İnteqrasiyanın Azərbaycan modeli

 

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi

 

Müasir dünyada gedən inteqrasiya prosesləri bütün ölkələri, Yer kürəsinin bütün qitələrini əhatə edir. Bir çox tədqiqatçılar inteqrasiyanı yalnız zamanın tələbi deyil, həm də tarixin yenidən kəşf olunmuş qanunu adlandırırlar.

 

İnteqrasiya suveren dövlətlərin daxili və xarici siyasətinə korrektivlər edən, xalqların taleyində dönüş nöqtələrinə təkan verən fenomenə, dünya inkişafının başlıca meyllərinə çevrilib. Sevindirici haldır ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında, mükəmməl və praqmatik xarici siyasət həyata keçirən Azərbaycan, dünya miqyasında çox etibarlı tərəfdaş kimi tanınır. Ölkəmiz artıq dünya birliyinin bütün sahələrdə, xüsusilə də enerji sahəsində aparıcı tərəfdaşına çevrilib. Sözsüz ki, bunun arxasında ölkə rəhbərliyinin gərgin əməyi, əzmkar və müstəqil xarici siyasət kursu dayanır. İndi Azərbaycanın iştirakı olmadan, nəinki regionda, hətta dünya miqyasında heç bir strateji layihənin reallaşması mümkün deyil. Çünki hazırda Azərbaycan dünya siyasətinin və iqtisadiyyatının əsas faktorlarından birinə çevrilib.

 

Dünya birliyinə sürətli inteqrasiya və Azərbaycanın artan nüfuzu

 

Bütövlükdə, Azərbaycanda gedən inteqrasiya proseslərində əldə edilən uğurlar, hər şeydən öncə Heydər Əliyevin fenomenal siyasi lider amilinə əsaslanıb. Bu bir faktdır ki, Azərbaycanın qazandığı uğurların təməlində ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi daxili və xarici siyasət strategiyası dayanır. Azərbaycan dövlətinin Avropaya və dünyaya inteqrasiyasının siyasi prinsip və əsasları ulu öndərin alternativi olmayan qalibiyyət kursunun ayrılmaz tərkib hissəsi idi. Dövlət müstəqilliyinin ilk illərindən etibarən dünya birliyinə inteqrasiya istiqamətində kompleks tədbirlər həyata keçirən ümummilli liderin məqsədyönlü siyasətinin prinsipial məqamları Azərbaycan üçün böyük nəzəri-təcrübi əhəmiyyətə malikdir.

 

Müstəqilliyinin ilk illərindən BMT, ATƏT və İKT-yə üzv olan Azərbaycan həyata keçirilən ardıcıl siyasət nəticəsində 2001-ci ildə Avropa Şurası kimi mötəbər bir quruma qəbul edildi. Beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsinə böyük önəm verən Ulu öndər Avropa Birliyi, NATO və başqa təşkilatlarla sıx əlaqələr yaratdı, bu nüfuzlu qurumlar çərçivəsində qarşılıqlı faydalı münasibətlərin daha da inkişaf etdirilməsi üçün fəal xarici siyasət həyata keçirildi. Böyük əhəmiyyətə malik geosiyasi və geostrateji məkanda yerləşən Azərbaycan 1993-cü ildən etibarən bu mövqedən həm özünün, həm də tərəfdaşlarının yetərincə faydalanması üçün əlverişli imkanlar yaratdı, milli mənafelərinin və təhlükəsizliyinin təmin olunması istiqamətində önəmli addımlar atdı. Azərbaycan regional və qlobal səviyyədə fəaliyyəti, o cümlədən, beynəlxalq arenada əməkdaşlığı genişləndirərək və dərinləşdirərək müstəqil dövlət kimi çoxlu sayda beynəlxalq təşkilata üzv oldu. Ölkəmiz həmçinin GUAM regional qrupunun təsisçilərindən biridir. BMT Nizamnaməsinə, ATƏT və Avropa Şurası prinsiplərinə, dünya dövlətləri tərəfindən qəbul edilmiş digər beynəlxalq hüquq normalarına əsaslanan Azərbaycan dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə fəal və genişmiqyaslı əməkdaşlığını davam etdirir. Bu əməkdaşlıq siyasi, iqtisadi, mədəni, humanitar, hərbi sahələri əhatə edərək çoxşaxəli xarakter daşıyır və ölkəmizin milli maraqlarının daha dolğun ifadə olunmasına, beynəlxalq aləmdə aparıcı rol oynayan dövlətlərlə qarşılıqlı faydalı əlaqələrin möhkəmlənməsinə mühüm təsir göstərir.

 

Ümummilli lider Heydər Əliyevin başçılığı ilə xarici siyasətimizdə əldə olunan uğurlardan ən böyüyü beynəlxalq ictimai rəyin Azərbaycanın xeyrinə dəyişdirilməsi, Ermənistanın işğalçı dövlət kimi rəsmi sənədlərdə tanıdılması və dünya birliyini Azərbaycanın milli maraqlarına, ərazi bütövlüyünə və müstəqil siyasətinə həssaslıqla yanaşmağa inandıra bilməsi olub.

 

Akademik Ramiz Mehdiyev ulu öndərin bu siyasətini belə xarakterizə edib: "Heydər Əliyevin ölkənin mənafeyinə xidmət edən, dövlətin strateji maraqları üzərində qurulmuş, hərtərəfli düşünülmüş, özünün vəzifə və prinsipləri ilə seçilən bitkin, ardıcıl siyasəti bütün istiqamətlərdə bu gün də özünü doğrultmaqdadır. Azərbaycanın dünya birliyinə inteqrasiyası üçün apardığı çoxşaxəli fəal xarici siyasətin nəticəsidir ki, indi ölkəmiz dünyada gedən siyasi proseslərdə özünə layiqli yer tutmuş, nüfuzlu mövqe qazanmış, bütün dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığa nail olub. Bu gün Azərbaycanın uğurları dünyanın ən qüdrətli dövlətlərinin və nüfuzlu beynəlxalq qurumlarının diqqətini bizə yönəldib".

 

"Azərbaycan öz gələcəyini dünya məkanına daha geniş inteqrasiya edilməsində görür"

 

Hazırda Azərbaycan dövləti dünya birliyinə inteqrasiyanı milli inkişafın prioritet istiqamətlərindən biri hesab edir. Azərbaycan XXI əsrdə dünya iqtisadiyyatı və siyasətində özünün optimal təsərrüfatlarını müəyyənləşdirmək istiqamətində intensiv siyasi təlimini ardıcıl həyata keçirir. Azərbaycan Prezidenti İlham Əliyev 2004-cü il mart ayının 19-da Slovakiyada "Genişlənən Avropaya doğru: günün yeni mövzusu adlı beynəlxalq konfransdakı çıxışında bunları qeyd etmişdi: "Yeni layihələr və əməkdaşlıq proqramları, milyardlarla dollar dəyərə malik olub müstəqil ölkələrin həm bir-biri ilə, həm də bütövlükdə dünya məkanı ilə daha sıx əlaqələr qurmasına şərait yaradacaq. Bu, bizim istəyimiz və strateji məqsədimizdir. Azərbaycan öz gələcəyini dünya məkanına daha geniş inteqrasiya edilməsində görür. Biz bu istiqamətdə həlledici addımlar atırıq və mən Avropa və beynəlxalq strukturlarla əlaqələrin daha da möhkəmlənəcəyinə əminəm".

 

Müstəqil Azərbaycan dövlətinin liderinin beynəlxalq aləmdə etiraf olunmuş nüfuzu XXI əsrdə də ən başlıca inteqrasiya resursu olaraq qalmaqdadır.

 

Həqiqətən də Azərbaycan vətəndaş cəmiyyəti, demokratik və hüquqi dövlət quruculuğu istiqamətində Avropa standartlarına doğru hər gün daha da inamla addımlayır. Lakin öz siyasətini yalnız özü müəyyən edir.

 

Diplomatiya tarixində uğurlu səhifə

 

Azərbaycanın diplomatiya tarixində qazandığı ən böyük uğurlardan biri, heç şübhəsiz, 2011-ci il oktyabrın 24-də 193 dövlətdən 155-nin dəstəyini alaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsidir. Bu, ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun, ərazi bütövlüyünün və sərhəd toxunulmazlığının bir daha təsdiqlənməsi deməkdir. Digər tərəfdən, bu hadisə son illərdə Azərbaycanın dünya siyasətindəki müxtəlif qlobal problemlərin müzakirəsinə cəlb olunması, ölkəmizin regional siyasətlə yanaşı, dünya siyasətinin də əsas təsirli amillərindən birinə çevrilməsidir.Çünki beynəlxalq münasibətlər sisteminin böyük miqyaslı məsələlərinin müzakirəsi prosesində ölkəmizin artan fəallığı danılmaz faktdır. Bu gün ölkəmiz ümumilikdə regionun dünya birliyinə inteqrasiyası üçün qlobal əhəmiyyət kəsb edən təşəbbüslərlə çıxış edir və bu, beynəlxalq ictimaiyyət tərəfindən alqışlarla qarşılanır.

 

Azərbaycanın Avropa elm-təhsil məkanına inteqrasiyasına xüsusi diqqət yetirilir. Bu gün Azərbaycan regionda və dünyada dinamik inkişafın lideri kimi tanınır. İnkişaf templərinə görə beynəlxalq reytinq agentliklərinin, ekspertlərinin diqqət mərkəzində olan Azərbaycana bu maraq Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti ilə bağlıdır. Müasir dövlətin inkişafının ən mühüm göstəricisi kimi rəqabətə davamlılığa görə Azərbaycan MDB-nin bütün dövlətlərindən irəlidədir. Bu, dövlət başçısının bütün istiqamətlərdə dərin elmi əsaslar üzərində qurulan siyasətinin bəhrəsidir.

 

Bu faktı qeyd etmək yerinə düşər ki, hazırda Azərbaycanın xarici ölkələrdə 55 səfirliyi, 5 təmsilçilik ofisi, 18 beynəlxalq təşkilat yanında missiyası və 9 baş konsulluğu fəaliyyət göstərir. Respublikamızda isə 53 dövlətin səfirliyi, 3 baş konsulluq, 12 fəxri konsulluq və 20 beynəlxalq təşkilatın nümayəndəliyi mövcuddur.

 

Heydər Əliyev Fondunun müstəsna rolu

 

Danılmaz faktdır ki, bu gün milli mədəniyyətimiz, mənəvi dəyərlərimiz, folklorumuz, milli musiqimiz Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fədakar fəaliyyəti nəticəsində qlobal miqyasda təbliğ olunur. Fondun fəaliyyəti yalnız Azərbaycan xalqının tarixi və mədəniyyətini inkişaf etdirmək və yaymaqla bitmir, eyni zamanda bütün dünya xalqlarının mədəni ənənələri və təcrübəsi ilə ətraflı tanışlıq prosesi gedir. Dünyanın ən nüfuzlu mədəniyyət qurumu tərəfindən Heydər Əliyev Fondunun dünya mədəniyyətinə inteqrasiya fəaliyyətinin düzgün elmi əsaslar və siyasət üzərində qurulduğu xüsusi vurğulanır. Deməli, mədəni inteqrasiya modelinin optimal variantı Azərbaycanda artıq müəyyən olunaraq inkişaf etdirilir.

 

Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva bu mövzuda açıqlamasında deyib: "Biz dünyanın müxtəlif ölkələrində Azərbaycan günləri və Azərbaycan gecələri keçirməklə ölkəmizin keçmişini, tarixini, mədəniyyətini, bu gününü, müstəqil Azərbaycanın nailiyyətlərini, tolerantlıq və dözümlülük ab-havasını bütün dünyaya tanıtmaq istəyirik. Belə görüşlərdə insanlar Azərbaycanı özləri üçün yenidən kəşf edirlər. Biz fəaliyyətimizi genişləndirərək bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq qurmuşuq, birgə layihələr icra etmişik. Bizim tərəfdaşlarımız arasında UNESCO, İSESCO, UNİCEF, BMT İnkişaf Fondu kimi nüfuzlu beynəlxalq qurumlar var. Eyni zamanda, ölkəmizin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərini dünya ictimaiyyətinə çatdırırıq. Biz bu gün "Xocalıya ədalət!" kampaniyasının müsbət nəticələrini görürük".

 

"Azərbaycan beynəlxalq münasibətlərin əsas aktorlarından biri kimi dünyada özünəməxsus yer tutduqca..."

 

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov  deyir ki, Azərbaycan dövləti formalaşdıqca, beynəlxalq münasibətlərin əsas aktorlarından biri kimi dünyada özünəməxsus yer tutduqca, ikitərəfli münasibətləri yerinə yetirir: "Bu ikitərəfli münasibətlərə bir tərəfdən səfirliklərin açılması, qarşılıqlı mədəni, sosial, siyasi, iqtisadi münasibətlərin yaradılması, digər tərəfdən ölkələrin xalqları ilə münasibətlərin inkişaf etdirilməsi sahəsində işlər daxildir. Biz mövcud problemləri dünya dövlətlərinin, dünya xalqlarının, beynəlxalq qurumların diqqətinə çatdırmaq istiqamətində səmərəli fəaliyyət göstəririk".

 

Tam əminliklə demək olar ki, İlham Əliyevin həyata keçirdiyi müstəqil xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri daha da möhkəmlənərək, bu diplomatik reallıqlar fonunda respublikamızın Avropaya və dünya birliyinə inteqrasiyası xeyli sürətlənib. Dövlət başçımızın məntiqli xarici və daxili siyasəti, uğurlu diplomatik fəaliyyəti belə deməyə əsas verir ki, Azərbaycan növbəti illərdə də hərtərəfli inkişaf tempini saxlayacaq, ölkəmizin həm regional, həm də qlobal səviyyədə mövqelərinin möhkəmlənməsi davam etdiriləcəkdir.

 

İbrahim CƏFƏROV

525-ci qəzet.- 2015.- 15 dekabr.- S.8.