Qədim Səhranın xaqanları
Dünya xəritəsində yer almış dövlətlər
sırasında ərazisinə görə 9-cu yerdədir.
Ərazisi 2 milyon 730 min kilometrdir. Bu ərazinin 44 faizi səhradan, 12 faizi isə
yarımsəhralardan ibarətdir. Bu səhralarda nələr olmadı? Kimlər doğulmadı? Kimlər
yaşamadı? Kimlər gəlib keçdi, kimlər at
oynatdı, kimlər qaldı?!..
Türk
xaqanlarının, monqol Çingiz xanın və Qızıl
Ordanın, Göy türklərin xanlıqlar qurub,
döyüşlər etdiyi, toy çadırları, oğul
yurdları saldığı qədim, sirli səhralar.
Bu il xanlıqlarının 550
illiyini qeyd edən Qazax elinin və
türk xaqanlarının kiçik Səhralara sahib olma səhifələrini
, bir balaca da V-VI əsrlərdəki tarixlərini
vərəqləmək istəyirəm. Yəqin
ki, oxuucularımız üçün də maraqlı olacaq.
Ulu türk tariximizi dərindən bilməsək TARİX bizi
bağışlamaz!!!
Türk
tayfalarının tarixi səhifələrinin
ağrılı səhifələrindən biri də odur ki, hər kəs
“MƏN” deyib, o biri “MƏN”lə vuruşdu. Ən azı
İlteriş xanın VI əsrdə
çağırdığı Qurultayda Mengu daşa
vurduqları BİRLİK möhürünü, Güntəkinin
yazdığı
Birlik Nizamnaməsini
həyatda qoruya bilmədilər. Qardaş-qardaşla,
tayfa-tayfa ilə vuruşdu çox vaxt.
Qədim Səhrada hakimiyyətinin
gücləndiyini hiss edən Məvarənnəhr və Xarəzmlər qazaxların köçəri
tayfaları ilə qanlı müharibələrə
başladılar. 1237-ci ildə
yerli qıpçaqlar qarşılaşdıqları ordudan
gücsüz olduqlarını hiss edib, Batı xanın rəhbərliyi ilə
monqolların ordusunda xidmətə keçdilər. Və Xarəzmşahlara
qarşı birləşərək, Şərqi Avropanı zəbt
etmək planını gerçəkləşdirdilər.
Böyük türk səhraları üç monqol
ulusunun tərkibində birləşdi.
Sərkərdələri isə
Çingiz xanın oğlanları oldu. Şərqi Dəşti Kıpçaq Səhraları Balxaşa qədər Çingizxanın böyük
oğlu Cuçiyə tapşırılmışdı. Şərqi Türküstana ikinci oğlu
Çığatay nəzarət
edirdi. Üçüncü oğlu Tərbağataya isə Mərkəzi
Asiyadakı
yuxarı İrtış və Şərqi
Monqolustan həvalə
olunmuşdu.
Bu gün
də müasir
qazaxların həyatında
Qızıl Ordalıların
məişət və mədəniyyət detalları
qorunub saxlanmaqdadır. Təəccüblü deyil ki, XIII əsrin
sonları və XVI əsrin əvəlləri monqollarda
artıq türkləşirdilər. Bu da Batı xanın bir
zamanlar güclü
Çingiz Ordusuna baş əyib, onunla ittifaqa girməsinin
müsbət sonluğu idi. Bəhrəsini
sonrakı türk xalqları və tayfaları gördülər. 7 dünya hökmdarı Fateh Teymur
1391-ci ildə Qızıl Ordanı
darmadağın edəndən sonra isə, monqollar
və digər xalqların
yaşadığı, onun nəzarətində olan
bütün ərazilərdə türkləşmə
sürətləndi. Fateh Teymurun hakimiyyəti o
qədər güclənmişdi ki, ətrafında 27 dövləti
birləşdirmişdi.
Monqolların
səhradakı dövlətçilik ənənələri bu ərazilərdə
yaşayan tayfaların həyatına
köçəriliyi miras qoydu.
Əslində köçəri həyatın faydaları Çingiz
xanın “Yasa”sında (Qanun kitabı) öz əksini tapmışdı. Sonra bu qaydalar qazaxların “7
Qanun” (“Jetti jasa”) kitabında da öz əksini
tapdı. Əsasını bu qanunlardan götürən və
bu günə kimi qazax ellərində, ailə və nəsillərində
yaşayan “Üç
cüz” ənənəsi heç pozulmadı. Çingizlər
sülaləsinin üç ulusu, qazax ellərində
üç cüzə çevrildi. Ən əsası
isə çingizilər türklərə qarışaraq baş cüz olan - birincini
cüzü yaratdılar.
Qızıl
səhralarda Qazax Xanlığı
... İllər ötdü qərinələr yaratdı, qərinələr əsrlərə çevrildi. Bu səhralarda, bu ellərdə, bu malikanələrdə müharibələr dayanmadı. Bir xan o birini bəyənmədi.
Özbək ulusunun sultanı Abulhayır xana etiraz edən Canibəy və Kerey xan qardaşları sahibi olduqları aul və torpaqlarda olan 200 min adamı ilə birlikdə 1458-ci ildə zümrüd sulu Sırdərya sahillərindən Jetti sunun (Yeddi su) nun şərqinə köç edirlər. Monqolların hakimiyyəti zamanında bu yerlərin xanı olmuş Esen Buqi xanın torpaqlarında yerləşirlər. Canibəy və Kerey xan qardaşları ilə yeni ərazilərdə təşəkkül tapan azad insanlar özlərini “qazax” adlandırırlar. 1465-ci ildə isə Qazax xanlığını elan edirlər.
1468-ci ildə Abul hayr xan dünyadan köçdü. Yenə tayfa savaşları, Böyük səhraya sahib olmaq uğrunda müharibələr başladı. Şeybanilər və Noqaylar arasında davalar ara vermədi.
Hakimiyyət tədricən Canibəy xanın övladlarına keçir. Tarixçilər qeyd edir ki, Canibəy xan və sülaləsinin apardığı dövlət üsul-idarəsi nəticəsində Qazax xanlığı əzəmət və qüdrət sahibi olur. Canibəy xanın oğlu Qasım xanın hökmdarlığı dövründə (1511-1521) qazax xanlığının çiçəklənmə dövrü başlayır. Xanlıq o qədər möhkəmlənir ki, hətta çox asanlıqla Daşkəndi də öz hakimiyyətinə alır. Döyüşdə qazandığı uğurlar, ətrafda olan xanlıqlarda qısqanclıq yaratmaya bilməzdi. Bu uğurlar Noqay Ordasını narahat etməyə başlayır. Qasım xan noqayların paytaxtı Saraycıqı ələ keçirərək, Noqay Ordasını Həştərxan xanlığına tərəf sıxışdırır. Qasım xanın apardığı islahatlar nəticəsində xanlıq böyüyərək, əhalisi 1 milyon nəfərə çatır.Qazax xanlığının möhkəmlənməsini seyr edən rus dövlətinin çarı Vasiliy Temniy Qazax xanı Qasım xanla ittifaq bağlayır. Moskva ilə siyasi və iqtisadi əlaqələr genişlənməyə başlayır. Bununla da qazax xanlığının Şərqi Avropada yeni xanlıq üsul-idarəsi təşəkkül tapır. Dəşti Kıpçaq xanlığı günü-gündən möhkəmlənməyə başlayır.
Sarayında ən savadlı elm adamlarını, qaziləri, biyləri, bəyləri saxlayan Kasım xan XVI əsrdə hakimiyyəti dövründə yeni qanunlar toplusunu yazdırır. “Qasım xanın? qasqa jolı”( “Qasım xanın işıqlı yolu”) adlı Ana yasa 5 əsas hissədən ibarət olur. Bu kitabda Mülkiyyət Qanunu, Cinayət Qanunu, Hərbi Qanun, Səfirlik adəti, Yurdçuluq qanunu öz əksini tapır. Qasım xanın dövləti Dəşti Kıpçaq xanlığı kimi formalaşır. Tez bir zamanda xanın sülaləsinin və özünün şəkli həkk olunmuş gümüş pul sikkələri hazırlanır.
1523-cü
ildə Qasım
xan vəfat edir. Bir neçə il keçəndən sonra isə
Qasım xanın
nəvələri arasında hakimiyyət
mübarizəsi güclənir və
bu qarışıqlıq nəticəsində
xanlıqda vərəndaş müharibəsi başlayır. Qanlı döyüşlərdə Qasım
xanın oğlu Haq Nazar qalib çıxır. Lakin
daxili çəkişmələr özbək və monqol hakimlərinə
Dəşti Qıpcaq xanlığına qarşı birləşməyə
rəvac verir. Xanlıq Sırdərya sahillərindəki
ərazilərini yavaş-yavaş itirir. Haq
Nazar xan dünyasını dəyişdikdən sonra, nəsil
şəcərəsi qanunlarına uyğun olaraq onun oğlu
Şiqay 1580-ci ildə taxta çıxaraq “Xan” titulunu
alır. Taxta çıxanda Şiqay
xanın 80 yaşı olur.
Səhra
xanlarının Qanun toplusu “Esim xanın eski jolı”
Qazax xanlığının tarixinin maraqlı səhifələrindən
biri də 1565-1628-ci illərə təsadüf edir. Bu Qazax
xanı Esim xanın hakimiyyətinin qızıl dövrü sayılır. Qasım xan və Haq
Nəzər xandan sonra üçüncü xanlıq
dövrünü idarə edən Esim xan Sığnaqdan
paytaxtı Türküstana köçürür. Bu
gedişlə də
Daşkəndi ələ keçirən
qaraqalpaqların üsyanının qarşısını
alaraq, onları Sırdərya çayı sahillərindən
qaçmağa məcbur edir. Çox dəqiq sərhəd və
dövlət taktikası yeridən Esim xan Buxara ilə
1598-ci ildə sülh müqaviləsi bağlayaraq,
Türküstandakı əyalətlər üzərində
hakimiyyəti nəzarətə götürür. Esim xanın ölümündən sonra hakimiyyət
onun oğlu Çanibəyə keçir. Lakin dövləti
Esim xanın digər oğlu Cahangir sultan idarə edir. Esim xandan dövlətinə
bir çox qanunlar yadigar qalır.
Hakimiyyətdə
olduğu
63 il ərzində daxili çəkişmələrin
şahidi olan Esim xan yeni qanunlar yazır. Bu
qanunların yazılması ilə isə, Qazax Dövlətinin
siyasi sistemini dəyişməyə nail olur. Belə ki,
o özündən
əvvəlki xanların qanunlarını dəyişir.
Qanunlar - “Esim xannın eski jolı”(”Esim
salqan eski jol”) “Esim xanın qədim yolu” adlı Ana Yasa
kitabında yazılır. Əslində yeni yazılan qanunlar Qasım
xanın yazdığı kitaba əlavələr idi. Bu qanun aktında xanın
səlahiyyətləri, səhra
biylərinin (hakimlər və
qazilər) və batırların
(döyüşçülər) hüquqları və
vəzifə borcları öz əksini tapır.
Qanunverici
orqan hakimiyyət
kimi isə Məsləhət (Maslixat) yaradılır. Məsləhətə
qazax icmalarının nüfuzlu sultanları, ulusları seçilir. Məsləhət
ildə bir dəfə yığılaraq, lazım gəldikdə
qanunları təzələyirdi. Məslihətin verdiyi qanunlardan biri də
Çingiz xanın qanun kitabından
götürülmüş nəsil, şəcərə,
cüz qanunu olur. Qazaxıstanda
bu qanunlar əslində xalq içində bu gün də
saxlanmaqdadır.Cüzlər üç qrupa
bölünür:
Yuxarı
cüz: Sırdəryadan Yetti Suya qədər səpələnən
uysun, kanqlın, dulatlı, albanı, suanı,
sırğalı, ıstı, oşaktı, cəlair
tayfalarına aid edilir.
Orta
cüz: Mərkəzi və
Şimali Şərqi Qazaxıstanda yaşayan qıpçaq,
arqın, yaki, nayman, konurat, kereyit və digər tayfaları
birləşdirir.
Aşağı
cüz: Sırdəryanın aşağı axarı ərazilərində
Aral dənizi və Xəzər dənizi sahillərində məskunlaşan
tayfalara şamil olunur.
Bundan əlavə Qanun kitabında 12 tayfa və nəslin
də adı həkk olunur.
Qanunlara görə yuxarı hakimiyyəti Xan idarə
edir. Bu qanunlarda törətdiyi qanunsuz əməllərə
görə cinayərkarların cəzalandırılması
da xüsusi yer tutur. Cəzadan qurtulmaq
istəyən müttəhim kun
ödəməli idi. Kunun məbləği cinayət törədənin
və zərərçəkənin yaşayış səviyyəsinə
uyğun olaraq təyin edilirdi.
Məsələn, bir nəfər kişi öldürən
şəxs 1000 qoyun,
qadını öldürən isə 500 qoyun verərək,
canını cəzadan qurtara bilərdi. Sultan və ya Xocaları
öldürən 7 adama düşən pay qədər kun ödəməli
idi.
Məsləhətin ildə bir dəfə keçirilən
Qurultaylarına silahsız gələn
nümayəndə iclaslara buraxılmırdı. Qan qohumları ilə 7 arxa dönəndən evlənmək
olmazdı. 13 yaşı olan şəxs
artıq cinayət məsuliyyətinə cəlb oluna bilərdi.
Eyni zamanda ailə nigahlarına da 13
yaşında girməyə icazə verilirdi. Bu qanunlar Qazaxıstanın XVI-XVII
əsrlərdə bərqərar olan
ərazilərində tətbiq olunurdu.
Qazax
xanlığında köçərilik geniş
yayıldığından burada əsasən məişətdə işlədilən
qab-qacaq sənətkarlığı, yurtu bəzəmək
üçün (çadır nəzərdə tutulur) əl
işləri sənətkarlığı - toxuculuq, tikmə,
boyama kimi sənət növləri inkişaf etmişdi. Eyni zamanda hərbi silahlar hazırlamaq da sənətkarlıq
məktəbinə aid idi. Əsasən
köçəri maldarlıq təsərrüfatı ilə
məşğul olan qazaxlar geyimlərini dəvə və
qoyun yunundan hazırlayırdılar.
Qazaxlar uşağın doğulmasını, toy adətlərini,
xanın seçilməsi mərasimlərini, düşmən
üzərində qələbəni, dini və urfani mərasimlərini
xüsusi olaraq qeyd edirdilər. Bu günə kimi də
gəlib çıxan qədim adətlər qazax xalqı
içərisində qorunub saxlanmaqdadır. Mətbəx mədəniyyətlərində
isə əsasən ət və süddən istifadə
edirdilər. Süddən ayran, qaymaq, qurut,
koja, sarımay, kımız və şubat
hazırlayardılar. Yeməkləri dəstərxana adətən dəridən
hazırlanmış qablarda gətirər və
saxlayardılar..
Ailə qurulması məqamında qız evi oğlan
evindən mütləq kalım alar, nigahlar valideynlərin
razılığı ilə kəsilərdi, bir qayda olaraq, 7
arxadönən qohumla evlənmək cinayət və günah
sayılardı. Səhra qanunlarına görə hər bir adam 7
babasını (“Jetti Ata”) 7 arxa dönəndən tanımalı idi.
Təqdir
olunası məqam odur ki, qazax xanlığından qalan bu dəyərli
ailə qanunları, tabu kimi bu
gün də qorunub saxlanmaqdadır.
XVI-XVII əsrlərdə
qazax xanlıqlarında İslam dini dövlət səviyyəsində
Türküstan, Xarəzm, Buxaranın mərkəzlərində
yayılsa da, insanlarda Göy Tanrıya inanc daha güclü
idi. Qazaxlar Yer ananı Torpağın ruhu, Su ananı isə suyun ruhu
sayırdılar. Müqəddəs bildikləri
pirlərin, qəbirlərin üzərində qurbanlar kəsərdilər.
Oda-ocağa inanc onların məişətində
və əxlaqında xüsusi yer tuturdu. Bununla
belə qazaxlar həm də şaman inancına söykənir,
hətta əcdadlarının inanclarına hörmət əlaməti
olaraq, heyvanlara da təzim edirdilər.
Sırdərya
ətrafında yerləşən şəhərlərdə müsəlman ruhaniliyi
böyük rol oynayırdı.
Od ana
(ocağa, oda) deyirdilər bu ocağın qoruyucusu idi.
Onların inanclarına görə inəkləri qoruyan ruh- Zəngi, keçi və qoyunları qoruyan
ruh- Şopan, atın qoruyucusu - Qəmbər, dəvəni hifz edən isə Oysıl idi. Gecə
göylərdə görünən Böyük ayı
bürcünə Jeti
Karakşı (Yurdu qoruyan), Marsı isə
Qızıl ulduz “Kızıl juldız” adlandırırdılar. Yaman ruhları,
gözü nəzəri, nəfsi Odla qovurdular.
Qazax
xanlarının rus imperatoru Anna İoannovnaya elçiliyi
Qazaxıstan dövlətinin maraqlı səhifələrindən
biri də rus imperiyasının tərkibinə daxil
olmasıdır.
XVII əsrin 20-ci illəri Qazaxıstanın dövlətçilik
tarixində ən ağrılı və ağır dövr
hesab olunur.
Qonşu xalqlarla bitib-tükənməyən müharibələr,
əsasən də Şərqdən Cunqarların mütəmadi
baş verən hücumları , dövlətin
sosial-iqtisadi həyatına güclü zərbələr
endirməkdəydi. Vəziyyətin mürəkkəbliyini nəzərə
alan xanlar çıxış yolu
axtarırdılar. Həmin dönəmdə Abulhair xanın cüzundən olan
ağsaqqallardan ibarət bir qrup
şəxsi
danışıqlara başlamaq üçün rus
imperatorunun yanına elçi göndərərək, onlara
himayədarlıq etməsini istədilər. Rus şahzadəsi,
Romanovlar sülaləsinin davamçısı Anna İoannovna 1731-ci il 19
fevralda Aşağı
cüzün Rusiyanın tərkibinə daxil olması barədə
fərman imzaladı. Sultan Barak xan bu ittifaqa etiraz edərək
müxalifətdə dayansa da, elə həmin il oktyabrın
10-da Qazaxıstan Rusiyanın təbbəliyini qəbul
etdi. Bu fərmanla Rusiyanın iqtisadi
imkanları genişləndi, Rusiya güclənməyə
başladı. 18-ci əsrin 30-cu illərində
isə Qazax xanlıqlarından əl çəkməyən
Cunqarlar orta cüzün yaşadıqları əraziləri
darmadağın etməyə başladılar. Orta
cüz də, xilas yolunu Rusiya ilə birləşməkdə
gördü və 1934-cü il iyunun 10-da o
da rusun boyunduruğuna girdi. Bu Romanovlar sülaləsi
üçün geniş fürsət idi. Qazax cüzlərinin ağsaqqalları düşmən
saydıqları cunqarların hücumlarından qurtara bilmədikləri
üçün, qurtuluşu Rusiyaya birləşməkdə
görürdülər. 1733-1734-cü ildə Yuxarı
Cüzün xanı Jolbarıs xan da Peterburqa elçi göndərərək,
Rus təbbəliyini qəbul etmək arzusunda olduğunu izhar
etdi.
Aradan bir əsr keçəndən sonra, 1837-ci ildə Qazax sultanı çingizilər nəslindən olan Abılay xanın nəvəsi Kenesarı Qasımov milli azadlıq hərəkatı yaradaraq, rus imperiyasına qarşı Azadlıq üsyanına başladı. Onun rəhbərlik etdiyi üsyan demək olar ki, Qazaxıstanın bütün ərazisini əhatə etdi. 1838-40-cı illərdə isə Sultan Kenesarı tərəfdaşları ilə iki cəbhədə-cənubda Kokand xanlığı ilə, şimalda isə digər qazaxlarla vuruşurdu. Onun əsas məqsədi Xan titulunu yenidən qazanıb, ölkəsinə azadlıq gətirmək idi. Tale üzünə gülürdü. Mübarizəsi haqq işi idi. Xalqını azadlığa çıxaracaqdı. 1841-ci ildə Kenesarı sultan uğurlu döyüş əməliyyatları keçirərək, Qazax xanlığını yenidən Ata yurdunda bərpa etdi. Onun əsas tərəfdaşları biylər,bəylər,hakimlər, qazilər və batırlar (yəni döyüşçülər) oldular. Kenesarı XVIII əsrdə sözün əsl mənasında dövlət aparatı qurdu. Ordusuna güvəndiyindən Kenesarı xan 1837-ci ildə rus imperiyasına qarşı başladığı mabarizəsini davam etdirdi . Rusların tabeliyində olan əraziləri rus hakimiyyətindən təmizlədi. 1844-cü ildə Yekaterina qəzasını da ələ keçirə bildi. 1847-ci ildə Kenesarı əraziləri rus təbbəliyindən təmizləmək üçün qırqızların ərazilərinə hücum etdi. Bu döyüşdə qırqızlar, kokandlılar ruslarla Kenesarı xana qarşı birləşdilər. Döyüşlərin birində Kenesarı xanı əsir götürdülər və bundan sonra, onun həlak olma xəbəri yayıldı.
XIX əsr. Mavi bayraq. Azad və Müstəqil Qazaxıstan
SSRİ tərkibində olan 15 respublika kimi, Qazaxıstan da 70 il rus imperiyasının boyunduruğu altında yaşadı. 1986-ci ilin 16-17 dekabrında qazaxların milli ruhu, milli iradəsi yenidən azadlıq istədi. Almata şəhərində Sovet quruluşuna etiraz aksiyasına çıxanlara meydanlarda divan tutuldu. Ara bir az sakitləşəndən sonra, Qazaxıstan Mərkəzi Komitəsinin I katibi dəyişdirilərək, yerinə Nursultan Nazarbayev təyin olundu. 1990-cı il aprelin 20-də Nursultan Nazarbayev Qazaxıstan SSR-nin ilk prezidenti seçildi, 1991-ci il dekabrın 1-də isə ölkədə referendum keçirərək, Qazaxıstanın Konstitusiyasında dəyişiklik etdi. 16 dekabrda isə ölkəsinin müstəqilliyi haqqında fərman imzaladı. Müstəqil Qazaxıstanı ilk olaraq, müstəqilliyini elan edəndən 2 dəqiqə sonra Türkiyə Cümhuriyyəti tanıdı.
Müstəqil Qazaxıstan Dövlətinin başçısı olandan isə çox ilkə imza atdı. Semipalatinskdəki nüvə poliqonunu dayandırmaqla tarixə adını sülh carçısı kimi yazdı. TÜRKSOY təşkilatı, Avrasiya Birliyi, “YEDDİ MƏMLƏKƏT- BİR HƏRƏKƏT” prinsipi kimi qlobal ideyaları... artıq təşəkkül tapmaq üzrədir.
Qazax xanlarının uzaqgörənlik ənənəsinə sadiq qalaraq , paytaxt Almatını Akmola vilayətinə gətirib, orada qışında yalquzaqlar ulayan, yayında istisi ilanları mələdən səhrada yeni bir mərkəzi şəhər- Astananı qurması oldu.
1998-ci ildə mərhum Heydər Əliyev də bu şəhərin təməl daşının qoyulmasında iştirak etmişdi. Demişdi ki, “Türk dünyasının bu Astanası uğurlu olsun! Qapınızın astanasından gözəl xəbərlər yayılsın”.
Türk dünyasının sevdiyi göy-mavi rəngli bayrağa sahib olan Qazaxıstanın prezidenti dünyada siyasi lider qalacaq bir şəxsiyyət olmaqla, həm də gözəl musiqiçidir, gözəl şeirlər yazır. Şah əsəri sayılan Astana şəhərinə “Mənim şəhərim” şeirini də o yazıb.
Sağlığında Türkiyədə heykəli ucalan Nursultan Nazarbayev! Tanrı Sizi hələ çox yaşatsın! Türk dünyasının birləşməsini görməyi Sizinlə birgə hamımıza nəsib etsin! Qazaxlar deyən kimi: BİRGƏ BOLSUN!!!
Aida
Eyvazlı
525-ci qəzet.-
2015.- 19 dekabr.- S.20