Qədir Rüstəmovun 80 illik
yubileyi qeyd edilib
Dekabrın 15-də Mədəniyyət və
Turizm Nazirliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində
ölməz xanəndə
Qədir Rüstəmovun
80 illiyinə həsr olunmuş yubiley konserti keçirilib.
Konserti Qədir Rüstəmovun ailə üzvləri, dostları, sənət yoldaşları, Xan Şuşinskinin ailə üzvləri, Xalq artistləri Canəli Əkbərov, Mənsum İbrahimov, millət vəkili, yazıçı
Aqil Abbas da dinləyiblər.
Proqram Qədir
Rüstəmovun misilsiz
ifasında "Sona bülbüllər" mahnısı
ilə başlayıb.
Tədbirin aparıcısı olan
yazıçı-publisist Mustafa Çəmənli Qədir
Rüstəmovun həyat
yolundan və Azərbaycan ifaçılıq
sənətinin inkişafına
verdiyi dəyərli töhfələrdən söz
açıb:
"Qədir Rüstəmovun
ailəsində gözəl
səsi olanlar çox olub. Ancaq Qədir
Rüstəmov təkrarsız
ifası ilə xüsusi seçilib və özünəməxsus
bir səviyyə müəyyənləşdirib. O, xarakteri etibarilə heç kimə boyun əyməyən, söz götürməyən
adam idi.
Onun bənzərsiz ifasını
Xan Şuşinski bəyənib, qiymət verib, hətta Cabbar Qaryağdıoğluna
da bənzədib".
Daha sonra konsert proqramı
Xalq artisti Nəzakət Teymurova, gənc xanəndələr
Eldəniz Məmmədov,
Mustafa Mustafayev və Kamilə Nəbiyevanın
çıxışları ilə davam edib.
Xatırladaq ki, Q.Rüstəmov
1935-ci il noyabrın 29-da Ağdam rayonunda anadan olub. Unudulmuş xalq mahnılarımızdan
bir çoxu sənətkarın ifası
ilə yenidən həyat qazanıb. Onun son dərəcə məharətlə oxuduğu
"Sona bülbüllər",
"Apardı sellər
Saranı", "Laçın",
"Ay dili-dili", "Sarı
gəlin" və neçə-neçə digər
mahnılar hər kəsin qəlbində kövrək duyğular və səmimi hisslər oyadıb. Qədir Rüstəmovun ifasında
bir sıra muğam dəstgahları
- "Rast", "Çahargah"
lentə alınaraq radionun qızıl fondunda saxlanılır.
Qədir Rüstəmov 2011-ci il
dekabrın 13-də Türkiyənin İstanbul
şəhərində vəfat edib, ikinci Fəxri Xiyabanda dəfn
olunub.
525-ci qəzet.- 2015.- 17 dekabr.- S.7.