İnsan hüquqlarının qorunması prioritet vəzifə kimi

 

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

 

Azərbaycanda iqtisadi inkişafla yanaşı, ictimai-siyasi həyatda müsbət dəyişikliklərin olması da göz önündədir.

 

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial, siyasi fəallığının artırılması dövlətin ən ümdə siyasi xətlərindən biridir.

 

Ana Yasamızın 12-ci maddəsində də müəyyən edilib ki, insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədi ilə 27 dekabr 2011-ci ildə Milli Fəaliyyət Proqramı qəbul edilib. Sənəddə öncə normativ-hüquqi bazanın təkmilləşdirilməsi müəyyən olunmuş formalara əsasən təsbit olunub. Onu da nəzərə çatdırmaq lazımdır ki, insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı çərçivəsində xeyli sayda qanunlar qəbul olunub, bəzilərinə əlavə dəyişikliklər edilib.

 

Bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları bu gün hamının anladığı və qəbul etdiyi əvəzsiz nailiyyətdir. Tarixi hadisələr də təsdiq edib ki, insan hüquqlarına hörmət və bu sahəyə dövlət səviyyəsində diqqət yetirmək müasir dünyaya qovuşmağın əsas yoludur. Demokratik proseslərin və milli inkişafın, ən vacib şərti kimi qəbul olunan insan hüquqlarına hörmət və onların müdafiəsi hər bir dövlətin ali vəzifəsidir. Bu gün Azərbaycanın dünya birliyində müstəqil, hüquqi, demokratik dövlət kimi tanınması, ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsi, habelə müdafiə olunması məhz ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.

 

1991-1993-cü illər ərzində ölkəmizin ictimai-siyasi həyatında baş verən təlatümlü hadisələr, vətəndaş qarşıdurması, xaos, anarxiya və özbaşınalıq insan hüquqlarının real həyatda təmin olunmasına öz mənfi təsirini göstərmişdi. Amma ulu öndər Heydər Əliyevin xalqın təkidli xahişlərindən sonra hakimiyyətə qayıdışı ilə Azərbaycanda dövlət quruculuğu sahəsində köklü islahatlara başlanıldı. Ölkəmizdə insan hüquq və azadlıqlarının təmini və müdafiəsinin müəyyən olunması, bu sahədə hüquqi bazanın yaradılması istiqamətində mühüm addımlar atıldı. Ümummilli liderin respublikaya rəhbərliyi dövründə insan hüquq və azadlıqlarının təmin edilməsi ölkəmizdə gedən böyük demokratik proseslərin tərkib hissəsi kimi diqqət mərkəzində saxlanılan prioritet məsələlərdən biri oldu. Bu hüquqlar gündəlik həyatımızda öz real təminatını almaqla yanaşı, həm də hüquqi normativ sənədlərdə əksini tapıb. Ulu öndər insanların hüquqlarının qorunmasını prioritet vəzifə hesab edir, bu sahədə riskli və prinsipial addımlar atmaqdan belə çəkinmirdi. Bu baxımdan 1993-cü ildən ölüm hökmü cəzası üzərində moratorium qoyulmasını, 1998-ci ildə isə bu cəzanın tamamilə ləğv edilməsini xüsusi qeyd etmək lazımdır.

 

Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasında demokratik, hüquqi dövlət quruculuğu və insan haqlarının qorunması dövlətimizin ali, strateji məqsədi kimi önə çıxarılıb. İlk dəfə olaraq, həmin Konstitusiyanın maddələrinin üçdə bir hissəsi məhz insan hüquq və azadlıqlarını özündə ehtiva edir. Konstitusiyanın 71-ci maddəsində təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu hesab edilir. Həmin maddədə daha sonra göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəlmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan ərazisində insan və vətəndaş hüquq və azadlıqları birbaşa qüvvədədir.

 

İnsan hüquqları sahəsində tədbirlərin məqsədyönlü şəkildə həyata keçirilməsi üçün Heydər Əliyevin təşəbbüsü ilə respublikamız dünya birliyinin tamhüquqlu subyekti kimi 200-ə qədər, o cümlədən, insan hüquq və azadlıqlarının qorunması sahəsində 40-dan çox mühüm beynəlxalq konvensiyaya qoşulub. Bu konvensiyalardan 1966-cı il Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Pakt, 1966-cı il İqtisadi, Sosial və Mədəni Hüquqlara dair Beynəlxalq Pakt, BMT-nin 1989-cu il Uşaq Hüquqları Konvensiyası, BMT-nin Qadınların Siyasi Hüquqlarına dair 1952-ci il Konvensiyası, BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunmasına dair 1979-cu il Konvensiyası, İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv olunmasına dair 1965-ci il Beynəlxalq Konvensiyasını və digərlərini göstərmək olar.

 

Günahkarı bağışlamağı bacarmaq...

 

Ümummilli lider Heydər Əliyevi böyük şəxsiyyət kimi xarakterizə edən mühüm keyfiyyətlərdən biri də günahkarı cəzalandırmağı da, şans verərək bağışlamağı, islah etməyi də bacarması idi. Əfvetmə institutunun bərpası və Əfv Məsələləri Komissiyasının yaradılması da bu istiqamətdə atılan mühüm addımlar kimi dəyərləndirilməlidir. Ulu öndərin təşəbbüsü ilə 1998-2002-ci illərdə "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Qanun, "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı", "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanunu qəbul olundu.

 

Hər şey insan üçün 

 

Hazırda Ulu öndərin siyasi xəttini layiqincə davam etdirən Prezidentimiz İlham Əliyev bütün sahələrdə olduğu kimi, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində də qətiyyətli addımlar atır. Sözün həqiqi mənasında dövlətbaşçısının insan hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirdiyi tədbirlər bu gün dünya birliyində də yüksək dəyərləndirilir. Təkcə bir faktı diqqətə çatdıraq ki, Prezidentin sərəncamları ilə son on iki ildə 40 mindən çox məhkum azadlığa buraxılıb.Yüksək humanizm prinsipləri ilə daim diqqətdə olan Azərbaycan Prezidenti 2003-cü ildən indiyədək 30-dək əfv sərəncamı imzalayıb.

 

Dövlət başçısı indiyədək bir neçə dəfə amnistiya aktına imza atıb. 2007-ci ildə 9877 məhkum barəsində, 2009-cu ildə 9564, 2013-cü ildə 10 040 məhkum barəsində amnistiya tətbiq edilib. Bundan əlavə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bir neçə dəfə amnistiya aktı qəbul olunub. Bu mərhəmət sayəsində on minlərlə məhkum azadlığa qovuşub.

 

Azərbaycan Prezidentinin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə respublikamızda hər il 18 iyun- İnsan Hüquqları Günü kimi qeyd olunur.  Azərbaycan Prezidenti hətta cinayət əməlinə yol vermiş insanların da taleyinə biganə qalmayıb. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin müraciətlərinə əsaslanan, məhkumların səhhətini, ailə vəziyyətini, bu müddətdə davranışlarını nəzərə alan, cəzadan azadetmənin tərbiyəvi əhəmiyyətini önə çəkən İlham Əliyev hər il milli bayramlarımız ərəfəsində əfv sərəncamları imzalayır, on minlərlə ailəyə sevinc bəxş edir. Bu addım Azərbaycanda insan hüquqlarının etibarlı təminatını və demokratikləşməyə xidmət edən strateji siyasi kursun layiqincə davam etdirildiyini bir daha təsdiqləyir.

 

İnsan hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətinin qorunması İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsasını təşkil edir. Bu istiqamətdə tədbirlər ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırır."Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk" - deyən Prezidentin birbaşa tövsiyə və göstərişləri əsasında görülən sistematik işlər insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində xüsusi əhəmiyyət kəsb edir.

 

"İnsan hüquq və azadlıqlarının müdafiəsi yönündə kifayət qədər iş görülüb"

 

"Demokratik Gənclər" İctimai Birliyinin sədri, Ramil Süleymanov Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması yönündə kifayət qədər iş görüldüyünü deyib. Onun sözlərinə görə, bu istiqamətdə həyata keçirilən layihələr və onların icrasına xərclənən vəsaitlər öz bəhrəsini verməkdədir: "Əvvəlki illərlə müqayisədə artıq insanlar öz hüquq və azadlıqlarını daha aktiv müdafiə edə bilirlər. Azərbaycanda ictimai-siyasi həyatda gənclərin fəal iştirakının təmin edilməsi, gənclər təşkilatının fəaliyyətlərinin daha da gücləndirilməsi, seçkili və dövlət idarəetmə orqanlarında gənclərin daha da geniş kütləsinin təmsil olunması, regionlarda yaşayan gənclərin təşkilatlanması, gənc liderlərin və gənclərin siyasi düşüncə tərzinin formalaşması, gənclər sahəsində qeyri-formal təhsil metodlarının tətbiq edilməsi məqsədilə bir sıra işlər görülüb və görülməkdədir. Görülən işlərin sayının çoxalması Azərbaycanda gənclərinin ictimai-siyasi və sosial aktivliyi xeyli artıb".

 

Hüquqşünas Mehman Muradlı Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində xeyli işlərin görüldüyünü deyərək Milli Fəaliyyət Proqramının qəbulunu xüsusi vurğulayıb. Onun sözlərinə görə, bu proqram insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi önəmli sənədlərdən biridir: "Bildiyiniz kimi, proqramın preambula hissəsində göstərilir ki, Milli Fəaliyyət Proqramı insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədi ilə qəbul olunub. Proqramın qəbul olunmasında 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Konstitusiyanı proqramın əsas mənbəsi hesab etmək olar. Belə ki, Konstitusiyanın əsas məqsədi vətəndaşların hüquq və azadlıqlarını elan edir və zəmanət verir. Bu proqram qəbul edildikdən sonra bir çox qanunlarda dəyişikliklər olub və bir neçə yeni qanunlar qəbul edilib".

 

Həqiqətən ölkəmiz demokratik dəyərlərin mənimsənilməsi, Avropaya inteqrasiya, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu istiqamətində mühüm uğurlara nail olub. Bütün bunlar isə gələcəyə daha inamla baxmağa imkan verir.

 

Vəfa MƏMMƏDLİ

525-ci qəzet.- 2015.- 15 dekabr.- S.6.