Ötən əsrin əbədi məhəbbət abidəsi: Müşfiq və Dilbər dastanı

 

 

Zaman-zaman bir çox məhəbbət dastanı, məhəbbət əfsanəsi yaranıb yayılıb. Tarix XX yüzillikdə yeni bir ülvi eşq əfsanəsinə - Müşfiqlə Dilbərin məhəbbət dastanına da şahiddir.

 

Mikayıl Müşfiq - XX əsr Azərbaycan ədəbiyyatının klassiki, çağdaş Azərbaycan poeziyasının yaradıcılarından biri, coşğun nadir istedad sahibi, nakam adlandırılan şair... Müşfiq - çağdaş Azərbaycan poeziyasının səmasında parlayan ulduz, zəmanəsinin odlu nəğməkarı. Müşfiq - gözəlliyi duyan, canından artıq sevdiyi yarı Dilbər xanıma olan sonsuz məhəbbətli aşiq sadiq həyat yoldaşı.

 

Dilbər xanımın gözəlliyi onun Müşfiqə olan sonsuz məhəbbəti şairi ilhamlandırıb, ölməz sənət nümunələrinin yaranmasına səbəb olub. Dilbər xanım Müşfiqin can sirdaşı, şeirlərinin ilhamçısı, Müşfiqlə xoş həyat sürən, xoş güzəran edən sevilən, nazlanan, əzizlənən sevgili yar idi.

 

(Əvvəli ötən sayımızda)

 

Çağdaş rəssamlıq sənətimizin yaradıcılarından biri Əməkdar rəssam Hacıağa Nəzərlinin dediklərindən: "Bütün sənətkarlar kimi, Müşfiq poeziyasının böyüklüyünü nəzərə alaraq, onun şeirlərindən ilhamlanaraq Müşfiqə həsr olunmuş əsər yaratmağı qərara aldım. Onun "Yenə o bağ olaydı" şeirindən təsirləndim. Şeirdə həyati həqiqətlər o qədər çoxdur ki, o mənə böyük təkan verdi. Çünki burada süjet xətti vardır. Belə ki, "Yenə o bağ olaydı" şeiri əsərin məkanını müəyyənləşdirib, rəssam xəyallarını qayalıqlar arasına, Xəzərin qumlu sahilinə, göy sular səltənətinə aparıb. Tablonun ruhuna, portretin psixologiyasına, qəlb aləminə düşüncəsinə gəldikdə isə deməliyəm ki, burada "Yenə o bağ olaydı" şeiri ilə yanaşı, bir rəssam kimi mənə şairin başqa şeirləri ilham, qida verib, onun janr xüsusiyyətini, fəlsəfəsini dərindən duymağa kömək edib.

Əslində isə kətan üzərində işlənmiş "Mikayıl Müşfiq" tablosunun sadə kompozisiyası vardır. Öndə dəftər qələm, qayalıq yerdə bir dizini əlləri arasına alıb qucaqlayaraq, irəliyə sakit nəzərlərlə baxan şair bir arxa planda mavi dəniz panoramı. Bu üç kompozisiya elementi arasında daxili bir yaxınlıq, bağlılıq vardır. Tablo təmiz zərif boyalarla işlənmişdir ki, bunun özü tablodan alınan əsas təəssüratla həmahəng səslənir.

 

Yəni, gözəl, təmiz rəng haradasa dənizin, xeyirxah bir insanın şairin dəftərinə düşən ilhamlı misraların müjdəçisidir".

 

Yenə o bağ olaydı, yenə yığışaraq siz

O bağa köçəydiniz.

Biz muradımızca fələkdən kam alaydıq

Sizə qonşu olaydıq.

Yenə o bağ olaydı, səni tez-tez görəydim,

Qələmə söz verəydim.

Hər gün bir yeni nəğmə, hər gün bir yeni ilham,

Yazaydım səhər-axşam.

Arzuya bax, sevgilim, tellərindən incəmi?

Söylə, ürəyincəmi?

 

Müşfiq sənətinə vurğunluğum mənim Dilbər xanım Axundzadə ilə tanışlığıma səbəb oldu. Tələbəlik illəri idi - 1984-cü ilin noyabr ayı. Təhsil aldığım Azərbaycan Politexnik İnstitutunun Radiotexnika fakültəsinin rəhbərliyi Dilbər xanım Axundzadə ilə görüş keçirməyi qərara almışdı. Onu dəvət etmək mənə həvalə olundu. Mənim Dilbər xanımla şəxsi tanışlığım yox idi. "Müşfiqli günlərim" kitabından qiyabi tanış idim onunla.

Nəhayət, günlərin birində Dilbər xanım Axundzadənin evinə pənah gətirdim. Qapını bir ağbirçək, lakin gözəlliyi solmayan bir gözəl xanım açdı. Bir  anda  xanımın o iri ala gözlərini gördüm: öncə kitabdakı şəkildə bu gözləri görmüşdüm. Yəqin etdim ki, bu, Dilbər xanım Axundzadədir. Onunla xeyli söhbət etdik, xatirələr yada düşdü. Söhbət zamanı gözlərim xalçada asılan portretə - Dilbər xanımla Müşfiqin gənclik şəklinə baxırdı. O anda fikirləşirdim ki, ilahi, bu iki gözəl sevgilini, aşiqi necə ayırmaq olardı, necə qıymaq olardı onlara?!. Dilbər xanım görüşə gəlməyə razılıq verdi. 1984-cü ilin noyabr ayının 21-də nəhayət ki, Politexnik İnstitutunda görüş baş tutdu. Professor-müəllim tələbələrin Dilbər xanımın həyəcanlı, maraqlı çıxışına diqqətlə qulaq asdılar, xatirələrinə həkk olundu o görüş...

 

Bu tədbirdən sonra ömrünün sonuna kimi Dilbər xanımla daim ünsiyyətimiz oldu. Onunla tez-tez görüşər, şeirlərini, bəlkə , ilk dinləyən mən olardım. Dilbər Axundzadə bir gün mənə Müşfiqin şəklini hədiyyə etdi.

 

Orada öz dəsti-xətti ilə yazmışdı:"Müşfiqi yüksək məhəbbətlə sevən, mənə oğlum qədər əziz olan Qafara xatirə..." bir aşağıdakı bir bənd şeir:

 

Gənclik getdi yaz qaldı,

Yar eşqiylə saz qaldı,

O da inlər qəlbimtək:

Müşfiq neyçün az qaldı?!

 

İstər-istəməz bu yerdə Müşfiqin "Həyat sevgisi" seirindən aşağıdakı misralar beynimdən keçdi:

 

Mehriban sevgilim qarşımda durdu,

Yenə şairliyim başıma vurdu.

Məndən məcnun könül maraqla sordu:

Bu saçı Leyladan necə əl çəkim?

 

Yəqin ki, yaradıcılığı boyu Müşfiq şeirlərinə yazılmış mahnıları daim repertuarının ön sıralarında saxlayan dünya şöhrətli sənətkarın da şair haqqında sözləri oxucular üçün maraqlı olar. SSRİ Xalq artisti, Dövlət Mükafatı laureatı, Milli Məclisin deputatı, "Şöhrət" "İstiqlal" ordenli Zeynəb xanım Xanlarovanın dediklərindən:

 

"Müşfiq həbs olunduğu il dəhşətli, qorxunc bir dövr idi. Repressiya Azərbaycanı da bürümüşdü. Elə bir dövrdə o zaman dahilərimiz, şair yazıçılarımız, aktyorlar digər ziyalılarımız, hamı səhər evdən çıxanda ailə üzvləri ilə sağollaşıb, halallaşırdılar, inanmırdılar ki, bir evə qayıdarlar. Ağır dövr idi, amma mən Müşfiqə görə lap çox təəssüflənirəm. Müşfiqə olan məhəbbətim, sevgim o qədər böyükdü ki, bir anlığa unudurdum Müşfiqin yaşadığı məşəqqətli, dəhşətli dövrü. O qorxulu illər gedər-gəlməz dövr olub.

 

İstəyirdim, mən bir anlığa o dövrdə yaşayım, onunla ünsiyyətdə olum, o, şeir deyəndə yanında olum, dinləyim. Atamdan, anamdan, Müşfiqin qohumlarından söylədiklərindən bilirəm ki, o, şeiri bədahətən deyərdi, qəzetə, kitaba, vərəqə baxmazdı... Müşfiq kitaba, dəftərə, dünyaya sığmayan bir şairdir. Onun şeirlərini oxuyanda çox kövrəlirəm. Sənətə Füzulinin, Müşfiqin şeirləri ilə gəlmişəm. Onun mahnılarını, qəzəllərini sevərək, ürəkdən oxumuşam.

 

qədər yaşayıramsa, sənətimdə yüksəkliyə çatmışamsa Füzuliyə, Müşfiqə, digər böyük ədiblərimizə borcluyam. Müşfiq açılmamış, oxunmamış kitabdır hələ. qədər oxusaq da, yenə oxumaq lazımdır.

 

Şairin 3 bəndlik şeirini oxuyanda görürsən ki, onun hər bəndində bir dünya vardır. Ona görə deyirəm ki, bu şeirləri, yəni, 25-26 yaşında bir gənc yazıb?! Müşfiq haqqında qədər desək, azdır. Mən ona sevgimi, məhəbbətimi mahnılarımda bildirirəm. Müşfiq uşağın da, böyüyün sevimlisidir. Əsrlər keçəcək, amma Müşfiq daim yaşayacaq. Bəlkə mən bir az ürəklərdə qaldım Müşfiqin şeirlərinə görə, o şeirlərə yazılmış mahnılara görə. Müşfiq həm canlı, unudulmaz məhəbbət əfsanəsidir.  Allah ona rəhmət eləsin!"

 

Müşfiq:

 

Ayrılıq oduna könül dayanmaz,

Eşq oduna yanan bir daha yanmaz.

Çəkdiyim nalədən neçin oyanmaz,

Şirin röyasına qurban olduğum?

 

Dilbər:

 

Dilbərəm, ilk eşqim günəşdir sönməz,

Ömrümün baharı geriyə dönməz.

Daim yalvarıram, şəklin dinməz -

Özünə,  şəklinə qurban olduğum.

 

Keçən əsrin əvvəllərində yaranmış şirinli-acılı, faciəli, təlatümlü, nisgilli, lakin son dərəcə coşğun, mənalı ömürlə zəngin canlı məhəbbət dastanı - Müşfiqlə Dilbər dastanı, beləcə, əsrin sonunda tarixə döndü. 54 il (1938-1992) intizardan sonra bu iki sevgili, aşiq, nəhayət ki, bir-birinə qovuşdu, əbədi məhəbbət əfsanəsinə çevrildilər.

 

Ruhları şad olsun!

 

Qafar ƏSGƏRZADƏ

525-ci qəzet.- 2015.- 18 dekabr.- S.6.