Milli mədəni irsə -
xalçaçılıq sənətinə ürəkdən
bağlı insan
Beynəlxalq
miqyasda nüfuzlu elmi-tədqiqat mərkəzi kimi tanınan,
dünyanın ən nadir muzeylərindən biri olan Azərbaycan
Xalça Muzeyinin direktoru sənətşünaslıq elmləri
doktoru, professor Röya Tağıyevanın Azərbaycan mədəniyyətinə
həsr etdiyi ömrü bu muzeyin yaşı qədərdir.
Röya Tağıyeva bu muzeyi arxiv və ya ölü əşya
xarakteri daşımaqdan xilas edərək hər bir əşyasının
milli funksiyasını, hər bir bəzək elementinin milli
kodlarımıza daxil olduğunu, irsi
daşıyıcısının məhz bizə aid
olduğunu qabardaraq dünyaya nümayiş etdirdi. Yəni naxışlarımızdaki,
ilmələrimizdəki bəzəyi görüntü,
xoşagəlmə çərçivəsindən
çıxarıb milli refleksimizə, genetik kodumuza
çevirdi.
1967-ci ildə
Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti
Dövlət Muzeyində kiçik elmi işçi kimi
başlayan Röya Tağıyeva, böyük elmi
işçi, elmi katib, muzeyin elmi-tədqiqat sahəsinin
müdiri, elmi-ekspozisiya şöbəsinin müdiri kimi vəzifələrdə
işləmiş, 1982-ci ildən hazırkı dövrədək
muzeyin direktoru vəzifəsində çalışır.
Çox nadir hallarda təsadüf olunan haldır ki, lap gəncliyindən
onun iş ünvanı Azərbaycan Xalça Muzeyi olmuş,
böyük xalça ustası, bu sənətin fədakarı
olan Lətif Kərimovla bir yerdə
çalışmış, ondan çox
şeylər əxz etmişdir.
Röya
Tağıyevanın özünün qeyd etdiyi kimi
"Xalça Azərbaycan incəsənətinin zəngin xəzinəsi,
böyük bir
sənət əsəri, bir xalqın yazılı tarixi,
şifahi ədəbiyyatı, musiqisi, estetik mədəniyyətinin
və klassik dünyagörüşünün əsas mənbəyidir".
Bu xəzinəni
dünya xalqlarına, gələcək nəsillərə
çatdırmaqdan ötrü onları bir yerə
toplayıb, qorumaq üçün bir sənət məbədinin
yaranması vacibdir. Bu sahədə əvəzsiz xidmətləri
olan Azərbaycanın Xalq rəssamı, sənətşünas
Lətif Kərimovun təşəbbüsü və Ulu
öndər Heydər Əliyevin dəstəyi ilə 1967-ci ildə təşkil
edilən Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti
Dövlət Muzeyinin fəaliyyətə
başladığı ilk gündən Röya Tağıyeva
burada fəaliyyət göstərmişdir. O, Azərbaycanın
bütün regionlarını, bölgələrini
qarış-qarış gəzib, ekspedisiyalarda iştirak edib ən
gözəl xovlu və xovsuz xalça və xalça məmulatlarını,
xalçaçılıq alətlərini və s. qiymətsiz
sənət nümunələrini toplayıb, onların toxunma
texnikasını, boyanma prosesini, xalçaçılıqla
bağlı adət-ənənələri, mərasim və
şənlikləri, el deyimlərini öyrənmişdir. 1972-ci il
sentyabrın 27-də
Ulu öndər Heydər Əliyevin təşəbbüsü
ilə Azərbaycan Xalça Muzeyinin ilk ekspozisiyasının
açılışı olur.
Röya
xanım o günləri belə xatırlayır: "Həmin
gün XVIII-XX əsrlərə aid 200-ə qədər Azərbaycan
xalça nümunələri olan 4 zal təqdim olunmuşdur. Açılış zamanı başda Heydər
Əliyev olmaqla bütün qonaqlara Azərbaycanın məşhur
xalçaçılıq məktəblərinə məxsus
xovsuz xalçalar - sumax, zili, şəddə, palaz, kilim və
süjetli, ornamental xalçalar haqqında mən məlumat
verdim. Çox keçmədən Ulu öndər bəlkə də,
daha sonra analoqu olmayan bir ƏMR imzaladı: "Azərbaycan
Xalça Muzeyinə məhdudiyyətsiz maliyyə vəsaiti
ayrılsın. Heydər Əliyev bununla da, təkcə
xalça muzeyinin deyil, Azərbaycanda muzeylərin
yaradılmasına və inkişafına meydan
açmış oldu".
Röya Tağıyeva öz üzaqgörənliyi ilə
xalçaçılıq sənətinin, onun qədim mənbələrinin
əhəmiyyətini dəyərləndirə bilən bir tədqiqatçıdır. O, Azərbaycanın qədim
xalçaları və xalq tətbiqi sənəti nümunələrinin
geniş miqyasda muzey fondunda cəmləşməsini
qarşısına məqsəd qoymuşdur. Regionlarda, kəndlərdə,
qəsəbələrdəki ekspedisiyaları gözəl nəticələr
verdi, muzeyin fondları xeyli zənginləşdi.
Muzeyin kollektivi, o cümlədən,
R.Tağıyevanın sayəsində isə həmin zəngin
kolleksiya çox qısa vaxt ərzində toplanmışdı.
Buna görə əminliklə demək olar ki,
Azərbaycan Xalça Muzeyinin təşəkkülündə
R.Tağıyevanın xidməti əvəzolunmazdır.
R.Tağıyevanın rəhbərlik etdiyi müddətdə,
muzey Azərbaycan xalqına məxsus mədəniyyət
nümunələrin özgəninkiləşdirilməsi ilə
mübarizə sahəsində uğurlu addımlar
atmışdır. Dünyanın bir sıra məşhur
muzeylərində nümayiş etdirilən Azərbaycan
xalçaları təəssüf ki, "İran
xalçası", "Qafqaz xalçası" adları
ilə təqdim olunurlar. Muzey beynəlxalq
miqyasda nüfuzlu elmi-tədqiqat mərkəzi kimi
tanındığı üçün elmi araşdırmalar
və əsaslandırılmış sübutlarla xarici
ölkələrdə olan muzeylərdəki Azərbaycan
xalçalarına dəqiq, düzgün atribusiyalar (adlar)
verilməsinə, sərgilərin təşkili və
kataloqların çap edilməsinə nail olmuşdur.
Belə
ki, Ukrayna, Gürcüstan, Çexiya qabaqcıl muzeylər və
ABŞ, İsveçrə, Almaniyada şəxsi qalereyada
saxlanılan Azərbaycan xalçasının
atribusiyasının verilməsi ilə bağlı muzeyə
müraciət etmiş və nəticədə təqdim
olunan fotoşəkillər əsasında həmin
xalçaların adlarını, dəqiq tarixi və işlənmə
texnikası müəyyən edilmişdir. Bu il
Luvr Muzeyinin İslam Departamentinin müdiri Azərbaycanda olarkən,
həmin məqsədlə R.Tağıyeva ilə Luvrda
saxlanılan xalçalarından ibarət fotomaterialların təqdim
edilməsi üzrə danışıqlar
aparmışdır. Tanınmış Amerika alimi
Raul Çebul muzey ilə daimi əlaqə saxlayır və dəfələrlə
keçə məmulatları, tekstil və cecimlərin elmi
xarakteristikası ilə bağlı müraciət etmiş və
ona lazımi məlumatlar verilmişdir.
R.Tağıyevanın çoxsaylı kitab və məqalələri,
xüsusi ilə də "Azərbaycan xalçası"
monoqrafiyası ingilis, macar, çex, ərəb dillərində
nəşri də bu əhəmiyyətli məqsədə
xidmət edir.
Hazırda Azərbaycan xalçasının
inkişafı yolu görünən "Azərbaycan
Xalçası sivilizasiyalar qovşağında" kitabı
ispan (Argentinada), fransız, rus dillərində çapa təqdim
edilmişdir. Bu tədqiqatlar nəticəsində bir
çox xarici ölkələrin muzeylərində
saxlanılan və adətən səhv olaraq "İran
xalçaları", yaxud ümumiləşdirilərək
"Qafqaz xalçaları" adlandırılan
xalçaların məhz Azərbaycan xalça
kompozisiyaları olması qənaətinə gətirilir. Bu yaxınlarda isə hazırlanan "Azərbaycan
xalçası" adlı ensiklopediyasının 1 cildi nəşr
olunub, II cildi çapa təqdim edilmişdir.
Erməni işğalçıları tərəfindən
mənimsəmək istədikləri Azərbaycan
xalçaları, o cümlədən, Qarabağ
xalçaçılıq məktəbinə məxsus
ceşnilərin qorunması, təbliği və tədqiqi sahəsində
Röya Tağıyeva və onun rəhbərlik etdiyi
kollektivin nümayəndələri xüsusi fədakarlıq
göstərmişlər. Şuşa şəhərində
açılmış Azərbaycan Xalçası və Xalq
Tətbiqi Sənəti Dövlət Muzeyinin "Şuşa
muzeyi" filialı əfsuslar olsun ki, erməni hərbi təcavüzü
nəticəsində fəaliyyətini 1992-ci ildə
dayandırmışdır. İşğal ərəfəsində
Röya Tağıyeva yuxarı təşkilatdan göstəriş
gözləmədən, tam məsuliyyəti öz üzərinə
götürərək, filialda olan eksponatların təxliyə
olunmasını təşkil etmiş və bunun nəticəsində
Şuşa filialında mühafizə
olunan eksponatlar Bakıya gətirilmişdir. Eksponatları
Bakıya gətirən muzey işçiləri, o cümlədən,
Şuşa filialının şöbə
müdiri Hicran Əliyeva bu işdə sözün əsl mənasında
qəhrəmanlıq göstərmişlər. Bu hadisədən
hüquq mühafizə orqanları tərəfindən
istintaqa cəlb olunan və töhmət alan
Röya Tağıyeva bu fədakar addımı sayəsində
Azərbaycanın milli sərvətinin düşmən əlinə
keçməsinin qarşısını almışdır. O
zaman Şuşada yerləşən muzeylər
sırasında yeganə muzeydir ki, məhz Azərbaycan
Xalça Muzeyi öz eksponatlarını tam xilas edə
bilmişdir və bu gün Şuşa
filialı muzeyi Azərbaycan Xalça Muzeyində öz fəaliyyətini
davam etdirir. Muzeyin Şuşa filialı şöbəsi
Qarabağ məktəbinə məxsus xalça nümunələrinin
məhz xarici ölkələrdə təbliği məqsədi
ilə ABŞ-da fəaliyyət göstərən
"Qarabağ Fondu" ilə əməkdaşlıq
edir. Təşkilatın səlahiyyətli
nümayəndələri ilə görüşlər təşkil
edib, ikitərəfli memarandum imzalayıblar.
2005-ci il fevralın 7-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycanda
xalça sənətinin qorunması və inkişafı
haqqında" Qanunun icra edilməsi barədə sərəncam
imzaladı. Artıq Azərbaycan xalça sənətinin
yeni İNKİŞAF mərhələsi
başlanmışdır. UNESCO-nun mənəvi irs
siyahısına Heydər Əliyev Fondunun Prezidenti, UNESCO və
İSESCO-nun Xoşməramlı səfiri Mehriban xanım
Əliyevanın fədakar səyi nəticəsində 2010-cu
ildə "Azərbaycan xalçası" sənəti Bəşəriyyətin
Qeyri-Maddi İrsinin Reprezentativ Siyahısına daxil
edilmişdir.
Mədəniyyət
və incəsənətə daimi olaraq qayğı göstərən
ölkə rəhbəri 2007-ci il mart
ayının 6-da Azərbaycan Xalça Muzeyinin yeni
binasının tikintisi barədə sərəncam
imzaladı. Tez bir zamanda qədim Xəzərin sahilində
Muzeyin yeni
binası unikal memarlıq ideyası xalça
siması üzərində quruldu. 2014-cü il avqustun 26-da
hörmətli prezidentimiz İlham Əliyev və Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın, mədəniyyət
və turizm naziri Əbülfəs Qarayevin və ölkəmizin
mədəniyyət və incəsənət xadimləri, həmçinin ictimaiyyət nümayəndələrinin
iştirakı ilə muzeyin təntənəli
açılışı oldu.
Azərbaycan Xalça Muzeyinin nəzdində Azərbaycanda
ilk Uşaq Muzeyinin məhz R.Tağıyevanın təşəbbüsü
ilə yaradılıb, burada ödənişsiz olaraq
uşaqlarımıza xalçaçılıq, rəsm və
digər sənətləri öyrətmək məqsədilə
təhsil proqramları həyata keçirilir.
Röya Tağıyeva 1993-cü ildən fəaliyyət göstərən Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsinin sədridir. O, bu təşkilata sədrlik edərkən ən ali məqsədi Ermənistan-Azərbaycan münaqişəsi zamanı işğal olunmuş torpaqlarımızda qalan qiymətsiz mədəni və tarixi abidələrimizin geri qaytarılmasına nail olmaq, xalqımızın mədəni irsinin barbarca dağıdılmasını dünyaya bəyan etmək olub.
2010-cu ildə fəaliyyətə başlayan və ümumbəşəri sərvətə çevrilmiş xalça sənətinin dünyada tanıdılması sahəsində fəaliyyət göstərən "Azərbaycan xalçaçıları" İctimai Birliyinin də nailiyyətləri danılmazdır. 2011-ci il tarixində UNESCO-nun qeyri-maddi mədəni irslə bağlı Dövlətlərarası Komitəsinin 6-cı sessiyasında 27 digər qeyri-hökumət təşkilatı ilə yanaşı "Azərbaycan Xalçaçıları" İctimai Birliyi müstəqil ekspert kimi qeydiyyata alınması ilə bağlı akkreditasiya edilməsi tövsiyə edilib. Birlik fəaliyyətə başladığı gündən etibarən bir çox sərgilər, konfranslar keçirib.
Röya Tağıyeva təkcə Azərbaycanın
deyil, dünya mədəniyyətinin inkişafına töhfələr
vermək yönündə fəaliyyətini bu gün də
var gücü ilə davam etdirməkdədir. Bu
sahədəki xidmətlərini o, xalqına, millətinə,
heyranı olduğu milli irsə həsr edib. Əvvəllər
aldığı bir sıra nüfuzlu mükafatların
ardından, nəhayət, 2015-ci ildə Azərbaycan Respublikası
Prezidentinin sərəncamı
ilə Röya Tağıyeva Azərbaycan dekorativ-tətbiqi sənətinin
inkişafında xidmətlərinə
görə "Şöhrət" ordeni ilə təltif
edilib və bu, olduqca yüksək, əsl sənət təəssübkeşinə
layiq mükafatdır. O, bu qiymətli hədiyyəni aldığı
günü sevinclə xatırlayır: "48 ildir ki, yeganə
iş ünvanım var - Azərbaycan Xalça Muzeyi. Burada
ağrılı-acılı, eyni zamanda xoş günlərim
keçib, bir sözlə ömrüm bu muzeydən
keçib. Nəticəsi çox şərəfli və
sevindiricidir. Azərbaycan mədəniyyətinə
böyük dəyər verən möhtərəm Prezident mənim
48 illik fəaliyyətimi çox yüksək qiymətləndirdi.
Bu, mənim mükafatlarımın ən dəyərlisidir.
Çəkdiyin zəhmətin dövlət rəhbəri tərəfindən
dəyərləndirilməsi çox qürurvericidir. Mən
ona təşəkkür edir, fəaliyyətində
uğurlar arzulayıram. Cənab Prezident bununla təkcə mənə
deyil, eyni zamanda Azərbaycan xalça sənətinə, təkrarolunmaz
milli irsimizə qiymət vermiş oldu. Mən bundan sonra da
xalqıma, onun tükənməz mədəniyyətinə
sağlam enerji və həvəslə xidmət etməyə
hazıram".
525-ci qəzet.- 2015.- 18 dekabr.- S.7