Mifik və bədii düşüncə tariximizin maraqlı səhifəsi: Əshabi-Kəhfə bir hekayət

 

 

Pedaqoji və uşaq mətbuatı tarixinə aid silsilə yazılar hazırlayarkən "Maarif" jurnalının 1921-ci ilə aid birinci nömrəsində Quran mövzusunda olan maraqlı bir yazıya rast gəldim. Müəllifi Kərim İsmayılzadədir. Kərim İsmayılzadə Zaqafqaziya Müəllimlər Seminariyasının 1890-cı il məzunlarındandır (Nəriman Nərimanov da Qori seminariyasını 1890-cı ildə bitirib).

 

"Kəşkül" qəzetinin 29.08.1890-cı il tarixli 109 -cu nömrəsində verilən xəbərə görə, həmin il seminariyanı qurtaranların cərgəsində Nəsənzadə, Qiyasbəyzadə, Qaibzadə, salyanlı Axundov da vardı. Seminariyada onların ana dili və şəriət müəllimi salyanlı Axund Əbdüssəlam Axundzadə (1843-1907) olub. Bu, o Ədüssəlam Axundzadədir ki, 1879-cu ildə seminariyanın müsəlman şöbəsinin açılışında şirvanlı Seyid Əzim Şirvaniyə müəllimlik vəzifəsi uğrunda müsabiqədə qalib gəlmişdi. Ə.Axundzadə 1894-cü ildən ömrünün sonunadək Qafqaz Müsəlmanları Şiə Ruhani İdarəsinin sədri, Zaqafqaziya şeyxülislamı olub. N.Nərimanov sonralar yazırdı ki, "Qori Seminariyasında elmini tamam edib, indi qələm tutan 5-3 nəfər varsa, axund Əbdüssəlamın tərbiyəsinə bağlıdır".

 

Kərim İsmayılzadə haqqında məlumatlar olduqca azdır. Sovetlər dağılandan sonra biz XIX əsrin maarifçilik tarixinin əsas mənbələrindən uzaq düşmüş, adda-budda mənbələrdən faydalanaraq bəzi tarixləri ictimai-siyasi həyatımızın əks olunduğu, ilişib qaldığı təsadüfi məxəzlərdən  öyrənməli olmuşuq.

 

 Kərim İsmayılzadə 1890-cı ildə Tiflis yaxınlığındakı Qori şəhərində yerləşən Zaqafqaziya Müəllimlər Seminariyasını bitirəndən  sonra bir müddət Vedidə müəllim işləyib. Qafqaz Təhsil Dairə rəhbərliyinin əmri ilə o, 15 sentyabr 1892-ci ildə Nehrəm kənd məktəbinə müəllim vəzifəsinə təyin olunub. Kərim müəllim burada cəmi 2 il müəllim işləyir. Kərim müəllim Nehrəmdə işləyərkən bu kəndin tarixi keçmişi, etnoqrafiyası haqqında irihəcmlı əsər yazır. Əslən şəkili olan Kərim İsmayılzadənin "Maarif" jurnalında çıxan "Ölən şəhər" yazısı da bu silsiləyə daxil olan əsərdəndir. "Ölən şəhər" əsəri çap olunanda K.İsmayılzadə Bakı məktəblərində çalışırdı. O, pedaqoji və uşaq mətbuatında hesab fənninə, o vaxtlar dəbdə olan elm və təbiət tarixinə aid  aid maraqlı yazıları ilə gənc oxucuların və müəllimlərin bədii, elmi və riyazi təfəkkürünü zənginləşdirirdi.

 

Yeri gəlmişkən, onu da qeyd edək ki, XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində  Azərbaycanın maarifçilik həyatında  məktəb müəllimləri əhəmiyyətli yer tuturdular.   XX əsrin əvvəllərində Azərbaycan maarifçiləri öz fikirlərini publisistik sözün qüdrətilə ifadə etməyi daha münasib hesab edirdilər. Onlar XIX əsrin daha çox mətbuatla tanınan maarifçilərinin - "Əkinçi" qəzetinin (1875-1877) redaktoru Həsən bəy Zərdabinin (1842-1907), Tiflisdə nəşr olunan "Ziya" (1879-1880) və "Ziyayi- Qafqasiyyə" (1880-1884) qəzetlərinin naşiri və redaktoru Hacı Səid Əfəndi Ünsizadənin (1825-1905), publisistik yaradıcılığa "Ziya" qəzetinin redaktoru kimi başlayan,1883-cü ilin yanvarından nəşr edilən "Kəşkül" jurnalının və "Kəşkül" qəzetinin naşiri və redaktoru Cəlal Unsizadənin (1854- 1928 (bu tarix hələ tam dəqiqləşdirilməyib-N.N.), XIX əsr Moskva və Tiflis rusdilli mətbuatının fəal müxbirlərindən biri olan Məhəmməd ağa Şahtaxtinskinin pedaqoji irsinə  bələd idilər. XX əsrin təhsillə bağlı olan görkəmli nümayəndələri Mustafa Mahmudov, Nəriman Nərimanov, Sultan Məcid Qənizadə, Həbib bəy Mahmudbəyov, Ağa bəy İsrafilbəyli, Cəmo bəy Cəbrayılbəyli, Abdulla Şaiq, S.S.Axundov, Fərhad Ağazadə, Əliisgəndər Cəfərzadə, Mahmud bəy Mahmudbəyov və başqaları zəngin və rəngarəng ziyalılıq mədəniyyəti ilə nümunəvi vətəndaş kimi tanınırdılar.Təsadüfi deyil ki, pedaqoji mətbuatla tanınan bu ziyalıların  çoxu sonralar Xalq Maarif Komissarlığına dərslik və nəşriyyat şöbəsinə işləməyə və əməkdaşlığa dəvət olunmuşdular. Mətbuat tariximizdə özünə şərəfli yer tutan "Rəhbər", "Məktəb", "Dəbistan", "Maarif" , "Qırmızı günəş", " Məktəb məcmuəsi" kimi uşaq və pedaqoji mətbuat nümunələri sinifdənxaric oxu kitabları kimi nəzərdə tutulmuşdu. Bu məcmuə və jurnalların əsas məqsədlərindən biri sözü simvol və rəmzlərlə söyləməyə xidmət edirdi. Mənə elə gəlir ki, "Ölən şəhər"də də diqqət bu məqsədə yönəldilmişdi.

 

lll

 

Bu mövzunu çoxdan işləmək istəyirdim: ölçürdüm, biçirdim, forma axtarışlarına çıxırdım. Dillərini bilsəm də, bilməsəm də dünya "GOOGLE"larına üz  tuturdum. Yaxşı mənada bir ilişiklik axtarırdım. Nə isə... Sirlərlə, rəmzlərlə, söz içində söz deməyin yüz yolunu göstərən bu yazını oxucuların diqqətinə çatdırıram.

 

lll

 

Kərim İsmayılzadənin  1921-ci ildə "Maarif" jurnalında çap olunan "Ölən şəhər" adlı əsəri dünyanın bir sıra ölkələrində yayılan "Əshabi-kəhf" (buna hekayə də, rəvayət də, əsatir də deyirlər) adı ilə tanınan əsərin nəzirəsi və təbdilidir. Əsərdə zalım və allahlıq iddiasında olan ölkə başçısının əlindən dağlardakı mağarada özlərinə sığınacaq tapmış yeddi nəfərin taleyindən söz açılır.

 

"Ölən şəhər" əsərinin ərəb yazıçısı İmat əl-Şafenin "Əshabi-Kəhf" hekayəsi əsasında yazıldığı güman edilir.

 

"Əshabi-Kəhf"in müxtəlif variantları var.  Bədii, publisistik və elmi yaradıcılığı hələ də kölgədə qalan Kərim İsmayılzadənin "Ölən şəhər" hekayəsini yazı üslubuna və orfoqrafiyasına müdaxilə etmədən oxucuların diqqətinə çatdırırıq. Babalarımızın dünyagörüşlərini, ətraf mühitə münasibətlərini, düşüncə tərzini öyrənmək baxımından   Zaqafqaziya Müəllimlər Seminariyasının 1890-cı il məzunlarından biri, Nəriman Nərimanovun tələbə və əqidə dostu Kərim İsmayılzadənin dünyanın bir sıra ölkələrində geniş şəkildə dolaşan, xalq əsatiri əsasında yazılmış bu hekayəsinin orta məktəb dərsliklərinə daxil edilməsi məqsədəuyğun olardı.

"Ölən şəhər"  

 

Kərim İSMAYILZADƏ

 

Naxçıvan şəhərinin 12 verstliyində Nehrəm kəndinin yanında bir böyük düzən vaqedir. Bu düzəndə keçmişdə böyük və məmur (abad-N.N.) şəhər olmağı ənqazindən (xaraba, qalıqlar-N.N.) aşkardır: xaraba divarların altından dəfaətlə gümüş və mis pul, mis qab tapılır. Xərabələr qazıldıqda yer altından parçaçı dükanları çıqıyur. Nehrəmlilər xarabaları qazıb bişmiş kərpicləri öz tikintilərinə işlədirlər. Bu kərpic öylə əla kərpicdir ki, əsrimizdə misli yoqdur. Topraq altından çıqan parçaçı dükanlarında ğəribə ipək və yun və qumaş görünyor. Lakin bu qumaşlara əl vurduqda çürüyüb topraq olmağı aşkar oluyor. Ətraf əhali bu xərabələrə "Ölən şəhər" deyirlər və böylə bir əsatir nəql edərlər.

 

Həzrət İsanın təvəllüdündən neçə qərinə qabaq burada böyük və gözəl bir şəhər var imiş. Bu şəhərin padşahının adı Dağyanus imiş. Dağyanus zalım və məğrur və təkəbbürlü bir padşah imiş. Özü üçün kərpicin biri qızıldan, biri gümüşdən bir saray yapdırmış və adını da behişt ( cənnət-N.N.) qoymuş. Kibr (lovğalıq-N.N.) və ğüruru bir payəyə (burada: mərtəbəyə-N.N.) yetmiş ki, özünü məbud (Allah-N.N.) sanub təəbəsini çəbrən özünə səcdə etdirərmiş. Sübh gün çıxanda və axşam gün batan zamanı gözəl, cavan qız və oğlanlar nəğmələr ilə Dağyanusun üluhiyyətini (allahlılığını-N.N.) vəsf edərlərmiş. Kəndisi də libası və saqqalı cəvahrat ilə məəzzin olduğu halda, müğənnilərin önündə durarmış. Çıxan və ya batan günəşin şüası düşdükdə bu şah əksandaz olub cəbrən səcdə üçün toplanmış əhalinin gözlərini qamaşdırarmış. Bunu hiss edən əhali səcdəyə düşüb, deyərlərmiş:

 

"Həqqa, sən bizim tanrımızsan".

 

Dağyanus Araz çayının kənarında bir makina inşad etdirmişdi ki, istədigi vəqt bu makina vasitəsilə yağış yağdıra bilərdi. Quraqlıq keçən illərdə əhalinin ricası üzrə ətrafa yağış yağdırıb bu yol ilə əvamlar qəlbində üluhiyyətini möhkəmləşdirərdi.

 

Üluhiyyətini inkar edən, asi düşən adamları cürbəcür aqibətlər ilə cəzalandırardı. Bununla belə üsyançıların sanı gün-gündən artmaqda idi. Axırda əhali bunun zülmündən, ğururindən təngə gəlib üsyan qaldırdı, inqilab törətdi. Süləhadan (ixtiyarı olanlardan - N.N.) yeddi nəfər xalqın arasında Dağyanusun məxluq və zülm və məğərru bir hakim olmasını söyləyürdü. Dağyanus inqilabçıları olmazım əzablar ilə cəzalandırıb inqilabı yatırtdı.

 

Yeddi nəfər süləha bir tövr ilə xilas olub yaxında olan bir mağarada gizləndilər. Örümçəklər bu mağaranın tor çəkib orada gizlənən süləhanı xəlqin gözündən gizlətdilər. Bu yeddi kişi mağarada yatıyor. Bu minval ilə iki yüz ilə yuqlayır. Yuquya vardıqdan bir az keçməmiş Dağyanusun zülmilə bina olunmuş höküməti, şəhəri,qəsri düşmən alanda müzməhill (alt-üst - N.N.) oluyor.

 

İndi yüz yıldan sonra məğarada yatan yeddi kişi yuxudan ayılur.

 

Biri: "Bah nə çox yatmışıq" deyüb Allaha ibadət etməyi və Dağyanusun zülmündən xilas olmağın şükrini (minnətdarlığını - N.N.) yerinə yetirməgi təklif ediyor. İbadətdən sonra bunlar aclıqlarını hiss ediyorlar. Ciblərində olan qara puldan bir qədər yoldaşların birinə verüb Naxçıvana çörək almaq üçün göndərürlər.

 

 Bu adam Naxçıvana gəlüb çörəkçidən  çörək alur və cibindəki pulu çörəkçiyə veriyor. Çörəkçi diqqət ilə pula baxdıqda görüyor sikkə Dağyanus sikkəsidir .  "A kişi,- deyir,- bu Dağyanus sikkəsidir, yəqin sən Dağyanusun sikkəsini tapmısan . İki yüz yıl var ki, bu pul ortalıqdan çıxmış".

 

Bunların bu danışığına adamlar toplanur. Hakimə xəbər gediyor ki, bir kişi Dağyanusun xəzinəsini tapmış, pulları da bazarda xərc ediyor. Hakim bu adamı dutmaq üçün fərraşlar göndəriyor. Nə isə bir tövr ilə bu adam qaçub mağaraya yoldaşlarının yanına gəlür və əhvalatı söyləyür. Bunlar qorquya düşüb Allah təaladan istiğaşə (təmənna - N.N.) ediyorlar ki, bunları bu yeni düşməndən xilas etsün. Bu yeddi nəfər gözdən gözdən ğayib oluyor. O vəqtdən bəri bu kişilərə "Əshabi-Kəhf", mağaraya "Əshabi-Kəhf mağarası" deyürlər. Hər il ətraf əhali bilafərq (istisnasız - N.N.) məzhəb bu mağaraya ziyarətə gediyorlər.

 

 

Nazim NƏSRƏDDİNOV

Əməkdar müəllim, Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının bölmə üzvü

 

525-ci qəzet.- 2015.- 15 dekabr.- S.6.