Heydər Əliyev: siyasətdə Qələbə
simvolu
Bu gün
orta və yuxarı yaş nəslinə mənsub olan
soydaşlarımızı dünyagörüşü
baxımından gənc nəsildən fərqləndirən
önəmli məziyyətlərindən biri onların mahiyyət
və struktur etibarı ilə bir-birinin tam əksi olan iki
ictimai-siyasi formasiyada, iki fərqli cəmiyyətdə
yaşaması və hər iki dövrdə cərəyan edən hadisələrin
canlı şahidi olmasıdır.
Bir çox gələcək onilliklərin tədqiqat
mövzusu olacaq son 50 illik dövr bəşəriyyətin həyatına
və o cümlədən, xalqımızın taleyinə əhəmiyyətli
şəkildə təsir etmiş güclü siyasi-iqtisadi və
sosial transformasiyalar dövrü kimi tarixə çevrilməkdədir. Lakin bu tarix
bizdən çox uzaqda deyil. Yaxşı
xatırlayırıq ki, gələcəyi dumanlı şəkildə
güclə təsəvvür edilən, ictimai-sosial
dayaqları mücərrəd
“sovet xalqı” hesab olunan kommunizm epoxası iki yüz
milyonluq bir toplumu siyasi-hərbi güc və ideoloji təzyiq
vasitəsilə hələ heç kimə agah olmayan
qeyri-müəyyən bir “xoşbəxt gələcəyə”
necə sürükləyirdi.
Az sonra tarixin də təsdiq etdiyi kimi, ancaq lümpen
proletariatın icad edə biləcəyi “qırmızı
ideologiya” hətta belə bir gələcyinə qurucuları
üçün “Kommunizm qurucusunun əxlaq kodeksini” də bəyan
etmişdi. Lakin mövcud olduğu 70 il ərzində nə bu
ideologiyanın sahibləri, nə onun bələdçiləri, nə də
“xoşbəxt gələcək” qurucuları olan Sovet vətəndaşları
nəyi qurmaq və yaratmaq istədiklərini və
buna necə nail olacaqlarını başa düşmədiər.
Nəticə isə göz qabağındadır: əzilən,
alçalan, milli, mənəvi dəyərlərindən,
elementar insani heysiyyatlarından məhrum edilən, insan və
cəmiyyət qanunauyğunluqlarından kənarda gərəksiz
bir əşya kimi həyat sürməyə məhkum edilən,
mənəvi və fiziki cəhətdən məhv edilən
milyonlarla insan həyatı. Baş
tutmamış kommunizm epoxasının ümumi mənzərəsi
məhz bundan ibarət idi.
Lakin bu ümuminin içərisində
sezilərək və ya sezilmədən fərqlənən,
dövrün qayda-qanunları çərçivəsindən
kənarda düşünən beyinlər və Sovet
örtüyü altında da olsa öz fəaliyyətini
insani duyğuların, daha böyük bəşəri
ideyaların gerçəkləşməsinə yönəldən insanlar da
vardı. Lümpenlərin lümpen
düşüncələrini və
dünyagörüşünü milyonların beyinlərinə
sırımaqla gələcəyə daşımağa
çalışan Sovet bürokratiyasının hakimlik etdiyi
yeknəsək düşüncə və muti həyat tərzi
fonunda belə insanların amalları və düşüncələri
bir çox hallarda onları cəmiyyətin ön
sıralarına çıxarırdı. Həmin
dövrdə ön sırada olmağın aqibəti isə
yalnız iki sonluqla bitə bilərdi: ya Şöhrət zirvəsi,
ya da Dar ağacı. Aşağıdan yuxarıya doğru bu
sistemin bütün pillələrini əzmlə adlayıb
Sovet maşınının ən vacib mexanizmlərini idarə
etmiş o zamankı bir çox
partiya və hökumət “ulduzlarının” faciəvi
sonluğu da bunun sübutu və Sovet tarixinin
reallıqlarıdır.
Bütün bunlar Sovet rejiminin girovunda öz
mövcudluğunu sürdürən Azərbaycandan da yan
keçməmişdi. Düşünən beyinlər, danışan dillər,
“oxuyan tar”lar, bir sözlə hürriyyətə sövq edən
açıq-gizli hər hansı əməllər dərhal “ifşa” olunur, millətin ən
mütərəqqi fikir sahibləri dara çəkilir, Sibir
çöllərində, NKVD və KQB zindanlarında həyatla
vidalaşırdılar.
Hüseyn Cavid, Əhməd Cavad, Salman Mümtaz,
Mikayıl Müsviq, Tağı Şahbazi Simurq, Bəkir
Çobanzadə, Yusif Vəzir Çəmənzəminli, Hənəfi
Zeynallı, Seyid Hüseyn kimi xalqın gələcəyinə
yol açmaq üçün beyinlərə işıq,
düşüncələrə mübarizə ruhu gətirməyə
cəhd göstərən minlərlə
millət övladını da məhz bu sistem
xalqımızın əlindən aldı.
İndi başqa zamandır. Müstəqilliyimizi bərpa
etməklə öz taleyimizə, öz milli ideologiyamıza və
öz gələcəyimizə sahib çıxmaq imkanı
qazanmışıq. Bu da asan başa gəlmədi.
20 Yanvar şəhidliyindən
başlamış, Qarabağ torpaqlarında tərk edilən
müqəddəs yurd yerlərimizin, bu yerlərdə
torpağa gömülən minlərlə insan həyatının
faciəsi hesabına Azad Xalqa və Müstəqil Dövlətə
çevrildik. İndi gələcək
haqqında təsəvvürlərimiz də, bugünkü
düşüncə və həyat tərzimiz də fərqlidir,
gələcəyə çıxdığımız yolumuz
da başqadır. Məzmunca da ,
mahiyyətcə də tamamilə fərqli bir cəmiyyətin
təşəkkül və təkamül mərhələsini
yaşamaqdayıq. Bu yeni bir epoxadır. Bu
iki dövr arasındakı keçidin özü də az qanlar aparmadı. İki fərqli epoxanı
birləşdirən zaman intervalı isə tarixi nöqteyi-nəzərdən
nə qədər qısa görünsə da, kəskin
ziddiyyətləri -
siyasi-iqtisadi, maddi-mənəvi, sosial
böhranları ilə yanaşı xalqımıza öz
müstəqil dövlətçiliyini bərpa etmək
şansını yaratmaq kimi əhəmiyyətli tarixi hadisələrlə
də zəngindir. Belə nailiyyətlər isə
ictimai-siyasi hadisələrin gedişində kortəbii surətdə
əldə oluna bilməzdi. Buna aparan yolun
başlanğıcında azadlıq və müstəqillik
kimi müqəddəs amallara köklənmiş
düşüncə sahibləri və bu tarixi dövr ərzində
cərəyan edən hadisələri məhz bu məqsəd
və məramların həyata keçməsinə doğru
istiqamətləndirən fəaliyyət sahibləri olmalı
idi və var idi. Böyük Mirzə Fətəlinin səpdiyi
milli özünüdərk toxumlarından cücərib ilk
milli cümhuriyyətimizin yaranmasına və Sovet
dövrünün “ət maşınınından” keçərək
bugünkü hürriyyətimizə qədər qət olunan
tarixi yol milli əqidəmizin, milli məqsəd və məramlarımızın
yetişdiyi, əzildiyi, mətinləşdiyi və nəhayət,
qələbə çaldığı əzəmətli bir
yoldur. Bu uzun, iztirablı, lakin şərəfli
yolda mücadilə aparan maarifçilərimiz, cümhuriyyətçilərimiz,
dissidentlərimiz öz mübarizələrini məhz bu son qələbəyə
çatdırmaq uğrunda öz canlarını, öz
doğmalarını və öz həyatlarını fədakarlıqla
qurban verdilər. Bu Möhtəşəm Qələbənin
müəllifi olmaq səadəti
isə Sovet dövründə “Söhrət apoqeyi” ilə
“Dar ağacı” arasında cəsarətlə millətin gələcəyi
üçün çalışan, müstəqillik
dövründə böyük
bir fədakarlıqla “həyatının qalan hissəsini də
öz xalqına həsr edən” və nəhayət, “Azərbaycanlı
olması ilə fəxr etdiyini” bütün dünyaya bəyan
edən Heydər Əliyevə nəsib oldu.
Keçən əsrin 60-cı illərinin sonundan başlayaraq
Azərbaycanda baş verən köklü dəyişikliklər
məhz Heydər Əliyevin dəqiq məqsədlərə
istiqamətlənmiş məqsədyönlü fəaliyyəti
və siyasi iradəsi ilə baş verirdi. Təsadüfi deyil ki, məhz
onun rəhbərliyi dövründə ilk dəfə olaraq
milli dövlətçilik təfəkkürünə malik
olan yerli milli kadrlar hazırlandı və ali hakimiyyət orqanlarında
yerləşdirildi. Azərbaycanlı mütəxəssislər
Sovet coğrafiyasının bütün koordinatlarında
işləməyə, yaşamağa və tanınmağa
başladılar. Azərbaycan iqtisadiyyatı on beş “zorən müttəfiq” respublikanın
sırasında axırıncı yerlərdən sürətlə
irəliləyərək ön sıralara
yaxınlaşdı. Elmdə, incəsənətdə
xüsusi istedad sahibi olan soydaşlarımız sovetlərin bütün ərazisində
tanındı və bu ucsuz-bucaqsız ərazini məskunlaşdıran
çoxsaylı millətlər tərəfindən sevildi.
Başqa cür gələcəkdə “Sovet Azərbaycanı”nın
içərisindən
“milli Azərbaycan Respublikasını” yetişdirmək
mümkün olmazdı. Hələ kommunist
ideologiyasının inadkarlıqla xalqları və millətləri
boğduğu bur şəraitdə qeyri-slavyan mənşəli
bir dövlət adamının Sovet İttifaqı kimi nəhəng
bir ölkənin ali siyasi hakimiyyətində
təmsil olunması özü nə qədər çətin
idisə, onun həmin mövqedən öz ölkəsinin
milli mənafeyi naminə çalışması da bir o qədər
çətin və demək olar ki, qeyri-mümkün idi. Belə
təzadlı bir dövrdə bütün Sovet sistemindəki
bu qeyri-mümkünlüyü mümkün edən yeganə siyasətçi məhz
Heydər Əliyev oldu. Sovet
İttifaqının o vaxtkı dövlət rəhbərlərindən
heç birinin siyasi taleyi Heydər Əliyevinki qədər
qalibiyyətlərlə zəngin olmadı. Onların heç birinin siyasi irsi və siyasi kursu
yeni, müstəqil bir dövlətin həyat yoluna
çevrilmədi. Heydər Əliyev həyatının Şöhrət Zirvəsi ilə
Dar Ağacı arasında uzun müddət davam edən
mücadilə səhifəsi Qələbə ilə başa
çatdı. Həyatın yeni səhifəsi
açıldı, yeni mübarizə başladı. Bütün
addımlarında
öz xalqına, onun istedadına arxalanan və həqiqəti
dərindən duymaq qabiliyyətinə malik olan Heydər
Əliyev müstəqil Azərbaycan dövlətini onun tarixi ənənələri
və çağdaşlıq prinsipləri əsasında
qurmağın tarixi missiyasını da şərəflə
yerinə yetirdi. O didilib parçalanan Azərbaycanı
bütövləşdirərək regionun ən nüfuzlu
dövlətinə çevirdi. Müstəqillik
dövründə Azərbaycan məhz Heydər Əliyevin əsasını
qoyduğu milli təməl üzərində, onun siyasi iradəsi
ilə öz milli-tarixi ənənəsindən ayrılmadan
suveren dövlətçiliyin təkamül prosesinə
başladı, qlobal siyasi situasiyaya adaptasiya olunaraq, beynəlxalq
münasibətlər sistemində öz yerini tutdu.
İki fərqli tarix, iki fərqli cəmiyyət məhz
Heydər Əliyevin simasında və fəaliyyətində
birləşdi, dövlətçiliyimizin əbədiliyini,
sarsılmazlığını və dönməzliyini təmin
etdi. Heydər Əliyev - sözün əsl mənasında,
siyasətdə qələbə simvoluna çevrildi.
Bu
günlərdə AMEA-nın A.Bakıxanov adına
Tarix İnstitutu tərəfindən Prezident kitabxanasında
düzənlənən “Heydər Əliyev. Elmimizin
keşiyində” adlı 2 cildli sənədlər və
materiallar toplusunun təqdimat mərasimində səslənən
fikirlərin əsas leytmotivi də məhz bundan ibarət idi.
Ümummili liderimiz Heydər Əliyevin xatirəsinə həsr
olunmuş təqdimat mərasimində giriş nitqi ilə
çıxış edən A.Bakıxanov adına Tarix
İnstitutunun direktoru, Dövlət mükafatı laureatı,
akademik Yaqub Mahmudov öz təqdimatında Heydər
Əliyevin hər iki dövrdə xalqımızın milli
maraqları naminə, dövlətçiliyimizin qurulması və
möhkəmləndirilməsi uğrunda apardığı
mücadilənin əhəmiyyətindən, Heydər
Əliyev irsinin Azərbaycan xalqının gələcəyi
üçün müstəsna rolundan, Heydər Əliyev
ideallarının əbədiyaşarlığından bəhs
etdi. Sovet dövründə, kommunist sisteminin amansız təqibləri
şəraitində Heydər Əliyev fəaliyyətinin
görünən və görünməyən tərəfləri
haqqında tarixi faktlara və şəxsi xatirələrinə
söykənən həqiqətləri açıqlayan
akademik Yaqub Mahmudov Heydər
Əliyevin timsalında bir insanın öz düşüncələri
və əməlləri ilə öz həyatını
bütünlüklə doğma xalqına həsr etməyin
nadir nümunəsini göz önünə gətirdi. Səslənən
çıxışlarda Heydər Əliyevin zamanla
ayaqlaşmayıb, bir çox hallarda zamanın özünü belə
çəkib irəliyə gətirən və
yaxınlaşdıran bir şəxsiyyət olduğu onun əməli
fəaliyyətinin konkret məqamları ilə təsdiq
olundu. Öz ölkəsini və öz xalqını hələ
o dövrdə içərisində bulunduğu Sovet
mexanizminin labirintlərindən məharətlə keçirərək
irəli çıxarmaq və on minlərlə zəka sahiblərinin
uğrunda qurban getdiyi tarixi gələcəyə - müstəqilliyə
qovuşdurmaq üçün möhkəm özül yaratmaq Heydər
Əliyevin bütün fəaliyyətinin başlıca qayəsi
olmuşdur. Bu missiyasında Heydər Əliyev
mifik xalq qəhrəmanlarımızın bu gün
inanılması mümkün görünməyən
şücaətinə və məharətinə imza
atmışdır.
Bu gün artıq on ildir ki, Heydər Əliyevin xarizmatik baxışlarını gündəlik qaynar hadisələrin əks olunduğu canlı reportajlardan, millətin gələcəyi üçün taleyüklü məsələlərin müzakirə olunduğu gərgin müşavirələrdən, Azərbaycanın haqlı tələblərini dönə-dönə səsləndirdiyi beynəlxalq tribunalardan deyil, hər bir azərbaycanlıya səmimi bir təbəssümlə baxan portretlərindən izləyirik. Lakin siyasətimiz, ideologiyamız və gələcəyə ümidlərimiz onun siyasi baxışlarına, onun dəst-xəttinə və onun öz xalqına olan sonsuz inamına əsaslanır.
Şərqdə bir çox “ilk”lərin təşəbbüskarı və müəllifi olmaqla bəşəriyyətin təkamül tarixinə öz adını yazmış Azərbaycan bu gün də əhatəsində yerləşdiyi regionun, çox qədim zamanlardan geniş Avrasiya məkanında lövbər salmış möhtəşəm türk sivilizasiyasının cazibə mərkəzinə çevrilməkdədir. Geo-siyasi anlamda getdikcə çəkisi artan, sivilizasiyaların, müxtəlif mədəniyyətlərin dialoq və qarşılıqlı anlaşma məkanına çevrilməklə dünya miqyasında daim nüfuzu yüksələn Azərbaycan dünya birliyinin mütərəqqi inkişafına öz töhfələrini verməkdədir. Bu uğurlar Heydər Əliyevin Azərbaycanın gələcəyi haqqında təsəvvürlərinə, məqsəd və məramlarına cavab verən siyasi praqmatikanın nəticəsidir. Məhz bu yüksəlişi böyük bir uzaqgörənliklə müjdələyən Heydər Əliyev Azərbaycan dövlətinin gələcək taleyinə nikbin baxışlarını belə ifadə etmişdi: “Azərbaycan bütün dünyaya günəş kimi doğacaq”. Bu günəşin istisinə sığınan Azərbaycan xalqı isə onu bir daha sönməyə qoymayacaqdır.
Dünya tarixinin ən böyük şəxsiyyətlərinin həyat və fəaliyyətini araşdıran və qələmə alan ingilis bioqrafı Uilyams Qraham özünün Heydər Əliyevə həsr etdiyi “Heydər Əliyev: Azərbaycanın yüksəlişi, enişi və yenidən yüksəlişi” adlı kitabında Heydər Əliyev fenomenini məlum tarixi-siyasi şəraitdə Azərbaycanın bütövlüyünü təmin edən ən güclü birləşdirici amil kimi dəyərləndirir. Müəllifin qənaətinə görə, Heydər Əliyev və Azərbaycan eyni tarixi mənəviyyat bioqrafiyasına, eyni taleyə malikdir. Heydər Əliyevin keçdiyi enişli-yoxuşlu, lakin sonu qalibiyyətli yol elə Azərbaycanın keçdiyi siyasi təlatümlərlə dolu, lakin gələcəyə sarsılmaz inamını heç vaxt itirməyən irəliləyiş yolunu xatırladır. Azərbaycanın irəliləyiş yolu isə sonsuz və daimidir, Heydər Əliyevin əziz xatirəsi kimi.
Cavanşir
Feyziyev
525-ci qəzet.- 2015.- 12 dekabr.- S.11