Ötən dərsin davamı
O,
böyük alim idi və tarixdə qalmaq haqqına layiqliyi
artıq sağlığında özünə də, ətrafdakılara
da bəlli idi.
1970-ci ildə
yazdığı şəxsiyyətlər haqda
düşüncələrini Romen Rollanın sözləri ilə
başlayırdı və həmin müdrik fikir elə
akademik Şəfaət Mehdiyevin özünə də
çox yaraşırdı: "O şəxslər həqiqətən
böyükdür ki, onların ürəyi hamı
üçün döyünür".
Bu isə
şəxsiyyət anlayışı barədə gəlib
60-na çatmış, amma arxada qoyduğu mübarizəli,
enişli-yoxuşlu yolu ilə ikiqat uzun ömür
sürmüş təsiri bağışlayan Şəfaət
müəllimin yenə özünə tam uyğun gələn
şəxsi qənaəti idi: "Şəxsiyyətlər
müxtəlif olur. Yüksək mənəviyyatı,
saf qəlbi, təmiz vicdanı olan şəxslərlə
yanaşı, təəssüf ki, heç bir siması
olmayanlar da vardır. Ancaq həyat xalq
üçün yazıb-yaradan, heç bir fəxri adda,
yüksək mükafatda gözü olmayan şəxsiyyətləri
sevir, onlara yenilməz bir heykəl qoyur. Bu
heykəlin adı xalq məhəbbətidir".
Şəfaət Mehdiyev geoloq idi. Ancaq məşğul
olduğu bu elm sahəsinin o qədər müxtəlif istiqamətlərinə
dərindən aşina idi ki, artıq universal zəkalı bir
alim kimi qiymətləndirilirdi.
O, 40
yaşında elmlər doktoru olmuşdu, 48 yaşında elmdəki
ən yüksək rütbəyə çataraq akademik
seçilmişdi.
400-dən çox elmi araşdırma, 40-dan artıq
sanballı monoqrafik nəşrin müəllifliyindən əlavə
Şəfaət müəllim 70-dən çox alimə rəhbərlik
edərək onlara yol açdı və hərdən-hərdən
də iftixarla deyərmiş ki, hər yetirməm bir əsərimdir.
O,
dünya elmində neftin əmələ gəlməsi, mənşəyi
ilə bağlı mövcud olan biogen və abiogen nəzəriyyələrin
ən müsbət cəhətlərini əxz etməklə
yanaşı, bəşər elmi xəzinəsinə möhtəşəm
töhfə kimi qiymətləndirilən bir yeniyə imza
atdı.
Şəfaət Mehdiyev neftin dərinlik-biogen nəzəriyyəsini
yaratdı və bu, dünya neft sənayesi tarixinə Azərbaycan
kəşfi kimi daxil oldu.
Bütün sadalananlarla yanaşı, o həm də orta
əsrlərdən bəri Azərbaycanın üstün qafa
sahiblərinə xas olan bir məziyyəti varlığına
hopdurmuş yaradıcı idi.
Alim olduğu qədər də ədib idi. Sadəcə
həvəskar deyil, elə peşəkarcasına
yazıb-yaradan, yaşayacaq bədii əsərlər
doğuran bir nasir, dramaturq, şair idi.
O,
böyük elm və təhsil təşkilatçısı
idi, uzun illər Azərbaycan Dövlət Universitetinə, Azərbaycan
Elmlər Akademiyasının Geologiya İnstitutuna
başçılıq etdi.
Düşündüklərini, elmi
tapıntılarını yazıda ustalıqla ifadə etdiyi
kimi, fikirlərini onu dinləyənlərə sadə,
anlaşıqlı, cəlbedici tərzdə
çatdırmaqda da əvəzsiz idi.
Şəfaət Mehdiyevin necə müəllim olması
haqqındasa mənə canlı şahid, bəstəkar,
müğənni dostum Rizvan Sədirxanov danışıb.
Şəfaət müəllim Rizvana 1960-cı illərdə
Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda, indiki
Neft və Sənaye Universitetində dərs demişdi.
Rizvanı
bəstəkar, müğənni kimi təqdim etdiyimə
görə təəccüblənərsiniz ki, bu sənət hara, o təhsil
ocağı hara?
İş
ondadır ki, Rizvan, həqiqətən, həmin ali məktəbin Neft-mədən fakültəsini
bitirib, yaxşı da oxuyub. Sonra xeyli müddət neftçi
də işlədi, lap məşhur "Bəxtiyar"
filmindəki kimi, dəniz buruqlarında bir neçə il qazmaçı mühəndis olaraq
çalışdı. Bir mütəxəssis
kimi onu çox yüksək qiymətləndirirdilər, lakin
ürəyi musiqinin yanında idi.
Xalq
arasında "AZİ" deyilən nüfuzlu institutda təhsil
ala-ala Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbini
də bitirdi, Müslüm Maqomayev, Lütfiyar İmanov və
başqa neçə-neçə tanınmışın
müəllimi olan Aleksandr Akimoviç Milovanov kimi püxtə
maestrodan vokalın sirlərini öyrəndi, sonra
neftçiliyini edə-edə konservatoriyanı da başa vurdu,
bunlarla ürəyi soyumadı, gedib İtaliyada da oxudu, bilik və
səriştələrini daha da mükəmməlləşdirdi.
Və neftçilikdən biryolluq ayrılaraq taleyini
musiqiyə bağladı.
Rizvan söyləyir
ki, 1967-ci il idi, ikinci kursdaydıq və bir
səhər auditoriyaya ciddi görkəmli, şıq
geyinmiş, eynəkli bir müəllim daxil olaraq bizə
paleontologiya fənnindən mühazirələr
oxuyacağını bildirdi.
Bir
neçə qrup birləşdiyindən tələbələrin
sayı 70-dən çox imiş, bir az səs də
varmış içəridə və ilk dəfə
gördükləri müəllim mühazirəsini
başlamazdan öncə onlara müraciət edir: "Kimin
dinləmək marağı yoxdursa, gedə bilər. "3"ə tam təminat verirəm. Gedənlər rahatca getsin, qalanlar qalsın, dərsimizi
başlayaq".
Zahirindən rəsmiyyət yağan müəllimin bu bəyanatının
zarafat yox, yetərincə ciddi söz olduğunu hiss edən
20-25 tələbə dəftər-kitabını
yığışdıraraq otağı tərk edir və
mühazirə başlanır.
Bir
neçə dəqiqə sonra tələbələr Şəfaət
Mehdiyevin biliklə aşıb-daşan, təlqinedici, rəvan nitqini
dinlədikcə sanki sehrlənirlər və tənəffüs
zənginin necə vurulduğunun
belə fərqində olmurlar.
Rizvan bunu da söyləyir ki, biz auditoriyadan getmiş tələbələrə
çox şey itirdiklərini xəbər verəndən,
ağzıaçıq dinlədiyimiz maraqlı mühazirə
haqda məftun təəssüratlarımızı
bölüşəndən sonra onlar hamısı növbəti
dərsdə iştirak edirdi və tədricən hətta
başqa fakültələrdən də tələbələr
həvəslə Şəfaət müəllimin cazibəli
mühazirələrini dinləməkçün bizə
qoşulurdular.
Bu dərslər rus bölməsində imiş və
Şəfaət Mehdiyev incəliklərinə qədər
bildiyi bu mövzulardan quru elmi dillə deyil, poetik bir tərzdə,
tələbələr arasındakı rusları da heyrətləndirən
zəngin, təsirli, şirin dillə
danışırmış.
Ruscanı o cür yaxşı bilirmiş, azərbaycancaya
isə ana dilində oxunaqlı nəsr əsərləri,
dramlar, şeirlər yazacaq qədər kamillik və məharətlə
sahib imiş.
Amma bunlar hamısı deyil. Farscanı da gözəl
bilməsinə artıq özüm şahidəm.
1975-ci il idi. Universitet tələbəsi
idim və Azərbaycan Televiziyasında o vaxt "Gənclik"
redaksiyasının xətti ilə
"Yaşıdlarımız" adlı hər ay efirə
çıxan verilişi hazırlayırdım. 1941-1945-ci illər müharibəsində alman
faşizmi üzərində Qələbənin 30 illiyi
münasibətilə həmin proqramın bir buraxılışına
müharibə veteranlarını dəvət edərək
verilişi onların cəbhə xatirələri üzərində
qurmaq tapşırılmışdı. Dəvət
edilməli qonaqlar sırasında akademik Şəfaət
Mehdiyevin də adı vardı.
O zaman əksər
verilişlər kimi, "Yaşıdlarımız" da
canlı yayımlanırdı və işin tərsliyindən
Şəfaət müəllimin həmin gün, həmin
saatda telestudiyaya gəlmək imkanı yox idi. Qərara
alındı ki, gedib çəkək.
Təbii
ki, bu iş də indiki kimi asan deyildi. O çağlar filmləri
çəkərkən lentləri aşkarlanmaq
üçün Moskvaya, yaxud Kiyevə göndərərdilər.
Belə
kiçik müsahibələr, xəbər proqramları
üçün operativ süjetlər isə "ensiz
lent" deyilən, adətən həvəskar kino
üçün nəzərdə tutulan 8 millimetrlik lentlərə
alınar, elə öz studiyamızdakı laboratoriyada əlüstü
aşkarlanaraq montaj edilər, çox zaman da həmin axşam
efirə verilərdi.
Akademik Şəfaət Mehdiyev Qafqazdan Ukraynayadək uzun
və əzablı döyüş yolu keçmişdi.
Kamera işləyirdi, Şəfaət müəllim
müharibə illərinin dəhşətlərindən bəhs
edirdi və belə bir təsirli məqamı da söylədi
ki, əsgər gedəndə özü ilə balaca bir kisədə
Vətən torpağı götürübmüş.
Neft mütəxəssisi olduğuna, arxa cəbhədə
bu cür ixtisaslı kardlara tələbat çox
duyulduğuna görə 1944-cü ildə Novruz bayramı ərəfəsində
ordudan tərxis olunaraq Bakıya qayıdır.
Əzizlərinə sarılaraq öpüşüb-görüşəndən
sonra ən ağır günlərdə belə göz bəbəyi
kimi qoruyub saxladığı həmin bir ovuc Vətən
torpağı tökülmüş kisəni
çıxarıb qoyur masanın üstünə.
Anası Bəyim xanım da qoynundan yazıları
solub-saralmış bir üçkünc məktub
çıxarır.
Şəfaət cəbhəyə yola düşəndən
3 ay sonra evə ilk məktubu çatıbmış. Həmin gündən ta tək
balası evə dönənədək hər an səksəkə
içərisində yaşamış anası bu zərfi gecə-gündüz
köksünün üstündə gəzdirmişdi...
Cəbhədəki fəaliyyətlərindən
danışanda Şəfaət müəllim bunu da söyləmişdi
ki, o dövrdə İranda da bizim hərbi hissələrimiz
varmış və vaxtaşırı İrandan gələn,
farsca yazılmış məxfi məktubları da 4-cü
Ukrayna cəbhəsinin rəhbərliyi ona tərcümə
etməkçün verirmiş.
Çəkilişdən sonra soruşmuşdum ki, bəs
farscanı haradan bilirdiniz?
Gülümsünmüşdü və suala sualla cavab
vermişdi ki, bununla maraqlanmaqda, deyəsən, sən də
farsca bilirsən.
Mən
universitetin Şərqşünaslıq fakültəsinin fars filologiyası şöbəsində
oxuduğumu demişdim.
Qayıtmışdı ki, mən əslən
İrandanam, Cənubluyam, Sarabda doğulmuşam.
Və
sanki bir az dalğınlaşan kimi
olmuşdu. Farsca iki beyt demişdi. Cəlaləddin
Ruminin "Məsnəvi"sinin ilk misralarını:
Beşnov
əz ney çon hekayət mikonəd,
Vəz codagiha şekayət mikonəd.
Kəz
neyestan ta məra beborideənd,
Əz nəfirəm mər o zən nalideənd.
Bizim
Əhməd Şəfai, Nəyyar Zaman Hatəmi kimi fars əsilli müəllimlərimiz vardı
ki, həmişə tələbələrlə farsca
danışardılar və onların tələffüzü,
təbii ki, təmiz fars ədəbi dilinə uyğun idi. Lakin
Şəfaət müəllim bu misraları bizim adət
etdiyimiz tərzdə təmiz fars tələffüzündə
deyil, İran Azərbaycanından olanların tərzində
demişdi:
Bişnöv
əz ney çün hikayət mikünəd,
Vəz
cüdagiha şikayət mikünəd...
Belə
deyiş ədası da bizə, ən azı, əslən Xamnədən
olan müəllimimiz Mübariz Əlizadənin farsca şeirləri
özünəməxsus şivə ilə dilə gətirməsindən
tanış idi.
Televiziyanın
rejissoru Azər Qasımzadə, operator, işıqçı
maraqla Şəfaət müəllimə baxırdılar və
o, oxuduğu misraların tərcüməsini də
demişdi: "Neyi dinlə ki, hekayət söyləyir. Ayrılıqlardan şikayət eləyir ki, məni
qamışlıqdan kəsib götürəndən sonra
qadınlı-kişili hamı ahu-zarımdan nalə çəkir".
O vaxtlar mən
televiziyada ayda 2-3 müxtəlif veriliş aparırdım,
radioda "Bulaq" yazırdım, başqa redaksiyaların xətti
ilə hər həftə müxtəlif verilişlərim səslənirdi,
"Bakı" qəzeti ilə əməkdaşlıq
edirdim və həm evdəkilər, həm də
tanışlar bəzən irad tuturdular ki, çox
parçalanma, əsas öz dərsinlə, öz sahənlə
məşğul ol. Amma qəribədir ki, Şəfaət
müəllim tam əksini demişdi: "Düz eləyirsən
ki, jurnalistikayla da məşğul olursan. Bu iş qələmini
bir az da açar, səni hərtərəfli inkişaf etdirər".
Çox
sonralar bildim ki, Şəfaət müəllim də
cavanlığında qəzetçilikdə gücünü
sınayıbmış, 1930-cu illərdə "Gənc
işçi", "Neft kadrosu" qəzetlərində
çalışıbmış, "Gənc bolşevik"
jurnalının redaktoru olubmuş.
Ertəsi
gün olan bu çəkilişimiz və
görüşümüz haqda təfərrüatları
fakültədə müəllimim professor Rəhim Sultanova
danışanda o, akademik Şəfaət Mehdiyevi həm fars
poeziyasının bilicisi, həm də yaxşı ədib
kimi səciyyələndirmişdi: "Şəfaət məndən
2 yaş böyükdür. Mən 1912-dənəm,
o isə 1910-dan. Bir tərəfi də, mənim
kimi, ərdəbillidir. Geologiyanın yox, ədəbiyyatın
ardınca getsəydi, ya böyük filoloq alim, ya çox məşhur
şair, yazıçı olardı".
Şəfaət müəllim uşaqkən
ayrıldığı ata-baba yurdunun həsrətini
ömrü boyu çəkmişdi və oralara qədəm
basmaq görkəmli alimə ixtiyar çağında, sinni
80-i adlayanda, 1991-ci ildə, SSRİ dağılanda nəsib
oldu.
Elə ilk görüşümüzdə Cənubdan
söz açınca dalğınlaşması da hər zaman
içərisində gəzdirdiyi həmin xiffətlə
bağlıymış.
Şəfaət
Mehdiyevin 1975-ci ildə qələmə aldığı, sərdar-i
milli Səttarxana həsr etdiyi "Ərk qalası" pyesi də,
söz yox, daim qəlbində ağrısını-acısını
daşıdığı, heç vaxt bitməyəcək
kimi yaşadığı Cənub nisgilindən
yaranmışdı.
Bütöv,
böyük, güclü Azərbaycan onun ən ali arzusu, amalı idi.
Hər halda xoşbəxt insanmış ki, Allah ona uzun
ömür bağışlayaraq Azərbaycanı müstəqil
görməyi də, Sovet dönəmində keçilməz
olan sərhədlərin açılmağını,
aradakı dəmir pərdənin götürülməsini, Təbrizə,
Ərdəbilə, Saraba səfərə
çıxmasını da nəsib etdi.
Vətənə bağlı ülvi diləkləri isə
çox idi.
Gündəlik
insani münasibətlərdə azdanışan, sözə xəsis
olan, qaradinməz təsiri oyadan Şəfaət Mehdiyev, əslində,
çox həssas, bəlkə də çılğın
bir insan idi və hərdən-hərdən
duyğularının vulkan kimi püskürməyə
hazır olmasının əks-sədaları onun şeirlərində,
hekayələrində, pyeslərində, bədii lövhələrindədir.
"Ərk
qalası"nın sonunda igid Səttarxanın dilindən səslənən
sözlər Şəfaət Mehdiyevin millətə, yurda
bağlı ürəyinin çırpıntıları, həyatı
boyu qəlbində gəzdirdiyi ən munis niyyətlərinin
ifadəsi, Xiyabanilər, Səttarxanlar getsə də,
Xiyabaniliyin, Səttarxanlığın ölməzliyinə,
davamlı olacağına inamıdır: "Azadlıq, bərabərlik,
xoşbəxtlik uğrunda mübarizə davam edəcəkdir.
Ancaq Məlik ül-Mütəkəlliminlərin,
Mirzə Cahangirxanların, Hüseynxan Bağırxanların,
yüzlərlə qəhrəman mücahidin qanı hədər
getməmişdir. Biz bu igid oğullarımızın
xatirəsini izzətlə, ən ali insani
hisslərlə, qələbəyə doğru gedən bir əsgər
kimi xatırlayırıq.
Bu yol haqq və ədalət yoludur, ona görə də
qalib gələcəkdir.
Ey Azərbaycan!
Sənin Babək oğlun azğın xilafətə
zərbə endirdi. Sən öz himmət
və əzminlə müstəbid şahları diz
çökməyə məcbur etdin. Sən İran
üçün Qanun-i əsası aldın! Azadlıq
firiştəsini (mələyini - R.H.) sən istibdad ifritəsinin
cəngindən xilas etdin! İndi də onu öz namusun kimi
qorumalısan!
Ey mənim
şöhrətim, qürurum Azərbaycan! Səttar
səndən uzaqda olsa da, həmişə sənin sərbazındır!"
Vətəndaş
yanğısı Şəfaət Mehdiyevi ömrü boyu
müşayiət edən hiss olub və millət, Vətən
anlayışlarında ən xırda cizgi də ondan
ötrü ən yüksək məna daşıyıb.
Yurdun bir daşının ağrısını da, bir
ağacına dəyən zərbəni də o, qəlbinə
yaxın tutub, həmin ağrıları için-için
yaşayıb.
Belə
olmasaydı, bu düşüncələri də
yaranmazdı: "Cəbrayılda bir çinar var -
yaraşıqlı, qol-budaqlı, nəhəng, qocaman bir
çinar! Əsrlər boyu vüqarla
ucalmış, kölgəsində minlərlə yolçu
dincəlmişdir. Yayın şiddətli
istisində onun dibindən axan kəhrizin saf-sərin suyundan
içənlər təkrar-təkrar həmin çinarı
görmək üçün buraya qayıtmışlar.
Deyilənə
görə, bu çinarın beş
yüz yaşı vardır. Hündürlüyü
35 metrdir. Ümumiyyətlə, Cəbrayıl
rayonu qocaman çinarlar vətənidir. Yaşları
1000-i ötmüş həmin çinarlardan biri Karxulu kəndində,
ikincisi Füqanlı kəndinin yaxınlığında yol kənarındadır.
Bunlar dünyanın ən qocaman
çinarlarındandır. Onların
yaşıdlarına ən çoxu bir və ya iki xarici
ölkədə rast gəlmək olar.
Lakin söhbətimiz Cəbrayıl rayon mərkəzindəki
həmin çinar haqqında olacaq. Çünki onun
sahibi yoxdur. Bu nəhəng ağacın gövdəsini
bir neçə adam qucaqlaya bilmədiyi
halda onu əsir ediblər. Budaqları restoran
üçün dirək olmuşdur. Səhərdən
axşama qədər onlarla adamın ayaqları altında tapdalanan
bu çinarın ah-naləsini eşidən yoxdur.
Təbiətin insanlara bəxş etdiyi bu misilsiz neməti
bu vəziyyətdə seyr etdikdə adamın ürəyi
parça-parça olurdu.
Biçarə çinar hər tərəfdən
mühasirəyə alınıb, hətta doyunca günəş
şüalarından və təmiz havadan da məhrum
olubdur".
Şəfaət
Mehdiyev bu sətirləri can yanğısı ilə qələmə
alanda hələ Qarabağın faciəli günləri
çox-çox uzaqlarda idi. Kimin ağlına gələrdi
ki, gün yetişəcək, bu çinar elə
doğrudan-doğruya əsir düşəcək, erməni təcavüzünə
məruz qalacaq!
Şəfaət
Mehdiyevin çinarı insan kimi dil açıb
danışırdı və elə sözlər deyirdi ki,
sanasan, həmin hekayət heç 40 il əvvəl yox, indi,
bizim günlərdə yazılıb: "Mən də bir
min, iki min, üç min il və daha artıq yaşamaq istəyirəm,
yaşaya da bilərəm, əgər qoysalar!..
Uzun illərdir məni dustaq eləyiblər.
Əgər həqiqətən məni bu əsirlikdən
xilas etmək istəyirsinizsə, göydən yerə
enin!"
Gövdəsinə
özümüzünkülərin bir mismar vurmasına
dözə bilməyən, ürəyi parça-parça
olan vətənpərvər Şəfaət Mehdiyev o
çinarın indiki əsarətini seyr edə bilsəydi, nə
hala düşərdi?!
Bəlkə
hər ağacımıza, daşımıza, otumuza,
çiçəyimizə o cür sevgiylə, o sayaq
canıyananlıqla, o təhər təəssüblə
yanaşa bilməməyimizdəndir ki, bu gün həmin
çinar da, Cəbrayıl da düşmən əlindədir!
Nicat yolu hardadır bəs?
Bu yolu da
qoca Şəfaət həmin qəmli çinar hekayətində
bizə pıçıldayıb: "Əgər həqiqətən
xilas etmək istəyirsinizsə, göydən yerə
enin!"
Və bu yerdə söhbət artıq itirmiş
olduqlarımızdan deyil, bundan sonra itirə biləcəklərimizdən
də gedir.
Göydən
yerə enək, dəyərlərimizin, sərvətlərimizin
yanında olaq, hayan duraq onlara!..
Alim
babalarımız Xətib Təbrizi də, Fələki
Şirvani də, Nəsirəddin Tusi də, Hüsaməddin
Xoylu da, Fəzlullah Rəşidəddin də, Abbasqulu ağa
Bakıxanov da, lap elə Şəfaət Mehdiyevin cavan
müasirlərindən olmuş Xudu Məmmədov da şeirlər
yazıblar.
Ancaq Şəfaət Mehdiyevin bədii sözə üz
tutması sadəcə hərdən ürək boşaltmaq,
mürəkkəb elmi tədqiqatlardan usanarkən daxili dinclik
tapmaq məqsədi daşımayıb.
Onun ədəbi təcrübələri də elmi
peşəkarlığı ilə yanaşı
addımlayıb və bu yöndə də Şəfaət
müəllim öz millət və ölkə quruculuğu
ideallarına tən gələn sistemlilik və
ardıcıllıqla çalışıb.
Fəlsəfi, didaktik pritçalardan tutmuş lirik
şeirlərəcən, fantastik, yumoristik, satirik hekayələrdən
tutmuş esselərədək, nəğmələrdən
tutmuş publisistik qeydlərədək ən müxtəlif ədəbi
şəkillərdə qələmini sınayıb.
Millətimizi millət etmək yolunda şam kimi yanmış
Mirzə Fətəli Axundzadə, Mirzə Ələkbər
Sabir haqqında pyeslər doğurub.
Bəzən
xəyal aynasında ötən günlər düşür
yada,
Qanad çalır könül quşu, getməyibsə
ömür bada.
Düşür
yada sevinc, kədər, o günlərin səadəti,
Düşür yada bahar seli, pıçıldaşan
çinarlar da.
...Əsrarəngiz
təbiət də asan vermir sən sevəni,
Günəş nurun səpələyir, zirvələrdən
qovur səni.
Əməlində
duyur insan gözəlliyi, lətafəti,
Ötən ötdü... salma yada, sabaha sən ver vədəni.
Akademik Şəfaət Mehdiyev ömrü bada verməyən,
daim əli sabaha uzanan bir insan idi və onun ilhamlı
könlündən qopmuş ədəbi əsərlər də
bunun əlavə təsdiqidir.
Elmi əsərlə bədii əsərin mühüm
bir fərqi var. Elm daimi inkişafdadır, dünən sənin
ən böyük kəşf, ixtira, tapıntı kimi qiymətləndirilən
müşahidələrin başqa yeni kəşflər,
ixtiralar, tapıntılar üçün bünövrəyə
çevrilir.
Təbii ki, elə həmin səbəbdən də
illər ötdükcə elmi nəşrlərə köhnəlmək
də xasdır. Ədəbi incilər ki belə deyil!
Onlar lap min il ötsə də təzələyini,
yeni zamanlarla həmahəngliyini, həmnəbzliyini qoruyub saxlaya
bilir.
Alim Şəfaət Mehdiyevin XX əsrdə
yazdığı monoqrafiyalar, dərsliklər elmi əhəmiyyətini
bir çox cəhətdən hifz etsə də, hər halda
artıq tarixdir. Keçmiş elmi əsərlərin yeni zaman içərisində
də yeni günlə və tələblərlə tam
ayaqlaşması üçün gərək müəllif də
sağ ola, öz əsərlərinə
yeni vaxtın işığında əl gəzdirə.
Bədii təfəkkürün bəhrələri
üçünsə bu qorxu yoxdur. Bircə kəlməsini
belə dəyişməsən də, əskiləşmir,
nimdaşlaşmır, təzə dövranda qərib görsənmir,
daha artıq - yeni-yeni çalarları və qatları ilə
yaşamağa və sevilməyə qadir olduğunu büruzə
verir.
Yazıçı
Şəfaət Mehdiyevin artıq XXI yüzildə,
ömrünü onsuz davam etdirən ədəbi saxlancları
hər dəfə Azərbaycan oxucusunun görüşünə
gələrkən bir daha o həqiqəti isbat edir ki, səmimi
söz, sərrast söz, zəka və qəlb nuru ilə
isinmiş söz zaman ötüşü ilə
birovuzlaşan, soluxan deyil.
Əksinə,
Şəfaət Mehdiyev, gənc çağlarında tədqiq
etdiyi kristallar kimi, hər yeni zamanın işığında
başqa cilvədə
bərq vurmaq iqtidarındadır.
...1956-cı
ildə Şəfaət Mehdiyev elmdə mayak, yolgöstərici
sayılan nadir əsərini ortaya qoyur.
Bu, neftşünaslıq elmimizdə onun adıyla bağlanan mühüm bir mərhələnin başlanğıcı demək idi.
Onun tərtib etdiyi "Azərbaycanın neftlilik-qazlılıq xəritəsi" sonrakı çox onillər boyunca neft-qaz yataqlarının kəşfi üçün "qızıl açar"a çevrilir.
Lakin Azərbaycanın təfəkkür və duyğu tarixində bir zirvə kimi ucalan akademik Şəfaət Mehdiyev özü də yaratdıqları və şəxsiyyətiylə müstəsna bir xəritədir ki, hər gələn zaman içərisində diqqətləri çəkəcək.
Bu misilsiz Şəfaət Xəritəsini seyr edənlər vətənsevərlik, millətpərvərlik dərsləri alacaqlar, onun elmi kəşflərinin işığıyla yeni-yeni daha parlaq kəşf və tapıntılara doğru irəliləyəcəklər, ədəbi əsərlərindəki duyğu selində ruhən saflaşacaq, könül rahatlığı tapacaqlar.
...Akademik Şəfaət Mehdiyevin müəllim olaraq bir şakəri də varmış. Hər dəfə sinfə daxil olanda soruşarmış ki, ötənsəfərki mühazirəmizin son cümləsi nə idi?
Və yeni mühazirəsini həmin cümlədən başlayarmış.
Bizlər də hər dəfə Şəfaət Xəritəsinə nəzər salanda - ondan miras qalan elmi və bədii əsərləri vərəqləyəndə hər cümlə bir qığılcıma çevrilərək unudulmaz alimimiz və ədibimiz Şəfaət Mehdiyev haqqında yeni-yeni minnətdarlıq və heyranlıq dolu hekayətlərin başlanmasına təkan verəcək.
Əsl xalq məhəbbəti, Vətənin yaddaşında heykəlləşmək elə bu deyilmi?!
Rafael
HÜSEYNOV
525-ci qəzet.-
2015.- 15 dekabr.- S.4