Xocalı həqiqətlərinin fədakar
təbliğçisi
JURNALİST ŞAMİL SABİROĞLU HAQQINDA YUBİLEY DÜŞÜNCƏLƏRİ
Şamil Sabiroğlunu jurnalist - həmkarım kimi illər öncədən
tanıyıram. Vaxtilə bir neçə
dəfə Azərbaycan
Radiosunun "Səhər"
informasiya proqramında
qonağım olub.
Həmişə də ancaq bir mövzuda söhbət eləmişik.
Yeganə əzəl mövzusu
olan Xocalı faciəsi haqqında söz demək üçün studiyaya dəvət edilib. Ancaq uzun zaman olar
ki, onunla rastlaşmırdım. Bu yaxınlarda
təsadüfən qarşılaşdıq
və hal-əhvaldan sonra məni 50 illik yubileyinə dəvət etdi...
Mətbuatda, jurnalistika aləmində
çalışan hər
bir yaradıcı insana xüsusi hörmətim var. Demək
olar ki, eyni məslək sahibi olduğumuz üçün onları
özümə yaxın
hesab edirəm, hətta bir çoxlarını doğma,
yaxın dost bilirəm.
Əksəriyyətinin də yazı
tərzinə, amalına,
düşüncəsinə yaxşı bələdəm.
Ancaq etiraf etmək istəyirəm ki, Şamil sıradan biri olan jurnalistlərdən
deyil. O çox fərqli düşüncə
tərzi nümayiş
etdirən qələm
sahibidir. Onu tanımayanlar fikirləşər
ki, görəsən bu insanın belə dərdli görkəmdə görünməsinin
səbəbi nədir.
Dünyanın ən ağır yükünü
çiyinlərinə götürən
insan övladının ağırlıqdan
əzilən qaməti,
ağrılardan çəkdiyi
əzab-əziyyəti elə
bil baxışına
yazılıb, sifətinə
həkk olunub onun.
Ancaq Şamili tanıyanlar bunun səbəbini yaxşı anlayırlar, bilirlər ki, Xocalı faciəsi onun
yaddaşında
silinməz izlər
qoyub. Ömrünün axırına kimi
o dəhşətli anları
unuda bilməyəcək
səhnələrin şahidlərindən
biridir. Xocalıda
qətlə yetirilən,
tanıdığı məktəbli
uşaqların cəsədlərini
meyitlərin arasından
ağlaya-ağlaya seçərkən
yaşadığı hisslərdən,
qazandığı ürək
ağrısından bugünün özündə də xilas ola bilməyib.
Həmin vaxt cəbhə
bölgəsində olduğundan
Azərbaycan mətbuatında
ilk dəfə Xocalı
barədə həqiqətləri
deyən, hadisə yerindən xəbər verən, doğru informasiyanı respublika mətbuatında işıqlandıran
jurnalistdir o.
Şamil Sabiroğlu 1965-ci ildə Salyan rayonunda doğulub. Jurnalistikaya
"Səhər" qəzetindən gəlib.
1988-89-cu illərdə Ermənistanın
torpaqlarımıza təcavüzü
başlayanda 21 yaşlı
Şamil Laçında
"Qayğı" qəsəbəsinin
salınmasında könüllü
iştirak edir. Səkkiz aya yaxın Laçında qalır.
1990-cı ilin martında Xocalıda abadlıq işlərinin görülməsinə könüllülər
cəlb olunur. Şamil 23 nəfərdən ibarət
komandaya rəhbər təyin edilir. Beləliklə Xocalıda çalışır,
baş verən hadisələrin əvvəldən
axıra kimi içərisində olur.
O, tikinti işləri
aparmaqla yanaşı,
könüllü müdafiə
dəstələrinin tərkibində
də döyüşür.
Həm güllə ilə silahlanır,
həm də qələmlə. "Səhər" qəzetinin
xüsusi müxbiri kimi hər gördüyü
dəhşət doğuran
mənzərələri fotoaparatın
yaddaşına almağa
səy göstərir.
Bugün
də o hadisələrdən
söhbət düşəndə
həmkarım gördüklərini
elə həyəcan və ürək ağrısıyla nəql
edir ki, sanki dünən olmuşlardan danışır.
Elə uzun illərdən sonra Şamillə rastlaşanda da yenə söhbətimiz Xocalıdan başladı,
Xocalı ilə tamamlandı.
"Xocalı Soyqırımını
Tanıtma" İctimai
Birliyinin sədri,
"Ana harayı" qəzetinin
baş redaktoru, "Onu Eldən Soruşun", "Qəhrəman şəhər" və Ankarada çap olunan "Bir qışın vahşeti:
Xocalı" kimi kitabların müəllifi, 2010-cu ildə
ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə
"Tərəqqi" medalı
ilə təltif olunmuş jurnalist, müharibə veteranı Şamil Sabiroğlu 50 yaşını yaxın dostları ilə qeyd etdi. Onun təkcə
mətbuatdakı xidmətlərindən
söz açılmadı,
QHT rəhbəri kimi ictimai fəaliyyətinə
də toxunuldu. Xocalı soyqırımının dünya
ictimaiyyətinə çatdırılması
üçün gördüyü
işlərdən yetərincə
bəhs olundu. Çıxışların hər
birində Şamil
Sabiroğlunun vətəndaş
kimi elinə-obasına
layiqli xidmətindən,
faydalı əməyindən,
insani keyfiyyətlərindən,
həyata keçirdiyi
tədbirlərdən danışıldı.
Millət vəkili Qənirə
Paşayevanın yubilyarın
həyat və fəaliyyət yoluna geniş nəzər salarkən dediyi sözlərdə bir diqqət çəkən
məqam da o idi ki, Şamil
bütün amalı ilə Azərbaycanın hərbi jurnalistikasının
yaranmasında və inkişafında əməyi
olan şəxslərdəndir.
Müdafiə Nazirliyinin "Azərbaycan
Ordusu" qəzetində
müxbir, şöbə
müdiri, daha sonra "Veteran" qəzetinin
baş redaktoru işlədiyi dövrlərdə
Şamil Sabiroğlu hərbi mövzuda kifayət qədər gərəkli yazılara imza atıb. Onun kitab
və məqalələrində,
rəhbərlik etdiyi Birliyin tədbirlərində
torpaqlarımıza erməni
təcavüzünün acı
nəticələrindən ağrıyla söhbət
açılır.
Məni
həmkarım haqqında
yazmağa vadar edən səbəblərdən
biri də onunla bağlı rast gəldiyim yazıdakı
bu məqam oldu. Gözünün ağı-qarası qızı
Şamilənin ötən
il atasının 49 yaşını təbrik
edərkən
haqqında yazdığı
sətirlər həmkarımızı
elə tanıdığımız
kimi təqdim edir. Qızı yazır:
"Əziz dostlarım. Bu gün mənim canım atamın, qürur duyduğum atamın doğum günüdür.
Ata, səninlə bu gün bir daha
qürur duyduğumu anladım!
Bu gün Salyan rayonunun igid oğlu, Ağdam rayonunda xidmət edərkən şəhid
olmuş Səftər
Əlihüseyn oğlu
Məmmədovun 7-si, yas
mərasimidir. Bu gün onun yas mərasimində
iştirak etdikdə anasının, atasının gözlərindəki
kədərlə yanaşı
qürur gördüm.
Ürəyim dağlandı,
göz yaşlarıma
hakim ola bilmədim, amma... Atacan, sən bu gün - doğum
günündə şəhidimizin
ailəsinin, öz oğlumuzun, vətənimizin
oğlunun kədərinə
və qüruruna şərik olmağa getdin və məni də özünlə apardın…
Mən səninlə bir daha qürur duydum. Səni çox sevirəm, Atam..."
Ailədə ataya məhəbbət həmişə güclü olur. Hər bir uşaq atası ilə fəxr etmək istəyir. Ata qəhrəman olanda, el içində ad-san qazananda övladın gözünə daha da uca görünür. Şamil kimi oğullarının olması da vətənin ucalığı deməkdir.
Xocalı həqiqətlərini dünyada təbliğ edən həmkarıma sual ünvanlayanda ki, "nəyəsə nail ola bilmişikmi?, dünya bu müsibətdən xəbərdardırmı?", cavabında o, Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi vurğulayır və artıq dünyanın bir sıra ölkələrinin faciəni rəsmi tanıdığını bildirir. Öz tədbirlərinə gəldikdə isə, bir neçə xarici ölkədə şəxsən Xocalıdan olan insanların iştirakı ilə keçirilən görüşlərin müsbət nəticə verdiyini söyləyir. Məsələn danışır ki, Xocalıda 8 yaşlı Xəzangül Əhmədovanın gözlərinin qarşısında atasını diri-diri yandırıblar, illər sonra Xəzangül Almaniyada olarkən həmin dəhşətli epizodu danışanda zaldakı bütün insanlar kövrəlmişdilər. Sonra həmin söhbət Almaniya parlamentində də danışıldı... Yaxud Türkiyədə çap olunan kitabı və onun geniş təqdimatla türkiyəli oxuculara çatdırılması, müəlliflə mütəmadi görüşlər ötən əsrin o dəhşətli cinayətin bütün təfərrüatlarının qardaş ölkədə ictimaiyyətə çatdırılması məqsədinə xidmət edir.
Bir qələm adamı kimi Şamil Sabiroğlu Xocalı faciəsinin təsirindən ayrıla bilmir, daima səy göstərir ki, o dəhşətli günlərin acı xatirələri xalqın yaddaşından silinməsin. Ona görə də yazdığı kitablarda, çıxışlarında əsas mövzu kimi Xocalı müsibəti önə çəkilir. Xocalının intiqamı alınmayınca bu ağır mövzunun təsirindən qurtula bilməyəcəyini düşünür.
Yüksək amallar uğrunda çalışan ziyalılardan, milli əqidə uğrunda savaşan insanlardan biri kimi tanıdığım Şamil Sabiroğlunu 50 yaşı münasibəti ilə təbrik edirəm. Həmkarıma gələcək yubileylərini Xocalıda, Laçında keçirməsini arzulayıram. O günlərə kimi isə ailə sevinci, övladının şad günləri, gözəl qızı Şamilənin xoşbəxt günləri başını elə qatsın ki, ömürdən gedən illərinin necə gəlib keçdiyini hiss eləməsin.
50 yaşın mübarək, Şamil Sabiroğlu!
Şəlalə MƏHYƏDDİNQIZI
Azərbaycan Radiosunun əməkdaşı
525-ci qəzet.- 2015.- 17 dekabr.- S.8.