“Soyuq əllər, isti ürək”də Anar
işığı
“Nargis” jurnalının təşkil etdiyi “Soyuq əllər, isti ürək” adlı Yeni il xeyriyyə
yarmarkası çərçivəsində
“Qanun” Nəşrlər
Evi yazıçı
və şairlərin
imza günlərini keçirir.
Dekabrın 17-də Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı
Anarın imza günü idi. Ədəbi mühitin
aparıcı simalarından
olan bir şəxslə ünsiyyət
fürsətini, əlbəttə,
bir jurnalist kimi, heç qaçırmaq istəməzdim.
Digər
tərəfdən, ədəbiyyat
aşinası olaraq,
AYB sədri, o cümlədən,
kifayət qədər
tanınmış yazıçı
ilə görüşü
göydə axtarırdım.
Bir gün əvvəl baş redaktorumuz reportajı mənim yazmağımı
istəyəndə sevinib,
öz-özümə dedim ki, “kor nə istər...”
Saat
13:30-da artıq yarmarkadaydım.
Yarmarkanın adına rəğmən
hava çox xoş təsir bağışlayırdı. Sanki payız son günlərini
yazdan borc almışdı...
Tez gəlməyimin
verdiyi avantajdan istifadə edib yarmarkanı dolaşdım. O qədər
də qələbəlik
deyildi. “Qanun”un
kitab stendinin qarşısında bəziləri
ayaq saxlayır, çoxusa keçib gedirdi. Bir az keçmiş günün qəhrəmanı
- Anar da “525-ci qəzet”in baş redaktoru, AYB katibi Rəşad Məcidlə
birgə gəldi. Ədəbiyyatdan, kitaba olan münasibətdən etdiyimiz
söhbət əsnasında
oxucular da iki-bir, üç-bir gəlməyə başladılar.
Xüsusən diqqəti cəlb
edən məqam imza günündən xəbərsiz olanların
gəlməsiydi. Yazıçını görüb ayaq saxlayır, ani tərəddüddən sonra
yaxınlaşır, öz
təəssüratlarını paylaşır, aldıqları
kitabı imzaladır,
şəkil çəkdirirdilər.
Başqa
bir maraqlı, qürurverici nüans isə valideynlərin balaca uşaqlarını da gətirmələri idi. Kitab stendinə baxır,
kitablar barəsində
övladlarına məlumat
verir, sevgi aşılayırdılar.
İmza gününə təkcə
sıravi oxucular deyil, tanınmış şəxslər də qatılmışdılar. Hamıdan
əvvəl kitab alıb imzaladan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini, sabiq millət vəkili, yazıçı-publisist Səyyad
Aran oldu:
“Sovet dövrü
ilə müqayisədə
ədəbiyyata maraq azalıb. Bu kimi
təşəbbüslərsə həmin marağın geri qaytarılmasına, kitaba diqqətin artırılmasına xidmət
edir. Əgər bu gün Anar müəllimə görə 50 nəfər
imza gününə gəlirsə, bu, özlüyündə çox
məna kəsb edir. Düzdür, gənclərin mütaliə
səviyyəsi arzuolunan
səviyyədə deyil.
Amma Anar kimi yazıçıların,
söz adamlarının
sayəsində ədəbiyyatımız
inkişafa doğru gedir. Müqayisə etsək, beş
il əvvəllə indiki vəziyyət arasında böyük fərq var. Yaxud dünən Rəşad Məcidin imza günü idi. Havanın soyuq və yağışlı
olmasına baxmayaraq xeyli adam
iştirak edirdi. Oxucular böyük maraq göstərirdi.
Əlbəttə, hamılıqla bu istiqamətdə daha ardıcıl şəkildə
fəaliyyət göstərməli,
gənclərin ədəbiyyatla
daha yaxından irtibata keçməsinə
yardımçı olmalıyıq”.
Bu fikirlər üçün
Səyyad Arana təşəkkür
edib qələbəliyin
arasına girirəm. Hər nəsildən adam
görmək mümkündür
- qoca, gənc, uşaq...
İki ahıl kişinin söhbətinə qeyri-ixtiyari
qulaq müsafiri oluram:
- Bu Anar “Təhminə”ni yazandı, hə?
- Yox, o, filmin adıdı. Əsərin adı ayrıdı. Budee bu kitabı demirsən? - “Beşmərtəbəli evin altıncı mərtəbəsi” kitabını göstərir.
- Eynəksiz oxuya bilirəm ki...
lll
AYB-nin katibi, yazıçı İlqar Fəhmiyə yaxınlaşıram: “Düşünürəm ki, sözə, ədəbiyyata, kitab təbliğatına, ümumiyyətlə işığa xidmət edən istənilən addıma dəstək vermək lazımdır. Mədəniyyət və Turizm Nazirliyi də, Yazıçılar Birliyi də bu yöndə əlindən gələni edir”.
Bu əsnada imza günü davam edir. Bakı Dövlət
Universitetinin, Azərbaycan
Dövlət Pedaqoji Universitetinin tələbələri,
Texniki Universitetin türkiyəli tələbəsi,
italiyalı turist, daha kimlər, kimlər gəlir...
İmza
gününün təşkilatçısı,
“Qanun” nəşriyyatının
direktoru Şahbaz Xuduoğlu bu cür tədbirləri vacib hesab edir:
“İmza günləri
oxucu ilə yazar arasında körpü rolunu oynayır. Ünsiyyət üçün lazımlı addımdır.
Eyni zamanda kitabın reklam olunmasında, tanıdılmasında həyatımıza
adaptasiya edilməsində
müəyyən kömək
olur”.
Sözügedən nəşriyyatın kitablarının keyfiyyətinin
aşağı olması
ilə bağlı suala Şahbaz bəy belə cavab verir:
“İstənilən kitaba
baxa bilərsiz. Kifayət qədər
keyfiyyətli çap
olunub”.
- Yəni keyfiyyəti yaxşılaşdırmısız?
- Bilirsinizmi, əvvəllər
kifayət qədər
vəsait yox idi. Ölkədə kitab çapı
kütləviləşməmişdi.
Texnikalarımız köhnəydi,
amma indi bütün proses son texnologiya ilə aparılır. Kitablarımızın keyfiyyəti dünyanın
istənilən aparıcı
nəşriyyatının çap
məhsulu ilə yarışa biləcək
səviyyədədir”.
Gənc
yazıçı Pərvin
də imza gününə gələnlər
sırasındadır:
“Bu cür imza günlərinin keçirilməsi çox tədqirəlayiq haldır. Bir neçə gün əvvəl mənim, dünənsə Rəşad Məcidin imza günü keçirildi. Oxucuların marağını görmək çox xoş hissdir. Tədbirdən xəbərdar olanlardan savayı, təsadüfən görənlərin reaksiyası da maraqlıdır. Anar müəllimi görüb sevinirlər, yaxınlaşıb kitab alırlar. Yəqin bunun özü də zamanın, müasirliyin tələbidir. İmza günlərinin keçirilməsi dünya təcrübəsində də böyük uğur qazanıb. Müəllif özü öz kitabını reklam edir. Ondan sitatlar gətirir, yaxud hissələr oxuyur. Bunun Azərbaycanda da təşəkkül tapmasına yalnız sevinmək olar. İstərdik ki, bu işə təkcə “Qanun” deyil, digər nəşriyyatlar da qoşulsunlar”.
Rəşad Məcid isə imza günlərinin keçirilməsi tarixinə ekskurs edir:
“Ümumiyyətlə, ilk dəfə imza günlərinin keçirilməsi Anar müəllimin təşəbbüsü ilə olub. “Bayatı” kitab evində, eləcə də ölkə xaricində bir sıra tədbirlərimiz keçirilib. Beləcə, bu, bir növ ənənə halını aldı. İndi də gördüyünüz kimi bu işi “Qanun” uğurla davam etdirir.
Xalq yazıçısı Anar imza gününün təşkili, ümumiyyətlə, kitab təbliğatı ilə məşğul olduğu üçün sözügedən nəşriyyata təşəkkürünü bildirir və bir yazıçı, həm də AYB sədri kimi bu işlərə dəstək verməyə hər zaman hazır olduğunu söyləyir:
“Bundan sonra da oxşar formatlarda imza günləri təşkil olunacaq, tədbirlər keçiriləcək, layihələr yerinə yetiriləcək. Ədəbiyyatın inkişafı və təbliği üçün əlimizdən gələni edəcəyik”.
İmza günündə həmçinin Dialoq Avrasiya təşkilatının Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Cəlil Ərdəm, şair-həkim, müxtəlif hərbi vətənpərvərlik mahnılarının sözlərinin müəllifi Şahin Musaoğlu, eləcə də digər tanınmış qələm və söz adamları iştirak ediblər.
Cavid
QƏDİR
525-ci qəzet.- 2015.- 19 dekabr.- S.21