Sizin ona borcunuz var
Bu adı
Azərbaycanda neçə adam bilir və
nə qədərimiz onu gərəyincə tanıyır?
Yüz
faiz əminəm ki, millətini atəşin məhəbbətlə
sevmiş və qısa ömrü ərzində yurdu və
xalqı üçün çoxlu və çox faydalı
işlər görmüş Əsgər ağa Adıgözəlov
Goranini onun layiq olduğu səviyyədə tanıyıb-bilənlərin
miqdarı barmaqla sayılacaq qədər azdır və həmin
rəqəmi faizə çevirəndə lap xəcalətli
vəziyyətdə qalacağıq. Çünki heç 1 faiz də
alınmayacaq, uzaqbaşı sıfır tam yüzdə
neçə...
Niyə beləyik, yaxud niyə belədir?
1990-cı
illərin əvvəllərində Gəncənin Səbzkar qəbiristanını
ziyarət edirdim və burada uyuyanların çoxunu
yaxşı tanıyan, bir qismi haqqında isə təsirli
xatirələri olan qocaman təhsil işçisi, Rəfibəylilər
nəslinin ağsaqqallarından olan Həsən bəy Kərimovla
köhnə məzarların arası ilə bir neçə
saat dolaşdıq.
Əsgər
ağanın qəbrinə çatanda Həsən əmi
köks ötürərək: “Gəncənin atası”
adlandırılmış məşhur el ağsaqqalı
Ələkbər bəy Rəfibəylini xatırladı:
“Ələkbər bəy dəmir kimi möhkəm adam idi. Onu adam arasında
iki dəfə ağlayan görmüşdülər. Bir Əsgər ağanın, bir də ondan da cavan
ölmüş Abdulla Surun dəfnində”.
Əsgər
ağa Gorani torpağa tapşırılanda Ələkbər
bəy: “Mənim sağ qolum kəsildi! Əsgər bəyi
heç kim əvəz edə bilməyəcək!”
- demişdi.
Ələkbər
bəy yalnız Gəncəbasarda deyil, bütün Azərbaycanda
millətçi, xeyriyyəçi əməlləri ilə
tanınmış el müdriki, Gəncədə xalqımızı
erməni fəsadlarından qorumaq üçün
yaradılmış “Difai” təşkilatının
qurucularından idi və onu qüdrətli edən
güclü şəxsiyyəti və saf amallarından
savayı həm də sadiq silahdaşları, məsləkdaşları
idi.
Bu sırada Əsgər ağanın yeri məxsusi
imiş və Ələkbər bəy onu bir qardaş məhəbbəti
ilə sevirmiş.
Həqiqətən haqlı imiş Ələkbər bəy. Əsgər
ağa Gorani sözün əsl mənasında əvəzedilməzlərdən
olub.
Bunca
müxtəlif qabiliyyət, bacarıq və bilikləri
varlığında qovuşduran Əsgər ağa o məziyyətlərinin
hamısını millətə təmənnasız xidmətə
səfərbər edibmiş - XX əsrin əvvəllərində
Avropada ən güclü təhsil ocaqlarından sayılan
Rusiya Petrovski-Razumovski adına
Akademiyanı bitirmiş ali təhsilli kənd təsərrüfatı
mütəxəssisi, hüquqşünas, pedaqoq,
yazıçı, dramaturq, aktyor, teatrşünas, tərcüməçi,
jurnalist...
Bütün
bu keyfiyyətləri, əslində, elə bir sözlə də
ifadə etmək olar: maarifçi!
Tale və tarix Əsgər ağa kimi seçilmişlərə
XIX yüzilin sonu, XX əsrin əvvəllərində fədakarlıqla
millət quruculuğu yolunda çalışmağı həvalə
etmişdi.
Onun adı Millət Dəftərinin qurucu ilkləri
sırasına artıq 15 yaşında ikən yazılıb.
1873-cü
il martın 2-də Bakının
general-qubernatoru D.Staroselski Tiflisə, Qafqaz canişininə məkub
yazır və Azərbaycan tarixində həmişəlik
qalacaq fərəhli bir hadisənin baş verməsi
üçün icazə istəyirdi.
Həmin məktubun yazıldığı günlərdəsə
millətimizin ən üstün maarif və mədəniyyət
ƏKİNÇİLƏRİNDƏN olan Həsən bəy
Zərdabinin tövsiyəsi ilə onun bir dəstə yetirməsi
həmin xoşbəxt və əvvəlinci dəfə
baş verəcək hadisənin gerçəkləşməsi
üçün hər gün bir yerə toplanır, saatlarla
məşq edirdi.
Həsən
bəy Zərdabinin çox yumşaq və Bakının
baş valisi olduğu dövrdə Azərbaycan
üçün xeyli faydalı işlər görmüş
bir şəxs kimi dəyərləndirdiyi D.Staroselski Tiflisdəki
canişindən, baron Aleksandr Pavloviçdən
nə istəyirdi: “Martın 10-da müsəlmanların Novruz
bayramıdır (köhnə stillə -- R.H.). Buranın yerli əhalisindən
bir neçə şəxs həmin gün Mirzə Fətəli
Axundovun “Vəzir-i xan-i Sərab” adlı əsərini (“Vəzir-i
xan-i Lənkəran” olmalıdır. Amma
belə bir yanlışlığın ortaya
çıxması səbəbsiz deyil. Görkəmli
teatr tarixçisi Qulam Məmmədli “Azərbaycan
teatrının salnaməsi”nin birinci cildində
(səh.34) Mirzə Fətəlinin 1870-ci il dekabrın 7-də
Tehrana, Mirzə Yusifxana məktub göndərdiyini və tərcümə
ediləcəyi təqdirdə əsərin adının
düzgün yazılmasını rica etdiyini xəbər
verir: “Mətbəədə mənim xəbərim olmadan Lənkəranı
yanlış olaraq Sərab deyə çap etmişlər. “Sərab” yanlışdır, Lənkəran
olmalıdır. Sərabın yanında dəniz
yoxdur” - R.H.) tatar dilində (azərbaycanca
nəzərdə tutulur. O dövrdə dilimizin adını
rus rəsmi mətnlərində bu cür yazırdılar -
R.H.) oynamaq fikrindədirlər. Böyük pəhriz müddətində teatr
tamaşası verilməsi yasaq olduğundan və məzkur əsər
sensor siyahısında qeyd edilmədiyindən, mən əsərin
oynanmasına icazə verə bilmədim. Fəqət,
digər tərəfdən, məncə, bu dəfə məzkur
qanundan istisna mümkündür. Çünki
bütün Zaqafqaziya əhalisi arasında Bakı əhalisi
Avropa adətlərinə ən çox yabançı qalaraq
hər gün yenilik və xüsusən tamaşadan uzaq
qaçırlar. Şübhəsiz, onların
arasında Avropa ruhlu əyləncələrə meyil və rəğbət
oyatmaq özü-özlüyündə onları bizə yaxınlaşdırmaq
üçün həqiqi vasitələrdən biridir. Ona görə də bu yolda birinci təşəbbüsün
maneəyə uğraması arzuolunacaq hallardan deyildir. Bilxassə, maneə rəsmiyyətdən doğur.
Zira tamaşa pəhriz vaxtı verilsə də,
tatar dilində olub, məhz müsəlmanlar
üçündür. Digər tərəfdən
də, pyesin məzmununda elə bir şey yoxdur ki, qadağan
edilən əsərlər cümləsinə daxil olmasına
səbəb olsun.
Bu mülahizələrlə məzkur məsələni
nəzər-i alilərinizə ərz etməklə martın
10-da məzkur əsərin oynanmasına lütfən icazə
buyurmaq meylində olub-olmadığınızı teleqrafla
bildirməklə bəndəni şərəfyab
buyurmağınızı rica edirəm”.
İcazə verilir və Bakı küçələrində
indi, üstündən əsr yarıma yaxın müddət
sovuşarkən də saralmış nüsxələrini
qürurla seyr etdiyimiz afişalar
yapışdırılır. Teatr tariximizin
başlanğıcını nişan verən
afişa: “Mart ayının 10-cu günü Bakı, Sobraniye
salonunda Mirzə Fətəli Axundzadənin təmsili. “Vəzir-i xan-i Sərab”. Dörd
məclisdə. Sərab vilayətinin xanı - Əliyar,
Mirzə Həbib, onun vəziri - Səməd, Ziba xanım, vəzirin
əvvəlinci hərəmi - Nəcəf, Teymur ağa,
xanın qardaşı oğlu, ki, Nisə xanıma aşiqdir
- Əsgər”.
Tarixi
hadisə baş tutur və 1873-cü il
martın 25-də Tiflisdə çıxan “Kavkaz” qəzeti belə
yazırdı: “Bu tamaşa, demək olar ki, dünya yaranandan
indiyə kimi tatar dilində birinci tamaşa idi”.
Azərbaycan
dilində “Dünya yaranandan bəri birinci” olan həmin
tamaşanın afişasında sadəcə adları qeyd
edilmiş iki cavan - Nəcəf və Əsgər az sonra çoxlarının
tanıyacağı, milli mədəni tərəqqimizdə
misilsiz izlər buraxacaq Nəcəf bəy Vəzirov və
Əsgər ağa Adıgözəlov Gorani idi.
Bir ay sonra Əsgər ağa yenə səhnəyə
çıxır və teatr tariximizin ikinci tamaşası
oynanır - Mirzə Fətəlinin “Sərgüzəşt-i
mərd-i xəsis”i.
1873-cü
il mayın 13-də yenə “Kavkaz” qəzeti
xəbər verirdi: “Bakıdan bizə yazırlar ki, keçən
aprel ayının 17-də Bakı cəmiyyətinin salonunda həvəskarlar
xeyriyyə məqsədilə ikinci teatr tamaşası verdilər.
Bu dəfə M.F.Axundovun “Mərd-i xəsis”
adlı beşpərdəli komediyası oynanmışdır.
Cəmiyyətin salonu lap dolu idi və xeyriyyə
üçün 120 manat gümüş pul
toplanmışdır”.
Bəs ifaçılar öz işlərinin öhdəsindən
necə gəlmişdilər?
Bunu bizə olmuşların ən ədalətli
canlı şahidi, illər sonra keçmiş günləri
anan Həsən bəy Zərdabi 1905-ci ilin dekabrında “Həyat”
qəzetində dərc edilmiş məqaləsində nəql
edir: “Oynayanlar yaxşı oynadılar. Ələlxüsus
Əsgər ağa Adıgözəlov Hacı Qaranın
xarakterini tamaşaçılara inandırıcı
çatdırdı. Onların oyunu
camaatın xoşuna gəldi”.
Azərbaycan səhnə tarixi boyunca istedadlı
aktyorları, parlaq Hacı Qara ifaçılarını
biryolluq hafizəsinə həkk edib.
Əsgər ağa Goraniyə isə bu səmtdə də
ən birinci olmaq şərəfi nəsib olub.
1873-də
milli teatrımız doğuldusa, ikicə il sonra, 1875-ci ilin 22
iyulunda birinci qəzetimiz yarandı və Həsən bəyin
“Əkinçi”sinin ilk müxbirləri sırasında onun
şagirdi Əsgər ağa Gorani də vardı.
Məqalələrini Əsgər ağa
“Əkinçi”yə tələbəlik həyatını
yaşadığı Moskvadan göndərirdi və əsasən
müxtəlif xəbərlərdən ibarət o
yazıların içərisində mütləq hər dəfə
ümdə bir millət qayğısı yer alırdı.
Gənc Əsgər ağa Gorani xalqın irəli çıxmışlarından, imkanlılarından gileylənirdi ki, niyə təhsilə biganəyik, mətbuata laqeydik: “Burada təəccüb edirlər ki, Qafqazda iki milyonacan müsəlman var, amma bununla belə, bircə qəzeti də dolandıra bilmir və halonki yarımca milyon ermənilərin 4 qəzetləri və 4 jurnalı var. Əlbəttə, bu barədə bizim kənd əhlində taxsır yoxdur. Mən keçən yayda onların çoxu ilə danışmışam, onlar hazırdır əlləri qabara-qabara, üzü tərləyə-tərləyə 3 manat cəm edib “Əkinçi” gətirtsin. Amma çifayda, kənd əhli post adını eşitməyib və qəzet gətirməyin qaydasını bilmir. Taxsır bəyzadələrimizdədir ki, qəzet gətirdib onlara paylamırlar. Əgərçi özləri üçün qəzet gətirdən bəyzadələrin hesabını bilmirəm, amma bunu bilirəm ki, bizim Qarabağda gimnaziya üçün pul cəm edənlərə onların çoxu cavab verib ki, biz niyə pul verək? Pəs biz pul verək ki, xalqın usağı oxuyub adam olsun?..
Belə cavab verəndən millət təəssübü çəkən və “Əkinçi”nin mənzurunu qanan olarmı?”
Əsgər ağa tələbə idi, gənc idi, lakin artıq o illərdə Azərbaycanda yazı-pozu əhli arasında nüfuz sahibi, söz xiridarı kimi tanınırdı. Hətta Azərbaycandan Moskvaya yazdıqlarını ona yollayanlar varmış ki, oxuyub rəyini bildirsin. Və həmyerlilərinin ədəbi təcrübələrinə aid qeydlərində belə Əsgər ağa təbiətinə xas olan təəssübkeşlik və el canıyananlığıyla yenə fikri ümummilli mənafe məsələlərinə yönəldir. Düşüncələrinin ictimai mənasını göz önünə alaraq cavabını quruca şəxsi məktub kimi yollamır, başqalarına da ibrət olsun deyə dərc edilməkdən ötrü qəzetə göndərir, köhnə ətalətin məngənəsindən qurtula bilməyən, şit sözçülükdən ibarət ənənəvi qəzəliyyata uyanları, həcvguluğa meyl edənləri yenilikçiliyə, zamanın nəbzini tutmağa səsləyir: “Ey Ağa Mirzə Ələsgər, bu qəzəldən çifayda ki, demisiniz? Bu həcvlərin barəsində isə artıq danışmağı özümüzə eyb hesab edib, ərz edirik ki, siz çəkən zəhmət nahaq zəhmətdir. Ondan nə bizə və nə bizim övladımıza bir nəf yoxdur. Belə zəhməti öz millətinizin yolunda çəkin ki, malı yoxdur, elmi yoxdur, elm tapmaq ona müşküldür”.
Orta əsrlərdə müsəlman Şərqində məşhur bir ifadə vardı ki, Lap Çin ü Maçində olsa belə, elmin ardınca gedin”.
Çin və Maçin (Mancuriya) o əyyamlarda ən uzaq məmləkətlər sayılırmış və zərbülməsəl də insanları elm ardınca qoşarkən məsafənin uzaqlığından çəkinməməyə təşviq edirmiş.
Əsgər ağa elm, təhsil, bilik vurğunu idi və mükəmməl ali təhsil almaq üçün Gəncədən dövrünün “Çin u Maçin”lərindən biri kimi görünən Rusiyaya getmişdi.
Və soydaşlarını da durmadan oxumağa, öyrənməyə, yeni-yeni biliklər qazanmağa dəvət edirdi.
Bu çağırışının vacibliyini insanlara inandırmaqçün çobandan da sitat gətirirdi, dahi alimlərdən də iqtibas edirdi.
1877-ci il fevralın 17-də “Əkinçi”də yer alan məqaləsində belə yazırdı: “Bizim zəmanə dəyişilməyi hətta çobanlara da məlumdur ki, bayatısında deyir:
Qarğalar laçınlandı,
Laçınlar qarğalandı...
Əlhəqq, zəmanə dəyişilib. İndi güc və igidlik əyyamı deyil, elm əyyamıdır və çobanın sözü doğrudur ki, bu zəmanə bizi qarğalandııb və qeyriləri laçın edib. Lakin keçmişdə bizim sələflərin vaxtında islam tayfası elm təhsil etməkdə laçın imiş.
...Həzrət Harun ər-Rəşid yanında yüz alim olmasa, evdən çölə çıxmaz imiş. Haman bu xəlifə hökm eləmişdi ki, məktəbxanasız məscid tikilməsin. Ələlxüsus Həzrət Əlinin dövranında elm tərəqqi edib. Həzrət özü deyib: “Hər kəs elmə yol acdı, ona ölüm yoxdur”.
...Min il bundan əqdəm Əbu Sina adlı ərəb hükəması dağlar necə əmələ gəlməyindən bir kitab yazıb ki, hərgah onun tarixini dəyişdirəsən, bilmək olmaz ki, onu min il bundan əqdəm yazıblar. Yəni Avropa hükəmaları bu qədər zəhmət çəkibsələr də, ondan artıq bilmirlər. Amma çifayda, indi laçınlar qarğalanıb. Necə ki, bizim xəlifələrin dövranında xristianlar avamlığından öz naxoşlarının üstünə həkim gətirməyi günah bilib onun ağrıyan yerlərinə keşiş yazan duanı bağlayırlarmış, habelə bizim zəmanədə islam tayfası “axirət bizimdir” deyib durub”.
Əsgər ağa Gorani o adamlardan deyildi ki, yalnız başqalarının başına ağıl qoymağa cəhd etsin, yaxşı işləri görməyi digərlərinə tövsiyə edərək özü qıraqda dayansın.
Neyləməli ki, dil pəhləvanları, hay-küyçülər, vətənpərvərlik dəllalları, millətçilik möhtəkirləri, fəqət başqalarının gözündə çöp axtaranlar, xalq xeyrinə bir iş görmək məqamı çatanda isə yaxasını qırağa çəkənlər, sivişib aradan çıxanlara az rast gəlinməyib və belələri həmişə olub.
Bəylərimizi təhsilə para xərcləməkdə xəsislik etdiklərinə görə qınayan Əsgər ağa özü Azərbaycan məktəbinin, Azərbaycan təhsilinin inkişafı üçün canını da, malını da səxavətlə sərf edənlərdən idi.
Hələ tələbə çağlarında, 1877-ci il mayın 12-də “Əkinçi” onun Moskvadan göndərdiyi belə bir məktubu dərc etmişdi: “Əsgər Gorani yazır ki, əgər Badkubədə müsəlman məktəbxanası açmaq üçün icma bina olsa, məni də ol icmaya calis hesab edin. Mən mədyun oluram bu işdən ötrü hər ildə yüz manat göndərim”.
Əsgər ağa gördüyü xeyirxah işləri açıb-ağardanlardan olmayıb. O, “balığı dəryaya at” düsturuna sadiqlərdən imiş. Bu məktubu qəzetə göndərməsində də bir hikmət var. Əsgər ağa bununla da varlı-hallılara dərs verirmiş, “baxın, mən kömək etməyə hazıram, siz də tərpənin” deyirmiş.
1909-cu ildə isə Gəncədə ilk qız məktəbini öz cibinin puluna açmışdı və vaxtsız ölüm onu 1910-cu ildə 52 yaşında yaxalamasaydı, yəqin, yadigar qoyacağı başqa məktəblər də olacaqmış.
Belə niyyətinin varlığına dəlalət edən söhbətlər də qalır.
Azərbaycan Xalq Cümhuriyyətinin təməlini qoyanlardan, Məclis-i Məbusanın - ilk milli parlamentimizin birinci rəhbəri Həsən bəy Ağayevin həyat yoldaşı Xədicə xanım Ağayeva Əsgər ağa Goraninin açdığı həmin qız məktəbinin direktoru olmuşdu.
İlk müstəqillik dönəmimizin birinci əmək naziri Əhməd bəy Pepinovun (Ömərbəyov) qızı, Həsən bəyin nəvəsi Sevda xanım Pepinova nənəsi Xədicə xanımın Əsgər ağa Gorani haqqında bir xatirəsini söyləmişdi mənə.
“O qız məktəbinin açılış gününün axşamı bir neçə başqa Gəncə ziyalısı ilə birgə Həsən bəyin evindəki ziyafətdə Əsgər ağa söyləyir ki, qoy bu məktəbin ilk buraxılışı olsun, savadlı qızlarımız artsın, ardınca ürəyimdən çox keçir şəhərimizdə qızlar üçün fransızdilli bir gimnaziya da açım. Bizim Gəncənin Məhsətisi olanda Avropada ona tay gələ biləcək səviyyədə qadın vardımı?
Yalnız ana dilində yox, rusca, fransızca mükəmməl təhsil görmüş savadlı qızlarımız artdıqca millətimiz də qat-qat irəli gedəcək”.
Sərvətliləri millət mənafeyi üçün xeyriyyə əməllərinə çağıran Əsgər ağanın çağırışları ona görə təsirli idi və nəticə verirdi ki, ən əvvəl özü bu yolda öndə gedənlərdən, örnək göstərənlərdəndi.
Bu, xeyli dərəcədə Əsgər ağada qandan gələn xislət idi.
Babası, ilk “Qarabağnamə”nin müəllifi Mirzə Adıgözəl bəy də belə şəxsiyyət olmuşdu.
Mirzə Adıgözəl bəyin Nizami Gəncəvi məqbərəsini təmir və bərpa etdirib gözəl bir görkəmə çatdırmasından məmnunluğunu və heyranlığını hələ “Gülüstan-i İrəm”ində Abbasqulu ağa Bakıxanov etiraf etmişdi.
Ancaq onillər ötmüşdü. Nizami məqbərəsi yenə ürəkağrıdan uçuq vəziyyətə düşmüşdü.
İş o yerə gəlib çatmışdı ki, hətta “Molla Nəsrəddin” dərgisi 1908-ci il dekabrın 21-də işıq üzü görən 51-ci sayında Oskar Şmerlinqin bir karikaturası ilə yan-yörəsində inək-qoyun otlayan bu məqbərənin acınacaqlı vəziyyətinə acı-acı gülmüşdü: “Cəmaət! Bu əzim günbəd məşhur Nizami Gəncəvinin qəbridir. Mən təklif edirəm ki, bu mübarək yadigarı qoyunların ziyarətindən qurtaraq!”
Dünyanın çox üzlərini yüzillər öncədən görərək gələcəklərdən xəbər vermiş dahilər dahisi Nizami məqbərəsinin də sabah içərisindəki qismətini “İskəndərnamə”sində izhar etmişdi:
...Məzarım yanından ötüb keçərkən
Üstümdə görərsən göyərmiş otlar.
Başdaşım uçulmuş, çökmüşdür məzar.
Qəbrimin tozunu sovurmuş yellər,
Dostlardan anan yox məni bir nəfər.
Nizami dostlardan umurdu. Və məzarı yenidən
şairin adına yaraşan hala gətirməkçün
hərəkətə gələn, qeyrət göstərən
elə yenə dostlar oldu.
Gəncə
ziyalılarından Mirzə Məhəmməd Axundzadə
“Şeyx Nizami Gəncəvinin tərcüme-yi halı”
adlı kitabça yazdı, sonralar ilk Azərbaycan Milli Təhlükəsizlik
İdarəsinin rəisi olacaq Məmədbağır
Şeyxzamanlı onu nəşr etdirdi, millət fədailəri
Ələkbər bəy Rəfibəyov, Ələsgər bəy
Xasməmmədov, Aslan bəy Səfikürdski gücləri
çatan məbləği məqbərənin bərpası
üçün toplanan vəsaitin kisəsinə əlavə
edəndən sonra lazım olan miqdarın kəsirini düzəltməkçün
həmin kitabların nüsxələrini əllərinə
götürüb küçəyə-bazara
çıxdılar, xüsusi markalar sataraq bu nəcib iş
üçün güman gələn hər yerdən vəsait
toplamağa başladılar və o əsnada nalayiq rəftar,
köntöy sözlərlə qarşılaşsalar da, bezmədilər,
yarı yolda dayanmadılar.
Və toplanan məbləğə can-başla öz
layiqli əlavəsini edənlərin önündə gedənlərdən
biri də həmin Əsgər ağa Gorani idi.
O, “millət
müəllimi” adlanmağa layiq Həsən bəy Zərdabinin
yetirməsi idi və müəllimlik damarı ustadından
aldığı tərbiyəylə ruhuna hopmuşdu. Hər münasib fürsətdə Vətən
övladına yaxşı olan nələrisə təlqin etməyə
səy göstərmək, girəvə yetincə millətə
təzə biliklər verməyə tələsmək Əsgər
ağada daxili ehtiyaca dönmüşdü.
Əsgər ağa Goraninin Gəncədəki “Nəşr-i
maarif”in sədri olması, 1889-1890-cı tədris ilində Gəncədəki
iki məktəbə fəxri müdir seçilməsi xeyli dərəcədə
rəmzi hadisələr idi, onun böyük mənada
MÜƏLLİMLİYİNİN cəmiyyət tərəfindən
yekdilliklə təsdiqinin ifadəsi idi.
Əsgər
ağanın müqəddəs kimi baxdığı Nizami Gəncəvi
kamil palançılığın yarımçıq
papaqçılıqdan üstün olduğunu XII yüzildə
bəyan etmişdi və XIX əsrin bitər-bitməzində,
1877-ci il mayın 26-da “Əkinçi”dəki bir
yazısında Gorani də müəllimliyə bir sənət
kimi baxır, təlim edəndən yüksək bilik, məsuliyyət,
valideynlərdən öyrətmənə münasibətdə
yüksək tələbkarlıq istəyirdi: “Müəllim
bir sənətkar babadır, öz sənətilə qeyr sənətkar
kimi dolanır, yəni öz bildiyini uşaqların valideyninə
satıb zindəganlıq edir”.
(Zavallı Əsgər ağa nə biləydi milləti
gəlib XXI yüzilə çatanda elə valideynlər olacaq
ki, müəllimə pul verəcəklər, hədiyyələr
yollayacaqlar ki, balama bilik vermə, yalançı qiymətlər
yaz, yetər!).
Gorani davam edirdi: “Və sənətkarın yaxşı-yaman olmağına səbəb camaatdır. Məsələn, yaman başmaq tikəndən başmaq alan olmasa, o başmaqçı ya gərək yaxşı başmaq tiksin, ya başmaqçılığı bərhəm etsin. Habelə müəllimin yaxşı-yaman olmağına bais camaatdır və əgər camaat başa düşə ki, bu tövr təlim usağı xarab edir və xahiş edə ki, uşaqlara qeyr tövr təlim olunsun, müəllim naəlac qalıb camaat istəyən tövrdə təlim edəcək, yoxsa zikr olan başmaqçı kimi gərək müəllimliyi bərhəm etsin”.
Hamınız istəyir ki, tədrisimiz, müəllimimiz, dərs kitablarımız müasir qabaqcıl dünya təhsilinin ülgülərinə tam uyğunlaşsın, bu yolda axsamağımızdan gileylər xirtdəyəcəndir.
Buyurun, Əsgər ağanın köhnəlməyən təklifi zay tədrisi və təlimi müalicə edə bilən ən yararlı üsullardan biridir.
Yönlü valideynsənsə, qıyma ki, balan bədbəxt olsun, Gorani deyəni tələb et!
Azərbaycan bu gün istiqlal içərisində yaşayırsa, Azərbaycan bu gün dünya boyunca tanınırsa, elmdə, mədəniyyətdə Yer kürəsinin dörd bucağında əks-səda verən uğurlarımız yetərincədirsə, bunların hamısında Əsgər ağa Goraninin payı var.
O bu milləti qəlbən sevib və bu millətin naminə usanmadan çalışıb.
O bu Vətəni sevib və yurdunun ucalışları, yurddaşlarının yüksəlişi yolunda can qoyub.
Belə millət çıraqlarına biz həmişə borclu qalacağıq.
Onların xatirəsini əbədiləşdirmək, pak adlarını yaşatmaqçün nə qədər əməklər sərf etsək belə!
Əsgər ağa Goraniyə gəlincə, çox şey istəmirəm - onu yaxşı tanıyaq və unutmayaq!
Bu, əslində, ona sənin, mənim, hər
bir haqqitirməz azərbaycanlının borcudur!
Rafael
HÜSEYNOV
525-ci qəzet.- 2015.- 12 dekabr.- S.18-19