Ağdamda nəyim qaldı?
avtobioqrafik roman
Papam
Ata-anasının verdiyi ad Məhəmməd olsa da,
Papamın pasportunda Məmməd Əmirov
yazılmışdı. Buna baxmayaraq, bütün Ağdam əhli
özüqarışıq, Mamed deyirdi ona. Pasportunda
yaşı 1908-ci il olsa da, kişi iddia
edirdi ki, 1912-də anadan olub, özü də Novruzluda. Burda deyək ki, yalan yoxdu. Həqiqətən
o, Novruzlu kəndinin Orta məhləsində anadan olmuşdu.
Niyə məhləni xüsusi qeyd edirəm,
çünki kəndin özündə hansı məhlədən
olmağın əhəmiyyəti böyükdür, burda vətən
kiçilib, daralıb bircə məhləyə
sığışır. Kənddən
çıxıb xırda vətəndən aralandıqca vətən
böyüyür, rayon mərkəzində sən artıq
filan kənddənsən, böyük şəhərdə sən
filan rayondansan, ölkədən çıxıb xarici diyara
üz tutanda isə, sən artıq filan ölkədənsən.
Bir sözlə, xırda vətəndən
aralandıqca vətənin miqyası genişlənir, vətən
böyüyür.
Kənddə məhlələr çox fərqli olur,
yerliçilik hissi də elə məhlədən
başlayır. Məhlə təəssübü üstündə kənddə
qan da tökülər, ölüm də ola
bilər.
Mamed Əmirovun atası, yəni mənim
ana tərəfdən babam Şahverən kişi
cavanlıq vaxtlarında tarçalan olub, toylara, məclislərə
gedirmiş. Arvadı, mənim ana nənəm
Zinyət Urusdam (Rüstəm) qızı isə tək
Novruzluda deyil, bütün Qarabağda məşhur olan
Hacı bəyin bacısı qızıydı. Nənəmlə
bağlı xatirələrim çoxdu, Babamı isə
görmədiyimdən onunla bağlı çox az şey bilirəm. Bildiklərimi də Nənəmdən
eşitmişəm... Hə, Şahverən kişi
tarçalan olub cavan yaşlarında, ahıl
çağında isə günlərin bir günü tar
çalmaqdan, toylara getməkdən imtina edib, özü də
xarakterinə uyğun çılğın bir hərəkətlə.
Nənəm
danışırdı:
- Bir də
gördüm günü qaraəəlmiş tarı köynəyinnən
sıyırıf çıxartdı, özü də tiyə
bir köynəkdə çıxdı həyətə. Söyux da adamı pıçax kimi kəsir. Soruşdum, belə köynəkçə hareydirsən
ay əvi yıxılmış, demirsən söyux vurar
ölərsən durduğun yerdə?
Bu yerdə deyim ki, Nənəmə görə bütün
azar-bezarın baiskarı soyuqdu, odu ki, yay-qış damalı
yun şalı çiynindən düşməzdi. Danışanda
da deyərdi “A balam, istidən ölən olmuyuf, hamıca
söyuxdan ölür”.
Babam
arvadın ritorik sualına dodağının altında sakitcə
cavab verib:
- Gedirəm
dədeyin gorunu... - Burda Babamın sözünü
yarımçıq saxlamaq hər cəhətdən məsləhətdi.
Ağızdan harfa kişi həyətdəki
qoca şahtuta yaxınlaşıb hikkə ilə tarı onun
iri-yoğun gövdəsinə nə təhər
çırpırsa, tar elə ilk zərbədən
çilik-çilik olub tökülür yerə.
- Buy
Allah, itin-pişiyin olum! - Bu, hadisəyə Nənəmin
reaksiyasıdı.
- Vəssalam!
Beynamısam, beqeyrətəm, oğracam bir də əlimə
tar götürsəm!
Bu hikkəli
tobalamadan sonra Şahverən kişi sazəndəliyin
daşını birdəfəlik atmış, kənd məscidində
təmənnasız qarovul çəkməyə
başlamışdı, sərasər on iki il, yəni Allah dərgahına
gedənə qədər.
lll
Nənəmlə
Babamın ailəsində yeddi oğlan ,
iki qız dünyaya gəlib. Açılışı
xalam Sayad eləyib, bağlanışı anam Sitarə.
Bu iki qızın arasında Nənəm
parta-part yeddi oğlan gətirib dünyaya. Hayıf ki, onların
altısı erkən yaşlarında “tələf olublar”,
qalan bir Məhəmməd olub, yəni Mamed Əmirov! İndi bu oğlanın ailədəki yerini, xətir-hörmətini,
həddi-hüdudu olmayan ərköyünlüyünü təsəvvür
edin. Nənəm onun uşaqlığı, yeniyetməliyi,
ilk gəncliyi, nadincliyi, söyüşcüllüyü və
ərköyünlüyü haqqında nələr
danışmırdı... Bu əsl minbir gecə
nağıllarıydı, onunla işim yox. Bir onu demək kifayətdi ki, bu insan harda, hansı
şəraitdə olursa-olsun, mütləq hamıdan
seçilməli, dərhal görünməli, hadisələrin
mərkəzinə keçməliydi. Bunun
üçün Allah ona hər şey vermişdi: gözəl
boy-buxun, yaraşıqlı və çox məlahətli
qarayanız sima, şirin dil, incə, bəzən də qaba
yumor, qalın sirayətedici səs, qadınlara sonsuz maraq və
fəal məhəbbət. Ən əsası isə, hərtərəfli
istedad və hədsiz-hüdudsuz artistizm! Elə bunun nəticəsi
idi ki, hamı ona artist Mamed deyirdi, amma bu “artist” ayaması həm
də onun həqiqətən bir vaxtlar Ağdam teatrında
aktyor olması ilə bağlı idi.
Papamın aktyorluq istedadından başqa, yaxşı qələmi
də vardı. Ali təhsili olmayan bu adamın çoxlu
şeirləri, bir neçə pyesi vardı. Hələ müharibə vaxtı Ağdam
teatrında “Qana - qan” adlı pyesi tamaşaya da qoyulmuşdu.
Rayon miqyasında müxtəlif təşkilatlarda
rəhbər işlərdə çalışsa da, həmişə
bədii yaradıcılıqla da məşğul olmuşdu.
Altmışıncı illərin lap ilk illərində
“Qohumlar” və “Kəbinli subaylar” adlı iki komediya yazmışdı. O, bu pyesləri
ucadan oxumağı çox sevirdi, özü də
böyük şövqlə, aktyor məharəti ilə. Əlinə keçən bir neçə yaxın
dostunu tutub evə gətirir, çay süfrəsi
arxasında bu pyesləri böyük ləzzətlə
oxuyurdu. Mən belə məclisləri
çox sevir və böyük maraqla Papamın mahir
ifasına qulaq asırdım. Əslində,
bu bir aktyorun teatrıydı.
Papamın xeyli publisistik yazıları da vardı. Bu yazıları vaxtaşırı Ağdamın “Lenin yolu” qəzetində dərc etdirirdi. Onun məqalələrindən biri hətta Ağdamın qədim kəndlərindən hesab olunan Sufcanlının adının dəyişdirilməsinə səbəb olmuşdu. Belə ki, Sufcanlı dönüb oldu Yusifcanlı. Halbuki, Sufcanlı sözünün Yusifcanlıya oxşaması hələ onun Yusifcanlı olmasına dəlalət eləmirdi. Hər halda bu iddianın heç bir elmi əsası yoxdu. Buna baxmayaraq Papamın versiyası yaşamaq hüququ qazandı və bundan sonra hamı kəndə Yusifcanlı deməyə başladı, hətta bu ad öz-özünə rəsmiləşdi. Sufcanlı demək savadsızlıq əlaməti hesab olundu. İndi düşmən tapdağında olan bu kəndin hər dəfə Yusifcanlı kimi təqdim olunmasını eşidəndə Papamın “xidmətini” xatırlayıram. Elə vaxtda gülməyimi saxlaya bilmirəm və öz-özümə deyirəm ki, kişi kəndin gül kimi adını xarab elədi.
lll
Dediyim kimi, Papam bir vaxtlar Ağdam teatrında aktyorluq eləmişdi; 1948-ci ildə teatr ləğv olunana qədər. Mamed Əmirov teatr truppasının əsas aktyorlarından biri kimi neçə gözəl rolun ifaçısı olmuşdu. Söhbətlərindən bilirdim ki, ən çox sevdiyi rolu Şillerin “Qaçaqlar”ında Frans Moor, biri də əlbəttə ki, məşhur “Vaqif” pyesindəki Ağa Məhəmməd şah Qacardı.
Səməd Vurğunun həqiqətən xalq dramı səviyyəsinə qalxmış “Vaqif” pyesində, qarabağlıların fikrincə, Qacar rolunun ən gözəl ifaçısı məhz artist Mameddi. Köhnə aktyor, yəni Papam kefi yuxarı olanda mənə Vaqif rolunun məşhur ifaçısı Ələskər Ələkbərovla bağlı bir əhvalatı təkrar-təkrar danışardı.
Guya məşhur aktyor vaxtaşırı rayonlarda fəaliyyət göstərən dövlət teatrlarına Vaqifi oynamağa gedərmiş, yəni təkbaşına qastrol, təbii ki, əlavə para qazanmaq üçün. O vaxtlar da nəinki dövlət teatrları, hətta xalq teatrları, məktəb dram dərnəkləri belə, “Vaqif”i tamaşaya qoyurdu. Belə bir qastrol səfərini Ələskər Ələkbərov Ağdam teatrında gerçəkləşdirir. Təbii ki, Papam Qacarı oynamalı imiş, məşhur bakılı aktyorla və nədənsə, Papam bunu rinqə hazırlaşan iki boksçunun təkbətək döyüşü kimi qəbul edir və tamaşaya da elə o ayaqdan hazırlaşır.
Azdramanın məşhur aktyorunun Ağdama çıxması, ağdamlı Qacarla döş-döşə gəlməsi fövqəladə hadisə idi şəhərin teatr həvəskarları üçün. O da məlumdur ki, iddialı əyalət teatrlarında paytaxt teatrları ilə bəhsə girmək və onlardan əskik olmadıqlarını daima sübut etmək istəyi, indiki anlamla desək, kompleksi mövcuddur. Başa düşülən hissdir.
Həmin qarışıq hisslərin təsiri altında ağdamlı aktyorlarda da paytaxtdan gəlmiş rəqibi məğlub etmək və yerli aktyoru qalib görmək istəyi baş qaldırır. Nəticədə teatra yaxın adamlar, illah da Papamın pərəstişkarları məşhur aktyora kələk qururlar, qonaqlıq şəklində. Nahar vaxtı onu çox soyuq arağa qonaq eləyib möhkəm içirdirlər. Gözlənilən nəticə alınır: həm aktyorun səsi yatır, həm də tamaşaya qədər tam ayıla bilmir.
Tamaşa başlamaq ərəfəsindədir, teatr həvəskarları salonu doldurub, hamı azartlı bir yarış sorağındadır. Tamaşa başlayır. Millət səbirsizliklə Vaqiflə Qacarın “döyüş” səhnəsini gözləyir.
Şəkillər bir-birini əvəzləyir. Səməd Vurğunun möhtəşəm replikaları bir-birini çırpır. O vaxtkı teatrda əsas olan söz, aktyorun səsi, aydın diksiyası, pafosu idi. Qacar qışqırır, Vaqif qışqırır, Vaqif qışqırır, Qacar onu üstələməyə çalışır və buna tam nail olur, çünki səsinin möhkəmliyinə, gurluğuna, şaqraqlığına görə artist Mamedə çata bilən ikinci aktyor tapmaq çətindi. Ələskər Ələkbərov da səsdə zəif deyildi, amma artist Mamedə çata bilməzdi. Papam bu hadisəni şövqlə danışanda mən çox təsirlənib o səhnəni təsəvvür etməyə çalışırdım, alınmırdı, bu gün isə o döyüş səhnəsini çox yaxşı canlandıra bilirəm xəyalımda. Bakılı Vaqifin səsini batırır ağdamlı Qacarın səsi. Bu, əyalət teatrının paytaxt teatrının korifeyi üzərində bir günlük qələbəsi, triumfu idi. Filosof Ziyəddin Göyüşov “Həzz və iztirab” kitabında ağdamlı Qacarın məharətini vəcdlə xatırlayır. Papam isə fəxrlə danışırdı ki, mən Qacarı oynayanda qabaq sırada oturan uşaqlar qorxudan altını batırırdı. Burda bir haşiyə çıxım.
lll
1967-ci il. İki ildir Bakıda yaşayır, Azərbaycan Dövlət Universitetinin, indi Bakı Dövlət Universiteti deyirlər, Filologiya fakültəsinin axşam şöbəsində oxuyur, gündüzlər özümü dolandırmaq üçün zavodda fəhlə işləyirəm. İşlədiyim zavodun yataqxanasında da qalıram. Burada bir məqamı deyim: bilirik ki, xarici ölkələrdə, konkret desək, elə Amerikada gənclər on yeddi - on səkkiz yaşa çatanda ailədən ayrılıb müstəqil yaşamağa üstünlük verirlər. Bu, amerikalı gəncin həyatında çox vacib mərhələ hesab olunur. Gənc adam müstəqil yaşamağa, müstəqil qərarlar qəbul etməyə, ən əsası isə, himayədən azad olmağa çalışır və buna da nail olur, çünki əsl azadlıq iqtisadi azadlıqdan başlayır. İlk baxışda bu bizə qəribə gəlir, halbuki, əllinci illərdən başlayaraq, ölkənin “rayon” deyilən əyalət şəhərlərindən Bakıya təhsil, iş dalınca gələn bizim gənclər də elə həmin yaş civarında müstəqil həyata başlayırdılar. Ailə himayəsindən, daha çox da nəzarətindən ayrı düşən belə gənclər müstəqil yaşamağı addım-addım öyrənirdilər, ona görə də belə gənclərin əksəriyyəti Bakıda uğur qazanır, bir növ, Balzak, Mopassan qəhrəmanları kimi böyük şəhəri fəth edirdilər. Fəth etmək üçünsə mücadilə aparmaq, yaxşı-pis fəndlərə yiyələnmək lazım gəlirdi. Ailədən erkən ayrılmış gəncin şəhər gəncinə nisbətən daha kreativ, daha fəal olması başadüşüləndi; onu böyük şəhərə gətirən məqsəd dəqiq və aydındır. Əlbəttə, əsas hədəfə hamı çata bilmir, şəhərlə mücadilədə məğlub olanların sayı da az olmur, istəklə imkan həmişə üst-üstə düşmür.
Mən də müstəqil həyata on yeddi yaşımda başladım, özü də tam müstəqil. Bakıya tək gəldim, cibimdə iyirmi səkkiz manat pulla. Əynimdə Papamın köhnə kostyumundan tikilmiş pencək-şalvar, ayağımda Papamın enli pəncələrini sıxdığı üçün geyinə bilmədiyi uzunburun qəhvəyi çəkmələri. Ağdamdan çıxandan sonra dalımca bir manatın belə göndərilmədiyini də desəm, mənzərə tam aydın olar, amma mənim az pulla yaşamaq, hətta ailə saxlamaq kimi iki-üç illik Ağdam təcrübəm vardı. Bu barədə yeri gələndə bəlkə danışdım, indi isə qayıdıram 1967-ci ilə.
Eşitdim ki, Ağdamda dövlət teatrı açılıb, Papamı da teatra direktor təyin ediblər. Hələ bu azmış, Papam iyirmi illik fasilədən sonra səhnəyə də çıxıb aktyor kimi. Həm də mən bu hadisədən çox gec xəbər tutmuşam.
Mən Ağdama ildə bir ya iki dəfə gedərdim, o da yay aylarında, teatr məzuniyyətdə olanda, on-on beş günlüyə. Əvəzində Papam Bakıya tez-tez ezamiyyətə gəlir və biz, təbiidir ki, görüşürdük. Bir şeyi də deyim ki, onun məndən bir az çəkinməyi, bəlkə də utanmağı vardı, buna görə səhnəyə çıxmasını məndən gizlədirdi. Tamam təsadüfən, teatrın artıq mövcud olduğunun 5-ci, ya 6-cı ilində mən özgə adamdan eşitdim ki, Mamed Əmirov Qacar rolunda səhnəyə çıxıb. Bu xəbər, etiraf eləyim ki, mənim xoşuma gəlmədi. Növbəti görüşümüzdə mən narazılığımı bildirəndə kişi bir az pərt oldu:
- Əli, sən öl, bax, saa sən öl deyirəm, məni qabıra qoyasan yalan deyirəmsə, katib öz əyağı ilə gəldi tiyatıra, dedi eşitmişəm, Mamed məllim, sən yaxşı Qacar oynamısan o vaxtlar, o kişidən də yaxşı oynamısan, Sidqi Ruhulladan. Nə deyim?! Dedim, düz eşitmisən, yoldaş katib, cavannıxda oynamışam. Sən öl, Əli, dedi, nədi, Qacar cavan olub Şuşuya hücum eliyəndə? Dedim, yoldaş katib, cavan deyəndə ki... mən bilən, əlli yeddinin içindeymiş. Bu da duruf soruşasan ki, bə sənin neçə yaşın var? Dedim əlli yeddidən bir az çox olar, yoldaş katib. Ta duruf buna da demiyəjəm ki, yaşımı havaxsa azaltmışam. Əli, bu kopolu nə desə yaxşıdı? Sən öl, saa sən öl deyirəm... dedi, samıy raz! Bax, indi özün de, başına dönüm, mən bədbaxt oğlu bədbaxt neynəməliydim? Özün birisən ki, katibin kəsdiyi başa sorğu-sual yoxdu, bütöy rayyonun yəəsidi.
- Bəs məndən niyə gizlətmisən?
- Nə bilim, ə, dedim dilxor olassan dayna!
Beləcə, Papam təzədən aktyorluq fəaliyyətini Qacarla bərpa edir. Onu da deyim ki, uşaqlıqdan teatrı çox sevsəm də, Papamın iyirmi il direktoru olduğu Ağdam teatrının, demək olar ki, heç bir tamaşasına baxmamışdım. Amma bir dəfə artist Mamedi gördüm səhnədə, özü də məşhur rolunda, Şuşada.
lll
1977-ci ildə ailəmlə (onda evlənmişdim, birinci qızımın da dörd yaşı vardı) istirahət evindəydim Şuşada. İyulun isti günlərindən biriydi. Bir də gördüm Papam axırıncı arvadı Zümrüdlə istirahət evinin həyətindədir. Bizi axtarır. Görüşdük və məlum oldu ki, teatr Şuşaya qastrola gəlib.
-Bildim burdasınız, bu arvadı da gətirdim, kopaqqızı ölür gəzməydən ötəri. Əli, sən öl, qırx qızdırmaynan yata, deyəsən ki, dur gedək bir kəndə, Noruzduya, dik qalxajax yerinnən.
- Ay Mamed,
di bəsdi dayna!
- Nədəaz,
düz demirəm? İndi savabdı, qoy savabdı, qoy bir-iki gün
burda şellənsin siznən.
Arvadı
bizə tapşırıb sağollaşanda dilucu təklif elədi:
- Ə, bu axşam “Vaqifi” göstərəjiyik, bəlkə
gəlib baxasan?
Qacar
Axşam biz teatra getdik. Həmin gün xatirimdə rəngi
solmuş kinoxronika
kimi qalıb: tamaşaçı çoxdu,
yarıqaranlıq darısqal zalda nəfəs almaq
mümkün deyildi. Boynuma alım ki, gəlməyimə dərhal
peşman olmuşdum, amma sonralar, xüsusilə indi, qırx
ilin tamamında şükür eləyirəm: nə
yaxşı Papamı birinci, həm də axırıncı dəfə
səhnədə gördüm, artist Mamedi Qacar rolunda izləmək
mənə nəsib oldu. Təəssüratımı deməyəcəm,
bir halda ki, kişi həqiqətən Sidqi Ruhulladan pis
oynamadı, ağdamlıların yaratdığı və
yavaş-yavaş yaddaşlardan silinən Qacar mifi qoy olduğu
kimi də qalsın, amma bir səhnəni danışmaya bilmirəm.
Deməli, Qacar bədheybət qrimdə, zərzibalı
geyimdə, qəzəb və kinini soyutmaq üçün “Rəqqasələr
gəlsin!” replikasını atır. Rayon teatrındakı
aktrisa qıtlığında rəqqasə keyfiyyətində
səhnəyə çıxan sınıq-salxaq üç
qız indi də gözümün qabağındadır.
Qızlar tar, kamança və qavalın
canlı ifası altında nəsə çox primitiv bir oyun
havasında səhnəyə varid oldular. Onlar qəzəbli
şahın
qabağında elə bircə dövrə
vurmuşdular ki, Papam sürü güdən şir kimi əl
atıb qızlardan ən çəlimsizini qamarladı, az
qala marçıltı ilə öpdü və xilas olmaq
üçün çapalayan şikarını buraxmadan
“Deyirlər şirindir busənin dadı, O da kor bəxtimə
qismət olmadı!” replikasını deyib var gücü ilə
qızı kulisə tulladı. Əgər o qız salamat
qaldısa, nənəsi
“toçnu” namaz üstdəymiş.
Ümumiyyətlə, mənim uşaq dünyamda
Qacarın xüsusi yeri vardı. Papam səhərlər Dəyirman
həyətindən qarğı hasarla ayrılmış
kiçik xudmani həyətimizin ovuc boyda artırmasına
çıxanda (bura kiçik səhnəyə bənzəyirdi)
çox tez-tez Qacarın monoloqlarından bir-iki
parçanı səsləndirərdi: “Yan, yan tərlanların
yaşıl yuvası! Ruhuma can verir ölüm havası... Çıxsın asimana odlar, alovlar, Göylərdən
od töksün yerə ruzigar!” və ya “Keçdi pəncəmizə
gözəl Qarabağ, Öpsün qılıncımdan hər
qaya, hər dağ! Mən Qacar nəsliyəm,
şahlar şahıyam, Mən də yer üzünün bir
allahıyam!”
Bəlkə
də mənim çox-çox sonralar, əlli il
keçəndən sonra Ağa Məhəmməd şah Qacar
şəxsiyyətinə müraciət etməyimdə bu
uşaqlıq xatirələrinin, daha çox da təəssüratların
rolu vardı. Mən “Vaqif” dramını
oxumuş, Azdramanın məşhur aktyorlarının
ifasında onun tamaşasına baxmışdım. Əbdürrəhim bəyin “Ağa Məhəmməd
şah Qacar” pyesi ilə də lap uşaqlıqdan
tanışdım. Bununla belə məndə
Qacar haqqında pyes yazmaq istəyi Jan Gevrin “Xacə şah”
romanını oxuyandan sonra yarandı. Mən
bu bədbaxt hökmdarı bütün
yaxşılıqları və pislikləri ilə daha
yaxından tanıdım, bir dramaturq kimi onun mifik
varlığına daxil olmağa çalışdım və
cəsarət eləyib onu səhnəyə insanlarda rəğbət
oyada biləcək bir biçimdə gətirdim. Bu tarixi şəxsiyyəti eybəcər karikaturaya
çevirmiş Səməd Vurğunla xəyali polemikaya
girdim. Onu da nəzərə
almışdım ki, azərbaycanlılar Qacarı tarix
kitablarından deyil, məhz Səməd Vurğunun məşhur
pyesindən tanıyırlar. O pyesdən ki, orada müəllif
Qacarı “Bir boynu olsaydı bəşəriyyətin, Onu bir
qılıncla vurardım yəqin” deməyə məcbur edir.
O pyesdən ki, Azərbaycan teatr tarixində ondan populyarı
olmayıb, fikrimcə, olmayacaq da, amma bütün ədalətsizliklər
bir gün haqqa məğlub olur. Bəlkə elə bu
qanunauyğunluğun nəticəsidir ki, mənim qətiyyən
ideallaşdırmadığım Qacar tamaşaçılar
tərəfindən sevildi. Ustad rejissorumuz Azər Paşa Nemətin
və qüdrətli aktyorumuz Fuad Poladovun köməyi ilə
mən Qacarı qaniçən monstr kimi deyil, qüdrətli
sərkərdə, ağıllı siyasətçi, qətiyyətli
kişi, lazım gələndə qəddar hökmdar kimi təqdim
edib, tarixi ədalətsizliyi aradan qaldıra bildim. Bildimmi?!
lll
Mən yeddi yaşımda Ağdama gələndə Papam teatrdan çoxdan ayrılmışdı. Neçə vəzifə dəyişmişdi bu illərdə. İndi də “Selpo”nun müdiri idi. Söz düşəndə teatrı yamanlayır, artist olmaq istəyənin atasının gorunu söyürdü, amma görünürdü ki, bütün bunlar üzdəydi, bir az dərinə gedəndə, kişinin qəlbində teatr məhəbbətinin hələ də yaşadığı özünü büruzə verirdi. Bakıdan hansısa bir teatr, xüsusilə Azdrama qastrola gələndə Papamın əhvalı dəyişir, mütləq şəhərdən gəlmiş aktyorlarla görüşür, onlarla saatlarla söhbət eləyir, aktyorların yerləşdiyi yeganə mehmanxananın arxasındakı çayxanada çay içir, hətta qonaqlıq verirdi.
Papam teatrı bitməyən məhəbbətlə sevirdi. Təsadüfi deyildi ki, evləndiyi qadınların çoxu sənətdə olub, hətta arvadlarından biri məşhur rəqqasə imiş. Elə buna görə də Şəfiqədən sonra aldığı axırıncı arvadın sənətə dəxli olmadığını biləndə qohum-əqraba, xüsusilə qardaşının əməllərindən həmişə narazı qalan Sayad xalam çox sevinmişdi:
- Axır
ki, Mamed də bir abırlı arvad alarmış!
Sonra məlum oldu ki, bu arvad da stolda yaxşı ritm tutub
nağara çalmağı bacarır. Əlbəttə,
nağara və ya qaval çalmaqda bədnam bir şey olmasa
da, bu, artıq diaqnozdu.
Papamın əksər macəralarının şahidi olmuş, bir növ, ona Sofilik eləmiş xalası oğlu Yelmar peşəkar nağaraçalandı, yaxşı sənətkar kimi ad da çıxarmışdı Ağdamda. Həmişə də Abdal-Gülablı aşıqlarının dəstəsində olardı. Çox məclislər görmüş, toylar yola salmışdı. Uzun qış gecələrində evimizin sevilən qonağı olurdu tez-tez. Onun gəlişi və bizdə gecələməsi hamımız üçün, hətta Nənəm üçün də toy-bayramdı. Papamın arvadları ilə də həmişə zarafatı vardı. Yelmar axırıncı arvadın stol üstündə yaxşı ritm tutduğunu birinci dəfə görəndə demişdi:
- Tüpürüm sizin məstəbinizə, arvad nağara çalır, ə! Tü! Ə, deyirəm axı, buna yönnü arvad gəlməz!
Yelmar dayı yada düşmüşkən, onun həyatının bir lətifəsini də danışım.
Müharibə başlayanda Yelmar dayını davaya aparırlar, Papam isə ideoloji cəbhənin əsgəri və sevilən aparıcı aktyor kimi brona düşüb qalmışdı arxa cəbhədə. Bədbaxt Yelmar dayı cəbhədə elə ilk döyüşdəncə əsir düşür və dörd il faşistlərin əsir düşərgələrində zülm çəkir, amma ölümə can vermir. Qələbədən sonra əsirlikdən azad olub sağ-salamat gəlir doğma Gülablı kəndinə. İndi də burda - vətəndə əsir düşmüşlərə gün verib işıq vermirlər. Uzun illər səsləri alınan, etibardan düşən, tənələr yeyən ikinci növ adam kimi gözükölgəli dolanırlar. Papam isə arxa cəbhədə teatrda işləyib, tamaşalarda oynamışdı, hələ dediyim kimi, “Qana - qan” adlı bir pyes də yazıb tamaşaya qoymuşdu. Beş-üç medalı da vardı. Qələbə bayramından - Qələbə bayramına da medallarının sayı artırdı. Elə ki 9 May gəlirdi, Papam müharibə veteranı kimi, medallı pencəyini geyinib çıxırdı şəhərə. Onda Yelmar dayıya elə bil od vururdular,onun ifasında çoxmərtəbəli söyüşün biri olurdu bir qəpik: “... bu hökumətin daşını qoyanın dədəsinin kəlləsini! Mən kopolu vuruşmuşam, qan tökmüşəm, neçə il əsirlik çəkib ajınnan otdamışam, düzəndə qanqal yeyif inək kimi köppüşəm, əvəzində səsimi alıflar, arvad-uşağımı gözüqıpıx eliyiflər, amma bu burda qəhbələrnən yatıf-duruf sinəsində medaldan yer yoxdu. Sizin məstəbinizi, ananızı, bajınızı!”
lll
Beş-altı dəfə evlənsə də,
Papamın bircə övladı olmuşdu. O da, artıq dediyim kimi, birinci
arvadından olan oğlu Mənafdı. Papamın
birinci evliliyi elə Mənaf altı aylıq olanda bitmişdi.
Dəli ehtirasları ilə daha kəndə
sığışmayan gənc ata, yumşaq desək,
canını götürüb qaçmışdı şəhərə
- Ağdama, daha böyük məkana, özü də birdəfəlik.
Sonralar bitib-tükənməyən macəralarının
birbaşa bədəliydi ki, evləndiyi arvadların heç
birindən döl tuta bilməmişdi, taqsirkar olduğunu da
hamıdan yaxşı özü bilirdi. Görünür,
elə yuxarıdan da belə məsləhətmiş, yoxsa
neçə qanuni evlilikdən və saysız-hesabsız
qeyri-qanuni əlaqələrindən əmələ gələn
çox uşaq yetimçilik çəkərdi.
Kənd qızı olsa da, körpə Mənafın
anası da onu qoyub qaçan ərindən geri qalmayıb,
südəmər uşağı Nənəmin üstünə
atıb, ərə getmişdi başqa kişiyə. Nənəm məcbur
olub ərköyün böyütdüyü madar oğlunun
altıaylıq körpəsini saxlasın əsgərlik
yaşına qədər. Doğma və yeganə
oğluna atalıq eləməyi unutmuş dayımın uzun
illərdən sonra mənə necə papalıq etdiyini təsəvvür
eləmək çətin olmasın gərək, amma onu da
deyim ki, Papam məni həqiqətən, bir övlad kimi istəyə
biləcəyi qədər istəyirdi, həmişə
canıma and içirdi,
yuxarı siniflərdə oxuyanda isə,
ağılsız yeniyetmə olmadığımı
görüb mənimlə hesablaşırdı. Bu yazıda dediyim kimi, Papam tez-tez yada düşəcək,
indi isə söhbətin istiqamətini Dəyirman həyətinə
yönəldirəm.
Əmirli Əli
525-ci qəzet.-
2015.- 19 dekabr.- S.22-23