Bu dünyaya əl
yellədib gedən insan
Rekviyem
1943-cü ilin bir
payız axşamı
Ağdamın 32-lər tayfasının
Zəngişalı kəndində
Nağılar Əşrəf
kişinin bir oğlu dünyaya gəldi. Allaha min şükür!
Kişinin biri də artdı, yaradan özü ruzusunu yetirsin - dedilər.
Adını Zahid qoydular...
Kim qoydu, niyə qoydu bilən olmadı... Ad qoyan
tale yazmır. Bəxtimizi tanrımız yazır... Tanrımız da onu məşəqqətli
illərin qada-balasından
qorudu...
Ayağı yer tutan kimi yeridi, dili
söz tutan kimi danışdı. Kim idi onun nazı ilə oynayan. Müharibə
insanların başını
elə qatmışdı
ki...
Əməköməci, quşəppəyi yığa-yığa
böyüdü, dirədöymə,
çilingağac oynaya-oynaya
bərkidi.
Heç ozü də bilmədi yeddi yaşa nə vaxt çatdı. Təkcə balaca
əllərinin qabarı,
solğun çöhrəsinə
çökmüş kədər
o qanlı-qadalı illərdən,
o məşəqqətli günlərdən
xəbər verirdi.
Bir də anası Məhbubənin qara kağızı gələn əzizləri
üçün nalə
çəkə-çəkə dediyi ağılar ömrü boyu qulağından getmədi...
Yaxşı ki, Əşrəf kişinin atalar məsəlinə, zərb-məsələ
çevrilən duzlu-məzəli
sözləri, söhbətləri
vardı. Zahid heç nə olmasa da gözünü,
könlünü bu hikmətli sözlərlə, söhbətlərlə
doyurardı.
Yeddi il Zəngişalıda,
iki il Mahrızlı
kənd orta məktəbində oxudu. Əsgərlik yaşı çatdı.
Üç il
əsgərlik çəkdi.
Qəlbindəki sevgi də çiçəklədi,
min budaq oldu...
1964-cü
ildə, elə əsgərlikdən gələn
kimi, Bakı Maliyyə-Kredit Texnikumuna sənəd verdi.
Tələbə olmağın sevincini
daddı. Yaxşı oxuduğuna,
ədəb-ərkan sahibi
olduğuna görə
onu komsomol komitəsinin katibi seçdilər.
Texnikumu bitirdi. Sonra ali
təhsil aldı, sonra aspiranturaya daxil oldu...
O, elmi-tədqiqatla məşğul
olmaq, illər uzunu ona rahatlıq
verməyən saf, ülvi arzularını həyata keçirmək istəyirdi. Amma həyatda bütün arzular çin olsa nə vardı
ki...
Həyatın gözəgörünməz fırtınaları
Zahid Nağıyevi çox sınaqlardan keçirdi, çox bərkə-boşa saldı. Tanrısı
əvəzində onu
ləyaqətli bir
xanımla ömürlük
qoşalaşdırdı.
Sən nə sayırsansa say, amma fələyi
unutma! Zahid də unutmadı, ürəyindəki Tanrı
sevgisi heç zaman öləzimədi...
Zaman bir yel kimi ötüb
keçdi. Heç bilmədi vaxt
qabağa gedir, yoxsa geriyə?! Bir də gördü ki, Dövlət Statistika Komitəsində çalışır. Sıravi statist vəzifəsindən Baş
Hesablama İdarəsinin
rəis müavini vəzifəsinədək yüksəldi.
Elmə, təhsilə olan marağı onu Maarif Nazirliyinə çəkib apardı...
1986-1988-ci illərdə həmin
nazirliyin plan-maliyyə
idarəsində rəis
müavini, 1989-1990-cı illərdə
Xalq Təhsili Nazirliyində şöbə
müdiri vəzifələrində
çalışdı. Nəhayət,
uzun müddət Təhsil Nazirliyində işlədikdən sonra baş məsləhətçi
kimi təqaüdə
çıxdı...
Təqaüdə çıxandan sonra
bir-birinin ardınca müxtəlif məzmunlu onadək
kitabı işıq üzü gördü, amma heç vaxt yazıçı olmaq iddiasına düşmədi.
Bu dünyada ətir
saçan adi bir çiçək, bir narın payız yağışı,
bircə kəlmə hikmətli söz onu heyrətə gətirər, sevindirər,
ona sonsuz ləzzət verərdi.
Bilirdi ki, dünyanın malı elə burda qalacaq… Ona görə yaxşılıq
eləməyi həyat
tərzinə çevirmişdi.
Yaxşılıq təmənnasız olmalıdır - deyərdi.
Əl tutub əvəzini xaliqdən istəməzdi...
Nə qədər
müdrik olsa da, körpə uşaq kimi sadəlövh idi. Ürəyi
dağların qarı
kimiydi...
Ömür-gün yoldaşı Zərifə
müəllimə ilə
üç övlad böyütdülər, ali təhsil verib, toylarını da etdilər.
Baba oldu. Hətta yeni dil açan nəvələrinin məzəli
söhbətləri, bütün
dərdləri unutduran
sehirli gülüşləri
belə işğal olunmuş torpaqlarımızın
nisgilini onun qəlbindən silə bilmədi… Heç papağını da götürmədi... Əlini yelləyib
getdi bu dünyadan ... Özü ilə yalnız sevgi və sayğı
apardı.
Bu dünyada hamı gəldi-gedərdi…Tanrımız
insanların pisini də, yaxşısını
da - sənin kimi xeyirxah, millət dərdi, Vətən dərdi çəkənləri də
ölümlə mükafatlandırır...
Ölümün xeyir, Zahid Nağıyev! Qəbrin nurla dolsun, Vətən
oğlu, Azərbaycan ziyalısı!
Arif QULİYEV
Azərbaycan
Yazıçılar Birliyinin üzvü, Akademik Yusif Məmmədəliyev adına
mükafatın laureatı
525-ci qəzet.-
2015.- 15 dekabr.- S.8.