Akademik Milli Dram Teatrı türk
dünyası teatrları ilə əlaqələri genişləndirir
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov Ankarada bir sıra görüşlər keçirib.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, İ.İsrafilov görkəmli türk dramaturqu Haldun Tanerin anadan olmasının 100 illiyi münasibətilə keçirilən "Beynəlxalq səhnə əsərləri müsabiqəsi"nin qaliblərinin seçilməsi mərasimi çərçivəsində TÜRKSOY-un baş katibi Düsen Kaseinovla görüşüb, gələcək əməkdaşlıqla bağlı danışıqlar aparıb, qarşılıqlı yaradıcı bəhrələnmənin perspektivlərini müzakirə edib.
Görüşdə qarşılıqlı qastrol səfərlərinin təşkili, dramaturji materialların, rejissor və teatr rəssamlığı sahəsində mübadilə məsələlərinin zəruriliyi və mədəni bəhrələnmənin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Teatrın direktoru, həmçinin Türkiyə Dövlət Teatrları baş direktoru Nejat Birecik və Ankara Dövlət Teatrının rəhbəri Esen Cəbrayılla görüşüb.
Görüşdə birgə portalın hazırlanmasının, TÜRKSOY-un dərgisində mütəmadi çıxışların təşkilinin, "dəyirmi masa"ların keçirilməsinin zəruriliyi vurğulanıb, Akademik Milli Dram Teatrının Türkiyə teatrlarına qastrol səfərlərinin planlaşdırılması müzakirə olunub.
Müzakirələrin nəticəsi olaraq 2016-cı ildə Azərbaycan və türkdilli dövlətlərin mədəniyyət xadimlərinin qarşılıqlı əlaqələrinin genişləndirilməsi qərara alınıb.
525-ci qəzet.- 2015.- 18 dekabr.- S.7