Suzan Cəmil:"Azərbaycanlıların müasir Misir barədə daha çox məlumatlı olmasını istəyirik"

 

Müsahibimiz Misirin Azərbaycandakı səfiri xanım Suzan Cəmildir.

 

 

-Suzan xanım, əvvəlcə oxuculara özünüz barədə məlumat verməyinizi xahiş edirik.

 

-Mən 1981-ci ildən Misir Xarici İşlər Nazirliyində işə başlamışam. Nazirlikdə müxtəlif vəzifələrdə çalışmışam,  sonuncu vəzifəm xarici işlər nazirinin beynəlxalq mədəni məsələlər üzrə müavinin köməkçisi olub.

 

1984-cü ildə Xarici İşlər Nazirliyi məni ilk dəfə ölkəmizdən kənara ezam etdi BMT-nin Cenevrədəki ofisində Misir nümayəndə heyətinin tərkibində işləmişəm, Fransada konsuL, Ekvadorda səfir, Kanadanın  Monreal şəhərində baş konsul olmuşam, sonuncu vəzifəm  isə Azərbaycana səfir təyinatıdır.

 

1996-2001-ci illərdə Misir Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Beynəlxalq Texniki Əməkdaşlıq Fondunda fəaliyyətimi davam etdirmişəm. Həmin vaxtdan Azərbaycan regiondakı digər ölkələrinə diqqət etməyə başlamışam.

 

- Azərbaycanla bağlı təəssüratlarınız nədən ibarətdir, daha əvvəl ölkəmizə səfər etmisinizmi?

 

-Daha əvvəl Azərbaycana gəlmək imkanım olmayıb, bu, ilk gəlişimdir. Qazaxıstana səfər etmişəm, həyat yoldaşım orda müşavir vəzifəsində çalışıb. Azərbaycan gözəl ölkədir, Bakı gözəl şəhərdir. Burda yüksək sürətli inkişaf müşahidə olunur. Bakı dənizin kənarında yerləşir, mən İskəndəriyyə şəhərindənəm bu şəhər dənizin kənarında yerləşir. Hiss edirəm ki, iki şəhər arasında çoxlu oxşarlıqlar var. Azərbaycan xalqı mehriban xalqdır, misirliləri sevirlər, deyəndə ki, "Misirin səfiriyəm" məni çox xoş qarşılayırlar.

 

- Burada fəaliyyətiniz dövründə əsas prioritetləriniz nədən ibarət olacaq?

 

-İki ölkə arasında oxşar cəhətlər çoxdu. Hansı ki, bunlar regional beynəlxalq məsələləri əhatə edir. Əməkdaşlığın daha da inkişafı üçün potensial var. Biz bu potensialdan xalqlarımızın yaxınlaşması, əlaqələrimizin gücləndirilməsində istifadə etməliyik.

 

Azərbaycanla Misir arasında ticarət dövriyyəsinin həcmi aşağıdır. Amma bunu yüksəltmək olar.  Belə imkanlar var, həmçinin iki ölkənin bazarlarının qarşılıqlı olaraq tələbatı var. Biz 2016-cı ilin əvvəlində Qahirədə Azərbaycan-Misir hökumətlərarası müştərək komissiyanın növbəti iclasının keçirilməsini nəzərdə tutmuşuq. Bu, iqtisadi sahəyə aid məsələdir.

 

Siyasi sahəyə gəlincə, iki ölkə arasında əlaqələrimizi gücləndirmək, rəsmi səfərlərin sayını artırmaq istəyirik. Hər iki ölkənin xalqları bir-birini daha yaxşı tanımaq istəyirlər. Misirlilər Azərbaycanı, azərbaycanlıları daha yaxından tanıyıb, məlumat almalıdırlar. Yəni qarşılıqlı olaraq belə bir ehtiyac var. Düzdür, azərbaycanlılar Misiri tanıyırlar, amma daha çox qədim Misir barədə məlumatlıdırlar, biz istəyərdik ki, müasir Misir barədə bilgiləri olsun. Məlumat mübadiləsinin inkişaf etdirilməsi vacibdir. Bu sahədə fəaliyyətimizi aktivləşdirməyə çalışırıq.  Bakıda həmçinin Misir Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Biz Mərkəzi inkişaf etdirmək, onun vasitəsilə mədəniyyətimizi, tariximizi burda çatdırmağa çalışırıq.

 

- Misir həm dünyada turizm ölkəsi kimi tanınır. Amma məlum hadisələr bu ölkəyə turistlərin səfərin azalmasına təsir göstərdi. Ölkədə təhlükəsizliyin gücləndirilməsi ilə bağlı əlavə hansı addımlar atılır?

 

- Misirin bütün hava limanlarında təhlükəsizlik tədbirləri Beynəlxalq Mülki Aviasiya Təşkilatının qaydalarına, standartlarına uyğun aparılır. Bu təşkilat Misirdə təhlükəsizlik sahəsində hansısa çatışmazlığın olduğunu qeyd etməyib.

 

Buna baxmayaraq, biz hava limanlarında təhlükəsizlik tədbirlərini daha da gücləndiririk. Bununla yanaşı Britaniya da daxil olmaqla bir çox dünya ölkələrindən xahiş etdik ki, gəlib həmin görülən təhlükəsizlik tədbirlərini bir daha yoxlasınlar. Onlar da əmin oldular ki, tədbirlər həqiqətən yüksək standartlara uyğundur.

 

Hazırda Misir Rusiya Böyük Britaniyanı ölkəmizə turizm səfərlərini bərpa etməyə çağırıb. Misirlə Rusiya arasındakı yük hava nəqliyyatı artıq bərpa olunub, sərnişin nəqliyyatının bərpası üçün danışıqlar gedir. Yük nəqliyyatının bərpası o deməkdir ki, təhlükəsizlik şəraiti mövcuddur.

 

-Azərbaycanla Misir arasında turizmin səviyyəsi barədə deyə bilərsiniz?

 

-Ölkələrimiz arasında turizmin səviyyəsi qaneedici deyil. Azərbaycandan Misirə səfər edən turistlərin sayını  rusiyalı turistlərlə müqayisə etmək mümkün deyil.  Ruslar Misir turizmində dördüncü yerdədir.

 

Azərbaycanla  Misir arasında turizm əlaqələrinin zəif olması birbaşa təyyarə reysinin olmaması ilə əlaqədardır. Noyabrın 26-da Bakıya Misirin turizm şirkətlərinin nümayəndə heyətinin səfəri planlaşdırılırdı.

 

Misirin turizm nazirinin başçılıq edəcəyi nümayəndə heyətinin  tərkibində Cənubi Sinay, Qırmızı dəniz qubernatorları, Turizm fəaliyyəti qurumunun direktoru, bir sözlə,  turizm sahəsindəki bütün fəal şəxslər daxil idi. Həmçinin 21 turizm şirkətinin mehmanxanaların nümayəndələri heyətdə idi. Lakin Rusiya təyyarəsinin qəzaya uğramasına görə səfər münasib vaxta qədər təxirə salındı.  Bakıda danışıqlar zamanı "AİR Cairo" şirkətinin  Misirlə Azərbaycan arasında birbaşa reys açmasına dair tarix barədə razılığa gəlinəcəkdi. İki ölkə arasında müqavilə artıq imzalanıb, sadəcə reyslərin başlama tarixi barədə qərar qalıb.

 

-Bəs qarşılıqlı olaraq hansı yüksək səviyyəli səfərlər nəzərdə tutulub?

 

-Biz Misir prezidentinin gələn il Bakıya səfərini gözləyirik. Mən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi  ilə görüşdüm o bildirdi ki, prezident Əbdülfəttah əs-Sisiyə mart ayında keçiriləcək 4-cü Açıq Cəmiyyətlər Forumunda iştirak üçün dəvət göndərəcək. Cənab Sisinin səfər çərçivəsində Bakıda bir sıra yüksək səviyyəli görüşlər keçirməsi nəzərdə tutulub. Əminəm ki, cənab prezidentin bu səfəri əlaqələri daha da gücləndirəcək.

 

Bundan başqa, Misirdən digər şəxslər də qeyd edilən foruma qatılacaqlar. 13-19 dekabrda isə Bakıda beynəlxalq ərəb dili günləri keçiriləcək. Bu tədbirdə iştirak etmək üçün   doktor Abdulrahman Hicazi Bakıya gələcək. O, bir neçə universitetdə mühazirə oxuyacaq.

 

-Enerji sahəsində əməkdaşlıq barədə nə deyə bilərsiniz? Bu yaxınlarda SOCAR prezidenti Misirdə səfərdə oldu, hər hansı razılaşma əldə olundumu?

 

-Misir  yeni Süveyş kanalı ətrafında SOCAR-a investisiya qoymaq üçün təkliflər edib. Layihələr hələ konkret  müəyyən edilməyib. Biz Azərbaycandan böyük miqdarda neft-qaz import etmişik, bütün borclarımızı da ödəmişik. SOCAR  prezidentinin səfəri göstərdi ki, bu sahədə əməkdaşlıq var.

 

-Ticarət dövriyyəsinin həcmi nə qədər təşkil edir?

 

-Neft qaz istisna olmaqla 8 milyon dollardan artıq deyil. Biz çalışırıq ki, ticarət dövriyyəsinin həcmini artıraq.

 

- Suzan xanım, Misirin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi necədir?

 

-Misirin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi mövqeyi bundan ibarətdir ki, biz Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq  tanıyır, ona hörmətlə yanaşırıq.

 

Misir BMT tərəfindən İslam Əməkdaşlıq Təşkilatının Dağlıq Qarabağa dair bütün qətnamələrini dəstəkləyir. Eyni zamanda ATƏT-in Minsk qrupunun çərçivəsində aparılan danışıqları da dəstəkləyirik.

 

PƏRVANƏ

525-ci qəzet.- 2015.- 16 dekabr.- S.5