Çin-Azərbaycan münasibətləri
yeni müstəvidə
AZƏRBAYCAN QƏDİM İPƏK YOLUNUN BƏRPASI İLƏ TRANZİT ÖLKƏ KİMİ DÜNYANIN DİQQƏT MƏRKƏZİNƏ DÜŞƏCƏK
Xəbər verdiyimiz kimi, dekabrın 8-də Prezident
İlham Əliyev Çinə səfər edib. Dövlət
başçısı səfər çərçivəsində
Çin Xalq Respublikasının sədri Si Cinpin, baş nazir
Li Keçyan, eləcə də digər rəsmi şəxslərlə
təkbətək və nümayəndə heyətlərinin
iştirakı ilə görüşlər keçirib.
İşgüzar
səfər çərçivəsində iki ölkə
arasında dostluq münasibətlərinin və əməkdaşlığın
daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi
haqqında Birgə Bəyannamə, eləcə də siyasi,
iqtisadi, təhsil, nəqliyyat, kənd təsərrüfatı,
enerji, sənaye və digər sahələrlə bağlı
sənədlər imzalanıb. Bu onu deməyə
əsas verir ki, ölkə rəhbərinin Çinə səfəri
iki ölkə arasında münasibətlərin yeni mərhələyə
qədəm qoyması, müxtəlif sahələrdə əməkdaşlığın
inkişafına böyük töhfələr verəcək.
Prezident İlham Əliyev bildirib ki, Çinə dövlət
səfərinin nəticələri ölkələrimizi
bir-birinə daha da yaxınlaşdıracaq. Azərbaycanın Çin
ilə əməkdaşlığa böyük önəm
verdiyini deyən dövlətimizin başçısı
ölkələrimiz arasında fəal siyasi əlaqələrin
olduğunu, beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq
edildiyini diqqətə çatdırıb: "Azərbaycan
Çin ilə bütün istiqamətlərdə əlaqələri
inkişaf etdirmək niyyətindədir".
Prezident İlham Əliyev iqtisadi sahədə də əməkdaşlıq
üçün yaxşı potensialın olduğunu
vurğulayıb, Çin şirkətlərini investor və
podratçı qismində Azərbaycanda fəaliyyət
göstərməyə dəvət edib.
Dövlətimizin başçısı Azərbaycanın
sənaye istehsalında, texnoparkların yaradılmasında,
informasiya-kommunikasiya texnologiyaları sahəsində Çin
şirkətləri ilə əməkdaşlığın
genişləndirilməsində maraqlı olduğunu qeyd edib. Prezident
İlham Əliyev Çin Xalq Respublikasının sədri Si
Cinpinin irəli sürdüyü qədim İpək Yolu
üzrə iqtisadi zolağın yaradılması təşəbbüsünün
Azərbaycan tərəfindən dəstəkləndiyini diqqətə
çatdırıb. Dövlətimizin
başçısı Azərbaycanın da qədim İpək
Yolu üzərində yerləşdiyini deyib, Çin
mallarının ölkəmizdən Türkiyəyə, oradan
da Avropaya çıxarılmasında respublikamızın əlverişli
coğrafi mövqeyə, infrastruktur imkanlarına malik
olduğunu bildirib. Prezident İlham Əliyev vurğulayıb ki,
Azərbaycandan keçəcək yol Çin mallarının
Avropaya çatdırıla biləcəyi ən qısa yol ola bilər: "Bu sahədə Azərbaycan
öz töhfəsini verməyə hazırdır. Azərbaycan həm Şərq-Qərb, həm də
Şimal-Cənub tranzit dəhlizi layihələrində
mühüm rol oynaya bilər və artıq bu sahədə
konkret addımlar atır".
Çin
Xalq Respublikasının sədri Si Cinpin bildirib ki, Çin ilə Azərbaycan
hüquq bərabərliyi, qarşılıqlı fayda və
qarşılıqlı hörmət ruhunda ikitərəfli əlaqələri
inkişaf etdirir, həyati əhəmiyyətli və ciddi
narahatlıq doğuran məsələlərdə bir-birini qətiyyətlə
dəstəkləyirlər: "Siyasi sahədə
qarşılıqlı etimad daim möhkəmlənir,
çoxplanlı əməkdaşlıq fasiləsiz olaraq dərinləşir.
Ölkələrimiz arasında dostluq və əməkdaşlıq
münasibətləri üçün möhkəm təməl
və geniş perspektivlər var".
Si Cinpin İpək Yolu üzrə iqtisadi zolağın
yaradılması layihəsinin həyata keçirilməsində
Azərbaycanın fəaliyyətini dəstəklədiyini
diqqətə çatdırıb. O, bununla bağlı bu gün
imzalanacaq sənədin bu sahədə əməkdaşlığımızda
yeni səhifə açacağını vurğulayıb.
Dövlət Şurasının Baş naziri Li Keçyan
ölkələrimiz arasında diplomatik münasibətlər
yaranandan ikitərəfli əlaqələrin inkişaf etdiyini
və bu səfərin də əməkdaşlığın
genişlənməsinə yeni təkan verəcəyini deyib. Li Keçyan Çin
şirkətlərinin əlverişli coğrafi mövqeyi, zəngin
təbii sərvətləri, böyük enerji potensialı
olan Azərbaycanda infrastruktur, istehsal, energetika, dəmir yolu və
texnoparkların yaradılması sahələrində
yaxından iştirak etməkdə maraqlı olduqlarını
bildirib. O, ölkəsinin Azərbaycanın təbii sərvətlərinin
işlənilməsində, neft-qaz emalı sahəsində
yaxından iştirak edə biləcəyini diqqətə
çatdırıb. Li Keçyan humanitariya, təhsil,
informasiya-kommunikasiya texnologiyaları sahələrində əməkdaşlığın
daha da genişləndirilməsinin
mümkünlüyünü qeyd edib.
Xüsusi olaraq vurğulamaq lazımdır ki, Prezidentin
Çinə səfəri qədim İpək Yolunun bərpası
istiqamətində atılan mühüm addımlarla yadda
qalıb.
İki ölkə arasında "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqinə
dair Anlaşma Memorandumu imzalanıb. Bu nəqliyyat
layihəsinin reallaşması ilə Azərbaycan Uzaq Şərqi
Asiya ilə Avropanı birləşdirən körpü rolunu
oynayacaq, tranzit ölkə kimi mühüm əhəmiyyətə
malik olacaq və büdcəsini qeyri-neft sektorundan gələn
vəsaitlərlə zənginləşdirəcək.
Dövlət başçımızın Çinə
səfərinə münasibət bildirən millət vəkili
Musa Quliyev bildirib ki, Çin Azərbaycanın dostu və
strateji partnyorudur. Onun sözlərinə görə, Heydər
Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi
dövrdə iki ölkə arasında dostluq və əməkdaşlıq
münasibətləri yaranıb, qarşılıqlı
hörmət əsasında inkişaf edib.
Millət
vəkili hesab edir ki, ölkə başçısı
İlham Əliyevin Çinə səfəri iki ölkə
arasında münasibətlərin yeni inkişaf mərhələsinə
qədəm qoyması, əməkdaşlıq əlaqələrinin
daha da möhkəmlənməsi, hər iki tərəfin
maraqlarına cavab verən layihələrin ortaya qoyulması və
reallaşmasına imkan verəcək".
M.Quliyev
qeyd edib ki, Prezidentin səfəri Qədim İpək yolunun bərpası
istiqamətində irəli sürülən fikirlərin
reallığa çevrilməsinə ümidləri daha da
artırır: "Bu layihə Uzaq Şərqi Asiya ilə
Avropanı birləşdirəcək. Bununla Azərbaycan
tranzit ölkə kimi dünyanın diqqət mərkəzinə
düşəcək və nəqliyyat sektoru daha da inkişaf
edəcək".
Deputat əlavə
edib ki, dünyada gedən siyasi intriqalar, maliyyə
böhranı, neftin qiymətinin kəskin aşağı
düşməsi fonunda Çinlə Azərbaycan arasında
tərəfdaşlıq əlaqələrinin inkişaf
etdirilməsi hər iki ölkənin maraqlarına cavab verir:
"Çin-Azərbaycan münasibətlərinin yeni müstəvidə
inkişafı regionda sülh və sabitliyin qorunması,
transmilli layihələrin reallaşmasına zəmin yaradacaq. Bu mənada, ölkə rəhbərinin Çinə
səfəri yüksək qiymətləndirilməlidir. Biz bunun həm biznes, həm siyasi, həm də mədəniyyət
sahəsində töhfələrini görəcəyik.
İqtisadçı
ekspert Pərviz Heydərov bildirib ki, dövlət
başçımız İlham Əliyevin Çin Xalq
Respublikasına dövlət səfəri uğurlu olub:
"Bu səfər hər iki ölkə üçün həm
siyasi, həm də iqtisadi baxımdan böyük əhəmiyyət
kəsb edib. Səfər zamanı iki ölkə arasında
olduqca vacib sahələrdə əməkdaşlığa
dair imzalanan sənədlər sırasında iqtisadi
baxımdan "Azərbaycan Respublikası Hökuməti və
Çin Xalq Respublikası Hökuməti arasında
"İpək Yolu İqtisadi Kəməri"nin
yaradılmasının birgə təşviqinə dair
Anlaşma Memorandumu"nu, "Azərbaycan Respublikası
Hökuməti və Çin Xalq Respublikası Hökuməti
arasında fitosanitar əməkdaşlıq haqqında Saziş"i,
"Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və
Çin Xalq Respublikasının Nəqliyyat Nazirliyi
arasında nəqliyyat sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumu"nu, "Azərbaycan
Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə
Çin Xalq Respublikasının Kommersiya Nazirliyi arasında
ikitərəfli iqtisadi əməkdaşlığın təşviqi
üzrə Anlaşma Memorandumu"nu, o cümlədən,
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti
ilə Çin Xalq Respublikasının Milli Dəmir Yolu
Administrasiyası arasında dəmir yolu nəqliyyatı sahəsində
əməkdaşlıq haqqında Saziş"i qeyd etmək
xüsusən, vacibdir".
Ekspert
hesab edir ki, Çin ilə qarşılıqlı iqtisadi əlaqələr
hər iki tərəf üçün böyük xeyir verə
bilər: "Sözsüz ki, bu əməkdaşlıqdan
ölkəmiz daha böyük məbləğdə qazanc əldə
edə bilər. Bu baxımdan da, Azərbaycanın
Çin ilə bütün istiqamətlərdə əlaqələri
inkişaf etdirmək niyyəti var və iqtisadi sahədə əməkdaşlıq
üçün yaxşı potensial mövcuddur. Çin şirkətlərinin investor və
podratçı qismində Azərbaycanda fəaliyyət
göstərməsi çox böyük mənfəətlər
vəd edir. Bu mənada, Prezident İlham
Əliyev çox doğru olaraq, ölkəmizin sənaye
istehsalında, texnoparkların yaradılmasında,
informasiya-kommunikasiya texnologiyaları sahəsində Çin
şirkətləri ilə əməkdaşlığın
genişləndirilməsində maraqlı olduğumuzu bəyan
edib. Eyni zamanda, Çinin də Azərbaycandan qazana biləcəyi
az şeylər yoxdur. Təsadüfi
deyil ki, Çin şirkətlərinin də ölkəmizdə
infrastruktur, istehsal, energetika, dəmir yolu və eyni zamanda,
texnoparkların yaradılması sahələrində
yaxından iştirak etməkdə maraqlı olduqları
bildirilib. Çin hökuməti Azərbaycanın
təbii sərvətlərinin işlənilməsində,
neft-qaz emalı sahəsində yaxından iştirak edə biləcəklərini
bəyan edib".
P.Heydərov
vurğulayıb ki, ən mühüm məsələ qədim
İpək Yolu üzrə iqtisadi zolağın
yaradılmasına nail olmaqdır: "Azərbaycan bu yolun məhz
üzərində yerləşir. Son illər ərzində
dövlətimizin nəqliyyat infrastrukturunun inkişafında
gördüyü işlər nəticəsində Çin
malları bu gün də ölkəmizdən Türkiyəyə,
oradan da Avropaya çıxarıla bilər. Bu baxımdan, Azərbaycan həm əlverişli, həm
də yüksək infrastruktur imkanlara sahibdir. Bu, Çin üçün bəlkə də ən
böyük əhəmiyyət kəsb edən məsələdir".
"Ekonomiks"
Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri,
iqtisad elmləri doktoru Fikrət Yusifov isə qeyd edib ki, son illər
ərzində Azərbaycan hökuməti Çinlə
münasibətlərin daha da dərinləşdirilməsi
istiqamətində çox ciddi addımlar atıb: "Bunun əsasında
hər iki ölkənin iqtisadi maraqlarının müxtəlif
formalarda kəsişməsi faktı dayanır. Son
10 ildən bir qədər artıq vaxt ərzində Çinlə
Azərbaycanın ticari əlaqələri 3 dəfəyə
qədər artıb. Lakin potensial
imkanların bundan dəfələrlə artıq olduğu hər
iki tərəfə tam aydındır. Elə
bu səbəbdəndir ki, hər iki ölkənin siyasi rəhbərliyi
iqtisadi əlaqələrin daha da genişləndirilməsi və
bundan hər iki ölkənin maksimum iqtisadi fayda götürməsi
şanslarını reallaşdırmağa qərar veriblər".
F.Yusifov
bildirib ki, hazırda Çin dünya Ümumi Daxili Məhsulunun
13 faizindən çoxunu istehsal edir: "Bu prizmadan
yanaşıldığı halda kimsə Azərbaycan-Çin
iqtisadi əlaqələrinin Pekin üçün əhəmiyyətini
lazımınca dəyərləndirməyə də bilər.
Ancaq əsl həqiqət ondan ibarətdir ki, bu
münasibətlərdə fiziki həcmlər
ölçü vahidi deyil. Söhbət
qarşılıqlı iqtisadi əlaqələrdən hər
iki tərəfin maksimum yararlana bilməsindən gedir. Ən vacib olanı da elə budur".
Çinlə Azərbaycanın iqtisadi əlaqələrinin tarixinin çox qədimlərə gedib çıxdığını deyən iqtisadçı hesab edir ki, bu əlaqələrin başlanğıcı iki min il öncə Böyük İpək Yolu vasitəsilə qoyulub: "Bu gün isə tarixi bu qədər qədim olan həmin əlaqələri əsaslı şəkildə genişləndirmək şansları yaranıb. Çinlə iqtisadi münasibətlərin dərinləşdirilməsində Azərbaycanın maraqları hər kəsə aydındır. Dünya iqtisadiyyatında bu qədər böyük rolu olan nəhənglərdən birilə iqtisadi əlaqələrin genişləndirilməsi bizə çox dividentlər verə bilər. Digər tərəfdən, bu münasibətlərdən istifadə edib Çin kapitalının Azərbaycana yönəlməsinə nail olmaq mümkündür ki, bu da az əhəmiyyət kəsb edən məsələ deyil. Bəs Çinin Azərbaycan kimi çox da böyük olmayan bir ölkə ilə iqtisadi əlaqələri genişləndirməkdə marağının böyük olması nə ilə izah edilir? Bu sualın da cavabı aydındır. Artıq illərdir ki, Çin Qərbə daha səmərəli nəqliyyat dəhlizinin yaradılması üzərində düşünür. Çinin 2014-cü ildə xarici ticarət dövriyyəsinin həcmi 2013-cü illə müqayisədə 2,3 faiz artaraq 26,43 trilyon yuan - təxminən 4,1 trilyon dollar həcmində olub. Lakin bu qədər böyük iqtisadi uğurlara imza atan bu ölkədə loqistika məsələsi çox ciddi problemdir. Çinin rəsmi dairələri tərəfindən verilən məlumata görə, ölkənin Ümumi Daxili Məhsulunda loqistika xərclərinin xüsusi çəkisi 18-20 faiz arasındadır. Bu, dünyanın iqtisadi cəhətdən inkişaf etmiş ən böyük ölkələrindəki anoloji göstəricidən iki dəfə çoxdur. Ona görə də bu, Çin hökumətini ciddi düşündürür".
F.Yusifov deyib ki, həcmi quru yolu ilə daşınan yüklərdən 100 dəfə çox olan və uzun dəniz yolu ilə Qərbə daşınan yüklərin iqtisadi səmərəsi getdikcə azalır: "Belə yüklərin daha qısa avtomobil və dəmir yolları vasitəsilə daşınması isə daşınan malların qiymətlərinin aşağı salınması hesabına onları daha çox rəqabət qabiliyyətli və daha rentabelli edə bilər. Bu səbəbdən ən qısa marşrutla Asiya ilə Avropanı birləşdirəcək həm avtomobil, həm də dəmir yollarının alternativi yoxdur. Çin bu planları coğrafi mövqeyi kifayət qədər uyğun olan Azərbaycan vasitəsilə reallaşdırmaqda olduqca maraqlıdır. Bu məqsədlə Çin hətta on milyardlarla dollar həcmində investisiya tələb edən və əsrin möcüzəsi hesab olunacaq bir layihənin - Xəzər dənizi üzərindən Qazaxıstanla Azərbaycanı birləşdirən asma avtomobil yolunun çəkilişini reallaşdırmağa da təşəbbüs göstərib. Elə Prezidentin son səfəri zamanı imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında "İpək Yolu İqtisadi Kəməri"nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu" da artıq bu qlobal transmilli yol layihələrinə start verildiyinin rəsmi bəyan olunması deməkdir".
Birlik sədri vurğulayıb ki, həcmi yüz milyard dollarla ölçülən yüklərin Azərbaycan ərazisindən daşınması dövlətimizin büdcəsinə milyonlarla dollar əlavə vəsaitin daxil olması deməkdir: "Bu, qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın neftdən asılılığının minimuma endirilməsi yolunda çox ciddi bir addım olacaq".
F.Yusifov əlavə edib ki, Çinin Azərbaycanla bağlı siyasi ambisiyaları yoxdur: "Çin Azərbaycanla bərabər əsaslarla iqtisadi əməkdaşlıq etmək niyyətindədir. Bu gün Azərbaycanı öz təsir dairəsinə almaq üçün min bir oyundan çıxan Qərb ölkələri və qonşu ölkələrdən Çini bizim üçün fərqləndirən əsas məqamlardan biri də elə budur. Azərbaycan hökuməti bütün bu məqamları təhlil edib Çinlə əlaqələrin daha da genişləndirilməsi yolunu tutmağa qərar verib. Bu çox doğru və uzaqgörən bir siyasətin nəticəsidir. Bütün təhlillər göstərir ki, Azərbaycan Prezidentinin Çinə səfəri zamanı imzalanmış müqavilələr Azərbaycan iqtisadiyyatına çox ciddi töhfələr verəcək. İndiki məqamda dövlət başçısının Çinlə əlaqələri daha da genişləndirməyə yönələn addımları olduqca yerinə düşən seçim və zəruri gedişdir".
Ceyhun
ABASOV
525-ci qəzet.- 2015.- 15 dekabr.- S.5.