Şahmat dünyası və ilahə
Kaissanın kahinləri
ŞAHMAT: MƏNŞƏYİ VƏ İNKİŞAFI. OYUN QAYDALARI
(əvvəli ötən şənbə
sayımızda)
H.Marrey isə özünün “Şahmatın tarixi” əsərində
belə bir nəticəyə gəlir ki, şahmat hind oyununun
törəməsi olub, Qərbdə VII əsrdən
yayılmağa başlamışdır.
Onun versiyasına belə bir hipoteza da əlavə olunur
ki, şahmatın başlanğıcına, quruluşuna və
cazibədarlığına qədim simvolizmin müəyyən
elementlərinin xüsusiyyətləri uyğun gəlir. Şahmatın
inkişafı genetik olaraq qədim dövrlərin gizli sirləri
və dini ritualları ilə birləşir. Şahmatçıların seçimi və
şahmat hərəkatı kosmik elementlərlə də əlaqələndirilir
və hətta belə bir fikir də irəli
sürülür ki, adamların şahmat taxtası
arxasında oynaması həm də astronomiyaya və kainata
müəyyən işarədir.
Sehrli
xanalardakı şahmat hərəkətləri və bəzi
cəngavər (“at” fiquru ingilis dilində knight - “rıtsar”, yəni
“atlı” deməkdir, çünki avropalı rıtsar - cəngavər
yalnız at üstündə güclü, qüdrətli
döyüşçüyə çevrilirdi, piyada olduqda isə
40 kiloqramlıq ağır zirehli paltarda hətta yeriməyə
çətinlik çəkirdi) səfərləri elə vəziyyət
yaradır ki, burada rıtsarlar (“atlar”) taxta üzərində
hər bir xanaya toxunmaqla dövr edirlər. Bütün
bu simvollar şahmat kimi stolüstü oyunlardan müharibə
meydanına keçmişdi.
Alleqorik qaydada olan çox sayda pritçalar - ibrətamiz
hekayətlər və metaforalar əsrlər ərzində
şahmat sirlərinə cəlb olunurdu və şahmat motivləri
ikonaqrafiyada xüsusi cazibədarlıq yaradırdı.
Bu mürəkkəb
oyun müsəlmanlar vasitəsilə ispanlara, bizanslılar tərəfindən
isə italyanlara keçmişdir. Bundan
sonra isə Avropanın içərilərinə ayaq
açmışdı. Oyun tezliklə
kübarlığın ən sevimli əyləncəsinə
çevrildi. Şahmat
populyarlaşdıqca və küçələrdə
xalqın içərisinə çıxdıqca müsəlman
və xristian kilsələrinin müqaviməti ilə
qarşılaşdı. Axı ruhanilər
heç vaxt yeniliyi, xüsusən biliklə, elmlə əlaqədar
olan yeniliyi müsbət qarşılamırdılar, ona
qadağa qoymağa çalışırdılar. Yeni
Dünyadan - Amerikalardan gətirilən və tanış
olmayan ərzaq bitkilərinin adlarının Bibliyada çəkilmədiyini
əsas götürərək xristian kilsəsi onların
istehlakına, əkilib-becərilməsinə, məhsul
istehsalına zidd çıxırdı. İnsanlar
kütləvi şəkildə aclıqdan əziyyət
çəksə də olar, təki dini ehkamlara xələl gəlməsin.
Ona görə də dinlər bu dəfə də
iti silahları olan qadağalara əl atmaq yolunu tuturdu.
Şahmat Avropaya daxil olduqdan sonra oyunun qaydaları,
gedişləri və qanunları mühüm dəyişikliklərə
məruz qaldı və oyun prosesi xeyli sürətləndi. “Vəzir”
öz adını, cinsini və qüdrətini dəyişdirməli
oldu. Şatrancda bu fiqur “farz” və ya “firz”
adlanırdı. Bu da “müşavir” və
ya “general”, qədimdə isə “nazir” mənasını
verirdi. Bu mənalar da Azərbaycan dilindəki
“vəzir” termininin mahiyyətinə daha yaxındır.
Rus dilində isə bu fiquru qədim adına
yaxın olan “ferz” adlandırırlar. Fransızlar
bu sözü “fierse”, “fierce” və ya “vierce” (“bakirə”) kimi,
dəyişdirdilər, bu isə onun qadın cinsinə aid
olduğunu bildirirdi. Ona görə də bəzi
Avropa dillərində bu fiqura əsasən “kraliça”
deyilir. İngilis dilində bu söz “queen”
kimi səslənir.
Digər bir dəyişiklik də ondan ibarət idi ki,
köhnə piyada səkkizinci xəttə çatdıqda,
onun qiyməti yüksəlir və farza (“vəzirə”)
çevrilirdi.
Başqa heç bir fiqur isə buna qadir deyildi.
Beləliklə, piyada sonrakı yüksək
rütbəli xanıma və ya kraliçaya - queen-ə
çevrilirdi. Məhz həmin vaxtdan da “vəzir” fiquru
dama (nəcib qadın), donna və başqa
dillərdəki buna bənzər qaydada adlanmağa
başladı.
Şah
keçmişdə yalnız iki diaqonal xətdə hərəkət
edə bilərdi, bu vaxt isə artıq hər tərəfə
bir xana irəli və geri, həmçinin yana
addımlaya bilərdi. Nəticədə,
şah taxta üzərində ən zəif fiqura
çevrildi, çünki hərəkət etməyə
qadir olduğu kimi ona həmin səkkiz istiqamətdən də
həmlə gələ bilərdi.
Fil əgər diaqonalla cəmi iki xana hərəkət
edə bilərdisə, bu vaxt artıq bütöv diaqonal boyu
gediş edə bilərdi. Persiyalılar
arasında bu fiqur “pil” adlanırdı, bu isə “fil” demək
idi. Ərəblər isə öz əlifbalarında “p”
hərfi olmadığından, onu “fil” kimi və öz
artikulları ilə “al-fil” kimi yazırdılar. Azərbaycan dilində həmin fiqur “fil”, rus dilində
isə bu mənanı verən “slon” adlanır. Bu fiqur komandada sonra gələn olmaqla “müşavirə”
və ya “nazirə” (vəzirə) kömək edən bir
qüvvə idi. Şimali Avropada və
İngiltərədə isə həmin fiqur “yepiskop” (bishop)
termini ilə adlanır.
Top dəyirmi
formasının əksinə olaraq, hind arabalarının dəyişmiş
formasını əks etdirirdi, ordunun cinahlarını
qorumalı idi.
Şah istənilən istiqamətdə eyni vaxtda
yalnız bir xana üzrə gediş edir. Vəzir, top və
fil uzun xətli fiqurlardır, taxtanın üstündə hər
bir istiqamətdə, heç bir uzunluq məhdudiyyəti olmadan
istənilən məsafəni qət edə bilirlər.
Top şaquli və üfüqi qaydada hərəkət edir,
fil isə yalnız diaqonallarla hərəkət edir, ona
görə də xanasının rəngini dəyişə
bilmir. Vəzir özündə elə bil ki,
topun və filin gücünü birləşdirdiyindən istənilən
açıq xətlə hərəkət edir. Atın gedişi xüsusi L formasındakı hərəkətdən
ibarətdir, eyni vaxtda şaquli iki xananın üstündən
hərəkət edir və bir xana üzrə üfüqi
qaydada sola və ya sağa burulur. Qara və ya ağ fiqurun üstündən belə
tullanmaqla onların arasındakı istənilən xananı
işğal edə bilir. Əsir
götürmüş piyadadan fərqli olaraq istənilən
fiqur gediş etdiyi eyni yolla hərəkət edir. O xanada
dayanmış düşmən fiqurunu əsir götürə
bilər, bunun üçün əsir götürən fiqur
açıq hərəkət etməlidir.
Piyada isə fərqli xüsusiyyətlərə malikdir. Onlar yalnız
irəli hərəkət edirlər və əsir
götürdükdə yalnız bir addım və diaqonal
gediş edirlər. Başlanğıcda
piyada bir və ya iki xana hərəkət edə bilər,
lakin sonra eyni vaxtda yalnız bir xana hərəkət edir.
Bütün fiqurlardan yalnız piyada əvvəlki
gedişindən fərqli hərəkət etməklə əsir
götürür. Bu, diaqonal qaydada irəli
hərəkət etməklə baş verir. Piyada ilk gedişdə iki xana da irəli gedə
bilirsə, rəqib piyada onu yalnız bir xana gedişlə əsir
götürə bilər. Əgər o, səkkizinci
xətdəki xanaya gəlib çatsa, sahibin istəyindən
asılı olaraq eyni rəngdə olan vəzirə, topa, filə
və ya ata çevrilə bilər. Bu
Sinderella tipli transformasiya rütbəcə böyümə, həmçinin
vəzirə çevrilmə adlanır, çünki əksər
hallarda ən qüdrətli fiqur olan vəzir seçilir.
Əgər xüsusi səbəblərə
görə, həmin vaxt daha böyük fayda verməsi nəzərə
alınaraq, əvəzetmənin seçimi vəzir
olmayıb, kiçik fiqurdursa, belə dəyişmə
aşağı rütbə böyüməsi adlanır.
Piyadanın çevrilməsi üçün hətta əsir
götürülmədiyindən taxtadan
uzaqlaşdırılmamış fiqur da seçilə bilər,
belə ki, oyunçu iki və ya daha çox vəzirə və
ya digər fiqurlara malik ola bilər. Lakin onun şaha yüksəlməsinə icazə
verilmir. Deməli, piyadanın yüksəlməsi
də öz həddinə malikdir.
Şah və
top qalaqurma gedişi edə bilərlər. Ümumiyyətlə,
oyunda bu, yalnız bir dəfə icra edilir. Bu
şahın topa doğru iki xana irəli getməsi ilə həyata
keçirilir və sonra top şahın üstündən
keçib, sonrakı xanada yerləşir. Hər bir top
qalaqurma üçün istifadə oluna bilər. Gediş o
vaxt qanuni sayılır ki, nə şah, nə də top öz
başlanğıc xanalarından hələ
uzaqlaşmamışdır, həm də əgər
onların arasındakı bütün xanalar boşdursa və
şaha rəqibin fiqurlarının gedişi ilə hansısa
bir əsir götürülmə təhlükəsi yoxdursa.
Şimali
və Cənubi Amerikalarda, Böyük Britaniyada və
İberiya yarımadasında hər xana öz fərdi əlamətinə
malikdir, ağ və qara tərəfdən
şahmat taxtası fərqli görünür. Şah və vəzir
tərəflərində olan böyük fiqurlar onlara məxsus
olan qaydada adlanır. Məsələn,
şahın topu, fili və atı və ya vəzirin topu, fili
və atı.
Fiqurların
dəyər dərəcəsinə gəldikdə,
döyüşən qüvvə kimi piyadanınkı 1 kimi qəbul
olunur, digər fiqurların döyüş qüvvəsi isə
təqribən belədir: at - 3, fil - 3, top - 5, vəzir - 9. At və fil çox vaxt bərabər sayılır,
iki fil adətən iki atdan güclü hesab edilir. Bu miqyas maddi bərabərlik ölçüsü
kimi qəbul edilir, bərabər olmayan fiqurların əsir
götürülməsi ilə dəyişdirilməsi bu bərabərliyi
pozur və bu vəziyyət, potensial qaydada nəticənin son
həllini verməyə qadir olur. Taktiki
hesablamalar isə çox vaxt mücərrəd qiyməti təkzib
edir və maddi qüvvənin qurban verilməsi, çox
hallarda uzunmüddətli mövqe üstünlüyü verir.
Oyun davranışı, beləliklə, həll
üstündə ağıl vuruşunda kəmiyyət və
keyfiyyətin qarşılıqlı münasibəti
mövzusuna çevrilir.
Oyun düşmən şahının əsir
götürülməsi ilə udulur. Şahı əsir
götürmək təhlükəsi şah elan etmək
adlanır. Şahın əsir
götürülməsi heç vaxt icra edilmir və simvolik
olaraq, şah taxta üzərində qalır. Şaha
hücum edildikdə və ya “şah” elan edildikdə və bu
hücumdan heç bir vəchlə qaçmaq mümkün olmadıqda,
bu vaxt “mat” elan olunur və oyun başa çatır. Çox hallarda məğlubiyyətdən
qaçmaq əvvəlcədən mümkün olmadıqda
oyunu davam etdirməkdən imtina edilməsi - məğlubiyyətin
etiraf edilməsi ilə oyunun başa çatdığı
bildirilir.
Ümumiyyətlə,
oyun aşağıdakı səbəblərə görə
başa çatır: 1) oyunçular mat verməyə qadir
olmadıqda; 2) daim şah elan edildikdə; 3) eyni oyunçu
gediş etdikdə mövqeyi üç dəfə təkrar
etdikdə; 4) maddi mübadilənin yoxluğu vaxtı və ya
50 gediş ardıcıllığı içərisində
istənilən piyada hərəkət edirsə, müəyyən
istisnalarla əgər oyun başa çatmamışdan əvvəl
səlahiyyətini itirmişdirsə; 5) pat vəziyyəti
olduqda - bu vaxt oyunçu öz şahına “şah” elan edilmədiyindən
qanuni hərəkət edə bilmədikdə və ya 6)
oyunçular qarşılıqlı razılığa gəldikdə,
baxmayaraq ki, bəzi hallarda hakim özü bunu onlara təklif
edir.
Oyun əsasən üç hissəyə -
başlanğıca (debütə), oyunun ortasına
(mittelşpilə) və son hissəyə (endşpilə)
bölünür. Başlanğıc səhnəsində
ilk gediş edilməklə, qüvvələri daha çox səfərbərliyə
almaq məqsədini güdür ki, nəzərdə tutulan
hücumu həyata keçirməkdə onların səyləri
əlaqələndirsin. Bu vaxt həm də
öz şahının təhlükəsiz mövqedə
olmasına çalışılır və əvvəlcədən
öz müdafiəsi üçün kompromissə gedilməsi
də nəzərdə tutulur. Ağların
seçiminə və sonrakı gedişlərinə qaralar
variantlarla, xətlərlə, hücumlarla - müdafiələr
adlanan fərqli nümunələrlə cavab verir.
Onların seçdikləri kurs şahmatda istifadə olunan
giriş nəzəriyyəsinə uyğun gəlir və
onlar bu tətbiq qaydasına görə müxtəlif terminlərlə
adlanırlar: məsələn, Siciliya müdafiəsi,
Karo-kann müdafiəsi, hind müdafiəsi və s. Xüsusi
girişin seçilməsi əvvəlki təcrübələrə,
həm də dəblərə əsaslanır və bu, oyunun
ortası üçün strateji əhəmiyyət
daşıyır.
Oyunun ortasında rəqiblər maddi qüvvələri
səfərbərliyə almağı başa
çatdırdıqda, qalibiyyət strategiyasını
seçə bilərlər. Bu faza oyunun ən
dinamik mərhələsi hesab olunur. Taktika
və strategiya elementlərindən istifadə və
kombinasiyaların həyata keçirilməsi ilə
qarşıya qoyulan praktiki niyyətlərə cəhd edilir.
Oyunun final fazasına o vaxt daxil olunur ki, artıq
kombinasiya hücumları nəticəsində fiqurlar xeyli
azalmış olur. Oyunçu piyadasının
çoxluğuna xüsusi qənaətcilliklə
yanaşır və ya qələbəyə nail olmaq
üçün məkanda böyük üstünlüyə
malik olur. Bəzən isə uduzulan oyun
ağıllı qaydada müdafiə olunmaq vasitəsi ilə
heç-heçəyə gəlib çıxa bilər.
Bu həmin fazadır ki, onda şah çox aktiv
rol oynaya bilər, özünü müdafiəsi
üçün olan qüvvələrə rəğmən,
həm də öz uğurlu gedişlərinə bel
bağlamalı olur.
Əgər oyunçu “Mən fiqurları düzəldirəm”
sözlərini deyib, xəbərdarlıq etməyibsə, əli
dəydiyi fiqur hökmən ya oynanılmalı, ya da əsir
götürülməlidir. Həm də başa
çatmış gediş geri qaytarıla bilməz.
Turnir oyunlarında hər bir oyunçu verilən müəyyən vaxt ərzində qaydaya uyğun sayda gediş etməlidir. Bu əvvəlcədən razılaşdırılır və bu zaman kəsimi vaxt limiti adlanır. Əgər oyun, bağlanmış şərtə görə olan vaxt ərzində başa çatmırsa, təxirə salınır. Vaxt limiti çərçivəsinə əməl etməyən oyunçu məğlub hesab edilir.
Əlbəttə, müasir şahmatçılar həm də bu peşələri ilə maddi vəziyyətlərini qaydaya salır, bəziləri isə hətta var-dövlətə yiyələnirlər. Lakin keçmişin ən görkəmli şahmatçıları, hətta bəzi dünya çempionları da heç də maddi cəhətdən yaxşı vəziyyətdə olmurdular. İlk dünya çempionu olan Vilhelm Steynits 1900-cü ildə Nyu-Yorkda ölərkən kasıb, səfil həyatı sürürdü.
Şahmat bir sıra görkəmli dövlət xadimlərinin, sərkərdələrin, siyasətçilərin də diqqətini cəlb edirdi. Mərkəzi Asiyada Çingiz xandan sonra ikinci nəhəng imperiya yaratmış Əmir Teymur (Teymurləng və ya Tamerlan) savadsız olsa da, yaxşı şahmat oynayırdı. Amerika Birləşmiş Ştatlarının məşhur prezidentləri olan Corc Vaşinqton və Abraham Linkoln da şahmatçı idilər. Prussiya kralı Böyük Fridrix filosof Volterlə məktubla şahmat oynayırdı. Rusiya imperatriçəsi Böyük Yekaterina da şahmata həvəs göstərirdi. Fransa inqilabının rəhbərləri Marat və Robespyer şahmata fanatikcəsinə vurulmuşdular. Napoleon güclü oyunçu olmasa da, şahmatın həvəskarı idi. Görkəmli inqilabi nəzəriyyəçilər və praktiklər olan Marks, Lenin, Mahatma Qandi, Stalin də yaxşı oyun nümayiş etdirirdilər. Böyük rus şairi A. S. Puşkin həyatının sonuna qədər şahmata ciddi maraq göstərmişdi, “Yevgeni Onegin” poemasında da şahmat oyununu təsvir etmişdi. Özünün son partiyasını o, knyaz Meşşerskinin evində qonaq olarkən ölümünə səbəb olan faciəli duel ərəfəsində oynamışdı. Müasir dövlət xadimlərindən Fidel Kastro və Barak Obama da həvəskar şahmatçılardır.
Görkəmli amerikan inqilabçısı və alimi Bencamin Franklin isə Şimali Amerikada şahmatın populyarlaşmasında böyük rol oynamışdı. Onun 1786-cı ildə çapdan çıxmış “Şahmatın əxlaqi cəhətləri” traktatı çox məşhur idi. Bu əsər şahmata məxsus olan professional etikanı və şahmat oynamağın tərbiyəvi dəyərini müstəsna məharətlə açıb göstərirdi.
(Ardı
var)
Telman
Orucov
525-ci qəzet.- 2015.-
19 dekabr.- S.26