Böyük azərbaycanlı
Ümummilli
lider Heydər Əliyev müasir Azərbaycanın
bütövlüyü, müstəqilliyi, xalqın bugünü və
xoşbəxt gələcəyi naminə ömrünü
şam kimi əridən, milyonların qəlbində əbədiyyət
qazanmış müdrik şəxsiyyət, böyük azərbaycanlıdır.
Ulu Öndərin unudulmaz xatirəsinin anım
günü ərəfəsində bu böyük şəxsiyyəti
xatırlamaq, onunla bağlı düşüncələrini
bölüşmək hər birimizin müqəddəs
borcudur.
Azərbaycanın böyük oğlu Heydər Əliyev
heç kimə nəsib olmayan şərəfli bir yol
keçib.
İstər Sovetlər Birliyi dönəmində ən mötəbər dövlət
vəzifələrində çalışarkən, istərsə
də Azərbaycan müstəqillik əldə etdikdən
sonra respublikamıza rəhbər etdiyi illərdə o, ölkəmizin
tərəqqisi, xalqın firavan gələcəyi yolunda
misilsiz xidmətlər göstərib, saysız-hesabsız
böyük uğurlara imza atıb.
Hələ
1992-ci ilin may ayında hakimiyyətə gələn AXC rəhbərlərinin
və onların komandasının səriştəsizliyi nəticəsində
ölkəmizdə özbaşınalıq baş alıb
gedirdi. Torpaqlarımızın 20 faizi
düşmən əlinə keçmişdi, bir milyondan
artıq məcburi köçkün və
qaçqınımız vardı. Dəhşətlisi
bu idi ki, 1993-cü ilin iyun ayında ölkəmiz artıq vətəndaş
müharibəsi həddinə çatmışdı. Azərbaycan hakimiyyət böhranı ilə
üz-üzə qalmışdı. Azərbaycanın
müstəqilliyini istəməyən xarici güclərin dəstək
verdiyi silahlı birləşmələr və onların
müdafiəsinə qalxan bəzi siyasi qurumlar hakimiyyətin zəifliyindən
istifadə edib ölkəni xaosa sürükləyirdilər.
Belə bir çətin şəraitdə
xalqın təkidi ilə yenidən hakimiyyətə
qayıdan Heydər Əliyev anti-Azərbaycan qüvvələrin
planlarını alt-üst edərək ölkəni
böyük bir uçurumdan qorudu, müstəqil Azərbaycanın
idarəçilik sükanı arxasına keçərək
sabitliyin, sosial-iqtisadi inkişafın və tərəqqinin
qarantına çevrildi.
Məhz ümummilli liderin apardığı
ardıcıl və uzaqgörən siyasətin nəticəsidir
ki, bu gün onun yaratdığı sənət əsəri -
müasir və müstəqil Azərbaycan dünyanın ən
qabaqcıl və inkişaf edən ölkələrindən
biridir.
Azərbaycanın
ağır günlərini yaşadığı bir vaxtda
yenidən hakimiyyətə gələn və dövlət
müstəqilliyimizin dayanıqlılığına nail olmaq
üçün səylərini ilk növbədə ölkə
daxilində siyasi sabitliyin bərqərar olmasına yönəldən
ulu öndər paralel olaraq strateji əhəmiyyət
daşıyan bir sıra iqtisadi layihələrin gerçəkləşməsinə
də öz töhfəsini verdi. Bu layihələrdən
ən mötəbəri isə 1994-cü il
sentyabrın 20-də Bakıda imzalanan Əsrin Müqaviləsi
oldu. Heydər Əliyevə qədər Xəzər dənizindəki
neft yataqlarının transmilli neft şirkətləri ilə
birgə istismarı barədə yüksək səviyyəli
danışıqlar aparılsa da, müqavilənin
imzalanmasının əleyhinə çıxan xarici qüvvələrin
təzyiqi qarşısında davam gətirməyən əvvəlki
ölkə rəhbərlərinın zəifliyi ucbatından
Azərbaycan üçün təkcə iqtisadi yox, həm də
siyasi baxımdan böyük əhəmiyyət kəsb edən
bir layihənin reallaşdırılması mümkün
olmamışdı. Lakin Ulu Öndər Heydər
Əliyevin dəmir iradəsi, siyasi nüfuzu sayəsində
1994-cü ildə nəhayət 20-ci əsrin ən
böyük neft müqaviləsi imzalandı və Azərbaycanın
müstəqilliyinin qarantına çevrilən bir layihə
gerçəkləşdi, Azərbaycanın
qarşısında uzun və maneəsiz inkişaf yolu
açıldı. Bu inkişaf qısa zaman kəsiyində
bütün istiqamətlərdə özünü göstərdi,
Azərbaycanın dünya iqtisadi sisteminə
inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin
möhkəm təməli qoyuldu. Azərbaycan
MDB məkanında Qərbin iri neft şirkətləri ilə
böyük miqyasda saziş imzalayan ilk dövlət olmaqla, Xəzər
dənizində beynəlxalq əməkdaşlığın əsasını
da yaratdı. Azərbaycan neftinin dünya
bazarlarına çıxarılması üçün
1996-cı ildə Bakı-Novorossiysk, 1999-cu ildə isə
Bakı-Supsa neft kəmərləri, sonra isə
Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin istismara
verilməsinə nail olundu. Bu gün
bütün dünya etiraf edir ki, Heydər Əliyev uzaqgörənliyi,
mübarizliyi olmasaydı, bu böyük layihələrin
heç biri reallığa çevrilməzdi.
lll
Heydər
Əliyev Azərbaycanı - ümumi və bölünməz
vətənimizi çox sevirdi O, azərbaycanlı olması ilə
həmişə fəxr edirdi və deyirdi: “Mən həmişə
fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən
Azərbaycanlıyam”. Onun müdrik siyasət,
tükənməz enerji, dərin inamla Vətən naminə
gördüyü işlər tariximizə qızıl hərflərlə
həkk olub və xalqımızın yaddaşında əbədi
yaşayacaq.
Bütün Azərbaycan xalqı kimi ulu öndərimizi
biz ağdamlılar da unutmur, qəlbimizdə
yaşadırıq. Heydər Əliyev hələ Sovetlər
Birliyi dövründə Azərbaycana rəhbərlik etdiyi illərdə
bir neçə dəfə Ağdamda olmuş, şəhərimizi
və kəndlərimizi gəzmiş, əməkçilərlə
görüşüb, onlarla səmimi söhbət etmişdi.
Mən rayon partiya komitəsində təlimatçı,
şöbə müdiri, sonralar Ağdamda çıxan rayon
qəzetinin redaktoru olduğum illərdə Ulu Öndərimizin
keçirdiyi iclas və plenumlarda, yığıncaqlarda, zona
müşavirələrində iştirak etmişəm, onun vətənini,
xalqını nə dərəcədə sevdiyinin, insanlara
necə diqqət və qayğı ilə
yanaşdığının şahidi olmuşam.
Ulu
Öndərimiz o illər Ağdamda olarkən demişdi: “Mən
arzu edirəm ki, Ağdam gündən-günə
çiçəklənsin. Həm şəhər
həm də kəndlər dastanlarda, şeirlərdə
olduğu kimi, Azərbaycanın gözəl
bağ-bağatlı güşəsi olsun”.
“Qarabağsız,
Ağdamsız Azərbaycan yaşaya bilməz!”.
Bu fikirlər də Ulu Öndərimiz Heydər
Əliyevə məxsusdur. Artıq o bu
sözləri illər sonra, yağı düşmən
torpaqlarımızı işğal etdikdən sonra deyir.
Ulu
öndər 1996-cı il avqust ayının 2-də
Ağdam şəhəri və onun ətraf kəndlərinin
Ermənistan silahlı qüvvələri tərəfindən
işğal edilməsinin üçüncü
ildönümü ilə əlaqədar Ağdam rayonu ictimaiyyətinin
nümayəndələri görüş keçirdi. O
görüşdə mən də iştirak edirdim.
Ümummilli lider görüşdə Ağdam və onun
insanları haqqında gözəl sözlər söylədi:
“Ağdam şəhəri Azərbaycanın qədim və
çox böyük tarixə malik şəhərlərindən
biridir. Respublikamızın həyatında Ağdam rayonu həm
iqtisadi, elmi potensialına, həm də insanların fədakarlığına
görə həmişə çox mühüm rol
oynamışdır... 1988-ci ildə Ermənistanın Azərbaycana
qarşı hərbi təcavüzünü, bu münaqişənin
ilk qığılcımını Ağdamda hiss etmişlər...
Ağdam rayonu o vaxtdan indiyədək Ermənistanın
hərbi təcavüzünə qarşı aparılan
mübarizədə ön cərgədə olmuşdur. Ağdam vuruşmuşdur, böyük itkilər
vermişdir”.
Təxminən
iki il sonra - 1998-ci il oktyabrın 8-də
Heydər Əliyev Quzanlı qəsəbəsinə səfər
etdi, rayon əhalisi ilə görüşdü və yenə
də ağdamlıların fədakarlığını
yüksək qiymətləndirdi.
lll
Azərbaycanın inkişaf tarixinin təxminən son
yarım əsrlik dönəminə diqqətlə nəzər
salsaq, gələcəyə istiqamətlənmiş,
dayanıqlı inkişafı təmin edən və cəmiyyətin
hər bir üzvünün rifahına xidmət göstərən
müdrik və uzaqgörən siyasətin nəticələrini
görərik.
Bütün bunlar Ulu Öndər Heydər
Əliyevin Vətən üçün sonsuz xidmətləri
hesabına başa gəlib. O, öncə vətənpərvər,
Vətənini sevən bir insan, sonra isə böyük
dövlət xadimi idi. Heydər Əliyevin yuxarıda qeyd
etdiyimiz “Mən həmişə fəxr etmişəm və
indi də fəxr edirəm ki, mən Azərbaycanlıyam” fikri bu gün
kiçikdən böyüyə qədər hər bir azərbaycanlının
dilində əzbərə çevrilib: İstər Vətəndə,
istərsə də qürbətdə yaşayan bütün
dünya azərbaycanlıları da qürur duyur, fəxr edir
ki, onun Azərbaycan kimi Vətəni, Heydər Əliyev kimi
soydaşı, Ümummilli lideri var. Biz hər birimiz onun əmanəti
olan müstəqil, güclü, qüdrətli Azərbaycanın
vətəndaşlarıyıq.
Ulu Öndərin yaratdığı müstəqil Azərbaycan
dövləti əslində 1969-cu ildə
başladığı siyasətin məntiqi davamıdır. Bu yol
bütün dünya azərbaycanlılarının vahid azərbaycançılıq
ideologiyası ətrafında birləşdiyi yoldur. Ümummilli liderin hakimiyyətə gəlişi ilə
Azərbaycan xalqı işıqlı, nurlu sabahlara qovuşdu.
ABŞ-ın keçmiş prezidenti Corc Buş
Ümummilli lider haqqında xatirələrində qeyd etdiyi
kimi, “Heydər Əliyev Cənubi Qafqazda uzun müddət ərzində
ən əsas şəxsiyyət olub”. Və bu böyük
şəxsiyyətlə bağlı dünyanın ən
nüfuzlu dövlət xadimləri, siyasətçilər
çox dəyərli fikirlər söyləyiblər.
“Bütün dünyada layiqli hörmət və
böyük nüfuz qazanmış görkəmli dövlət
xadimi həyatdan getmişdir. Uzun illər ərzində
Heydər Əlirza oğlu Əliyevin səmərəli fəaliyyəti
xalqlarımızın ümumi tarixi ilə bilavasitə bağlı
olmuşdur. O, Rusiya və Azərbaycanın strateji tərəfdaşlığının
təməlini qoymuş, dostluğumuzun və
qarşılıqlı anlaşmamızın möhkəmlənməsinə
böyük şəxsi töhfə vermişdir.
Onun vəfatı Müstəqil Dövlətlər
Birliyi, bütün beynəlxalq birlik üçün əvəzsiz
itkidir”.
Vladimir
PUTİN
Rusiya
Federasiyasının Prezidenti
“Bu qeyri-adi şəxsiyyət Azərbaycanı
çiçəklənmə yoluna gətirib
çıxarmışdır. Müxtəlif
görüşlərimiz zamanı, xüsusilə
Dağlıq Qarabağ münaqişəsi ətrafında
müzakirələr apararkən, münaqişənin sülh
yolu ilə həllində onun cəsarətini, müdrikliyini və
qətiyyətini yüksək qiymətləndirdim”.
Jak
ŞİRAK
Fransa
Respublikasının sabiq Prezidenti
“Heydər Əlirza oğlu Azərbaycan Respublikası
üçün, MDB-nin inkişafı üçün,
Qazaxıstan və Azərbaycan xalqlarının çoxəsrlik
dostluğunun möhkəmlənməsi üçün
çox işlər görmüşdür”.
Nursultan
NAZARBAYEV
Qazaxıstan
Respublikasının Prezidenti
“Mərhum Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi
və firavanlığı, bölgədə və dünyada
sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə
türk və dünya tarixində şərəfli yer
tutmuşdur”.
Rəcəb
Tayyib ƏRDOĞAN
Türkiyə
Respublikasının Prezidenti
“Heydər Əliyevin Azərbaycanın inkişafında və ölkələrimiz arasında əlaqələrin gücləndirilməsində əvəzsiz xidmətləri olmuşdur. 1998-ci ilin iyul ayında Birləşmiş Krallığa səfəri zamanı onunla olan görüşümüzü çox yaxşı xatırlayıram”.
Kraliça II ELİZABET
lll
Azərbaycanın, təməli dahi şəxsiyyət Heydər Əliyev tərəfindən qoyulan iqtisadi, siyasi, sosial və mədəni inkişaf xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Uğurlu inkişaf modelinə uyğun olaraq Azərbaycanın dünyanın qabaqcıl, aparıcı dövlətləri sırasında tutduğu mövqe hər il daha da möhkəmlənir. Bu gün beynəlxalq ictimaiyyət Azərbaycanı dinlərarası, mədəniyyətlərarası dialoq mərkəzi, iqtisadi forumların, siyasi konfransların, idman oyunlarının keçirildiyi qabaqcıl ölkə kimi tanımaqdadır. Son olaraq qitənin idman tarixində ilk dəfə keçirilən Birinci Avropa Oyunlarına uğurla ev sahibliyi edən Azərbaycan mötəbər tədbirin standartlarını müəyyənləşdirdi. Bütün dünya münaqişə şəraitində olan Azərbaycanın böyük təşkilatçılıq qabiliyyəti qarşısında öz heyranlığını gizlədə bilmədi. Bunun nəticəsidir ki, artıq müxtəlif səviyyəli yarışların, tədbirlərin keçirilməsinə ev sahibi qismində ilk yada düşən ölkələrdən biri məhz Azərbaycandır. Növbəti 5 il ərzində vətənimizdə Dünya Şahmat Olimpiadası, “Formula-1” üzrə Avropa Qran-Pri turniri, İslam Həmrəylik Oyunları, futbol üzrə Avropa Çempionatının final mərhələsinin 4 qarşılaşması keçiriləcək. Heç şübhəsiz, bundan sonra da dövlətimizin, xalqımızın tarixinə yeni-yeni qələbələr, zəfərlər yazılacaq. Azərbaycan xalqı yaxın tarixin zəfər günlərindən birini Qarabağda - Ağdamda, Şuşada, Cıdır düzündə qeyd etmək istəyir. İnanırıq ki, ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında biz bu zəfərə də nail olacağıq.
Bəbir
Hüseynov
525-ci qəzet.- 2015.- 12 dekabr.- S.10