Şəhriyar del Gerani: “Məndən ötrü
şeirin həqiqəti daha
böyükdür...
...AMMA ƏDƏBİ MÜKAFATLARIMIN HAMISINI NƏSRƏ GÖRƏ ALMIŞAM”
Müsahibim Şəhriyar del
Geranidir. Şairlə “Alma” restoranının media nümayəndələri üçün
nəzərdə tutulmuş
xüsusi otağında
söhbətləşdik. Yumoru diri, ironiyası
oturaq, istiqanlı, bir az da sözün yaxşı mənasında
“vurdumduymaz”dır.
Hiss olunur ki, ədəbiyyatdan
dünyaya yox, dünyadan ədəbiyyata
baxmağı sevir. Və intellektini nümayiş etdirməyi də qəti xoşlamır.
- Neruda deyirdi: “Yazmaq mənim üçün nəfəs almaq kimidir. Nəfəs almasam yaşaya
bilmərəm”. Səndə necə?
- Bilirsən, bu yazmaq mövzusunda hər şair bir cürə gap eləyir. Eliot bir
söz deyir, Tomas Tranströmer bir başqa, sənin sitat gətirdiyin Pablo
Neruda da tamam başqa. Mən də Neruda kimi
heç düşünmədən
bu dəqiqə ürəyin istəyən
qədər pafoslu cümlələr qura bilərəm. Belə sitatların
ayda əlli iki dənəsini feysbuk profilimdə paylaşıram. Bunlar ciddi
məsələ deyil,
boş ver. Şəxsən
mən də nəfəs almadan qəti yaşaya bilmərəm. Bir neçə
dəfə cəhd etmişəm, alınmayıb.
Nəfəs almaq vacib məsələdir. Di gəl, yazmadan da yaşaya bilirəm. Özü də çox
rahat. Ən əvvəl yazmaq
mənə istedad nümayişi kimi gəlirdi. Yəni, mən də
yaza bilirəm intonasiyası. Bir müddət
sonra isə başa düşdüm ki, mən yazmasam
da olar. Bundan nə Azərbaycan, nə də dünya ədəbiyyatı
heç nə itirəsi deyil. Mən yazmaqla, sadəcə, özümü müvəqqəti
olaraq ovundura bilirəm. Bir növ “narkoz” misalı. Ayılandan sonra
yenidən köhnə,
nimdaş ağrılarla
ömrü günə
vermək davam edir. Daha sonra isə
bu qərara gəldim ki, yox, noolsun yazmadan
rahat yaşaya bilirəm, axı mənim yazmamağım dünya ədəbiyyatı
üçün həqiqətən
ağır itki olar. Yazmaya bilərəm, rahat
yaşayaram, ancaq bu qədər eqoist, özünədüşkün
olmaq yaramazların işidir. Bu, asilik olardı, Allaha qarşı çıxmaq olardı, ilahi nizama müdaxilə
etmək olardı.
- Roman və hekayələr də yazırsan. Ədəbiyyat tariximizdə şair,
yoxsa nasir kimi qalacaqsan, səncə? Və hansı
daha ürəyincə
olardı?
- Məndən ötrü şeirin həqiqəti daha böyükdür. Qəribədir, məni daha çox şair kimi tanıyırlar, şeirlərim daha çox sevilir. Amma ədəbi mükafatlarımın
hamısını nəsrə
görə almışam.
Ölkə daxilində
ən ciddi ədəbiyyat müsabiqələri
- “Milli Kitab Mükafatı 2013”də “İntihar
hörüyü” adlı
ilk romanım, “Ədəbi
Azadlıq-2014” müsabiqəsində isə “Bizim olan heç nə” adlı hekayəm birincilik qazanıb. Bunlar xırda şeylərdir, sadəcə statistika xatirinə dedim. O ki qaldı ədəbiyyat
tarixinə, mən bu hissdən sonsuz dərəcədə
uzağam. Son vaxtlarda yəqinə çatmışam ki, nəinki ədəbiyyat tarixi, ümumiyyətlə
tarix deyilən həngamə olduqca ədalətsizdir. Tarixdə o qədər
təsadüfi adamlar var ki, onlardan
nəinki şəhər,
hətta yığcam
bir ölkə salmaq olar. Zənnimcə, mən dünya
ədəbiyyatının yaddaşında
qalacam.
- Maraqlı təxəllüsün
var. Bildiyim qədər
bu, hansısa filmin qəhrəmanlarından
birinin adıdır.
- Xeyr, yanlış bilirsən, hansısa film qəhrəmanı-filan deyil.
Gələcəkdə olması mümkündür
(gülür).
- Necə oldu bəs bu təxəllüsü
götürdün?
- Fantastik bir səbəbi,
mənası yoxdur. Adi, sentimental
ladlı bir nisgil tərzinin ifadəsidir. Sadəcə, səslənişi xoşuma
gəldi, götürdüm.
Şəhriyar del Gerani. Müthiş səslənir, məncə
(gülür).
- Bəyəndiyin
təxəllüsləri deyə
bilərsən?
- Yahya Kemal Beyatlı,
Vaqif Bayatlı Odər, İmam əl Qəzali... Səslənişi musiqi intonasiyalı təxəllüslər,
imzalar...
- Yaradıcılıq və
publika haqda danışmağını istəyirəm.
Şəxsi münasibətlərinin gün işığına
çıxarılması səni
narahat eləyə bilər?
- Təcrid bir növ hobbimə çevrilib. Əsəblərimin və yaradıcı
əhvalımın qorunmasında
bu metodun əvəzolunmaz rolu var. Ümumilikdə isə bölüşə bilməyəcəyim
əlahiddə bir yaşayış tərzim
yoxdur. Bircə qadın mövzusundan
başqa, bütün
həyatımı dostlarla
bölüşə bilirəm.
İstisnalar isə həmişə
var. Elə olayların
iştirakçısı, şahidi olmuşam ki, onları ictimailəşdirsəm, əlbət
cinayət işləri
açılası olar,
bir neçə nəfərin həyatını
itirməsiylə nəticələnər.
İnsanı ən əvvəl
özü faş edir. O səbəbdən
çalışıram, həmin
sirlər özümün
yadımdan çıxsın,
onları unutmağa çalışıram. Düşünürəm ki, bu sirlər
mənə həvalə
olunubsa, sonuna qədər sadiq qalmalıyam. Aparıb Tanrıya
çatdıraram, sonra
özü bilər, nə eləyir eləsin.
- Belə bir fikrin
var: içki, qadın özü yazıçıya tərəf
gəlir, yazıçı
onlara tərəf getmir. Bunu necə izah
edərdin?
- Bunu müsahibələrimin
birində demişdim.
Elə şeylər var, insan ona
tərəf gedir - xırda zövqlər: misal üçün, mən krivetkayla, süzülməmiş pivə
içməyi dəlicəsinə
sevirəm. Bundan ötrü şəhərin
bu başından o biri başına, taa pivə zavoduna
qədər gedib çıxıram vaxtaşırı.
Ancaq elə həyati əhəmiyyətli yaşayış
tərzi var ki, onlar şairin,
yazıçının birbaşa
yaradıcılıq hücrəsinə
gəlir. Mənim bu
danışığım müsahibəni oxuyanlarda nəsə fikir çaşqınlığı yarada bilər. Amma məlumatlı, mütaliəli şəxslər
bilir ki, trans deyə bir mərət də var. Bunsuz ilahi lada baş
vurmaq olmur. Ümumiyyətlə, içki, qadın
yaradıcı adamla orqanikdir. Yaradıcı adamla bunları
ayıranda naqislik, natamamlıq, qara boşluq yaranır. Bütün bunlar şairin, yazıçının, bəstəkarın,
yaxud rəssamın yaradıcı azadlığının
tərkib hissəsidir.
Bu, “içki, qadın düşkünlüyü”
kimi primitiv yaşayış tərzi
deyil. Yaradıcı adamlarda belə
xırda düşkünlüklər
olmur. Adi adamlar bu vasitələrdən
ani həzz almaq niyyətilə istifadə edirsə, yaradıcı adam
bu vasitələrdən
sözün bütün
mənalarında yararlanır,
həqiqətə çatır,
yəqinliyi əldə
edir.
- Şəhriyar, qələm dostların mütaliənin azlığından şikayət edir. Buna münasibətin necədir?
- Bu məni narahat etmir. Təbiidir. Bu rəyi peşəkar ədəbi
müstəvidə, oxucu
sevgisində, xarakterdə
mənə uduzan ədəbi oyunbazlar yaratmağa çalışır.
Olsun.
Hərənin çörəyi bir yerdən çıxır. Əgər
onlar bununla rahat olurlarsa, iş yerlərindəki
mövqelərini bərkidə
bilirlərsə, mən
bunu öz uğurum kimi qəbul edirəm. Əli ibn Əbu
Talibin təbiriylə
desək: “Yazıq adamlardılar, bilmirlər
ki, bilmirlər”. Belə adamlara həmişə kömək
et, həqiqəti göstər. Yox, əgər göstərə
bilməsən, heç
olmasa yerini nişan ver,
özləri nə vaxtsa gedib taparlar...
- Şeirə köçürmək
istəmədiyin, yaxud
da köçürə
bilmədiyin xatirələrin
var?
- Xatirələri şeirə
köçürmək doğru
ifadə deyil. Bəzən gələcək də adama xatirə kimi görünür.
Bunlar qəliz söhbətlərdir.
Azərbaycan poeziyasında isə
bir şair nə edə bilərsə, onu etmişəm. Yazdığım şeirlər azərbaycandilli
poeziyanı xeyli irəli salıb. Bu, danılmazdır. Düzü, daha Azərbaycan ədəbiyyatı mənə
olduqca maraqsız görünür. Yeni şeirlərimi,
mətnlərimi çapa
verməyə, tirajlamağa
stimul da yoxdur. Düşünürəm, ədəbiyyatşünaslar, tənqidçilər bu vaxta qədər yazdıqlarımı dünya
ədəbiyyatı kontekstində
təhlil etməlidirlər,
araşdırmalıdırlar. Bilirsənmi,
məni daha çox kafe söhbətlərində, yeyib-içmək
məclislərində, yəni,
şifahi müstəvidə
təhlil, təqdir ediblər. Haqqımda
çox az
yazılıb. Düzdür, kifayət qədər ciddi ədəbiyyatşünaslardan,
tənqidçilərdən mətbuatda yüksək rəy almışam, oxumuşam. Di gəl, bunlar məni qane etmir. Daha fundamental məqalələr yazılmalı, başqa dillərə tərcümə
olunmalı, dünya oxucusuna təqdim edilməliyəm. Əks təqdirdə,
azərbaycanca çapıma
qadağa qoyacam.
İlk növbədə özümə,
daha sonra mediaya, mətbuata. Bu vaxta qədər
də çap olunan bütün mətnlərimin arxivlərdən
silinməsi üçün
məsələ qaldıracam.
- İndiki yaradıcı adam obrazın
büsbütün özünsən,
ya hansısa kənardan götürmə
əlavələrin, nəyəsə
hesabladığın ştrixlər
var?
- Bu, obraz deyil, xarakterdir. Mənim yaradıcılığım, mətnlərim, həqiqətimdən yaranıb sən deyən obraz. Ən əsası düşünülmüş deyil, imitasiyadan uzaq, mədəniyyət, ədəbiyyat üçün gərəkli obrazdır. Mən bu obrazla da Azərbaycan ədəbiyyatına xidmət edirəm.
Müşfiq ŞÜKÜRLÜ
525-ci qəzet.- 2015.- 19 dekabr.- S.27.