Heydər Əliyevlə vida - bütöv bir dövrlə vida idi...

 

 

 

Dekabrın 12-i ümummilli lider, Ulu Öndər Heydər Əliyevin anım günüdür.

 

Xalq yazıçısı Anar Heydər Əliyevə həsr olunmuş “Unudulmaz görüşlər” kitabının, irihəcmli “Qalib gəldi, qalib getdi” essesinin müəllifidir.

 

Yazıçının son aylarda qəzetimizdə hissələrlə çap olunan  Yaşamaq haqqı” traktatında ümummilli liderə həsr olunmuş bir neçə bölüm yer alıb. Ulu Öndərin anım günündə həmin bölümlərdən bir hissəni ixtisarla oxucularımıza təqdim edirik.

 

2003-cü ildə, dekabrın 12-də axşamdan xeyli keçmiş Çingiz Abdullayev mənə zəng vurdu:

 

- Anar müəllim! Bəd xəbər var: Heydər Əliyev vəfat edib.

 

Son zamanlar bu barədə çox şayiələr gəzirdi və buna görə mən bu xəbərə inanmaq istəmədim.

 

- Yəqin növbəti uydurmadı.

 

- Yox-yox, televizorda eşitdim.

 

O axşam mən televizoru tez söndürmüşdüm: işləyirdim.

 

- Hansı kanalda?

 

- ANS-ə qoşulun.

 

Qoşuldum. Və içimdə nə isə qırıldı. Hər şey alt-üst oldu.

 

Acı xəbər gerçək imiş. 

 

Artıq neçə aylar idi ki, ürəyimiz səksəkədə idi. Vaxtaşırı onun sağlamlıq durumunun yaxşılaşması, tezliklə Vətənə dönəcəyi haqqında eşitsək də, həyəcanlarımız səngimirdi. Amma bu bir neçə ay ərzindəki üzüntülü, həyəcanlı yaşantılarımıza baxmayaraq, bir dəqiqə də olsun ümidimi itirmirdim. Günlərin birində onun Bakı hava limanında təyyarədən trapla enəcəyinə, ona tərəf qaçışan jurnalistlərə baxa-baxa: - Siz artıq məni qəzetlərdə dəfn etmisiniz, amma gördüyünüz kimi  sağ və salamatam, - söyləyəcəyinə inanırdım.

 

Təəssüf,  qara xəbərlər təsdiqini tapdı.

 

Gecə yarı tələsik geyinib ANS studiyasına üz tutdum.

 

Yolda birdən-birə fikirləşdim ki, Heydər Əliyev məni ikinci dəfədir ki, gecəyarı “çağırır” - birinci dəfə sağlığında,  1994-cü ilin 4 oktyabrında, Prezident Sarayının qarşısındakı meydana “çağırmışdı”... İndi isə - vəfatından sonra.

 

ANS-in rəhbərləri mənim gəlişimdən mütəəssir oldular. Deyəsən dərd bizi yaxınlaşdırmışdı. Milyonlarla insanı doğmalaşdırdığı, yaxınlaşdırdığı kimi.

 

Studiyaya keçib dedim:

 

- Azərbaycan xalqı böyük oğlunu, Sevil xanım və İlham Əliyev  atalarını, mən isə  yaxın,  əziz  insanı itirdim.

 

Bu sözlər sadəcə ağır itkinin təsiri altında dilə gələn ifadə deyildi,  yaşadığım ən  səmimi duyğuların ifadəsi idi. Bizim dilimizdə tutumlu bir söz var: “həyan”. Bilmirəm başqa dillərdə  bu anlamda bir söz varmı.

 

O mənim həyanım idi.

 

Atamı, anamı itirəndən sonra mən bunu daha dərindən duyurdum.

 

Ona həmişə arxalana bilərdim.

 

Yazıçılar Birliyinin  problemləriylə bağlı hər hansı bir təklifi Heydər Əliyev həssaslıqla qəbul edir, bütün məsələlərin həllində köməyini əsirgəmirdi.

 

Biz onunla nə qohum, nə də dar region mənasında həmyerli idik. Yaş və inzibati-siyasi mövqeyimizdəki fərq bizə dost olmağa da imkan verməzdi. Amma mənim ictimai-ədəbi tərcümeyi-halım onun rəhbərliyi dövründə formalaşmışdı   ömrüm boyu onun diqqətini,  qayğısını hiss edirdim. Bilirəm ki, Sovet dönəmində də, müstəqillik illərində də ona məndən çox neqativ məlumatlar çatdırılıb. Bunu o özü bizim Yazıçılar Birliyinin X qurultayında çıxış edəndə bildirmişdi. Amma onu da bilirdim ki, bütün bu donoslar onun mənə münasibətini dəyişməyib. Çünki o,  insan sərrafı idi. Kimin Kim olduğunu çox yaxşı bilirdi. Və təmənnalı mədhiyyələri real münasibətdən  fərqləndirirdi.

 

Elələri var ki, insanların səmimi münasibətinə  inanmağa  qabil deyillər, ağıllarına da gətirə bilmirlər ki, rəğbət təmənnasız, hörmət qarşılıqlı ola bilər.  Mən heç bir vaxt, heç bir vəzifə sahibindən şəxsən özüm üçün nəsə bir üstünlük, mükafat və ya fəxri ad təmənnasında bulunmamışam. Cılız beyinlərin düşüncəsinə görə  əgər tutalım bir mədəniyyət xadimi, yazıçı, şair hakimiyyətdə olanlarla loyal münasibətdədirsə, deməli nəsə bir  umacağı var. Heydər Əliyevin vəfatından sonra yazdığım sözləri bəzən mənə irad tuturlar: “Qalib gəldi, qalib getdi” - yazmışdım və indi də bu sözləri yüz dəfə təkrar etməyə hazıram. Məgər bu həqiqət deyil?

 

Heç üstünü vurmurlar ki, Heydər Əliyevin müxtəlif vaxtlarda və ya 60 illiyimlə bağlı mənim barəmdə dediyi  xoş sözlər mənim onun haqqında dediklərimdən  az deyil. Və mən hər hansı fərqləndirmə nişanlarının, fəxri adların hərisi  olsaydım, belə təkidlə, özü də iki dəfə Heydər Əliyevin yanında Xalq şairi, Xalq yazıçısı və s. kimi   fəxri adların ləğv edilməsində israrlı olmazdım.

 

Heydər Əliyevi tanıyanda çox cavan idim. Sonra Azərbaycanın rayonlarına, Gəncəyə, Naxçıvana, Şuşaya səfərlər zamanı onu yaxından müşahidə etmək imkanım oldu, onun Moskvada, Ankarada, Romada, Pekin və Şanxayda, Alma-Atada və Bişkekdə  dövlət başçıları ilə danışıqlarını,  elm və mədəniyyət xadimləri ilə, tarlalarda və küçələrdə sadə adamlarla təmaslarını  müşahidə etmişəm.

 

Əgər Sovet dönəmində  Heydər Əliyev rayonlara yola düşəndə özü ilə mütləq yazıçıları da aparırdısa, müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyətə başlayandan sonra bu adətinə sadiq qalmışdı,  xarici səfərlərinə  ziyalıları dəvət edirdi. Mən Rusiya, Çin, İtaliya, Türkiyə, Qazaxıstan, Qırğızıstan səfərlərində onu müşayiət edən nümayəndə heyətinin üzvü olmuşam. Heydər Əliyevin Çinin rəhbəri Tzyan Tzeminlə, İtaliya Prezidenti Oskar Luici Skalforo ilə, Roma Papası II İohann Pavellə, Türkiyə Prezidenti Süleyman Dəmirəllə görüşlərində iştirak etmək imkanım olub. Prezidentin  böyük dövlətlərin başçıları ilə necə təmkinlə, ləyaqətlə söhbət aparmasını, Qarabağ münaqişəsinin mahiyyətini necə səylə izah etməsini, əlini xəritənin üstündə gəzdirərək işğal olunmuş Azərbaycan rayonlarını göstərməsini müşahidə edirdim və qürur hissi keçirirdim.

 

“Manas” eposunun 1000 illik təntənələrində iştirak etmək üçün Türk Dövlətlərinin sammitinə Heydər Əliyev Yusif Səmədoğlu ilə məni də dəvət etmişdi. Bu görüşlərdə  türkdilli ölkələrin  yaşca nisbətən cavan Prezidentlərinin Heydər Əliyevə necə hörmətlə yanaşmalarını, onun rəylərilə hesablaşmalarını görmək çox xoş idi.

 

Heydər Əliyevlə bağlı epizodlar bir-bir xəyalımda canlanır.

 

Yenidən hakimiyyətə qayıdandan sonra onun ilk görüşü ziyalılarla oldu. Heydər Əliyevin çoxlu məziyyətlərindən biri də bunda idi  - həmişə ictimai proseslərdə mədəniyyət, elm xadimləriylə hesablaşardı, onların rolunu dəyərləndirərdi. Görüş 1993-cü ilin 21 sentyabrında Elmlər Akademiyasının Rəyasət  Heyətinin binasında keçirildi. Görüşdə mən də çıxış etdim və iri həcminə görə  onu məruzə hesab edənlər də oldu.

 

O da yaxşı yadımdadır ki,Ulu Öndər bir dəfə söhbət əsnasında  dedi ki, hələ Sovet vaxtı Siyasi Büronun üzvü olanda, ölkə rəhbərliyi tərəfindən Azərbaycana münasibətdə ikili standartlarla üzləşib. Və indi, Azərbaycanın Prezidenti olanda da, dünya dövlətləri tərəfindən Azərbaycana və Ermənistana münasibətdə ikili standartların olmasını müşahidə edir.

 

Bu gün bəzi insanlar Sovet dövründə Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi illərdə Bakıda, Moskvada, Kiyevdə, Daşkənddə Azərbaycan mədəniyyətinə həsr olunmuş böyük ümumittifaq tədbirlərinin keçirilməsinə  rişxəndlə  yanaşa bilərlər. Amma o illərdə bütün bunlar Azərbaycanın mənəvi imicinin təsdiqinə, ölkə miqyasında məşhurlaşmasına xidmət edirdi. Bu məsələdə Heydər Əliyevin nüfuzu, iradəsi, mübarizliyi,  həm də L.Brejnev və Y.Andropovla xoş münasibətləri böyük və həlledici rol oynayırdı.

 

Sovet “beynəlmiləlçilik” illərində də, Azərbaycanın müstəqilliyi dövründə də Heydər Əliyev dar çərçivədə millətçi olmayıb, başqa xalqlara münasibətdə ədavət bir yana, heç etinasızlıq da göstərməyib. Amma o, Bakıda,  Moskvada,  mürəkkəb şəraitdə işləyəndə də doğma Azərbaycanın, öz xalqının, mədəniyyətinin, tarixinin, doğma dilinin təəssübkeşi  idi.

 

Heydər Əliyevin son dərəcə zəngin hadisələrlə dolu taleyində bir məqam xüsusilə ibrətamizdir. Adətən siyasi xadimləri onlar tarixin malı olandan sonra  dəyərləndirirlər,  onların şəxsiyyətinin həqiqi miqyası, gördükləri işlərin əhəmiyyəti   zaman keçdikcə daha dəqiq  qavranılır.  

 

Heydər Əliyevin tərcümeyi-halının bir özəlliyi  ondadır ki, onun elə sağlığında, ədalətsiz şəkildə vəzifədən uzaqlaşdırılanda yeri  göründü. Moskvaya yüksək vəzifəyə dəvət olunaraq Azərbaycandan gedəndə və daha sonra o vəzifədən də uzaqlaşdırılanda, xalqımız ONSUZLUĞUN acısını dərindən dərk etdi. Yüz faiz əminəm ki, Heydər Əliyev Moskvadakı yüksək mövqeyindən uzaqlaşdırılmasaydı və hətta ən azı  Azərbaycanın rəhbəri vəzifəsində qalsaydı,  ermənilər heç vaxt Qarabağ kartını ortaya atmağa   cürət etməzdilər. Bunu erməni  siyasətçiləri də etiraf edir. Xain niyyətlərini həyata keçirməkçün cürbəcür intriqalar quraraq H.Əliyevi siyasi Olimpdən  kənarlaşdırmaq lazımdı və o, vəzifədən gedəndən düz iyirmi gün sonra adı bədnam akademik Aqandekyan Parisdə Qarabağ təxribatına start verdi. Hamıya aydın oldu ki, o iş başında olmayanda nələr ola bilərmiş. Xalqımız bu acı təcrübədən  düzgün nəticə çıxardı. Bütünlükdə cəmiyyət, onun siyasi qüvvələri, o cümlədən, müxaliflər, ona qarşı olanlar belə  dərk etdilər ki, Heydər Əliyev dəhşətli doxsanıncı illərdə Azərbaycanın  yeganə və sonuncu şansıdır.

 

1994-cü ilin oktyabr ayının bir qəzet nömrəsi qarşımdadır. 4 oktyabr tarixli “Azərbaycan” qəzetində  ABŞ-dan qayıtmış Heydər Əliyevin bir gün öncə televiziya və radio ilə yayımlanmış böyük nitqi yer alıb.  

 

Radio dinləyicilərini və televiziya seyrçilərini Amerikadakı görüşləri barədə məlumatlandıran Heydər Əliyev Azərbaycanı təhdid edən dövlət çevrilişi təhlükəsindən ciddi şəkildə  danışdı. Həmin günün axşamı o televiziya ilə yenidən çıxış etdi. Bu həyəcanlı çıxışı yaxşı yadımdadır:

 

“Azərbaycanın dövlətçiliyi  təhlükə altındadır. Ayrı-ayrı düşmən qüvvələr, silahlı qüvvələr dövlət çevrilişinə başlamışlar. Ona görə də, nə qədər gec olsa da, nə qələr çətin olsa da mən sizi ayağa qalxmağa dəvət edirəm.  Xahiş edirəm, zəhmət çəkəsiniz, Prezident Aparatının qarşısına  toplaşasınız. Kim Azərbaycana doğrudan da ürək yandırırsa, bu həlledici dəqiqələrdə bizimlə olmalıdır, Azərbaycanın müstəqil dövləti ilə birlikdə olmalıdır”.

 

Heydər Əliyevin daha sonra söylədiklərindən görünürdü ki, o əsl dövlət başçısı kimi öz missiyasını axıracan - yalnız təntənələrdə və rəsmi mərasimlərdə yox, həyatı üçün təhlükəli sınaq saatlarında da mərdliklə yerinə yetirməyə hazırdır.

 

“Əziz həmvətənlər, Azərbaycanın vətəndaşları!  Sizi əmin edirəm ki, Azərbaycanın dövlətçiliyini qorumaq üçün son nəfəsimə qədər, son damla qanıma qədər öz yerimdəyəm. Xalqla birlikdəyəm. Xalqın təhlükəsizliyini qorumağa çalışacağam. Bundan ötrü lazımi imkanlardan istifadə edəcəyəm. Eyni zamanda, əziz həmvətənlər, mən sizə güvənirəm, sizə arxalanıram. İstəmirəm ki, indi, bu günlər qan tökülsün.  Ona görə də sizi  küçələrə çıxmağa, mənim ətrafımda toplaşmağa dəvət edirəm”.

 

Bu çağırışdan sonra evdə oturmaqmı olardı?

 

Yusif Səmədoğluna zəng vurdum   Yusiflə,  Yusifin yoldaşı Nəmidə xanımla gecə vaxtı Prezident Aparatı binasının qarşısına gəldik. Meydan artıq camaatla dolu idi.  Qiyamçıların Prezident Sarayını gülləboran etmək niyyətləri barədə şayiələr dolaşırdı. Amma Heydər Əliyevin çağırışına cavab olaraq gecə yarı buraya toplanmış on minlərlə insan Prezidentin ətrafında canlı  sipər yaratmışdılar.

 

Sonuncu dəfə  Heydər Əliyevi Rəsul Rzanın yubileyində, indi Prezidentin adını daşıyan sarayda görmüşəm. O, böyük maraqla teatrlaşdırılmış tamaşaya baxırdı, Rəsul Rzanın, Nigar Rəfibəylinin sözlərinə bəstələnmiş mahnıları diqqətlə dinləyirdi. Gənc müğənnilərin ifalarını xüsusilə qeyd edirdi:

 

-Bizim necə də istedadlı xalqımız var, -  deyirdi,- hər dövrdə meydana yeni-yeni istedadlar çıxır, elə bil bulaqdılar, torpağın təkindən qaynayırlar.

 

Tamaşadan sonra  səhnəyə qalxdı, ifaçılarla səmimi söhbət etdi. Heydər Əliyevin bu söhbətindəki incəlikləri mən təfsilatı ilə  “Unudulmaz görüşlər” xatirə kitabımda yazıya almışam, çalışmışam ki, kağız üzərində olsa da o  nostalji duyğuları  yenidən canlandırım, o gecənin təkrarolunmaz anlarını yenidən yaşayım. Heyif, bu  mənim böyük şəxsiyyətlə son görüşüm oldu. O axşamdan sonra heç bir tədbirdə, toplantıda, təntənədə görüşməyi tale mənə qismət etmədi.

 

Sonuncu dəfə o sarayda nitqlə çıxış edəndə -  demə, bu  onun axırıncı çıxışı imiş -  Bakıda deyildim. Fədakar və cəfakeş  ömrünün son akkordu olan o dramatik anlar haqqında sonralar mənə müfəssəl danışdılar.

 

Geniş infarkt keçirmiş, səksən yaşın astanasına qədəm basmış, özünə rəhmi gəlmədən gecə-gündüz çalışmış, dincəlməyi, rahatlığı yaddan çıxarmış insan nitq söyləyərkən ürək ağrısından yıxılır, amma sınmış qabırğalarını eyninə almadan  yenidən səhnəyə qayıdır və yarımçıq qalmış nitqini davam etdirir. Yenidən yıxılır... və yenidən, dözülməz ağrılara tab gətirərək, ağlagəlməz güc və iradə ilə səhnəyə qayıdır ki, doğma xalqıyla vidalaşsın. Bu dəfə  həmişəlik...

 

Tale belə insanları xalqa yüz ildə, bəlkə də üç yüz il, beş yüz ildə bir dəfə  bəxş edir.

 

Arxivimdə Heydər Əliyevin bir foto-şəkli də var - Rəsul Rzanın 90 illik yubileyində çəkilib. Bu şəklə baxanda mənə elə gəlir ki,  Heydər Əliyev bizim hamımızla vidalaşır.   o cümlədən  mənimlə    vidalaşır...

 

Həyat davam edir. Hətta ən böyük və acı itkilərlə belə  tükənmir. Həyatın müdrikliyi bundadır. Kədəri, qəmli tərəfi də bundadır.

 

Heydər Əliyevin dəfn komissiyasına, sonra onun xatirəsinin əbədiləşdirilməsi komissiyasına daxil edildiyimdən mən o ağır günlərdə İlham Əliyevi yaxından müşahidə edirdim və onun özünü necə mətanətli  və iradəli apardığını görürdüm. Axı, o bu itkinin ağrısını hamıdan əvvəl yaşamışdı, daha doğrusu hamıdan xeyli qabaq bilmişdi ki, Heydər Əliyevin şəfa tapmasına ümid yoxdur.

 

İlham Əliyev Prezident seçiləndən sonra tez-tez çıxış edərkən  Azərbaycan dilində belə səlis danışması məni heyrətə gətirirdi. Məsələ ondadır ki,  orta məktəbdə də, institutda da rus dilində təhsil almışdı. Rusca təhsil alanlar, sonradan ana dilini nə qədər mənimsəsələr də, adətən fikirlərini  ifadə edəndə çətinlik çəkirlər. Bu zaman məhdud söz ehtiyatı da, cümlələrin, sözlərin uzlaşmaması da,  rusca düşündüyü fikri Azərbaycan dilində ifadə etmək cəhdi də hiss olunur. İlham Əliyevin nitqində bu kəsirlərdən heç biri yoxdur. Onun  ana dilində zəngin söz ehtiyatı var, o az işlənən ibarələrdən, sözlərdən belə yerində istifadə edir. Rus və ingilis dillərində də beləcə sərbəst danışır, amma bu - orta və ali təhsilin nəticəsidir. Azərbaycan dilini o sonra işlətməyə başlayıb, ancaq elə bil ki, doğulandan bu dilin təmiz axarında yetişib,  ömrü boyu bu dildə danışıb. Məlum olur ki, xüsusi dil qabiliyyətindən başqa, Heydər Əliyev oğlunu məqsədyönlü şəkildə mühüm dövlət missiyasına da mükəmməl hazırlayıbmış.

 

Məhz elə buna görə də gənc Prezidentimiz bu çox çətin və təhlükəli dövrdə  ölkəmizi açıq ya gizli şəkildə təhdid edən qüvvələr qarşısından geri çəkilmir, tarazlaşmış, müstəqil siyasət aparır, Qərbdən və Şərqdən, Şimaldan və Cənubdan çeşidli təzyiqlərə baxmayaraq Azərbaycanın ərazi bütövlüyü, işğal olunmuş topaqlarımızın qaytarılması yolunda  bir addım  güzəştə getmir.

 

Azərbaycanımızın əbədi müstəqilliyi, ərazi bütovlüyünün bərpa olunması  Ulu Öndər  Heydər Əliyevin ölməz ruhunun hamımıza əmanətidir.

ANAR

525-ci qəzet.- 2015.- 12 dekabr.- S.8-9