Kəlbəcər vurğunu, Yanşaq
sevdalısı, el ağsaqqalı...
UNUDULMAZ TƏHMƏZ CƏFƏROVUN ƏZİZ XATİRƏSİNƏ
"Sən burda qəribsən, yurd orda qərib".
Hüseyn
Arif
Bilirdim ki, Təhməz müəllim haqqında yazmaq mənim
üçün çətin olmayacaq, axı heç nə
yadımdan çıxmayıb, onun siması, uca qaməti, əsl
dağ adamına xas olan boy-buxunu, yaraşığı
gözlərimin önündən getməyib.
Tay-tuşları arasında öz boy-buxunu, qüvvətli,
cüssəli görkəmi ilə seçilirdi. Onun uca qaməti,
işıqlı gözləri, iti baxışı, şux
yerişi, nurlu siması hamını məftun edir, hər kəsin
diqqətini özünə çəkirdi. Kəlbəcərdə doğulan, böyüyən
hər kəs üçün doğma, əziz olan bu
adamı necə unutmaq olar? Təhməz
müəllim kimi şəxsiyyət haqqında eşitdiyimi,
bildiyimi, gördüyümü yazmağı özümə
mənəvi borc bilirəm. Kəlbəcərin
ən sanballı adamlarından, el ağsaqqallarından olan, Kəlbəcərin
həyatında müstəsna rol oynayan Təhməz müəllim
barədə söz demək mənim üçün həm
məsuliyyətli, həm də şərəflidir.
Təhməz Cəfərov uzun illər Kəlbəcərdə
yüksək, məsul vəzifələrdə
çalışmış, Kəlbəcər rayon partiya
komitəsinin ikinci katibi olmuş, böyük və şərəfli
həyat yolu keçmişdi. Onu hər yerdə Cəfərov
Təhməz kimi tanıyırdılar. Təhməz
Cəfərovun adı çəkiləndə həmişə
danışırdılar ki, hansı məsələdən
söhbət gedirsə getsin, Təhməz müəllimin
söykənəcəyi yalnız haqq, ədalət,
düzgünlük, dürüstlük olub. Elə buna görə də camaatımız
arasında böyük hörməti vardı. Öz bacarığı, savadı və qabiliyyətiylə
cəmiyyətdə özünə yaxşı mövqe
qazanıb, camaatımız arasında böyük nüfuz,
hörmət sahibi olub. Elə gənc
yaşlarından insanlara xoş münasibəti, səmimi rəftarı
ilə seçilirdi. Fəallığına,
işgüzarlığına görə onu Kəlbəcər
rayon partiya komitəsində işə dəvət etdilər.
Neçə adamdan eşitmişəm ki, ikinci
katib olduğu vaxtlar büro iclaslarında ədalətsiz bir qərara
qol qoymadı, belə qərarlara etiraz elədi. Yaxşı bilirdi ki, o qərarlar onun doğma
camaatının əleyhinə olar. Çünki
o özü bu camaatın içindən
çıxmışdı, bütün varlığıyla
doğma Kəlbəcərə, kəlbəcərlilərə
bağlı idi.
Mən Təhməz müəllimi Kəlbəcərdə
orta məktəbdə oxuyandan tanısam da, onu ilk dəfə
yaxından 70-ci illərin ortalarında Bakıda gördüm. Xalam oğlu
Ariflə yaxın dostluqları var idi. Eyni vaxtda Bakıda
ali təhsil almışdılar, bir həmyerli
kimi də yaxın idilər. O vaxt Arif bizi tanış
elədi. Həmin illərdə Təhməz
müəllim Kəlbəcər rayon partiya komitəsinin ikinci
katibi idi. Xalam oğlu Arif isə Bakıda
o vaxtkı "26-lar" rayonunda sahə müvəkkili
işləyirdi. İş yeri Xaqani
küçəsiylə Qoqol küçəsinin kəsişdiyi
tində idi. Mən də M.F.Axundov adına
Rus dili və Ədəbiyyatı İnstitutunda təhsil
alırdım, tez-tez Arifin yanına gəlirdim. Mən bu
dağcüssəli, az qala iki metr boyu olan adamları görəndə
öz-özümə: "Əsl kişi belə olar",- deyirdim. Özümün 1 metr 75 santimetr boyum
olsa da, mənə elə gəlirdi, Ariflə Təhməz
müəllimin yanında mənim kimiləri çox
cılız görünür, odur ki, onlara altdan yuxarı
baxırdım. Mən dəfələrlə
onların elimizlə, obamızla bağlı duzlu-məzəli
söhbətlərini dinləmişəm.
Təhməz müəllim Yanşaq kəndində
doğulmuşdu.Yanşaq kəndi Kəlbəcər rayonunun ən
füsunkar, ən gözəl təbiətə malik məşhur
kəndlərindəndir. Kəndin bir yanı meşə, bir
yanı dağlarla əhatə olunub. Olduqca
gözəl mənzərəli, öz
füsunkarlığı ilə hamını heyran qoyan bir kənd
idi. Hər kim Kəlbəcərdə
olubsa, təsdiq edə bilər ki, Murovdağın ətəyində
yerləşən Yanşaq kəndi Kəlbəcərin
gözəlliyinin misilsiz parçasıydı. Yanşaq
sözünün bir mənası aşıq deməkdir.
Bəlkə elə bu kənd bədahətən
şeir deyən, sinədəftər aşıqlar-şairlər
diyarı olduğundandı. Mərhum
sevimli şairimiz Məmməd Aslan da əmək fəaliyyətinə
Yanşaq kəndində başlayıb, şübhəsiz, bu
kəndin gözəlliyi də şairin
yaradıcılığına təsir edib. Aşıq Ələsgər də uzun müddət
Yanşaq kəndində yaşamış, orada ailə
qurmuşdu. Aşıq Qurban, Aşıq Şəmşir
kimi sənətkarlar bu kənddə neçə-neçə
məclis qurub, dastan söyləyiblər. Bu kəndin
tanınmış ziyalıları, şairləri, iş
adamları var.
Onu da deyim ki, Cəfərovlar nəsli Kəlbəcərdə
yaxşı tanınan, seçilən nəsildir. Təhməz müəllimin
atası İlyas kişi (camaatımız
ona Ellaz kişi deyərdi) Yanşaq kəndinin nüfuzlu
adamlarından idi. İlyas kişi ilə
onun vəfalısı Xatın nənə 100 iləcən
xoşbəxt ömür sürmüşdü. Təhməz müəllim məhz belə bir ailədə
doğulub, böyümüşdü.
2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının
Birinci Qurultayı keçirildi. Həmin qurultaya
Rusiyadan 4 nəfər kəlbəcərli - Yusif Əmiraslanov,
Sərdar Abdullayev, Fazil Hacıyev və mən nümayəndə
seçilmişdik. Bakıda, Binə hava
limanında bizi qarşıladılar. Qarşılayanlardan
biri də Təhməz müəllim idi. O, Sərdarın
qurultaya gələcəyini bilib, bacısı oğlunu
qarşılamağa özü gəlmişdi.
Bir
neçə il əvvəl Sərdar
müəllimin atası Süleyman kişinin
dünyasını dəyişməsi xəbərini alıb
Bakıya gəldim.
Yas mərasimində Təhməz müəllimlə,
yaxın qohumum Elman müəllimlə, elimizin-obamızın
insanlarıyla, doğma camaatımızla
görüşdüm. Təhməz müəllim üzdən
gümrah görünsə də, qəlbində Kəlbəcərin
dağları boyda dərd daşıdığı hiss
olunurdu. Xeyli söhbət elədik. O
isə sözü hey hərləyib-fırlayıb gətirirdi
Kəlbəcərin üstünə.
Təhməz müəllim deyirdi ki, kəlbəcərlilər
Kəlbəcərə kəlbəcərli kimi
qayıtmalıdırlar. Ona görə də kəlbəcərlilərə
öz övladlarını Kəlbəcər ruhunda tərbiyələndirməyi
tövsiyə edirdi. Kəlbəcərsiz
böyüyən insanların kəlbəcər ləhcəsiylə
danışmamağını da qəbul etmirdi. Təhməz
müəllim deyirdi ki, kəlbəcərlilərə məxsus
olan nə varsa qoruyub, saxlamaq lazımdı: "Bizim camaat
qoçaq camaatdır, zəhmətkeşdir, çörəyini
daşdan çıxarar, özünə dolanışıq,
gün-güzaran düzəldər, təki
torpaqlarımız azad olsun. Güclü dövlətimiz
var və dövlətimiz öz qayğısını vətəndaşlarından
əsirgəməyəcək, talan edilmiş
yurdlarımız bərpa olunacaq, insanlarımız öz
doğma ocağına dönəcəklər, yenə də
təsərrüfatla məşğul olacaqlar. Ancaq kəlbəcərliliyimiz itirilsə, sonra
çox çətin olacaq. Ona görə
də torpaqlarımız mənfur işğalçılardan
azad olunanda oraya məhz kəlbəcərli kimi qayıtmaq əsas
şərtdir. Bu da əxlaqca təmizlik, mənəviyyatca
zənginlik, doğma yurda bağlılıq deməkdir".
O söhbətdən
də gördüm ki, Təhməz müəllimin, Kəlbəcərə,
doğulub boya-başa çatdığı Yanşaq kəndinə
qayıtmaqdan böyük arzusu-istəyi yoxdur.
Xatırlayıram
ki, 2011-ci il dekabrın 10-da Moskvadakı "Millətlər
Evi"ndə Azərbaycanın Xalq yazıçısı,
görkəmli dövlət adamı və ictimai xadim Mirzə
İbrahimovun anadan olmasının 100 illiyinə həsr
edilmiş gecə keçirildi.
Azərbaycanın
Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycan
Yazıçılar Birliyinin katibi, Xalq
yazıçısı Çingiz Abdullayev,
Yazıçılar Birliyinin sədr müavini Nazim
İbrahimov, yazıçının qızı,
"Literaturnıy Azerbaydjan" jurnalının baş
redaktoru Solmaz İbrahimova da o tədbirdə iştirak edirdilər.
Mən həmin tədbirdə əsas təşkilatçı
kimi çıxışımda M. İbrahimovla bağlı
xatirələrimi bölüşdüm, onun Kəlbəcərə
birinci səfərindən söz açdım, Yanşaq kəndindən
Cəfərovlar ailəsiylə, İlyas kişiylə
dostluğundan danışdım. Solmaz xanım tədbirdə
həmin günləri yaxşı
xatırladığını dedi: "Atam bizi Göygöldə
qoyub Kəlbəcərə getdi. Atamın at
üstündə qayıtdığı və bizim onu sevincdən
qışqıra-qışqıra
qarşıladığımız o gün indi də gözlərimin
önündədir!"
Mən Bakıda institutda oxuduğum illərdə hərdən
Mirzə İbrahimovla görüşürdüm. Onun Xaqani
küçəsindəki evinə gedirdim. Məni "Nəsib bala" -
çağırardı. Bir dəfə o
mənə ilk dəfə Murov yoluyla at belində Kəlbəcərə
getdiyini danışdı. Deyirdi ki, Nəsib
bala, mən Azərbaycanın böyüklüyünü ilk
dəfə Murovun zirvəsində gördüm.
Mirzə İbrahimov 1954-cü ildə Respublika Ali Soveti Rəyasət
Heyətinin sədri seçiləndən sonra ilk dəfə
Kəlbəcərə gəlib, Yanşaq kəndində
camaatla görüşmüşdü. Ömrünün
sonuna kimi kəlbəcərlilərə olan hörmətindən
ürək dolusu danışar, bu camaatın sadiqliyindən, mərdliyindən,
qeyri-adiliyindən söz salardı.
Yanşaq kəndinin ağsaqqallarından İlyas
kişiylə dostluğundan ürəkdolusu
danışardı. O vaxt Kəlbəcərdə I katib işləyən Səfər
Verdiyevlə də, xalam oğlu Ariflə də yaxın
münasibətləri vardı.
Mirzə İbrahimov Kəlbəcərdən qayıdanda
yanşaqlılar onu tək buraxmamışdılar. Bir neçə
bələdçiylə dağ yolu ilə Göygölə
yola salmışdılar. İlyas kişi
də inad göstərmiş, hörmətli qonağı
özü yola salacağını demişdi.
Yanşaq kəndinin sakinləri onunla mübahisəyə girməkdən çəkinərdilər, özünəməxsus hökmündən ehtiyat edərdilər.
Murovun ətəklərində sıldırım qayalıqların yanında bir dar cığırlara keçərkən, İlyas kişi atını saxlayıb, yoldaşlarına uzaqdakı bir qayalığı göstərib və "Onu görürsünüzmü" - deyə soruşub. Onlar heç nə görmədiklərini deyiblər. İlyas kişi anda tüfəngini qaldıraraq bir güllə atıb. Sonra tüfəngi yerə qoyaraq deyib ki, bir az gözləyin, gəlirəm. Çox keçmədən, çiynində bir gülləyə vurduğu dağ keçisiylə qayıdıb. M. İbrahimov: "İlyas kişi, nahaq vurdun bunu", - deyib. İlyas kişi isə cavabında: "Ay Mirzə müəllim, mən sizin kimi hörmətli qonağı bu dağlardan əliboş yola sala bilmərəm", - söyləyib.
M. İbrahimov dağ camaatının vurğunuydu və bilirdi ki, təbiətin sərtliyi istər-istəməz dağ adamlarında qoçaqlıq, igidlik kimi xüsusiyyətlər formalaşdırır. Dağ adamları insanlarla çox mülayim danışa bilməzlər. Həmişə təmiz, səmimi danışırlar, nə fikirləşirlər, onu deyirlər, dildə bir söz deyib ürəkdə başqa niyyət tutmurlar. Kəlbəcərlilər də düşünürdülər ki, dağlarda, hündür yerlərdə yaşamaq onlara Allahın verdiyi bir qismətdir, onları özünə daha yaxın bilərək bu diyarda yerləşdirib.
1988-ci ildə Kəlbəcərin Ağdərədən keçən yeganə yolunu ermənilər bağlamışdılar. Bu yolda çox hadisələr baş verir, günahsız insanlarımız tələf olurdular. Kəlbəcərliləri xilas etmək, gediş-gəlişin təhlükəsizliyi üçün başqa bir yol çəkilməliydi. Murov dağlarını piyada aşmaq heç də asan deyildi. Bu dağ Azərbaycanın ən uca, başı buludlara çatan və hər zaman qarla örtülü, yüksəkliyindən baxanda ətəyi görünməyən əzəmətli dağlarındandır. Kəlbəcərlilərin başqa çıxış yolu yox idi. O vaxt Təhməz Cəfərov, çətin də olsa, Murovdan Gəncəbasara yeni bir yol çəkilməsi üçün əlindən gələni əsirgəmədi. Kəlbəcər-Xanlar yolu çəkildi. Yaxşı ki, o yolu çəkdilər, yoxsa 1992-1993-cü illərdə Laçın və Kəlbəcər əhalisinin böyük qisminin oradan sağ-salamat çıxması mümkün olmazdı. Həmin günlərdə Təhməz müəllim Kəlbəcərdən mülki əhalinin sağ-salamat çıxarılması üçün əlindən gələni elədi. Kəlbəcərlilərin ağır günlərində onlara dayaq oldu, öz taleyini həmyerlilərinin taleyindən ayırmadı.
Kəlbəcərin işğalından sonra Təhməz müəllim Göygöl rayonunda məskunlaşmışdı. Onda şəkər xəstəliyi vardı.
Bir-iki ilin söhbətidir, eşitdim ki, Təhməz müəllim bərk xəstələnib, cib telefonuna zəng etdim. Zəngimə çox sevindi, doyunca söhbət elədik. Şəkərin ona möhkəm əziyyət verdiyini dedi. Mənim əlimdən isə təsəlli verməkdən başqa bir şey gəlmirdi. 2015-ci il martın 14-də Sərdar müəllim zəng eləyib mənə dedi ki, dayım rəhmətə getdi. Mən dərin hüzn içində ona başsağlığı verdim və bu misralar da elə o hüzndən yarandı:
Ürək ağrısıyla açdın səhəri,
Haqq dedin, haqqından dönmədin geri.
Qəlbində
yurd saldı elin qəhəri,
Arzunu aləmə
yayıb getmisən!
Qaçdı
dodağından məzə, bilmədin,
Vətəndə
yer tapıb gəzə bilmədin,
Dağlar
həsrətinə dözə bilmədin,
Dağların
dərdini duyub getmisən!
Düşmənin
qurduğu sədlər çapılmır,
Şeytan
qəlblilərin suçu tapılmır,
Kələflər
dolaşıb, ucu tapılmır,
Min
cürə yalandan doyub getmisən!
Zirvədə
yaşayan enməz aşağı,
Zirvə
yaraşığı, dağ yaraşığı,
Söndü
könlündəki ümid işığı,
Vallah, qəlbimizi
oyub getmisən!
Əbədi
lampası, göydəki ayı,
Ucalıq
- Allahın verdiyi payı,
Axı nəyi
deyim, ay Təhməz dayı,
Bizi dərd
içində qoyub getmisən!
Bilirəm, Təhməz müəllim,
bilirəm ki, sənin narahat ruhun Murovun o üzünü
qayğılı-qayğılı dolanmaqdadır.
İnanıram ki, yalnız torpaqlarımız, Kəlbəcərimiz,
doğma Yanşağımız azad olunandan sonra sənin o qərarsız
ruhun rahatlıq tapacaq və inanırıq, ümid edirik
ki, o möhtəşəm günə çox qalmayıb.
Nəsib
NƏBİOĞLU
525-ci qəzet.-
2015.- 16 dekabr.- S.8.