Dərs
İnsan ömrü boyu öyrənməyə, dərs
almağa borcludur. Bu yalnız onun özü
üçün yox, cəmiyyət, xalq və gələcək
üçün vacibdir.
Peyğəmbərlərin, dahilərin "insan gor evinə
kimi öyrənməlidir", heç vaxt öyrənməkdən,
dərs almaqdan utanma", qocalana kimi öyrənmə, ölənə
kimi öyrən" kəlamları əsrlərin
sınağından çıxmış və insanların
səadəti, bəşəriyyətin inkişafı
üçün dərk edilməsi lazım olan nümunələrdir.
Onlar əsl
həqiqətlərin, dərk edilənlərin ifadələri
olduqları üçün min il bundan əvvəl
olduğu kimi bu gün də müasirdirlər, gərəklidilər.
Çünki bu kəlamlar həyat dərsliyidir.
"Ağıllı
o adamdır ki, başqalarının müdrikliyindən və
təcrübəsindən öyrənir", "həyatı
qiymətləndirməyən adam yaşamağa layiq deyil" kəlmələrini
dilə gətirən müdriklərimiz heç vaxt "haram
var-dövlət qazan, eyş-işrətlə yaşa,
zülm et" deməyiblər. Onlar "elm öyrən,
ağıllı adamlarla otur-dur, sadə, xeyirxah ol, xalqın,
torpağın qeyrətini çək",
"dünyanın həqiqətlərinə vaqif olanlar həyatın
zinət və dövlətinə çətin baş əyərlər"
deyiblər.
Həyatda öyrənilməli, dərk edilməli, qiymətləndirilməli
çox şey var.
Tariximiz,
keçmişimiz ən böyük məktəbdir və biz
bu məktəbi keçməliyik, dərs almalıyıq.
Ümummilli Liderimiz
Heydər Əliyev dəfələrlə
xatırladırdı ki, "Tariximiz bizim üçün dərs
olmalıdır".
Bu bir həqiqətdir
ki, biz tariximizdən, keçmişdən yaxşı dərs
almadığımıza görə əsrlərlə
işğallara, təqiblərə, təsirlərə,
işgəncə və fəlakətlərə məruz
qalmışıq. Birləşmək, düşmənə
qarşı birgə mübarizə aparmaq, dövlətin sərhədlərini
qorumaq və möhkəmləndirmək əvəzinə,
xanlarımız, bəylərimiz Azərbaycanı
xanlıqlara bölməyi, parçalamağı, bir-birlərinin
qanını axıdıb "böyük xan" tituluna yiyələnməyi
daha üstün tutublar. Nəticədə
sarsılmışıq, əzilmişik, Cənubi Azərbaycan,
İrəvan torpaqlarını itirmişik.
Tarixin dərslərindən
ibrət götürməmək, tez-tez keçmişə
müraciət etməmək, əzəli düşmənləri
yaxından tanıyıb qiymətləndirməmək,
vaxtında başbilənlərə, ağsaqqallara,
torpağın, xalqın taleyini düşünənlərə
qulaq asmamaq, vəzifəyə, var-dövlətə hərisliyimiz
ərazilərimizin bir daha işğalına, Qarabağ
torpaqlarının itirilməsinə səbəb olmuşdur.
Müdriklərdən
biri yaxşı demişdir: "Bu günü yaxşı
görmək üçün keçmişi bilməliyik".
Təəssüflər olsun ki, bəzi hallarda nəinki
uzaq, heç yaxın keçmişi də yaxşı
bilmirik. XX əsrin əvvəllərində
başımıza gətirilən müsibətləri əsrin
sonlarında unutduğumuz üçün fəlakətlərə,
işğala məruz qaldıq ki, bu gün də həmin
ağrıları yaşayırıq.
Əgər
90-cı illərdə ağıllı insanları, başbilənləri
səbrlə, təmkinlə eşidib reallıqları
düzgün qiymətləndirə bilsəydik, Heydər
Əliyev kimi bir dahini vaxtında hakimiyyətə gətirməyə
nail olsaydıq bir çox bəlalardan, faciələrdən,
torpaqlarımızın işğalından yaxa qurtarmaq
mümkün idi. Əfsuslar olsun ki, o dövrdə
hakimiyyətdə olanlar nəinki qanrılıb
keçmişə baxdılar, heç gözlərinin
qarşısında olanları belə görmədilər.
Vətən, xalq mənafeyi
vəzifəyə qurban verildi. 20 Yanvar faciəsi
törədildi. Şəhərlər, kəndlər
xarabazarlığa çevrildi, torpaqlarımızın
işğalına şərait yaradıldı,
günahsız insanlar qətlə yetirildi, ölkə vətəndaş
müharibəsi təhlükəsi ilə üzləşdi.
Özlərini başbilən hesab edib Azərbaycanı
uçuruma yuvarlayanlar, ağıllı insanların
sözünə məhəl qoymayanlar çətin anda
qaçıb gizləndilər, canlarını təhlükədən
qurtarmaq üçün min bir vasitəyə əl
atdılar.
Təəssüflər
olsun ki,
ölkəni parçalanmaq, məhv olmaq səviyyəsinə
gətirənlər dünənki faciələri,
qarşıdurmaları, itkiləri tamamilə unudublar,
çirkin əməllərinin fərqində deyillər,
özlərini yenə də başbilən, ağıllı,
hamıdan qabiliyyətli, vətənpərvər hesab edirlər.
90-cı
illərdə vəzifə üstündə Azərbaycanı
uçuruma aparanların bugünkü hərəkətləri-gah
müxalifət partiyası, milli şura, gah da ayrı-ayrı
ittifaqlar, bloklar, qeyri-hökumət təşkilatları
adı altında birləşərək dövlətimizin
imicinə ziyan vurmaq, yalan-böhtan yaymaq, ölkəni xarici
qüvvələrin təsirinə məruz qoymaq cəhdləri
göstərir ki, onlar yaxın keçmişin bəlalarından,
başımıza gələn fəlakətlərdən hələ
də lazımi nəticəyə gəlməyiblər,
tariximizin qara günlərini yaddan çıxarmışlar.
Biz müdriklərdən, müəllimlərdən,
ziyalılardan öyrənməliyik. Alim, ağıllı
adamlar ömrü boyu durmadan oxuyan, öyrənən,
yaxşı dərs alanlardır.
Ağılsız, riyakar adamları isə öyrənmək,
faydalı dərs almaq, mənəviyyatı zənginləşdirmək
deyil, yalnız qarnı, yemək-içmək, var-dövlət
düşündürür. Belə adamlara vətən,
xalq, torpaq anlayışları yaddır. Kamil
insanlar hər şeydə ölçü, əndazə
gözləyir, ictimai nəzarətlə hesablaşır, vəzifə,
mal-pul hərisləri isə heç bir hədd bilmirlər,
qanun-qaydaya əməl etmirlər, insanlığı unudurlar.
Ulu Öndərimiz Heydər
Əliyevin elmi-nəzəri irsini, həyat fəaliyyətini
mükəmməl öyrənən, bəşəri
ideyalarının mahiyyətini, əhəmiyyətini dərindən
dərk edən və unudulmaz rəhbərin "Xalqın, Vətənin
taleyi hər bir insanın taleyinə çevrilməlidir"
kəlmələrinin dəyərini anlayan bir insan heç vaxt
nankorluğa, riyakarlığa yol verə bilməz.
Ümummilli Liderimizin həyatının hər anı
sağlam düşüncə, dərin təfəkkür, xalqa, torpağa
sonsuz sədaqət və məhəbbət məktəbidir,
daim öyrənilməli dərsdir.
Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev
qeyd edir ki, " Heydər Əliyevin zəngin
irsi XXİ əsrin müstəqil dövləti kimi Azərbaycanın
gələcək inkişaf və tərəqqi yolunu müəyyən
edən etibarlı səmt göstəricisidir və daim belə
olacaqdır".
Heydər Əliyev
xalqımızın sədaqətli oğlu, layiqli vətəndaşı,
müdrik rəhbəri olduğu kimi, həm də
xilaskarıdır. Onun göstərdiyi
yolla-etibarlı səmtlə irəliləyən, eləcə
də bu yoldan kənara çıxanların aqibəti hər
birimizə yaxşı məlumdur. Səmt ilə
düzgün gedənlər hörmət, ehtiram, yolunu azanlar
isə nifrət və
töhmət sahibidirlər.
Heydər
Əliyev ideyalarının dönməz təbliğatçısı,
icraçısı,
davamçısı olan Azərbaycan Prezidenti İlham
Əliyevin fəaliyyəti nəinki xalqımıza,
bütün dünyaya göstərdi ki, müdrik rəhbərin arzu və məqsədləri
müqəddəs, ideyaları bəşəri və ölməzdir.
Bu gün dövlətimizin
başçısı İlham Əliyevin dəfələrlə
qətiyyətlə söylədiyi "Müstəqillik, müstəqil
siyasət, milli maraqlar bizim üçün əsas vəzifədir,
əsas məsələdir. Biz bundan sonra da Azərbaycanın
seçimini qoruyacağıq, bütün təqiblərə,
bəzi hallarda təxribatlara baxmayaraq, öz yolumuzdan dönməyəcəyik"
kəlmələri Heydər Əliyev ideyalarından
qaynaqlanır, güc alır və həyata keçirildikcə
onun ruhunu sevindirir.
Müstəqilliyi, müstəqil
siyasət yeritməyi, milli maraqları qorumağı əsas
vəzifə kimi qarşıya qoyan və heç bir təsirdən,
təqibdən, təxribatdan çəkinmədiyini bəyan
edən ölkə rəhbəri həm də bu qətiyyəti,
inamı, vətənpərvərliyi hər bir kəsə
aşılamağı lazım bilir, xalqa
çağırış edir, insanları həmrəyliyə,
birliyə, xeyirxahlığa səsləyir.
Azərbaycan Prezidenti ən mötəbər tədbirlərdə,
toplantılarda, görüşlərdə uzaqgörən rəhbər,
sədaqətli vətəndaş, səmimi və tələbkar
bir müəllim nümunəsi nümayiş etdirir. O, Vətənə, Xalqa
xidmətdən, insanlara qayğı, hörmətdən,
inkişafdan, müstəqillikdən, torpaqlarımızın
azğın düşməndən azad edilməsinin vacibliyindən,
hər bir vəzifəli şəxsin vətəndaşlıq
və vəzifə borcundan danışır.
Həm də problemləri qabardır, işdə yol
verilən nöqsanları xatırladır, neqativ hallara-əliəyriliyə,
rüşvətxorluğa, yalan-böhtana, süründürməçiliyə
qarşı birgə mübarizə aparmağın vacibliyini
önə çəkir, inkişafımıza mane olan bəlalardan,
təsirlərdən yaxa qurtarmağı, hər bir kəsə
layiqli vətəndaş olmağı tövsiyə edir.
Ölkə rəhbərinin hər
çıxışı, əməli fəaliyyəti
insanlara dünyada baş verən hadisələri,
reallıqları dərk etmək, qiymətləndirmək,
öz xalqının səadəti, xoşbəxtliyi, gələcəyi
uğrunda necə mübarizə aparmağın istiqamətlərini
göstərmək və sübut etmək üçün bir
nümunə, dərslikdir.
Cənab İlham Əliyev öz fəaliyyəti,
çıxışları ilə öyrədən, yol
göstərən, dərs deyən bir müəllim, həm də
daim öyrənən, öz üzərində
çalışan bir şagird təsiri
bağışlayır. O, tarixdən, xalqdan, həyatdan, müdriklərdən,
dünya reallıqlarından öyrəndiyini, millətinin
arzu-istəklərindən bəhrələndiyini bildirir və
həm də həmişə, durmadan oxumağı, öyrənməyi
məsləhət görür.
Həyatda əldə etdiyimiz, qazandığımız
yaxşı nə varsa, bütün nailiyyətlərimiz
elmimizin, təhsilimizin, ağlımızın məhsuludur. Azərbaycanın bu
günkü inkişafı-ictimai-siyasi sabitlik, iqtisadi yüksəliş,
dünyada tanınması, sosial şəraitin yaxşılaşması Ulu öndərimiz
Heydər Əliyevin ideyalarının ölkə rəhbəri
İlham Əliyev tərəfindən təmkinlə,
uzaqgörənliklə, siyasətimizə, iqtisadiyyatımıza,
mədəni-mənəvi həyatımıza yeniliklər gətirilməklə
həyata keçirilməsinin nəticəsidir.
Zaman bunu göstərir və həyat, müasir dünya
irəli getmək, inkişaf üçün öyrənməyi,
düşünməyi, hadisələrdən düzgün nəticə
çıxarmağı tələb edir.
Vətəndaşlıq
Vətənə, Xalqa sədaqətdən, torpağa
vurğunluqdan keçir.
Mənəviyyatı olanları vəzifə, mal-pul,
var-dövlət, ad-san deyil, insanlara xidmət, millətə
qayğı, torpağa məhəbbət birləşdirir.
Dəbdəbəli məclislər qurmaq, bahalı
villalarda yaşamaq, qiymətli maşınlarda gəzmək,
eyş-işrətlə gün keçirmək insan həyatının
mənası deyil.
Müəllimlərinin
dərsindən yayınıb oxumayan, ancaq bəxşiş, hədiyyə,
valideynlərinin köməyi ilə orta və ali
təhsil alan gənclərdən layiqli vətəndaşlıq
gözləmək çətindir.
Valideynlərinin vəzifəsinə, var-dövlətinə
güvənib ağsaqqallara, müəllimlərə arxa
çevirənlər, böyüklərin məsləhətlərinə
qulaq asmayanlar, həyata pulun gözü ilə baxanlar cəmiyyətə
heç bir fayda verə bilməzlər.
Dünyada baş verən hadisələrdən,
müharibələrdən, dini-irqi ayrı seçkilikdən,
demokratiya oyunlarından baş çıxarmayan, dərs
almayan ağılsızlardır. Dinimizə, dilimizə
yabançı olan bəzi insanların dinə, İslama məhəbbət
şüarları ilə vətəndaşları
çaşdırması, onları yad meyllərə vadar etməsi
xarici düşmənlərimizin ölkəmizə yönələn
çirkin əməllərinin bir həlqəsidir.
Din pərdəsi
altında yaranan bir çox terror təşkilatlarının
pozuculuq fəaliyyəti-insan tələfatları, ixtisaslar,
partlayışlar, qaçqın-köçkün
axını gələcək üçün yaxşı
heç nə vəd etmir. Bir çox ərəb
ölkələrində, Avropanın iri şəhərlərində,
elə Qərbin özündə hökm sürən
müharibələr, terror hadisələri, miqrasiya problemləri
bəşəriyyəti çıxılmaz vəziyyətə
salmışdır.
Bu fəlakətlərin
qarşısını vaxtında almaq əvəzinə, əksinə
dünyanın bəzi
aparıcı dövlətləri öz mənafeləri naminə
münaqişələri qızışdırmaq əzmindədirlər.
Əldə olan faktlar, bəzi ekstremist qüvvələrin
din pərdəsi altında ölkəmizdə
qarşıdurmalar yaratmaq cəhdləri bunu deməyə bir
daha əsas verir. Çox təəssüflər olsun
ki, içimizdə olan müəyyən nadanlar, nankorlar,
müxalifət dairələri, dünyada baş verən
qanlı hadisələrdən hələ də lazımi nəticə
çıxarmaq istəmirlər.
Azərbaycanın
dövlət quruluşunu zor gücünə dəyişməyə
çalışanlar
1993-94-95-2003-cü illərdə baş verən
çevriliş cəhdlərinin, sui-qəsdlərin nə ilə
nəticələndiyini və vətənə xəyanət
edənlərin aqibətinin necə olduğunu sanki unudublar.
Ancaq çox heyf!
Həyatın dərsləri elə ibrətamiz,
maraqlı, çətindir ki, onu unutmaq olmaz, əksinə o
dönə-dönə təkrarlanmalı, öyrənilməli
və qiymətləndirilməlidir.
İnsan
özünü dərk edəndə, özündən
öyrənəndə, kim olduğunu və
nə üçün yaşadığını anlayanda, vəzifəsini,
borcunu, ona göstərilən etimadı qiymətləndirəndə
hörmət qazanır, tanınır, ucalır. O, həm də
bir nümunəyə çevrilir, əməlləri, insani
keyfiyyətləri - xeyirxahlığı, vətənpərvərliyi,
qurub-yaratmaq eşqi ilə başqalarına dərs verir.
Etimad
göstərmək, etibar etmək, kiməsə öz bacarığını
ortaya qoymaq üçün şans vermək, irəli
çəkmək insanlıqdır, xeyirxahlıqdır. Bu xeyirxahlığa dönük çıxmaq,
etimad göstərənə xəyanət yolunu tutmaq isə
nankorluqdur, riyakarlıqdır.
Demək olar ki, hər gün Şəhidlər
Xiyabanını ziyarət edirəm. Burada uyuyanların əksəriyyəti
gənclərdir. Hüseyn Rüstəmov, Elçin
Yusifov, Ələkbər Rəsulov, Ramiz İbrahimov, Nadir
Orduxanov, Fuad İsayev və bir çox başqaları 19-20
yaşında torpaqlarımızın erməni faşistlərindən
təmizlənməsi, müstəqilliyimizin qorunması
uğrunda döyüşlərdə canlarını qurban verərək
şəhidlik qazanmışlar.
Bu mətin insanlar, qəhrəman gənclər öz sədaqətləri,
şücaətləri, mehriban, intizarlı
baxışları ilə hər gün onları ziyarət edən
minlərlə insana vətənpərvərlik, torpağa,
xalqa məhəbbət dərsi keçirlər. Əbədiyyətə
qovuşan bu gənclər düşmənlə
ölüm-dirim mübarizəsinə yalnız bir məqsəd uğrunda atılmışdılar
və onları bir amal birləşdirirdi.
Bu vətənin, xalqın, valideynlərin onlara
göstərdiyi etimad, etibar və inam idi.
Mən həyatın
şirinliyini duymadan dünyadan çox gənc ikən gedən,
ancaq əbədi bir ömür qazanıb milyonların
gözündə ucalan və xalqımın sevimlisinə
çevrilən bu gənclərin məzarlarını ziyarət
edərkən bir qürur hissi keçirməklə, həm də
dərin düşüncələrə dalıram, ölkəmizin
həyatında baş verən yaxşı və həm də
hər birimizi narahat edən hadisələr barədə düşünürəm.
Xalqın varını-dövlətini talayan, insanlara
zülm edən, soyğunçuluq, xəyanət, rüşvətxorluq
yolunu tutan və qolları qandallanan vəzifə sahiblərini,
generalları, məmurları göz önünə gətirirəm
və onları bu məsum gənclərlə
qarşılaşdırmaq istəyirəm, ancaq bacarmıram.
Çünki
həyatda olmayan bu igid gənclər ölümlərindən
sonra da məhəbbətlə yad edildiyi, sevildiyi halda,
var-dövlət, vəzifə düşkünü olan və
harın bir həyat keçirib insanların taleyi ilə alver
edənlərin çoxu sağ ikən nifrətin,
töhmətin, haqqın hədəfindədir.
Öz gənc
ömürlərini torpaqlarımızın
azadlığına, ana-bacıların dinc həyatının
təmin edilməsinə qurban verənlərin əməlləri
bir qəhrəmanlıq, vətənə məhəbbət
göstəricisi, var-dövlət, daha çox pul qazanmaq,
mülk sahibi olmaq, insanları incitmək uğrunda mübarizə
aparan bəzi vəzifə sahiblərinin fəaliyyəti isə
dövlətçiliyimizə, millətimizə xəyanətin
nümunəsidir. İnsanların gözü
qarşısında harın, dəbdəbəli həyat
keçirmək, xalqa soyğunçuluq, qanunlara hörmətsizlik
etmək göstərilən etimada, tapşırılan vəzifəyə
dönüklükdür.
Məni bir sual daim narahat edir və düşündürür. Görəsən insanların taleyi ilə oynayan, çoxlarının mənəviyyatını alçaldan, vəzifəsi olanda özünü hamıdan güclü, ağıllı, savadlı hesab edən, insanları yaxına buraxmayan, aylarla telefonlara cavab verməyən, özündən böyük vəzifəlilərə əyilib aşağı vəzifəliləri adam yerinə qoymayan bəzi məmurlar insanlığın dəyərini bilirlərmi? Nə üçün vəzifə daşıdıqlarını, kimə xidmət etdiklərini anlayırlarmı?
Zalım hökmdarların, var-dövlət düşkünü olub ölkələr istila edən, ancaq axırda bir tikə çörəyə möhtac qalan xanların-xaqanların, haram pul qazanıb sonradan illərlə əziyyətini çəkən insanların həyatı məgər bu gün etimada, etibara xəyanət edənləri, xalqa arxa çevirənləri düşündürmür, onlara bir ibrət dərsi deyilmi? Zalımlığın, harınlığın, xəyanətin bağışlanılmaz olduğunu bu adamlar bilirlərmi?
Bu insanlar başqalarına zülm edərkən, çoxlarının balalarını ac qoyarkən, malını-dövlətini əlindən alarkən öz balalarını, ailələrini göz önünə gətirib onlara ediləcək ədalətsizliyin qarşısında hansı vəziyyətə düşəcəklərini fikirləşirlərmi?
Şəhid balalarımız öz canlarını vətənin, xalqın xoşbəxtliyi uğrunda qurban verdikləri halda bəzi vəzifə sahiblərinin, məmurların, onların harın övladlarının bu torpağa, insanlara, göstərilən etimada, etibara xəyanət etməsi, şəhidlərin əzizlərinə, qaçqın-köçkünlərə etinasızlıq göstərilməsi bağışlanılarmı?
Həyat hər gün bizə dərs keçir. Zaman bizi sınağa çəkir. Biz dərslərimizə hazır olmalı və sınaqlardan qalib çıxmağı bacarmalıyıq. Hər bir Azərbaycan vətəndaşı ölkəmizin təhlükələr qarşısında qaldığı o çətin günlərlə hazırkı ictimai-siyasi sabitliyi, dünyanın bir çox ölkələrində baş verən müharibələrlə, iqtisadi-siyasi böhranla respublikamızın iqtisadi yüksəlişini, insanlarımızın həyat şəraitini dərindən müqayisə etməli və lazımi nəticə çıxarmalıdır.
Tarixin və həyatın dərslərini
yaxşı öyrənməsək uduza bilərik. Bu isə
yolverilməz və bağışlanılmazdır.
Tahir Rzayev
Milli Məclisin deputatı
525-ci
qəzet.- 2015.- 18 dekabr.- S.2;5