“Azərbaycan” qəzetində
parlament hesabatları və şərhlər
Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illiyi qarşısında
I cild
(noyabr 1918 - aprel 1920)
Araşdırıb
toplayanı, ərəb əlifbasından latın
əlifbasına çevirəni, ön sözün müəllifi,
lüğətin tərtibçisi: Şirməmməd
Hüseynov
Transliterasiya
redaktorları: professor
Şamil Vəliyev, elmi işçi Samir
Xalidoğlu (Mirzəyev)
Ön
söz
1919-cu il
Mayın 28-də Azərbaycan Xəlq Cümhuriyyətinin “bir
illik dövri-istiqlalı” münasibətilə “Müsavat”
firqəsi Mərkəzi Komitəsi “İstiqlal” adlı bir məcmuə
nəşr etmişdi. Məcmuədə Azərbaycanın,
Bakının, Cümhuriyyətin tarixinə dair çox qiymətli
məqalələr dərc olunmuşdur. Mən
bu məcmuəni orijinalla bərabər 2014-cü ildə
oxuculara təqdim etmişəm. İki ildən
sonra, 2018-ci ildə Cümhuriyyətimizin 100 illiyini yəqin ki
çox geniş səviyyədə bayram edəcəyik.
Çoxminillik
dövlətçilik tariximizdə ilk dəfə “Azərbaycan”
adlı müstəqil, demokratik dövlətimizin
yaradılması işinə başçılıq etmiş
M.Ə.Rəsulzadə məcmuədə dərc olunmuş “Azərbaycan
Cümhuriyyəti” sərlövhəli geniş həcmli, dərin
mənalı, elmi səciyyəli məqaləsini bizlərə,
gələcək nəsillərə müraciətlə bu
sözlərlə yekunlaşdırmışdı:
“Müasir bir azərbaycanlı üçün Azərbaycan
Cümhuriyyətinin istiqlalı, onun hürriyyəti bir
takım maddiyyatla ölçülür şeylərdən
degildir. Bayrağındakı rənglərin mədlulu
(aydın olan) vəchlə bu yeni təşəkkül edən
Türk Cümhuriyyəti Aləmi-İslamda təşəkkül
edən ilk cümhuriyyətdir ki, Milliyyət, Beynəlmiləliyyət
və Müasirlik əsası üzərində müstənəd
yeni bir tərzi-idarə qurmaq cəhdi-alisindəndir.
Bu cəhdindən
bir tizə olsun nişan vermək üzrə
Azərbaycan millətinin məskunati-milliyyəsindən (gizli
saxlanmış milli keyfiyyətlərindən) birər
nümunə olaraq bu məcmuə vasitəsilə təşhir
ediyoruz (açıqlayırıq). Burada millətimizin
istedadi-fitrisini göstərəcək nümunələr adətən
bundan bir əsr əvvəl Bakı ərazisindəki axar qara
altunun miqdar və əhəmiyyətini qətiyyən
bugünki aləmşümul bir dərəcədə
göstərməyən əlamətlərə bənzər.
O zaman qara çıraqda yakılmaqdan başqa bir şeyə
yaramayan Bakı nefti bədə (sonra) nasıl sənaye və
ticarəti ilə pək ziyadə tərəqqi etmiş olan məmləkətlərin
müasir bir mayeyi-həyatı ola bildisə, əminəm ki,
eyni topraq üzərində yaşayan xəlqin fitrətində
təbiətin bir mühübbəsi (dostu, məhəbbəti)
olaraq gizli qalan istedadı dünyaya “odsuz yanar və sudan
qorxmaz atəşi-müqəddəs” qədər əsli bir
mədəniyyət əhd etsin:
- Azad
Türk mədəniyyəti!
Vətəndaşlar!
Bu mədəniyyət naminə
çalışalım, bir dəfə yüksəlmiş o
üç boyalı ləvayi-istiqlal və Cümhuriyyəti
başlarımız üstündə dik tutalım!”
Burada bir mühüm yeniliyə diqqət edək. M.Əmin
“Türkləşmək, İslamlaşmaq, Müasirləşmək”
düsturunu müstəqilliyin birillik tarixinə və gələcəyinə
həsr etdiyi əsərində bayrağımızın məna
və təfsirini yeniləşdirir. “Türkləşməyi
“pantürkizm”, islamlaşmağı “panislamizm” kimi mənalandırmaq
meylləri qarşısında onu “Milliyyət, Beynəlmiləliyyət
və Müasirlik” kimi yeni təfsirdə işlətmişdir.
Bu yeniliyi məncə görmək və
müasir ədəbiyyatda bu cür yazmaq və işlətmək
lazımdır.
Bu il Azərbaycan Xəlq Cümhuriyyətinin 98
yaşı tamam olacaq - 100-ə az qalıb. Cümhuriyyət
tarixinin ən mötəbər salnaməsi “Azərbaycan” qəzetidir.
Bu möhtəşəm dövrün 23
aylıq tarixi zamanın kollektiv yaddaşı olan bu qəzetin
443 nömrəsinin səhifələrində həkk
olunmuşdur. Ceyhun və Üzeyir Hacıbəyli
qardaşlarının, M.Ə.Rəsulzadə başda olmaqla
onların məslək və əqidə
arkadaşlarının mötəbər tribunası olan
1918-ci il sentyabrın 15-dən nəşrə
başlayan “Azərbaycan” gündəlik siyasi, ictimai, ədəbi,
iqtisadi türk qəzetəsi” idi. “Azərbaycan” qəzeti həqqində
az yazılmayıb. M.Ə.Rəsulzadə,
Ü.Hacıbəylinin qəzetdə dərc olunmuş məqalələri,
Ə.Cavad, H.Cavid və digər görkəmli şair və ədiblərin
əsərləri, ədəbi-bədii ədəbiyyat
nümunələri barədə xeyli məqalələr
vardır. Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik
yubileyilə əlaqədar - 1998-ci ildə Baş Arxiv İdarəsinin
rəisi tarix elmləri doktoru Ataxan Paşayevin rəhbərliyi
ilə 2 cildlik Parlamentin stenoqrafik hesabatları, həmçinin
Cümhuriyyətin fəaliyyətinə dair digər 6 kitab və
kitabça nəşr olunmuşdur. Bu nəşrlərdə
arxiv sənədlərilə yanaşı “Azərbaycan” qəzetinin
dərc etdiyi rəsmi sənədlər və materiallardan da
istifadə edilmişdir. Cümhuriyyət
tarixçiləri üçün də “Azərbaycan” qəzeti
ən mötəbər mənbə olmuşdur. Lakin görüləsi işlər də
çoxdur. Bu xüsusilə Azərbaycan Məclisi-Məbusanı
- parlament həyatı ilə əlaqədar hesabatlar və
şərhlərə aiddir.
Məlumdur ki, qanunvericilik və icra orqanının fəaliyyəti
ilə əlaqədar qəzetdə xeyli qiymətli yazılar
var. Mən burada millət vəkilləri, hökumət
başçıları və nazirlərin, fraksiya rəhbərləri
və üzvlərinin, müxtəlif komissiyaların fəaliyyətinə
dair yazıları nəzərdə tuturam. Məsələn,
mən M.Ə.Rəsulzadənin parlamentdəki
çıxışlarını toplayıb xüsusi bir cilddə
vermək istəyirdim. Ancaq gördüm
ki, onları parlament müzakirələrindən ayırıb
nəşr etmək mümkün deyil. Bu
Cümhuriyyətin digər görkəmli xadimlərinin, millət
vəkillərinin məruzə və
çıxışlarına da aiddir.
Oxucular təqdim etdiyim Məclisi-Məbusanın qəzetdə
dərc olunmuş 16 iclasının hesabatı və
parlamanın çağrılması və fəaliyyətinə
dair şərhlərdir. Növbədə parlamentin yerdə qalan və
baş tutmuş 112 iclasının hesabatları və bunlarla əlaqədar
olan şərhlər durur. Yəqin ki,
onlar da bir neçə cild olacaq.
Cümhuriyyətimizin qarşıdakı 100 illik yubileyi
münasibəti ilə oxucuları indidən təbrik edirəm.
Şirməmməd
Hüseynov
dekabr
2015
Azərbaycan
Parlamanı
Qəzetəmizdə xəbər verilmiş olduğu
üzrə Azərbaycan Milli Şurası məmləkətin
ümuri-ixtiyarını bugünki hökumətə
tapşırarkən altı ay zərfində Azərbaycan Məclisi-Müəssisanı
dəvətini şərt qoymuşdu. Şimdi haman vəqt
yaklaşıyor. Binaənileyh hökumət nəzdində
Məclisi-Müəssisan dəvəti hazırlamaq
üçün bir komissiya təşkil edilmişdir. Fəqət bu komissiya heç şübhəsiz iki
ay müddətində bunca böyük işi hazırlaya bilməyəcəkdir.
Zira bunun üçün əqəllən
dörd ay vəqt lazımdır. Halbuki
cahan müharibəsi, ümumi sülh, ovzai-siyasiyyə və
dövlətlərin münasibatı əsasından dəgişir.
Böylə dəgişiklər yəqin Azərbaycana
da təsir etməmiş qalmayacaqdır. Bu
surətdə də hökumətimiz tərəfindən bəzi
iqdamat və təşəbbüsatı mucib olacaqdır.
Böylə ağır günlərdə hökumət
bütün dövlət işlərini yalnız öz məsuliyyətilə
apara bilməz: siyasi məsələlərin həllində
millət, cəmaət özü dəxi bilavasitə
iştirak etməlidir.
Bu surətlə
hökumət və Məclisi-Müəssisan dəvətinə
məmur komissiya mühüm bir məsələ
qarşısında duruyor:
Vəqt müsaidə etmədigi bir zamanda xəlq
nümayəndəligi dəvəti.
Həqiqi demokratik əsaslar ilə parlaman dəvətinin
- vəqt yoxluğundan - mümkün olmayacağını nəzərə
alaraq, hökumət məzkur komissiyaya
tapşırmışdı ki, daha asan vəchlə
parlamanı əvəz edəcək bir nümayəndəlik
dəvəti həqqində öz təsəvvüratını
bildirsin. Komissiya dəxi xüsusi bir müşavirəsində
tam demokratik əsaslar üzərinə Məclisi-Müəssisan
dəvətinə hazırlaşmaqla bərabər, eyni zamanda
tezlik ilə bir nümayəndəlik şurası dəvətini
lazım görmüşdür.
Burada iki
məqsəd təqib etməlidir:
1-
Ağır siyasi günlərdə hökumətə xəlq
nümayəndəligindən ibarət bir istinadgah vermək.
2- Bu məclisi
mümkün olan qədər tez çağırmaq.
Bizcə komissiya Xəlq Nümayəndəligini
seçki filan əsasilə dəvət etmək istəsə
nə qədər müxtəsər vəchlə olsa belə
yenə uzun bir müddət tələb edəcəkdir. Binaənileyh
zənnimizcə gərək hökumət və gərək
komissiya hal-hazırda işə tez əncam vermək
üçün Məclisi-Müəssisan
çağrılanadək hazır bir qüvvədən
istifadə edərək parlaman əvəzinə sabiq
Zaqafqaziya Seyminin müsəlman fraksiyasından ibarət olub da
Azərbaycan istiqlaliyyətini elan etmiş Milli Şurayı dəvət
edə bilər. Çünki məzkur şura əvvəla
miqdarca azdır, saniyən də ümum Azərbaycanın
nümayəndəligini təşkil etmiyor, ona görə
Milli Şuraya izin verər ki, təkmil üçün
şurada nümayəndəsi olmayan, yaxud az olan şəhər
və qəsəbələrdən və rus, erməni,
gürcü, yəhudi və sair millətlərin milli
şuralarından dəxi bir neçə üzv dəvət
etsin. Bu surətlə hökumətimiz parlamansız
qalmayıb bütün Azərbaycanın nümayəndələrindən
ibarət bir
şuraya malik olar.
Yəqin ki, məzkur şura müvəqqəti olar və
komissiya ciddən çalışaraq tezliklə Məclisi-Müəssisan
seçkisi hazırlar.
Xəlil
İbrahim
“Azərbaycan”,
10 noyabr 1919, ¹35
Məmur
- tapşırılmış
Parlaman sədrinə
məktub
Bu yaxınlarda Bakıda vüqu bulacaq milli parlaman dəvəti
münasibətilə Azərbaycan Rəisi-Vükəlası
Fətəli xan Xoyski həzrətləri parlaman sədri Rəsulzadə
Məhəmməd Əmin bəyə böylə bir məktub
yazmışdır.
Möhtərəm
Məhəmməd Əmin!
Azərbaycan Məclisi-Müəssisanı dəvəti
qəbul edildiyi münasibətilə Azərbaycan Məclisi-Müəssisanına
seçki qanun layihəsi tərtibinə şüru
edilmişsə də üsuli-intixabın qarışıq və
çətin olduğuna görə seçki bir qədər
təxirə uğraya biləcəkdir. Fəqət
dövlət nöqteyi-nəzərindən
qarşımızda durmuş mühüm məsələlər
həllində bütün xəlqin iştirak etməsini
imkandan xaric görmüş hökumət, 9 təşrini-sani
tarixli iclasında bu ayın 16-da Bakıda hazırki hökuməti
intixab etmiş və kəndi qətnaməsilə
buraxılmış Məclisi-Milliyi dəvət etməgi təhti-qərarə
almışdır.
Bununla bərabər hökumət arzu ediyor ki, Məclisi-Milli
ən qərib bir zamanda öz heyətini müəyyən bir
üsul üzrə əqəliyyət təşkil edən
millətlərin nümayəndələrini dəvətlə
təkmil etsin.
Bu xüsusu zati-alilərinizə bildirərək
Milli Şura sədri olmağınız həsəbilə
rica ediyorum ki, Məclisi-Millinin vəqti-müəyyəndə
yığışmasına səy edəsiniz.
“Azərbaycan”
11 noyabr
1918, ¹36
Azərbaycan
Şurayi-Millisi rəyasətindən
Azərbaycan Cümhuriyyəti hökumətinin qərarına
və Heyəti-vükəla rəisi Fətəli xan Xoyski
müraciətinə binaən Azərbaycan Şurayi-Millisinin
noyabrın 16-da iniqad edəcəgini bütün Azərbaycan
vətəndaşlarına elan ilə bərabər
Şurayi-Milli əzasının yovmi-məzkurda Bakıda
bulunmalarını rica ediyoram. Hər nə səbəbdənsə
xüsusi dəvətnamə alamamış olan əzanın
işbu elannamə ilə iktifa etmələri müstədadır.
Azərbaycan
Şurayi-Millisi rəisi: Rəsulzadə Məhəmməd
Əmin
“Azərbaycan”,
11, 12, 13 noyabr 1918, ¹36, 37, 38
Azərbaycan
Parlamanı dəvəti münasibətilə
I
Demokratik seçki üsulilə Məclisi-Müəssisan
dəvətinədək məmləkəti parlamansız buraxmamaq,
həm bunca mühüm tarixi və nazik siyasi dəqiqələrdə
dövlət ümurinin bütün
ağırlıqlarını bir kaç ricaldan ibarət
hökumət öhdəsinə atmamaq qəsdilə Azərbaycan
Milli Şurasının dəvətinə lüzum
görülmüş və müəyyən qərar
verilmişdir.
Bu surətlə təşrini-saninin 16-da Milli
Şura çağırılıyor. 44 əzadan
ibarət Şura birinci iclaslarında bütün məmləkətin
mürəvvici-əfkarı olan bir Parlaman təşkil etmək
üçün dairəsini müəyyən əsaslar ilə
genişlətməli, əzasının miqdarını
artırmalı olacaqdır. Fəqət bu
məsələyi gələcək məqaləmizə
buraxaraq bu gün ancaq Milli Şuranın mahiyyətindən və
sabiq fəaliyyətindən bəhs etməgi lazım
gördük.
Müvəqqəti Parlamanımızın bünövrəsini
təşkil edən Şurayi-Milli sabiq Zaqafqasiya Seyminin 44
kişidən mütəşəkkil müsəlman
fraksiyasıdır ki, burada bütün siyasi cərəyanların
nümayəndələri iştirak ediyorlar (nəhayət sol
sosialistlərdən başqa). Bunların həpsi
ümumi, müstəqim, müsavi və gizli seçki əsası
üzərinə intixab edilmiş Məclisi-Müəssisan
üzvləri olmaq həsbilə tam mənasilə xəlq
nümayəndələridir. Şimdi məmləkətə
xəlq nümayəndəligi lazım və yeni seçkilər
icrası üçün vəqt qeyri-müsaid olan bir zamanda
müvəqqəti parlaman əzalığına hamıdan
ziyadə haman məzkur Şura müstəhəqdir.
Digər tərəfdən məzkur
Şuranın bütün heyəti və hər üzvü
ayrılıqda sabiq fəaliyyəti ilə dəxi böylə
istehqaq qazanmışlardır.
Söz
burasındadır ki, Zaqafqasiya Seymi dəvəti və onun
içərisində Azərbaycan Türk Milli Şurası
elanı və hər ikisinin fəaliyyəti öylə bir
zamana təsadüf etmişdir ki, bütün Qafqasiya hərc-mərc
atəşi içində olaraq bir şəhərdən digərinə
degil, bir köydən o birinə belə xəbər
çatmıyordu. Buna görə də Azərbaycan
əhalisi Şurayi-Millinin fəaliyyətindən tamamilə
bixəbər qalmışdır. Bu səbəblədir
ki, şimdi Milli Şura yenidən dəvət edildikdə cəmaətə
onun sabiq fəaliyyətindən məlumat verməgi vacib
bildik.
Az bir
müddət davam etmiş olan Seym və Milli Şura
bütün fəaliyyətini Dövləti-Osmaniyyə ilə
Zaqafqasiya münasibatına həsr etmişdir. Zaqafqasiya
siyasiyununun bütün fikrini Qafqasiya cəbhəsinin əlverişli
bir surətdə ləğvi və Osmanlı ilə əlaqənin
qaidəyə salınması məsələləri
işğal etmişdir. Bu xüsusda mənafelərin
ixtilafı meydana çıxmışdır.
Milli Şura hərc-mərcdən dolayı cəmaətdən ayrı düşdügündən öz fəaliyyəti və planları barəsində məlumat verə bilməmişdir; bundan əlavə bir çox məsələlər və siyasi mülahizələr şəraiti-mövcudədən dolayı açıla bilmiyordu. Bu zaman hərc-mərc içində və bolşevik təhlükəsi altında qalmış cəmaət müsəlləh qüvvəyə ehtiyac olduğunu hiss ediyordu. Fəqət bu qüvvəyi nə Milli Şura verə biliyordu, nə də Seym. Ona görədir ki, cəmaətin də gözü Osmanlı qardaşlarımızın ordusunda idi, çünki nicatını ancaq Türkiyədə görüyordu. Və intizar içində qaldığı halda türklərin gec gəlmələrindən darılaraq siyasi nümayəndələrimizi müqəssir tutuyorlardı. Siyasi nümayəndələrimiz bunu hiss ediyorlardı. Cəmaət ilə nümayəndələrimizin rəyləri bir idi, fəqət bununla belə Milli Şura çox ağır şərait altında işliyordu. Bir tərəfdən iğtişaş, həqsizlik və zülmlərdən təngə gəlmiş cəmaət Milli Şura fəaliyyətindən bixəbər qalaraq heç əsası olmadığı etimad və etibarsızlıq ibraz ediyordu. Digər tərəfdən mütəşəkkil qara fikirli adamlar tam ciddiyyətlə çalışıyorlardı. Bunlar siyasi nümayəndələrimizi xəlq nəzərində etibardan salmaq üçün cəmaət arasında danışıyorlardı ki, nümayəndələrimiz ermənilərə, ingilislərə, daha bilməm kimlərə satılmışlar, bunlar Osmanlı qoşununun Azərbaycana gəlməsinə razı degildirlər. Qara fikirlilərin böylə təbliğatına yorulmuş, təngişmiş cəmaət inanıyordu və nəticədə cəmaət ilə fikri və arzusu bir olan Milli Şura ilə cəmaət miyanında fəlakətli bir uçurum çıxdı. Fəlakətli nəticəsi də çox tez meydana çıxdı.
Digər tərəfdən Tiflisdə dəxi Milli Şuramız hər tərəfdən ədavətkaranə zəhərlə məsmum mühit içində qalmışdı.
Bu xüsusda yarın.
X.İ.
“Azərbaycan”, 13 təşrini-sani (noyabr) 1918, ¹38
Azərbaycan Parlamanı dəvəti münasibətilə
II
Dünki nömrəmizdə Milli Şuranın daxildə nə kibi maneə və əngəllərə düçar olduğundan bəhs etmişdik. Eyni zamanda Milli Şura xaricdən dəxi münasibatı ədavətkaranə və hücumlara məruz idi. Hələ bolşeviklərin ümumiyyətlə müsəlmanlara və xüsusən “bəylər və ağalar məcməi” adlandırdıqları Milli Şuraya qarşı nə kibi mövqe tutduqları və məzkur müəssisə əleyhində nə qədər ciddiyyətlə çalışdıqları kənarda dursun, erməni və gürcü başçıları dəxi Müsavat firqəsini Osmanlı dövlətinin agentəliyi kibi hesab ediyor və türklərə qarşı nə vəziyyət almışdılarsa eyni vəziyyəti Milli Şuraya qarşı da tutmuşlardı. Hətta kəraətlə Zaqafqasiya Seymi kürseyi-xitabətindən müsavatçılara vətənfüruş (Zaqafqasiya ümumi vətən ədd edilmək üzrə), erməni və gürcülərə nisbətlə yoldaşı satan Zaqafqasiya Cümhuriyyəti həqqində dövlət xaini adlandırmışlardı. Bütün nahiyəyə aid mühüm siyasi məsələlərin həpsi seymin müsəlman fraksiyasından, hətta o vəqtki Zaqafqasiya hökumətinin müsəlman nazirlərindən xəlvət həll ediliyordu. Azərbaycan siyasi nümayəndələri cəmaətdən ayrı düşmüş və eyni zamanda bunca ağır şərait altında qalmış olduqlarından, digər tərəfdən də qonşu millətlərin böylə suyi-rəftarları müqabilinə tədbirlər görmək imkanından məhrum qaldıqlarından fövqəladə müşkül dəqiqələr keçiriyorlardı. Onlar etiraf ediyorlardı ki, Zaqafqasiya millətlərinin böylə rəftarı və məmləkətin ümuri-ixtiyarı və bütün sərvəti sair millətlərin əlində olduğu halda onların Tiflisdə qalmaları Azərbaycanın daxili təşkilatı nöqteyi-nəzərindən biməna və mənfəətsizdir. Amma xarici siyasət məsələləri onların sair Zaqafqasiya millətləri içində qalmalarını tələb ediyorlardı.
Zaqafqasiya millətlərilə Türkiyə arasında sülh müzakiratı başlandıqdan axıradək Milli Şura həmişə cəmaətimizin mənafeyi və arzusuna müvafiq bir surətdə çalışmışdır. Şura biliyordu ki, Zaqafqasiyada qanun və hüquq təmin edilməsi üçün nə yalnız müsəlmanların qüvvəsi kifayət edər, nə də Zaqafqasiya hökuməti bacarar. Milli Şuranın ümum əzası bilaistisna etiraf ediyordu ki, cəmaəti Bakı tərəfindən gələn daşnaq-bolşevik hücumundan və hərc-mərcdən ancaq xarici bir qüvvə ilə müdafiə və mühafizə etmək olacaqdır. Şura var qüvvəsilə Bakıyı tezlik ilə düşməndən təmizləməyə çalışıyordu. Daxili qüvvələrin həpsini kullanmış, özümüzdən mümkün olan tədbirlərə təvəssül edilmişdi.
Məsələn, Kürdəmir cəbhəsinə göndərmək üçün bir danə zirehli tiren ilə bir qədər mərmi ala bilmək üçün Milli Şura böyük məşəqqət və həqarətlərə təhəmmül etmişdi. Gərək Seym və gərəksə xüsusi dostluq vasitələrilə çox çalışdı, fəqət lazım olan kömək göstərilmədi. Osmanlı qoşunu gəlməsəydi Azərbaycanın mövcudiyyəti belə mümkün degildi. Binaənileyh Milli Şura bütün səyi və himmətilə türk qoşunu dəvətinə çalışdı, fəqət böylə iqdamatda sərhesab olmalı, siyasi və diplomasi taktikaya riayətlə davranmalı idi.
O vəqt Milli Şura ilə millət arasına soyuqluq salan, Milli Şura əzasını qara fikirlilərin təşviq və təhrikilə min dürlü müfəttinanə hücumlara məruz buraxan səbəblərin ümdəsi də haman burası idi. Bu məsələ üstündə Zaqafqasiya millətləri arasında ixtilaf çıxaraq üç millət biri-birindən ayrıldı. Zaqafqasiya millətlərinin siyasi meyllərinin hankı tərəfdə olduğu aşkara çıxdı. Azərbaycan cəmaətinin mənafeyi və siyasi mülahizələri Milli Şurayı Azərbaycan istiqlalı elanına vadar etdilər. Tiflisdə Azərbaycan istiqlaliyyəti elan və bu xüsusda ümum Avropa dövlətlərinə müraciətlə deklarasiya nəşr etdikdən sonra Milli Şura böyük qardaşımız olan Osmanlı dövlətinə müraciətlə kömək istədi və paytaxtımızı düşməndən təmizləməgi istida etdi. Dövləti-Aliyi-Osmaniyə zimmamdarları dəxi azərbaycanlı qardaşlarının müsibətinə laqeydanə bir surətdə baxmayaraq kömək əlini uzatdı. Bundan sonra Azərbaycan Milli Şurası müvəqqəti paytaxtı olan Gəncəyə köçərək hökumət intixab etdi. Ümuri-ixtiyarı hökumətə tapşırdı və altı ayadək Azərbaycan Məclisi-Müəssisanı çağırmaq şərtilə özü-özünü tərxis etdi.
Bu surətlə Azərbaycan Milli Şurası öhdəsinə düşən tarixi vəzifəsini tamamilə hüsni-ifa etmişdir.
Azərbaycan Milli Şurası necə ki, görüyorsunuz hini-təsisindən son zamanlaradək az müddət həyatında böyük məşəqqətlərə düçar olmuşsa da əzasının himmət və qeyrəti sayəsində millət hüzurunda alnı açıq, üzü ağdır. Ona görədədir ki, vətənimiz yenidən mühüm siyasi və tarixi günlər keçirdikdə Məclisi-Müəssisan dəvətinədək yenə haman Şuranın dəvəti lazım idi ki, hökumətimiz dəxi bunu etirafla ayın 16-da Şura çağırmağı təhti-qərara aldı.
X.İ.
“Azərbaycan”, 14 noyabr 1918, ¹39
Hin - vəqt, zaman, çağ
immamdar - idarə edən
Şurayi-Milli rəyasətindən
Şurayi-Milli iclası bu gün saat 1-də Duma zalında açılacaqdır. Şura əzalarından saat 12-də gəlmək rica olunur.
Düvəli-əcnəbiyyə nümayəndələrindən ötrü xüsusi mövqe hazırlanmışdır.
Şurayi-Milli rəisi: Rəsulzadə Məhəmməd Əmin
“Azərbaycan”,
16 noyabr 1918, ¹41
(Ardı
var)
Şirməmməd
HÜSEYNOV
525-ci qəzet.- 2015.-
19 dekabr.- S.24-25