Heydər Əliyev silsilə mədəniyyət
tədbirləri ilə də anılıb
Heydər Əliyev Sarayında Ümummilli liderin büstü qarşısında
anım tədbiri keçirilib.
Ulu öndərin həyat və fəaliyyətini əks etdirən kitab stendinə baxışdan sonra Heydər Əliyev Sarayının direktoru, əməkdar mədəniyyət
işçisi Fərhad
Babayev çıxış
edib və Ulu öndərin müdrik və cəsarətli qərarları
ilə Azərbaycan xalqının sevgisini qazanmasından, ən ağır məqamlarda belə dövlət müstəqilliyini, xalqımızın,
dövlətimizin maraqlarını
hər şeydən uca tutmasından, mədəniyyət və
incəsənətimizin inkişafı
istiqamətində gördüyü
misilsiz işlərdən
danışıb.
M.F Axundzadə adına
Milli Kitabxanada da Ümummilli lider Heydər Əliyev anılıb. Tədbirdə Milli Kitabxananın direktor müavinləri Gülbəniz
Səfərəliyeva və
Mələkxanım Hacıyeva
Ulu öndərin çoxşaxəli fəaliyyətindən
danışıblar: “Ümummilli
lider bir neçə dəfə Milli Kitabxanaya gəlib, şəxsi kitabxanasından kitabxanaya xeyli kitab bağışlayıb,
kitabxana, kitabxana işi və kitabxanaçı haqqında
parlaq nitqlər söyləyib”.
Sonda tədbir iştirakçıları
“12 dekabr-ümummilli lider
Heydər Əliyevin anım günüdür”
adlı geniş kitab sərgisi ilə tanış
olublar. Sərgidə Azərbaycan, rus, ingilis və digər dillərində
200-dən artıq ədəbiyyat
nümayiş olunub.
Prezident Kitabxanasında da Ulu öndərin xatirəsi yad edilib. Kitabxananın direktoru
Mayıl Əhmədov
müasir Azərbaycan
dövlətinin banisi
Heydər Əliyevin irsinin araşdırılması
və təbliği sahəsində məqsədyönlü
işlər görüldüyünü
diqqətə çatdırıb:
“ Məhz ilk olaraq Prezident Kitabxanasında Ümummilli
Liderin zəngin irsinin toplanılması, sistemləşdirilməsi və
elektron mühitə köçürülməsi istiqamətində
təşəbbüs göstərilib
və irihəcmli “Heydər Əliyev. Elektron sənədlər toplusu” ərsəyə gətirilib.
Vaxtaşırı olaraq yenilənən
bu elektron resurs Ümummilli Liderin irsini araşdıran müxtəlif
kateqoriyalı istifadəçilər
üçün ən
mükəmməl baza
hesab edilir. Həmin elektron resursun son bir il ərzində
bölmələri yenilənib,
gələcəkdə də
yeni-yeni sənədlərlə
daha da zənginləşdiriləcək”.
Sonda kitabxananın
əməkdaşlarının hazırladıqları Ümummilli
Liderin həyat və fəaliyyətinin mühüm məqamlarını
əks etdirən videoçarx nümayiş
etdirilib.
Dövlət Musiqi Mədəniyyəti
Muzeyində də ulu öndər anılıb.
Muzeyin direktoru,
sənətşünaslıq üzrə fəlsəfə
doktoru, əməkdar mədəniyyət işçisi
Alla Bayramova Heydər Əliyevin mədəni inkişafa xüsusi diqqət yetirdiyini, bu sahənin görkəmli xadimlərinə dəstək
göstərdiyini deyib. Muzeyin müdiri
Təranə Zeynalova Ümummilli lider Heydər Əliyevin zəngin həyat yolundan və fəaliyyətindən söz
açıb. Tədbirdə dövlət qurumlarının
və Bakıdakı muzeylərin əməkdaşları,
musiqi ictimaiyyətinin
nümayəndələri iştirak
ediblər.
Bakı
Xoreoqrafiya Akademiyasında
( BXA) isə ulu öndərin xatirəsi “Ömrünü xalqına
bəxş edən lider” adlı bədii kompozisiya ilə yad edilib.
Tədbirdə BXA-nın
rektoru, əməkdar
elm xadimi, professor Timuçin
Əfəndiyev çıxış
edərək dünya
şöhrətli siyasi
xadim, Ümummilli lider Heydər Əliyevin Azərbaycan mədəniyyəti və
incəsənətindəki misilsiz xidmətlərindən
bəhs edib.
Sonra Ümummilli Lider Heydər Əliyevin həyat yolunu tərənnüm edən yeddi hissəli bədii kompozisiya nümayiş olunub. Böyük maraqla qarşılanan kompozisiya “Ana”, “Yetkinlik”, “İki qəlbin sevgisi”, “Quruculuq”, “Cıdır düzü”, “Qələbəyə doğru” və “Əbədiyyət” adlı hissələr daxildir.
Xaricdə də Ümumilli Lider yad edilib. Azərbaycanın
Özbəkistandakı səfirliyi,
bu qurumun nəzdindəki Heydər Əliyev adına
Azərbaycan Mədəniyyət
Mərkəzi (AMM) Daşkənd
şəhər Həmkarlar
Şurası ilə birgə “Türküstan” sarayında ulu öndər Heydər Əliyevin anım gününə həsr edilmiş “Mexrcon-2015” Xeyriyyə
Festivalı keçirib.
Mərasimdə Həmkarlar Şurasının
sədri Olimcon Topilov sayca 46-cı olan bu festivalın
sponsorlarına, o cümlədən,
Azərbaycan Mədəniyyət
Mərkəzinə minnətdarlığını
bildirib. Diqqətə çatdırılıb ki, festivalda 14 uşaq evinin kimsəsiz və qüsurlu, ancaq istedadlı şagirdləri
iştirak edir.
AMM-nin direktoru Samir Abbasov ulu
öndər Heydər
Əliyevin uşaqları
çox sevdiyini və onlara daim diqqət və qayğı ilə yanaşdığını
qeyd edib. S.Abbasov festivalda
uğurlu çıxış
edən istedadlı uşaqların gələcəkdə
AMM-nin kurs və dərnəklərində
iştirak etmək üçün şərait
yaradılacağını bildirib. Sonra Daşkənddə fəaliyyət göstərən
uşaq evlərinin hazırladığı konsert
proqramı təqdim edilib.
Özbəkistandakı Heydər Əliyev adına
Azərbaycan Mədəniyyət
Mərkəzinin nəzdindəki
“Azərbaycan qızları”
uşaq rəqs ansamblının üzvləri
milli rəqslərimizi
ifa edib. Tədbirdə çıxış edən uşaq evlərinə Azərbaycan
dövlətinin adından
məişət cihazları
hədiyyə olunub.
Sonda Daşkənddəki
“Turan” restoranında internat evlərinin uşaqları üçün
ziyafət verilib.
S.ABDULLAYEVA
525-ci qəzet.- 2015.- 12 dekabr.- S.17