Söz sözün
söykəyidi
Müəyyən fərqlərlə zəlzələ
də ekstremal şərait yaradır, selləmə-daşqın da,
müharibə də. Hardasa zəlzələ,
selləmə olur, fəsadları müəyyən
müddətdə aradan
qaldırılır.
Şəraitin müddətinə, təhlükəsizlik
dərəcəsinə görə
müharibədə belə
olmur. Müharibə uzun çəkir.
Bütün hallarda hadisə
ilə bağlı informasiya əldə etmək, onu ictimailəşdirmək istəyən
jurnalistlər də müəyyən çətinliklərlə
(təhlükələrlə) üzləşir. Jurnalist müharibədə
(döyüş şəraitində)
zəlzələylə, daşqın-selləməylə
müqayisədə daha
gərgin situasiyalarla üzləşir. Necə davranmalı?
Belə situasiyalarda informasiyanı
necə əldə etməli? Tövsiyələr lazımdır. Jurnalist Əlisafa Mehdiyevin "Ekstremal jurnalistin əl kitabı"nın elmi-nəzəri, metodiki (müəyyən mənada
publisistik) dəyəri
bu amillə müəyyənləşdirilməlidir.
Müharibənin nə olduğunu
döyüşlərdən uzaqlarda da duymaq,
görmək, dərk
eləmək olar - oğul itirən ananın ağılarında,
atasız körpənin
baxışlarında, qardaş
itirən bacının
lal fəryadında, sönmüş ocaqların
göy üzünü
göyərdən harayında...
Bunları da sözə
gətirən jurnalistlərdi;
nə olduğu jurnalist sözünün işığında daha
aydın görünür.
Dərdə şəriklik, dərdi
bölüşmək, təsəlli,
həm də tarix olan jurnalist
sözünə inanılır,
olmuşlara, olanlara bu sözdən baxılır. Digər
ekstremal situasiyalarla müqayisədə jurnalistlər
müharibədən (atəşkəs pozulanda döyüşlərdən) verəcəkləri
(verdikləri) informasiyalara
daha həssas yanaşmalıdır. "Ekstremal
jurnalistin əl kitabı"nın başlıca olaraq bu istəyə hesablandığı gümanındayam
(və israrlıyam). "Ekstremal jurnalistin
əl kitab"ının
qayəsi bu tezislərə köklənməklə
SÖZə sayğıdı,
hadisəni (faktı) tarixləşdirən SÖZün
vətəndaşlıq borcu
biçimində mühafizəkarı
olmaqdı. Digər tərəfdən,
hərtərəfli, dərin
təhlilin tarixiliyinə,
tarixiliyin milliliyinə
(xəlqiliyinə) söykənən
bu kitab jurnalistikanın yeni bir sahəsinə (Əlisafa Mehdiyevin təəbirincə desək,
savaş jurnalistikasına)
dövlətçilik baxımından
yanaşmanın, jurnalist
münasibətinin (heysiyyətli
münasibətin!) təzahürüdür,
şübhəsiz.
Kitabda şəraiti müəyyənləşdirən
şərtlər təhlil
edilməklə ekstremal
vəziyyətin xarakteri
şərh olunur
("Fövqəladə halların
xarakteri"), ekstremal
hadisənin sosial-siyasi,
texnoloji, ekoloji, təbii xarakterli olması, təsir dairəsinə (miqyasına)
və nəticələrinin
ağırlığına görə lokal (qismi), obyekt səciyyəli, yerli,
regional, milli və qlobal xarakterli olduğu qeyd edilir. Bu nəzəri-publisistik
qənaət neçə-neçə
hadisənin (faktın)
təfəkkür müstəvisində
təhlilini ümumiləşdirmənin
nəticəsidir. Belə düşünürəm.
İnsafən, haqlıyam. Ekstremal jurnalistə zəruri bilgi verən bu kitab istər
elmi, istərsə də təcrübi dəyərə malikdir
("Görünən dağa
nə bələdçi?)...
Müharibədə (müharibə şəraitində)
informasiya toplayan jurnalistdən geniş erudisiya, böyük məsuliyyət, kifayət
qədər həssaslıq
(və vətəndaşlıq
mövqeyi) tələb
olunur. "Ekstremal
jurnalistin əl kitabı"nda müxtəlif
vaxtlarda müxtəlif
dövlətlərdə gedən
müharibədə jurnalistlərin
üzləşdiyi çətinliklər
(təhlükələr, ekstremal
vəziyyətlər) də
xatırlanır, istinad
biçimində bu və ya digər
mətləbə "ömür
vermək üçün"
təhlilə cəlb
olunur. Bunların
Dağlıq Qarabağ
və Ermənistanla sərhəd rayonlarda gedən döyüşlərdə
(müharibədə) jurnalistlərimizin
informasiyalar toplama mexanizmi, yol verdikləri nöqsanların
təsnifatı ilə
müqayisəli şəkildə
təqdim olunması, bəzi
məqamların nə
(nələr) ilə nəticələndiyinin xatırladılması
cəbrən müharibəyə
cəlb olunmuş dövlətin (Azərbaycanımızın)
dövlətçiliyinə jurnalist sayğısıdır.
Bu sayğı, dövlətçiliyə
hesablanıb...
Kitabda istər
dünyada, istərsə
də son 27 ildə baş vermiş (baş verən) hadisə və faktlar da xatırladılır
ki, bu da
özlüyündə çağdaş
jurnalistikamız üçün
bəlkə də ilkin nəzəri bilgi gücündədi. Məhz bu,
ekstremal şəraitdə
jurnalistin davranış
düsturu hesab edilməlidir (nisbətən
təkmilləşməklə). Əlisafa Mehdiyevin təqdim etdiyi bu "düstur" bu və ya digər
faktla (hadisəylə)
təxəyyülün sintezinin
nəticəsidir, şübhəsiz.
Bu baxımdan kitab həqiqətən ekstremal
jurnalistin yaradıcılığını
tənzimləməyə, informasiyaların
daha həyati, daha dolğun, dürüst ictimailəşdiriləcəyinə
(milli heysiyyəti, dövlətçiliyi nəzərə
alınmaqla) yardımçı
olacaq dərslikdir;
"Ekstremal jurnalistin
əl kitabı"nda
Əlisafa Mehdiyevin qənaətləri (ekstremal
jurnalistikanın "düsturu")
bəşəri jurnalistikanın
necəliyini (necə olmasını) müəyyənləşdirən
məfkurə sisteminin
mühüm tərkib
hissələrindən biri
kimi qəbul edilməlidir (edilir).
"Ekstremal jurnalistin əl kitabı"nda ordu ilə cəmiyyət
münasibətləri müxtəlif
aspektlərdən araşdırılır,
"müharibəyə cəlb
olunmuş ölkənin
bütövlükdə hərbi
fəaliyyət səhnəsinə
çevrildiyi" qeyd
edilir, Azərbaycanın
ərazi bütövlüyü
uğrunda gedən müharibənin xarakteri (qlobal, regional və lokal) səciyyələndirilir,
jurnalistlərə Silahlı
Qüvvələr və
ordu mənsubları haqqında verilən informasiyalarda onun spesifik təyinatını,
cəmiyyət və dövlət üçün
əhəmiyyətini unutmamaq
tövsiyə edilir, informasiya toplama mexanizmi şərti olaraq göstərilir...
Ekstremal jurnalist peşə hazırlığıyla yanaşı bəzi zəruri bilgilərə də malik olmalıdır (nəzərə alınmalıdır ki, Əlisafa Mehdiyev döyüşlərdə olmuş zabitdir). Hansı ekstremal şəraitdə necə davranılmalı olduğunu bilməyən jurnalistin ictimailəşdirdiyi informasiyanın təsirliyi (müəyyən mənada tarixiliyi), H.B.Zərdabi demişkən, "həqiqətin ayinəsi" ola bilmir. Digər tərəfdən, ekstremal şəraiti şərtləndirən amillər xarakteri etibarilə müxtəlif olsa da, mahiyyəti etibarilə jurnalistin necə davranmalı olduğunu dəqiqləşdirməyə meyllidir. Zəlzələ də ekstremal şəraitdir, daşqın-selləmə də, müharibə də. Ekstremal şərait (konkret olaraq müharibə) bəzən jurnalisti hadisənin iştirakçısına çevirir. Ona görə də jurnalistin təkcə ilkin hərbi biliklərə malik olması yetərli deyil, onlar atıcı silahlardan (bu baxımdan avtomatdan) istifadə etməyi də bacarmalıdırlar. Bir hadisəni xatırlayıram:
1992-ci ilin sentyabrında Zəngilanda
ezamiyyətdəydik: Seyidağa Mövsümlü (operator),
Etibar Şirin (operator), İlqar Behbudov və mən. Sakitliyiydi,
həzin-həzin meh əsirdi.
Ağacların aramla titrəyən
xırdaca budaqları saralmış yarpaqları
"çiyinindən yerə atırdı". Müharibədən
danışırdıq, döyüşlərdən
danışırdıq, şəhidləri
xatırlayırdıq. İnama, güvəncə
söykənən söhbətimizi qəfil eşitdiyimiz
iki güllə səsi çiliklədi. Gizir Mehdi Mirrzayevin
"Ermənilər həmlə eləyib!" xəbərdarlığı
hamını o səmtə çəkdi.
Atışma başladı. Seyidağanın, Etibarın kamera, İlqarın sükan,
mənim mikrofon tutan əllərim
avtomatdan yapışdı. Biz də döyüşçülərlə
bir sırada atışdıq; o anlarda biz
də döyüşçü idik...
Rəşid
Faxralı
525-ci qəzet.- 2015.- 18 dekabr.- S.8