Xalq şairi Fikrət Qoca haqqında yeni kitab

 

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) Xalq şairi, AYB-nin Birinci katibi Fikrət Qoca haqqında "Od oğluyam, alovlardan doğuldum" kitabının təqdimat mərasimi keçirilib.

 

Tədbirin aparıcısı - AYB katibi, şair İlqar Fəhmi kitabdan söz açaraq nəşr haqqında qısa məlumat verib.

 

Qeyd edib ki, kitabda şairin həyatı yaradıcılığı ilə bağlı müxtəlif qələm adamlarının məqalələri, esseləri toplanıb.

 

Birliyin sədri, Xalq yazıçısı Anar çıxış edərək son vaxtlar şairin 80 illik yubileyilə bağlı  mərasimlərin sıx-sıx keçirilməsinin əlamətdar hal olduğunu vurğulayıb: "Bu il Fikrət Qoca ilidir. Onun bu yaxınlarda Moskvada, Bakıda silsilə yubiley tədbirləri oldu. Bu gün həmin tədbirlərin davamı olaraq daha bir tədbir keçiririk onun kitabının işığına yığılmışıq". Sonra Anar yubilyar şair haqqında, onun yeni kitabı barədə fikirlərini bildirib ona xoş arzularını çatdırıb.

 

Şair Ənvər Əhmədin çıxışında F.Qoca ilə bağlı bu fikirlər önə çəkilib: "Mən onu son dərəcə xeyirxah, mərd, geniş ürəkli, monolit bir insan kimi görürəm. Fikrət müəllim ədəbiyyata şair kimi gəlib və ilk vaxtlardan etibarən sözü, misrası ilə seçilib".

 

"Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə çıxış edərək şairin yaradıcılığına münasibətdən danışıb: "Fikrət Qoca yaradıcılığı həmişə diqqət mərkəzində olub, təhlil edilib. Ancaq təəssüflər olsun ki, bu, həmişə birmənalı olmayıb. 60-cı illərdə onun şeirlərinə qarşı qısqanclıqla yanaşan insanlar da az deyildi. Yəni, Fikrət indiki mərhələyə heç də birdən-birə, asanlıqla gəlməyib. Yaradıcılıq yolunda və həyatda çox çətinlikləri olub, çalışıb və ədəbiyyatımızda layiqli mövqe tutub".

 

Tənqidçi Vaqif Yusifli şairin poeziyasının orijinallığı, Azərbaycan ədəbiyyatındakı yeri mövzusunda fikirlərini bölüşüb: "Bu kitabda mənim də yazım var. Ümumiyyətlə, mənim Fikrət Qoca haqqında 90-cı illərdə iki kitabım nəşr olunub. Mən Fikrət Qocanı 60-cı illərdən oxumağa başlamışam. Düşünürəm ki, belə demək mümkündürsə, Fikrət Qoca poeziyamızda, ədəbiyyatımızda bütün borclarını ödəyib, amma yenə də bu proses davam edir. XX əsr Azərbaycan ədəbiyyatının mənəvi aurası onun şeirlərində bütün detalları ilə əks olunur. Fikrət Qoca elə şairdir ki, onun şeirlərinə hər qayıtdıqca yeni poetik məqamlar kəşf etmək mümkündür".

 

Tədbirdə şairlər Səlim Babullaoğlu, Qulu Ağsəs, yazıçı Elçin Hüseynbəyli, tənqidçi Cavanşir Yusifli və başqaları da çıxış edərək şairin yaradıcılıq yolu, poeziyasının özəlliyi barədə söz açıblar.

 

Sonda Fikrət Qoca çıxış edərək mərasimin təşkilatçılarına və iştirakçılara minnətdarlığını bildirib.

 

Müşfiq ŞÜKÜRLÜ

 

525-ci qəzet.- 2015.- 17 dekabr.- S.7.