Ankarada Bəxtiyar Vahabzadə ilə
bağlı daha bir tədbir
Ankarada,
TÜRKSOY, Azərbaycan və Türkiyənin Mədəniyyət
və Turizm nazirlikləri və milli kitabxanaları tərəfindən
Xalq Şairi, türk dünyasının görkəmli
söz adamı Bəxtiyar Vahabzadənin anadan olmasının
90-cı ildönümü münasibətilə silsilə tədbirlər
keçirilib.
TÜRKSOY-un mənzil-qərargahında təşkil edilən toplantıda Azərbaycan, Türkiyə və digər ölkələrin ədəbi dairələrinin nümayəndələri, nüfuzlu ziyalılar, gənc tədqiqatçılar iştirak ediblər.
Əvvəlcə görkəmli şairin həyat və yaradıcılığından bəhs edən sənədli film nümayiş olunub.
Tədbirdə Türkiyə Milli Kitabxanasının direktoru Zülfi Toman, Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov, Dünya Yazarlar və Ziyalılar Birliyinin sədri Osman Baş və digər natiqlər çıxış edərək Bəxtiyar Vahabzadənin zəngin ədəbi fəaliyyəti ilə bütün türk dünyasında dərin iz qoyduğunu söyləyiblər.
Milli Məclisin üzvü, Azərbaycanda Atatürk Mərkəzinin sədri, professor Nizami Cəfərov böyük şairin ədəbi fəaliyyəti ilə yanaşı, elmi və pedaqoji fəaliyyəti haqqında da məlumat verib, onun ziyalı kimi ölkənin ictimai-siyasi həyatında fəal iştirak etdiyini vurğulayıb. Bəxtiyar Vahabzadənin xalqımızın azadlıq mübarizəsi və Azərbaycan dilinin qorunmasındakı rolu xüsusilə qeyd edilib. Alim diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyev şairin şəxsiyyəti və yaradıcılığına daima böyük hörmət və diqqətlə yanaşıb.
Toplantıda çıxış edən TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirib ki, rəhbərlik etdiyi qurum böyük şairin anadan olmasının 90-cı ildönümü ilə bağlı Ankaradan əvvəl Bakı və Bişkekdə də tədbirlər təşkil edib. Şairin “Türk dillərində Bəxtiyar Vahabzadənin 90 şeiri” kitabı nəfis tərtibatda çap edilib.
Şairin yaradıcılığı və fikir dünyası haqqında məruzələrlə çıxış edən Türkiyə, Qırğızıstan və Qazaxıstandan olan ədəbiyyatçılar və tədqiqatçılar Bəxtiyar Vahabzadənin bütün türk dünyasına məxsus bir şəxsiyyət olduğunu vurğulayıblar.
M.F. Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov qeyd edib ki, 60-a yaxın ölkədə 200-ə yaxın kitabı çap edilən Bəxtiyar Vahabzadə dünyada ən çox oxunan ədəbiyyatçılar sırasındadır.
Toplantıda şairin adını daşıyan Ankaradakı orta məktəbin şagirdləri Bəxtiyar Vahabzadənin şeirlərini səsləndiriblər.
Xalq Artisti Mələkxanım Əyyubova, eləcə də Azərbaycan və Türkiyədən olan digər incəsənət ustaları şairin sözlərinə yazılmış mahnıları ifa ediblər.
Sonda tədbir iştirakçıları Azərbaycan Milli Kitabxanası tərəfindən təşkil edilən Bəxtiyar Vahabzadənin kitablarından ibarət sərgi ilə tanış olublar.
Təşkilatçı tərəf böyük şairimizin həyat
və fəaliyyəti ilə bağlı daha
bir təntənəli tədbiri
Ankaradakı Bəxtiyar Vahabzadə adına orta
məktəbdə təşkil edib.
S.Abdullayeva
525-ci qəzet.- 2015.- 16 dekabr.- S.7.