Azərbaycanın mədəniyyət nümunələri Vaşinqtonda sərgilənib

 

ABŞ-da yerləşən Ronald Reyqan Binası Beynəlxalq Ticarət Mərkəzində (Ronald Reagan building and International Trade Center) "Winternational" adlı 4-cü İllik Səfirlik Sərgisi keçirilib.

 

Ticarət Mərkəzləri Assosiasiyası (Trade Center Management Associates) tərəfindən maliyyələşdirilən tədbirdə əsasən Vaşinqtonda akkreditə olunmuş diplomatik korpusun yüksək vəzifəli nümayəndələri, ABŞ KİV-lərinin nümayəndələri, sadə vətəndaşlar, habelə Azərbaycan icmasının təmsilçiləri daxil olmaqla, 2500 nəfərdən artıq insan iştirak edib.

 

Vaşınqtonda akkreditə olunmuş 35-dən çox səfirliyin nümayiş etdirdiyi rəngarəng mədəniyyət nümunələri müxtəlif milli adət-ənənələrin təcəssümü olan əşyalar böyük maraq doğurub.

 

Yarmarkanın ölkəmiz üçün ayrılmış stendinin tərtibatında Azərbaycanın qədim tarixi abidələrini, müasir infrastrukturunu turizm potensialını özündə əks etdirən şəkillərdən istifadə olunub. Burada milli mətbəximizin nümunələri, xalçalar, suvenirlər, Azərbaycan haqqında buklet kitablar nümayiş etdirilib.

 

Qeyd etmək lazımdır , Azərbaycan stendi daha çox tamaşaçı toplayan stendlərdən biri olub.

 

Sərginin açılışında çıxış edən Ticarət Mərkəzləri Assosiasiyasının prezidenti Con P. Dryu (John P. Drew) tədbirin əsas məqsədinin Vaşinqton ictimaiyyətini dünya ölkələrinin mədəniyyət adət-ənənələri barədə məlumatlandırmaq olduğunu bildirib.

525-ci qəzet.- 2015.- 17 dekabr.- S.7.