İstedadlı ifaçının ilk uğurları
Üzeyir
Hacıbəyli adına
Qarabağ Muğam Mərkəzində istedadlı
muğam ifaçıları nəsli
yetişir. Onların arasında 12 yaşlı
Nəcibə Məmmədovanın
adı xüsusi yer tutur.
C.İbrahimov adına Ağcabədi şəhər
8 saylı tam orta məktəbinin VII sinif şagirdi olan bu istedadlı qız hələ kiçik yaşlarında
ikən məlahətli
səsi, şirin avazı ilə valdeynlərinin və müəllimlərinin diqqətini
çəkib. Atası Faiq
ona Qarabağ Muğam Mərkəzində
təhsil almağı
məsləhət bilib.
Nəcibə ötən
il müsabiqə
yolu ilə adıçəkilən mədəniyyət
müəssisəsinin muğam
şöbəsinə qəbul
olunub. Maraqlıdır ki, onun qardaşı Hafiz Məmmədov
da həmin şöbənin III sinfində
musiqi təhsili alır.
Nəcibə Məmmədova Muğam Mərkəzində müəllimi
İsa Məmmədov
və tanınmış
xanəndə Qəzənfər
Abbasovdan muğam sənətinin sirlərini
öyrənir, ustad dərsləri alır.
Gənc ifaçının dediyi kimi, ilk dəfə oxuduğu "Anacan" xalq mahnısı uğurlu alınıb və müəllimləri tərəfindən çox bəyənilib. Bu ifa onun özünə olan inamını daha da artırıb. Təsadüfi deyildir ki, qısa müddət ərzində Nəcibə muğamlarımızı, xalq mahnılarımızı məharətlə ifa etməyə başlayıb. Onun səsləndirdiyi "Şahnaz", "Bayatı-kürd", "Qatar" muğamları, "Qarabağ şikəstəsi" və "Heyratı" zərb-muğamları, "Elə bəndəm", "Bəh-bəh, "İrəvanda xal qalmadı", "Bəri bax" və sair xalq mahnıları rəğbətlə qarşılanıb.
Yüksək səs tembrinə, ifaçılıq qabiliyyətinə, şaqraq zəngulələrə malik Nəcibə Məmmədova Qarabağ Muğam Mərkəzinin "Aysel" uşaq özfəaliyyət ansamblının müşayiəti ilə tarixi günlərdə, bayram tədbirlərində, şənliklərdə təşkil olunan konsert proqramlarında da tez-tez çıxışlar edir. Onun sərgilədiyi yaşına uyğun gəlməyən gözəl ifalar tamaşaçılara xoş ovqat, yüksək əhval-ruhiyyə bəxş edir. Bu yaxınlarda "El" TV kanalında canlı yayımla ifa etdiyi "Şahnaz" muğamı və "Vətən yaxşıdır" mahnısının ifası da Nəcibəyə uğur qazandırıb.
Şübhəsiz, bu uğurlu çıxışlar istedadlı gəncin gələcək karyerasından xəbər verir. Gələcəkdə məşhur xanəndə olmaq istəyini gizlətməyən gənc ifaçı Muğam Mərkəzində təhsilini başa vurduqdan sonra, hazırlığını davam etdirmək, ali təhsil almaq fikrindədir. Bu məqsədlə o müəllimləri tərəfindən verilən tapşırıqları böyük həvəs və şövqlə yerinə yetirir, onların məsləhətlərini dinləyir, muğam sənətinə dərindən yiyələnməyə can atır.
Balaca xanəndə gələn il keçiriləcək televiziya muğam müsabiqəsinə və Qara Qarayev adına Beynəlxalq Musiqi Festivalına qatılmaq niyyətindədir. O, öz imkanlarını nəzərə alaraq, daim ciddi hazırlaşır, repertuarını zənginləşdirir. Elə bu səbəbdən də sözügedən respublika televiziya müsabiqəsi və musiqi festivalının finalında iştirak edəcəyinə inanır. Nəcibənin uğurlarını yüksək dəyərləndirən Ü.Hacıbəyli adına Qarabağ Muğam Mərkəzinin direktoru Tofiq Cəfərovun dediklərinə görə, onunla birlikdə növbəti respublika televiziya muğam müsabiqəsində Muğam Mərkəzinin digər istedadlı yetirmələri, Ceyhunə Şirəliyeva, Nərmin Sultanova və Zəhra Məmmədova da iştirak edəcəklər.
Yəhya PAŞAZADƏ
525-ci qəzet.- 2015.- 15 dekabr.- S.7.