Azərbaycan multikulturalizmi
- dünyaya örnək model
Dini və milli
tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi
Eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin
mədəniyyət hüquqlarını
tanıyan humanist dünyagörüşü
və ona uyğun olan siyasət anlayışını
özündə ehtiva
edən multikulturalizm-
termin kimi “azyaşlı” olmasına rəğmən, mahiyyət
olaraq Azərbaycanda əsrlərdən bəri
formalaşan, eyni zamanda, bədii, psixoloji-mənəvi müstəvidə
yer alan dəyərlər toplusudur.
Hazırda isə multikulturalizm ölkəmizdə alternativi
olmayan həyat tərzidir. Əsrlər boyu Azərbaycanda
insanlar multikultural və tolerantlıq şəraitində yaşayıb.
Həm Konstitusiyamızda,
həm də bir çox qanunlarımızda Azərbaycan
multikulturalizmini əks
etdirən bir çox müddəalar yer alıb.
Multikulturalizmi mənəvi qatdan ictimai-siyasi müstəviyə
qaldıran Heydər Əliyev Azərbaycan multikulturalizminin siyasi və hüquqi banisidir. O, müstəqilliyimizin ilk illərindən başlayaraq
başqa etnik kökə, fərqli dini inanca malik
insanların mədəni
müxtəlifliklərinin qorunmasına,
inkişafı və harmonizasiyasına, azsaylı
xalqların milli mədəniyyətinin inteqrasiyasına
yönəldilən siyasət
həyata keçirirdi.
Ulu öndər əmin idi ki, humanist və demokratik nəzəriyyə yaxud ideologiya kimi tolerantlıq və onun təcəssümü
olan multikulturalizm olmadan yüksək fərdi və beynəlxalq münasibətlər
mədəniyyəti, insanlar
arasında qarşılıqlı
anlaşma, zənginləşmə,
dostluq və əməkdaşlıq mümkün
deyil.
Sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşən
Azərbaycanın coğrafi
mövqeyi ölkəmizin
mədəni müxtəlifliyini
şərtləndirən amillərdəndir.
Əsrlərdir müxtəlif çoxsaylı
xalqların və dinlərin nümayəndələri
Azərbaycanda bir ailə kimi sülh və qardaşlıq şəraitində
yaşayırlar.
Çağdaş dövrdə dünyada
multikulturalizmlə bağlı
bəzi pessimist fikirlər
səslənsə də,
özünəməxsus ali dəyərlərin
daşıyıcısı olan Azərbaycan multikulturalizmi modeli bu gün örnək
kimi beynəlxalq ictimaiyyətin diqqətindədir.
Müxtəlif ölkələr bu modelin öyrənilməsində
və tətbiqində
maraqlıdırlar. Çünki bu modelin tətbiqi
sülhə, qardaşlığa,
birgə əməkdaşlığa
və beləliklə
də dolayısıyla
və birbaşa inkişafa, rifaha təminat verir.
Multikulturalizm xalqımızın mənəvi
dəyəri olmaqla yanaşı, həm də Azərbaycanın dövlət siyasətində
prioritet istiqamətlərdən
biridir. Azərbaycanda multikulturalizm ənənələrinin
inkişafı və möhkəmlənməsi üçün
bütün zəruri
siyasi və sosial şərait yaradılıb. Müasir Azərbaycanda
multikulturalizmin möhkəmləndirilməsi
və saxlanması üçün ölkə
rəhbərliyi beynəlxalq
təşkilatlarla, o cümlədən,
BMT, ATƏT, İƏT və Aİ ilə sıx əməkdaşlıq edir.
Azərbaycanda multikultural təhlükəsizliyin
təmin olunmasına sistemli yanaşma mövcuddur. Adıçəkilən məsələyə xüsusi diqqət ayrılır və ölkədə bununla bağlı təşkil olunan çoxsaylı beynəlxlaq forum, simpozium,
kollokvium və görüşlər multikultural
təhlükəsizliyin intellektual
göstəricilərindəndir.
Ulu öndərin bu sahədə apardığı
siyasəti layiqincə
davam etdirən Prezident İlham Əliyevin 2014-cü il fevralın 28-də Azərbaycan
Respublikasının millətlərarası,
multikulturalizm və dini məsələlər
üzrə Dövlət
müşavirliyinin təsis
olunması, həmin ilin 15 may tarixində isə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
(BBMM) yaradılması haqqında
sərəncamlar imzalaması
sözügedən dəyərin
təbliği və təşviqi istiqamətində
dövlətin atdığı
mühüm addım idi.
Bakı
Beynəlxalq Multikulturalizm
Mərkəzi - dövlət
siyasətində prioritet
istiqamətin lokomotivi
Millətlərarası, multikulturalizm və dini məsələlər
üzrə Dövlət
müşaviri, BBMM-in Himayəçilər
Şurasının sədri,
akademik Kamal Abdullayevin şəxsi təşəbbüsü, təşkilatçılığı
və rəhbərliyi
altında dövlətin
bu istiqamətdəki siyasi kursuna uyğun olaraq çoxsaylı
əhəmiyyətli layihələr
həyata keçirilib
və keçirilir.
Yaradıldığı qısa müddət ərzində BBMM Azərbaycan
multikulturalizmi fənninin
tədrisi istiqamətində
böyük uğurlara
imza atıb. Hazırda xarici
və yerli universitetlərdə Azərbaycan
multikulturalizmi fənninin
tədrisi layihəsi çərçivəsində bu fənn 11 xarici və 19 yerli universitetdə öyrədilir. İndi
Rusiya, Türkiyə, Portuqaliya, Gürcüstan,
Litva, Çexiya, İtaliya, Bolqarıstan,
Belarus kimi ölkələrin
ali təhsil
ocaqlarında tələbələr
Azərbaycan multikulturalizminin
mahiyyəti və önəmi ilə bağlı ətraflı
məlumat almaq imkanına malikdirlər. Bu, bir tərəfdən
xalqımızın bu
dəyərinin təbliği
və təşviqi olmaqla yanaşı, digər tərəfdən
ölkə həqiqətlərinin
beynəlxalq ictimaiyyətə
çatdırılmasının ən optimal variantıdır.
Mərkəzin layihələri
sırasında daha bir önəmli uğur bu ilin
yayında “Multikulturalizm
Azərbaycanda həyat
tərzi kimi: öyrən, araşdır,
paylaş” adlı beynəlxlaq yay məktəbinin təşkili
idi. Yuxarıda adı çəkilən
ölkələrin nüfuzlu
universitetlərinin tələbələri
Azərbaycan multikulturalizminin
öyrənilib araşdırılması
məqsədilə Bakıyla
yanaşı, ölkəmizin
multikultural cəhətdən
zəngin Quba, Qusar, Xaçmaz, Nabran kimi bölgələrində
qonaq oldular. Yay məktəbi yekunlaşandan
sonra isə multikulturalizmin Azərbaycan
xalqının həyat
tərzi olduğunu, nəzərdə tutulduğu
kimi, öz ölkələrində mətbuat
və qarşılıqlı
ünsiyyət vasitəsilə
paylaşdılar. Bu qarşılıqlı öyrənib
paylaşma həm də Azərbaycanın neçə-neçə xarici
ölkədə dostlarının
sırasının genişlənməsinə,
yeni dostluq və əməkdaşlıqların
yaranmasına zəmin
oldu.
BBMM-in “Azərbaycan multikulturalizminə
səyahət” layihəsi
də əhəmiyyəti
ilə diqqət çəkir. Bu yaxınlarda
ABŞ-ın Sinay məbədindən gələn
yəhudi nümayəndə
heyəti Azərbaycana
səfər çərçivəsində
Bakıdakı Dağ
Yəhudiləri Sinaqoqunda
Tövratı təqdim
etdilər, Qubadakı
Qırmızı Qəsəbədə
oldular və ölkəmizdə məskunlaşan
yəhudi icmaları ilə görüşlər
keçirdilər. Bu layihənin məqsədi Azərbaycanda mövcud olan multikulturalizmə növbəti heyranlıq mərhələsini yaşayan
xarici qonaqları bunun ölkəmizdə dövlət siyasəti və həyat tərzi olduğuna inandırmaq və bunu əyani şəkildə əsaslandırmaqdan
ibarət idi.
BBMM-in həyata keçirdiyi çoxsaylı işlər
sırasında “Qafqaz
Albaniyasına səyahət”,
“Qafqazda almanlar”, “Tolerantlıq nümunəsi
Azərbaycan” kimi neçə-neçə önəmli
layihənin adını
çəkmək olar.
Alman aliminin Azərbaycan üçün gördüyü
işə verilən yüksək qiymət
Azərbaycanda millətlərarası münasibətlərin yüksək
səviyyədə inkişafını
göstərən daha
bir bariz nümunə Prezident İlham Əliyevin 20 fevral 2015-ci il
tarixində “Kitabi-Dədə
Qorqud”un alman dilində ilk tərcüməsi
və nəşrinin
200 illiyinin qeyd edilməsi haqqında” imzaladığı sərəncamdır. Bu, əlbəttə,
bir tərəfdən
Azərbaycan xalqının
mədəni sərvətlər
xəzinəsində müstəsna
yer tutan və əsrlərdən bəri milli-mənəvi varlığımızın ayrılmaz
tərkib hissəsinə
çevrilən “Kitabi-Dədə
Qorqud” abidəsinə
diqqətin təzahürüdürsə,
digər tərəfdən
Dövlət müşaviri
Kamal Abdullayevin də qeyd etdiyi
kimi, milli eposumuzu üzə çıxaran, nəşr
edən və dünya aləminə tanıdan alman şərqşünas alimi
Fridrix fon Ditsin misilsiz əməyinə dövlətimiz
tərəfindən verilən
yüksək səviyyəli
qiymətdir: “Azərbaycan
Prezidenti bir alman aliminin Azərbaycan üçün,
türkologiya üçün,
qorqüdşünaslıq üçün gördüyü
işə siyasi qiymət verdi. Bu, çox önəmli
bir məsələdir.
Bu, Azərbaycanın bugünkü siyasətinin,
mədəniyyətinin, ədəbiyyatının,
azərbaycançılığın dünyada daha da tanınıb inkişaf etdirilməsi üçün atılan
son dərəcə mühüm
addımlardan biridir”.
Bu sərəncamın ruhuna və daxili məzmununa uyğun olaraq bir il ərzində çoxsaylı dəyirmi masalar, simpoziumlar, kollokviumlar, tədbirlər təşkil olundu. Fridrix fon Dits haqqında “Kultura plyus” internet televiziyası tərəfindən sənədli filmin çəkilməsi də həm sərəncamın icrası, həm də millətlərarası münasibətlərin inkişafında mühüm amil kimi diqqət çəkir.
Bugünlərdə BBMM-in Henrix Fridrix fon Ditsin yazdığı “Homerinki ilə müqayisədə yeni aşkar edilmiş Oğuz siklopu” adlı ön sözün və “Kitabi-Dədə Qorqud” dastanından “Basatın Təpəgözü öldürdüyü boy”un daxil olduğu kitabı 25 dildə nəşr etdirməsini Prezidentin məlum sərəncamının icrası istiqamətində həyata keçirilən işlərin daha bir pik nöqtəsi hesab etmək olar.
Dits başda olmaqla əksər tədqiqatçılar “Basatın Təpəgözü öldürdüyü boy”u yeni eradan əvvələ aid edirlər. Dits araşdırmalarında bu boyun çox qədimlərlə səsləşdiyini ortaya qoyub və Homerin “Odisseya”sındakı yunan siklopu Polifemin Təpəgözün təsiri ilə yarandığını isbatlayıb: “İnanırıq ki, Homer Asiyaya səyahəti zamanı Təpəgöz hekayəsini eşidib, onun natamam cizgilərini, tərcüməçinin dediyinə əsaslanaraq öz Polifeminə verib...” İndi artıq qədim tariximizi ortaya qoyan bu həqiqətlə Azərbaycan dili ilə yanaşı, müxtəlif dünya xalqları - türk, alman, ingilis, fransız, rus, çin, yapon, hind, ərəb, fars, yunan, gürcü, erməni, yəhudi, macar, italyan və ukraynalılar, həm də respublikamızda yaşayan etnik toplumlar- xınalıq, tat, kürd, talış, udin və ləzgilər öz doğma dillərində tanış ola biləcəklər. Kitabların müxtəlif dillərə həmin dillərin birbaşa daşıyıcıları tərəfindən tərcümə olunması da bu yüksək səviyyəli multikultural layihənin özəlliyinin artıran nüans kimi diqqəti cəlb edir. Layihənin növbəti mərhələlərində bu kitabın ispan, portuqal, İndoneziya, holland, polyak, çex, bolqar və başqa dillərdə çap edilməsi də nəzərdə tutulur.
lll
Bu yazıda sadəcə bir qismi sadalanan layihələr multikulturalizmin ölkəmizdə dövlət siyasətinin aparıcı istiqamətlərindən biri, xalqımızın alternativsiz həyat tərzi olduğunu, bütövlükdə isə Azərbaycanın hazırkı multikultural durumunu bütün dünyaya göstərən aynadır...
Sevinc HƏMİDLİ
525-ci qəzet.- 2015.- 12 dekabr.- S.14