Rəsulzadənin baxış
bucağındakı "Çağdaş
Azərbaycan ədəbiyyatı"
Azərbaycan Xalq Cümhuriyyətinin əsas yaradıcısı,
yoldaşları, əqidədaşları
ilə bərabər
ilk dəfə müstəqil
dövlətimizi qurmuş
Məhəmməd Əmin
Rəsulzadə həm
də Azərbaycan jurnalistikası və ədəbiyyatşünaslığının,
ümumən ictimai-mədəni
fikir tariximizin parlaq simalarındandır.
M.Ə.Rəsulzadə usta publisist idi, fəal araşdırmaçı
idi. Onun "Şərqi-Rus" qəzetində çap olunan "Müxəmməs"
adlı əsərindən
etibarən ədəbiyyatla
sıx bağlılığı
yaranıb və sonadək davam edib. Məlumdur ki, M.Ə.Rəsulzadə
o dövrün bir sıra tanınmış
mətbuat orqanlarında
müntəzəm çıxış
edib. Bunların arasında romantiklər məktəbi sayılan
"Füyuzat" jurnalı,
özünün də
bir ara redaktoru
olduğu "İrşad",
"Tərəqqi" kimi
mətbu orqanlar mühüm yer tutur. Onun məqalələri
"M.A.R.", "MAR-zadə",
"M.R.-zadə" və
başqa imzalarla işıq üzü görüb.
Ürəyi hər zaman Azərbaycanla döyünən
bu böyük insanın siyasi fəaliyyəti qədər
publisist və ədəbi tədqiqatçı
kimi də yaradıcılığı yüksək
keyfiyyət daşıyır. Onun ən
önəmli əsərlərindən
biri "Çağdaş
Azərbaycan ədəbiyyatı"dır.
Qeyd edək ki, Rəsulzadənin "Əsrimizin Səyavuşu"
əsəri 1925-ci ildə
İstanbulda, "Çağdaş
Azərbaycan ədəbiyyatı"
və "Çağdaş Azərbaycan
tarixi" əsərləri
isə 50-51-ci illərdə
Ankarada çap olunub. 1991-ci ildə isə Bakıda "Gənclik" nəşriyyatı
tərəfindən müəllifin
"Əsrimizin Səyavuşu",
"Çağdaş Azərbaycan
ədəbiyyatı" və "Çağdaş
Azərbaycan tarixi"
əsərləri Azərbaycan
türkcəsində kiril
əlifbası ilə
bir kitab halında çap edilib. Üç hissədən ibarət
kitabın birinci hissəsində Rəsulzadənin
"Əsrimizin Səyavuşu"
əsərini görürük.
İkinci hissədə isə
"Çağdaş Azərbaycan
ədəbiyyatı" verilib.
Rəsulzadənin siyasi-ictimai sahədə
olduğu kimi, ədəbi yöndə də mükəmməl dünyagörüş və
düşüncə sahibi
olduğunu həmin əsərlərdən dərhal
anlaşılır.
O dövrün ədəbi mənzərəsi haqqında
ciddi əsər olan "Çağdaş
Azərbaycan ədəbiyyatı"nda
mühitin ümumi xarakteristikası, yazıçılar,
şairlər və onların müxtəlif əsərlərinin təhlili
verilib.
Əsərin başlanğıcında qeyd olunur ki,
daha əvvəl XIX əsr Azərbaycan ədəbiyyatı, 1905-ci il rus inqilabından
1918-ci ildə AXC-nin qurulmasına qədər olan dövrlər təhlil edilib. Burada isə məhz Cümhuriyyət dövrü
və ondan sonrakı ədəbiyyat məsələləri haqqında
söhbət açılır.
Demokratik
Respublikanın qurulduğu
illərdə ədəbiyyatın
da ona dəstək
olması, təkan verməsini xüsusi qeyd edən M.Ə.Rəsulzadə Sovet
imperiyasının qurulmasından
sonra soyuq Sibirdə işgəncələrə
davam gətirməyərək
dünyadan gedən Əliyusif adlı müəllifin şeiri ilə fikrini əsaslandırır.
Azərbaycan Dövlət Himninin
sözlərinin müəllifi
olan ünlü şair Əhməd Cavadın 28 May İstiqlaliyyət
günü münasibətilə
"hürriyyət pərisinə
müraciətən" yazdığı
"Nədən yarandım?"
əsərindən sonra
böyük ədib Cəlil Məmmədquluzadənin
"Kamança" və
"Anamın kitabı"
pyesləri haqqında
danışılır. Erməni-müsəlman davası dövründə
türkün əlinə
keçən erməni
kamançaçının hər iki xalqa
aid musiqinin ifası ilə ölümdən xilas olması "Kamança"da əks etdirilir və müəllif bu əsərin o vaxt səhnəyə qoyulmasına
icazə olmadığını
bildirir. "Anamın kitabı" əsərini də təhlil edən Rəsulzadə burada üç ayrı fikirli, ayrı qiyafəli oğulu və onları birləşdirmək istəyən
ananın təsvir edilməsini vacib məqam kimi vurğulayır.
Daha sonra, romantik dramaturq, məşhur şəxsiyyət Hüseyn
Cavid və onun yaradıcılığından
söz açan Rəsulzadə repressiya qurbanı olmuş ədibin yaradıcılığının
məziyyətlərini qeyd
edir, Cavidin "Şeyx Sənan",
"Peyğəmbər", "İblis", "Uçurum"
kimi əsərləri
haqqında təhlil verir.
Kitabda əsərləri
təhlil edilən ədəbi şəxsiyyətlərdən
biri də Cəfər Cabbarlıdır. Rəsulzadə Cabbarlını digərlərindən
fərqləndirir, onu
bolşeviklərdən əvvəlki
dövrdən daha artıq sovetlər zamanı müvəffəqiyyət
əldə edən ədib kimi səciyyələndirir. Kitabda bildirilir
ki, Cabbarlının əsərləri kollektivliyə
meylli kimi təqdim olunsa da, onun əsərlərinin
adları fərdi xarakter daşıyır, məhz insanı önə çəkir.
Əsərdə diqqət cəlb edən məqamlardan biri də Məhəmməd
Əmin bəyin öz fikrini dəyişənlərdən danışmasıdır. Belə məsələnin
isə ədəbiyyatla
bağlı məqamları
da göstərilir.
"Xalqlar atası"
Stalinin tərifinə
layiq olmaq, Lenin mükafatı ilə təltif olunmaq üçün dəridən-qabıqdan
çıxanlardan danışarkən,
o, Səməd Vurğunu
misal göstərir.
Lakin müəllif o qədər
ədalətlidir ki, bununla yanaşı, Vurğunun həm də ədəbiyyata verdiyi güclü qələm məhsullarından
da bəhs edir və onların
sırasında "Vaqif"
əsərinə xüsusi
yer ayırır.
Rəsulzadənin "Çağdaş Azərbaycan ədəbiyyatı"nda
təhlil olunanlar arasında Cəfər Xəndanın 700 misradan ibarət, dastan tipli bir əsəri
də var. C.Xəndanın
mənzuməsində Şah
İsmayıl dövründə
yaşamış Qəmər
adlı bir gözəlin taleyi təsvir olunur. Lakin əsərin məğzi
üstüörtülü xarakter daşıyır.
Əsərdə vətənindən ayrı dayana bilməyən və canını tapşıran
Qəmərin qismində
vətən anlayışı
müqəddəsləşdirilir, vətən sevgisi önə çıxarılır.
Əsərin təhlili
zamanı bir hissə diqqəti çəkir:
Bülbül çəmənsiz olmaz,
İnsan
vətənsiz olmaz!..
Görünür, daima vətən
həsrətilə yaşayan
Rəsulzadə də
haqlı olaraq belə misralardan təsirlənib...
Ən sonda haqqında danışılan,
təhlil edilən ədib isə Gültəkindir. Məhəmməd Əmin Rəsulzadə
əsərində onun
barəsində xüsusi
danışır. Bəlkə də
bunun səbəbi Gültəkinin Azərbaycan
mühacirət ədəbiyyatının
aparıcı nümayəndəsi
olmasıdır. Rəsulzadə mühacir ədəbiyyatı
haqqında qiymətli
fikirlər söyləyərək
onun Azərbaycanın
taleyində necə böyük rol aldığını qeyd
edir.
Gültəkindən bəhs etməzdən əvvəl Rəsulzadə
bir şeirdən söz açır və ədəbiyyatın
mühacirət qolunu millətin parlaq gələcəyinə böyük
ümidlər bağlayaraq
hürriyyətə həsrət,
mübarizə həyəcanı
daşıyan igidlərin
qəhrəmanlığını vurğulayır. O, mühacir ədəbiyyatının üstün
imkanlarından biri kimi bolşevik senzurasından azad olmasını qeyd edir. Rəsulzadə bu barədə
qeydlərində Gültəkini
alovlu şair adlandırır və onun yazılarını ətraflı təhlil etmək üçün daha geniş müstəviyə ehtiyac olduğunu bildirir, çox vaxtının olmadığını qeyd
edir.
Gültəkin haqqında dərin araşdırmanın hələlik
alınmadığını bildirən müəllif onun bir neçə
misalla da oxucuda dərin təəssürat yaradacağına
inam bəsləyir. Gültəkin "Çağdaş Azərbaycan
ədəbiyyatı"nda şeirlərində milli mübarizəsinin tərənnümü
görünən, mübarizənin
ədalətliliyinə, qələbə
çalacağına bağlanan
ümidlərin ülvi
bir mahiyyət aldığı göz önünə gələn
şair kimi təqdim edilir və daha sonra
onun yaradıcılıq
irsinə aid nümunələr
və onların yığcam təhlili verilir.
Təkcə haqqında söz açdığımız əsəri ilə deyil, bütün irsi ilə Azərbaycan fikir tarixində xüsusi yer tutan Məhəmməd Əmin Rəsulzadə haqqında, çox yaxşı haldır ki, mütəmadi olaraq araşdırmalar aparılır, onun əsərləri tədqiq edilir və cəmiyyətə çatdırılır. Bu yöndə istər yaşlı, istərsə də orta və gənc nəsildən olan tədqiqatçılarımız davamlı fəaliyyət göstərirlər və bu, olduqca təqdirəlayiq prosesdir. Ötən il ölkə prezidentinin sərəncamı ilə rəsmi səviyyədə qeyd edilən 130 illiyi ilə əlaqədar Rəsulzadəyə həsr olunmuş, onun irsinin tədqiqinə, təbliğinə dair bir sıra tədbirlər həyata keçirildi.
Məlumdur ki, hazırda Məhəmməd Əmin Rəsulzadə İrsini Araşdırma Fondu fəaliyyət göstərir və 2013-cü il mayın 18-də bu fond "Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası"nın təqdimat mərasimini keçirib.
Ensiklopediyanın müəllifi tarix elmlər doktoru Nəsiman Yaqubludur. 504 səhifə həcmində olan ensiklopediyaya 300-ə qədər sənədin özü və fotosu, 200-ə qədər məktub və yazışma, dahi Rəsulzadənin sağlığında dərc etdirdiyi 1150 məqalə, 27 kitabın adı da daxil edilib. Ensiklopediyanın rəssamı isə M.Ə.Rəsulzadənin nəvəsi Rəis Rəsulzadədir. Bundan əlavə Məhəmməd Əmin Rəsulzadənin araşdırmaçısı olan N.Yaqublunun onun haqqında yazdığı "Məmməd Əmin Rəsulzadə", "Azərbaycan Milli İstiqlal Mübarizəsi və Məhəmməd Əmin Rəsulzadə", "Azərbaycan-Polşa əlaqələrində M.Ə.Rəsulzadənin rolu" kimi kitabları da çap olunub və bu əsərlər Rəsulzadənin irsinin öyrənilməsində ciddi əhəmiyyət daşıyır.
Heç şübhəsiz, bundan sonra da Məhəmməd Əmin Rəsulzadə irsi ilə bağlı geniş araşdırmalar aparılacaq, onun əsərlərinin tədqiqi və təbliği yönündə daha dərin mətləblərə aydınlıq gətiriləcək.
Nurlan AĞA
Bakı Dövlət Universiteti
Jurnalistika fakültəsinin
III kurs tələbəsi
525-ci qəzet.- 2015.- 16 dekabr.- S.6