Qoltuq məktəbində-indiki 2
saylı Neftçala şəhər orta məktəbində
direktor işləmişdi.) Bir dəfə dərsi izah
etdi, həmişəki kimi tövsiyələrini verəndə
ah çəkib dedi:
- Ay
uşaqlar, hər gün sizə qızıldan qiymətli
sözlər deyirik. O qızıl sözlərdən
bir-ikisini götürürsüz, qalanları
tökülüb qalır yerdə. Sonra da Məssurə ilə
Gilə onları süpürüb atır küllüyə! ( Məssurə ilə Gilə xadimə idi, hər
ikisinə Allah rəhmət eləsin.)
Bir anlıq mənə elə gəldi ki, Əjdər
müəllim də Sadıq müəllim ah çəkib o
sözləri deyəndə orada imiş. Çünki
Əjdər Ol eşitdiyi, oxuduğu “qızıl” sözlərin
birini də “yerə düşməyə” qoymur. Onları kitablara toplayır. “Qızıl
kimi sözlər də” kitab olanda əbədiyyət
qazanır. Füzulinin təbiri ilə desək
sözü “ehya edən” əcəl yuxusunda olsa belə “bidar”
olar, ayılar! Məncə, Əjdər Ol
sözə canlı varlıq kimi, dirilik iksiri kimi baxır.
Sözü “incitmir”, onu oxşayır, əzizləyir.
Yağışı
çox,
çətinlikdir,
kimə
nə var,
bu, mənlikdir,
ruhum
şehli
çəmənlikdir,
heyim,
gücüm
vətənlikdir,
bələklikdir,
kəfənlikdir
“Vətən”
dedim,
Vətən,
Vətən!
Sizi bilmirəm, bu şeiri oxuyanda mənə elə gəlir
ki, ana sevimli balasına layla çalan kimi o da Vətənə
layla çalır.
Əjdər Ol öz sözünə hansı münasibət
bəsləyirsə, başqalarının da sözünə
eyni cür yanaşır. Odur ki, kitabına
topladıqları içərisində siyasi xadimlər,
yazarlar, alimlərlə bərabər ən sadə peşə
adamlarının da əhvalatları, deyimləri, lətifələri
əbədiləşib.
2. Məncə,
Əjdər Olun əsərlərinin məziyyətlərindən
biri də odur ki, onun əsərlərində sözlərin
alt qatı da var, bir bəndi, beyti, misranı müxtəlif
cür mənalandıra bilərsən. Xocalı,
Yanvar müsibətini, Gəncə qiyamını, Murov faciəsini,
“girov düşmüş” Qarabağ dərdini, yuxusu
qaçmış “əzizinə” “Uyu əzizim, uyu!” deyən
şair, sanki xalqına “Oyan, ay xalqım, oyan!”, “Bu qədər
zülmə dözmək bəsdir!” deyir.
3. Əjdər Ol əsərlərinin öz ritmi var. Bu ritm təkcə onun şeirlərinə adi deyil, nəsrində də bu ritm duyulur. İnanmırsınızsa, hər hansı şeirini səsli yox, lap ürəyinizdə oxuyun. Qulağımıza hər şeirə uyğun musiqi səsi də gələcək.
İçində atəş var, çınqı sal, od al,
Gəz,
dolan, könül aç, ətir duy, dad al,
Çalış,
seçil, tanın, üzə çıx, ad al,
Qara
siyahıdan adını çıxart!
Ömür
şirəsini, dadını çıxart!
Əjdər Olun bir söz adamı kimi mövzuya
yanaşmasında, ifadə tərzində də seçilir. Ancaq o, səmimi
və həssas sənətkar olmaqla yanaşı, eyni zamanda
fikrini dolğun və yığcam ifadə edən söz
adamıdır. Buna görə
uzunçuluq etməkdən ehtiyatlandığım
üçün mümkün qədər fikrimi toplamağa
çalışıram.
... Mənə bir oxucu kimi Əjdər Olun əsas
amalının, qayəsinin nə olduğu maraqlıdır.
Onun yaradıcılığında vətənpərvərliyin,
mənəvi ucalığın, humanizmin və başqa
yüksək ideyaların təbliği aydın
görünür.
Mənim üçün əsas cəhətlərdən
biri də odur ki, onun əsərlərində həmişə
fəlsəfi ümumiləşdirmə olur. Hətta eyni mövzuda
yazdığı müxtəlif əsərlərdə də
fərqli ümumiləşdirmə var. Məsələn, Vətən
haqqında yazdığı aşağıdakı iki
şeiri müqayisə edək:
Torpağını
öpərəm,
gözlərimə təpərəm,
suyuşirin almasan,
gözəgəlim olmasan
bunca müştərin
olmaz,
müşkül
işlərin olmaz.
(“Azərbaycanım”)
yaxud,
Vətən
mənə anadır,
analıq
deyil.
Hər
günü öynəlikdir,
qonaqlıq deyil.
Vətən
mənə atadır,
atalıq
deyil.
Vətəndaşlıq
qoçuluq,
Lotuluq deyil.
Mən də
ona oğulam
Oğulluq
ki, yox!
Mənəmsə,
məndə qəlplik,
paxıllıq ki yox.
(“Atam-anam
Vətən”)
Əjdər Olun humanizmi insanla yanaşı, bütün
canlı və cansız təbiəti əhatə edir. Bu dediyimə inanmaq
üçün məncə, “Elə xoşuma gəlir...”
şeirindəki aşağıdakı bəndi oxunaq kifayətdir:
Elə
xoşuma gəlir, tənəkdən dərəm,
Yuyub, qoyub gedəm sarı salxımı.
Əllərim
belimdə qayıdıb görəm
Quşlar dimdikləyib yarı salxımı.
Bu şeirdəki “Elə xoşuma gəlir”i “Elə
xoşbəxtəm”də oxumaq olar. Mən indiyə qədər
elə bir humanistə rast gəlməmişəm ki,
quşlarla ruzisini bölüşdüyü üçün
xoşbəxt olsun, bundan xoşu gəlsin. Həmişə üzüm bağlarında konserv
qutularından düzəldilən zınqırovlar
sallandığını görmüşəm-quşları
qovmaq üçün.
İrəlidə qeyd etdiyim kimi Əjdər Olun əsas
yazıçı qayəsinin nə olduğu mənə
çox maraqlı idi. Özü üçün dərərək yuyub
qoyduğu “sarı salxımı” quşların “dimdikləməsindən
xoşu gələn” şairin əsas amalı, məncə,
xeyirxahlıq, qayğıkeşlikdir. Xeyirxahlıq,
qayğıkeşlik humanizmdən də geniş məfhumdur.
Humanizmdə mücərrədlik var.
Xeyirxahlıq, qayğıkeşlik isə bütün
canlı və cansız aləmi özündə ehtiva edir.
Mənə
elə gəlir ki, qayəsi, xeyirxahlıq,
qayğıkeşlik olan bir yazar mütləq haçansa bəyaz
bir gəmidə günəbaxan zəmisi üzərində
“yelkən” açaraq “şeh qonan ətirli bir limana” lövbər
atacaq!
...Bu ilin
noyabrın 14-də Neftçalada Əjdər Olla
görüş keçirildi. O, qələm dostu, şair,
Yazıçılar Birliyinin katibi Rəşad Məcidlə,
Əməkdar artistlər Ağalar Bayramovla, Firuz Səxavətlə,
tənqidçi alim İlham Abbasovla gəlmişdi. Rayon rəhbərliyi, ictimaiyyəti qonaqları
hörmətlə qarşıladı.
Həmən gün bir saat qabaqdan möhtəşəm Heydər Əliyev Mərkəzinə getmişdik. Neftçalada olan rəssam dostum Nadir məni Əjdər müəllimlə tanış etmək istəyirdi. Sonra fikirləşdik ki, görüşdən əvvəl Əjdər Ola yaxınlaşmaq yaxşı olmaz. Görüşdən sonra daha münasibdir. Lakin maraqlı keçən görüş bitdikdə əllərində onun kitabını tutmuş oxucular Əjdər Ola yaxınlaşıb avtoqraf alırdılar. Hiss olunurdu ki, o, tələsir. Getdikcə çoxalan, artan uzun növbəyə baxmayaraq avtoqraf almaq istəyənləri də məyus etmək istəmirdi. O, yarım saatdan artıq burada yubandı. Əjdər müəllim bu işi bitirər-bitirməz şəkil çəkdirmək istəyənlər onu əhatəyə aldı. Nadir mənə baxdı.
- Qardaş, deyəsən, bu gün görüşə bilməyəcəyik.
Sonra fikrimi bilmək üçün mənə baxdı.
Mən:
- Necə məsləhətdir...
Nadir:
- Ağlıma bir fikir gəlib. Yaxşısı budur ki, sən Əjdər müəllimə deyəcəyin fikirləri qələmə al. Bakıya tez gəlsən, özün verərsən. Yox, yubansan, göndərərsən, mən çatdıraram.
Nadir çıxış yolu tapdığı üçün sevinirdi. Onun pərtlikdən qurtarmasına mən də sevindim. Xudahafizləşib ayrıldıq.
Nadirin məsləhəti ilə yazdığım bu yazını Əjdər Ola aşağıdakı arzum ilə tamamlamaq istəyirəm:
“Sözünün yerə düşməsi”, kiminsə kimin “sözünü yerə salması” ləyaqətli insanlar üçün ən böyük sayğısızlıq hesab olunur. Əjdər müəllim, məncə, sizin ən əsas xarakter xüsusiyyətlərinizdən biri də məna tutumu olan nə özünüzün, nə də başqasının sözünü həm məcazi, həm də müstəqim mənada yerə düşməyə qoymamanızdır. Odur ki, mən də arzu edirəm, hər iki mənada sözünüz yerə düşməsin!
Fərhad ƏZİZBƏYLİ
Neftçala
525-ci qəzet.- 2015.- 12 dekabr.- S.20;25