“Türkləşmək, müasirləşmək, islamlaşmaq” üçlü düsturu kimindir?

 

MƏSƏLƏNİN QOYULUŞUNA DAİR I MƏQALƏ

 

 

Artıq hamıya, ən azından ictimai, humanitar sahənin mütəxəssislərinə yaxşı məlum olan, lakin hələ də “Türkləşmək, islamlaşmaq, müasirləşmək” şəklində ifadə edilən (düstur bayrağımızda fərqli şəkildə öz əksini tapıb?!) bu üçlü məramın müəllifliyinin yenidən sual altına alınması olsun ki, kimlərisə narahat etsin.

 

Bu narahatlıq, hər şeydən əvvəl, düsturun Əli bəy Hüseynzadəyə məxsusluğunun Azərbaycan və türk elmi mühitində qismən təsbit olunmasından irəli gəlir. Ancaq Azərbaycan coğrafiyasından, ədəbi, elmi mühitindən də kənarda çox məşhur olan bu üçlü düsturun kimə aid olması ilə bağlı fikirlərdəki müxtəlifliyi də nəzərə almamaq olmaz. Bizim özümüzdə məsələ hələ bütünlüklə öz həllini tapmayıb, lap tapmış olsa belə, ədəbi, ictimai fikrimizin tarixilə bağlı hər bir problemi elmi-nəzəri cəhətdən yenidən araşdırmaq lazım gəlir.

 

Nədən ki, daim nəşr olunan yeni mətnlər və elmin fasiləsiz araşdırılmasının özü bunu bizdən tələb edir.

 

Yoxsa, bir-iki epizodik fikirlə, yaxud sitatla hökm vermək, problemin araşdırılmasını inhisara almaq, yeni fikirlərə qarşı təpki göstərmək elmi düşüncənin sərhədlərindən kənardadır. Doğrudan da, ötən əsrin 80-ci illərinin ortalarından elmi kuluarlarda, 90-cı illərdən isə elmi dövriyyədə haqqında dönə-dönə yazılan bu düsturun kimin olması ilə bağlı hansı şübhələr ola bilər ki... Üstəlik, bu üçlü düstur haqqında Əli bəy Hüseynzadənin daimi tədqiqatçılarından olan, əsərlərinin elmi-tənqidi nəşrini hazırlayan filologiya üzrə fəlsəfə doktoru Ofeliya Bayramlı, AMEA-nın müxbir üzvü Yaşar Qarayev, eləcə də yerli arenada araşdırmalar aparan əksər alimlərin tədqiqatlarında bu fikir birbaşa və dolayı şəkildə ifadə olunub. Bəlkə də Ə.Hüseynzadənin yaradıcılığı haqqında yazan əksər tədqiqatçılar bu fikri fərqinə varmadan təkrarlamışlar. Mən hələ Ə.Hüseynzadənin fikir və ideya dostları Ziya Göyalp, Yusif Akçura, M.Ə.Rəsulzadə, Hüseyn Baykara, Mirzə Bala Məmmədzadənin müxtəlif münasibətlə söylədikləri buna oxşar qənaətlərini demirəm. XX yüzil Azərbaycan ədəbiyyatı, ictimai fikir tarixi ilə bağlı istənilən araşdırmalarda tədqiqatçılar birmənalı olaraq “Türkləşmək, islamlaşmaq, müasirləşmək” üçlü düsturuna toxunarkən bu düsturun müəllifi kimi bəzi istisnaları (yenə istisnalar?!) nəzərə almasaq Əli bəy Hüseynzadəni göstərmişlər.

 

Elmi fəaliyyətini bütünlüklə Əli bəyin yaradıcılığına həsr edən O.Bayramlı yazır: “Beləliklə, əsrin (XX əsr nəzərdə tutulur-B.Ə.) əvvəllərində azadlıq uğrunda mübarizə yollarının hələ müəyyənləşmədiyi bir dövrdə Ə.B.Hüseynzadə tarixi məsuliyyəti öhdəsinə götürərək milli tərəqqinin üç düşüncə tərzi (islamlaşmaq, türkləşmək və avropalaşmaq) (seçmə mənimdir-B.Ə.) əsasında aparılmasının vacibliyini iddia və isbat etməklə türkçülüyü tez bir zamanda siyasi doktrinaya çevirərək, müsəlman və türk xalqlarının milli azadlıq tarixində yeni bir səhifə açır” (Ə.Hüseynzadə. Qırmızı qaranlıqlar içində işıqlar. B., 1996, s. 42-43).  Görkəmli alim Y.Qarayev isə O.Bayramlının transliterasiya və tərtib etdiyi “Qırmızı qaranlıqlar içində yaşıl işıqlar” kitabına yazdığı ön sözdə qəti olaraq bu düsturu və üstəlik bayrağımızdakı simvolikanı da Əli bəyə aid edərək obrazlı şəkildə belə ifadə edir: “Bayrağımızdakı üç rəngin üçünün də rəssamı Əli bəydir. Milli gerbimizdəki boya simvolikası da onun “türkləşmək, islamlaşmaq, avropalaşmaq” -düsturunun (düsturun bayraqda bu şəkildə ifadə olunmadığını nəzərdən qaçırmayaq-B.Ə.) rəngdə ifadəsindən başqa bir şey deyildir. Şübhəsiz, söhbət yalnız boyadan və kətandan getmir, həm də təməldən, bünövrə daşından, dəmir özüldən gedir: Əli bəy Azərbaycanda yox, bütün türklük miqyasında qövmi özünüdərkin, istiqlal düşüncəsinin təkcə rəssamı deyil, həm də memarıdır” (seçmələr mənimdir-B.Ə.)(Ə.Hüseynzadə. Qırmızı qaranlıqlar içində işıqlar. B., 1996, s. 3).

 

90-cı illərdə yazılan digər tədqiqatlarda isə bu və ya digər şəkildə ötəri də olsa, Əli bəyin bu düstura müəllifliyi təsdiqlənmişdir. Son illərdə aparılan araşdırmalarda da tendensiya bu şəkildə davam etmişdir. Halbuki ötən müddət ərzində bu üçlü düsturun keçib gəldiyi yol və onun müəllifliyinə iddialıların əsərləri dərc edilmiş, eləcə də haqlarında kifayət qədər araşdırmalar aparılmışdır. Filologiya üzrə fəlsəfə doktoru Əsgər Quliyev Ə.Hüseynzadəni “türkləşmək, islamlaşmaq, avropalaşmaq (müasirləşmək)” triadasının yaradıcısı və ilk carçısı, milli bayrağımızdakı rənglər simvolikasının müəllifi, türk dünyasında milli özünüdərkin və milli istiqlal düşüncəsinin mücahidi” (seçmələr mənimdir-B.Ə.) (“Böyük ədəbi və mütəfəkkir Əli Bəy Hüseynzadə”, Bakı, “Elm”, 2015, s. 384) hesab edir. Məqaləsinin başqa bir yerində isə yazır: “...millətimizin islam ümmətçiliyindən islam millətçiliyinə və oradan türk millətçiliyinə keçidinin əsas ideya və əməl rəhbərlərindən (Əlimərdan bəy Topçubaşov və Əhməd bəy Ağaoğlu ilə birgə) biri olan Əli bəy Hüseynzadə özünün irəli sürüb əsaslandırdığı (?-B.Ə.) “türkləşmək, islamlaşmaq, avropalaşmaq” milli dirçəliş və milli istiqlal formulu (düsturu) ilə türkçülüyün siyasi məramnaməsini və elmi-nəzəri əsaslarını (?-B.Ə.), müasirlərinin dediyi kimi, milli istiqlal mücadiləsinin “Ana Yasa”sını verməklə milli tariximizə “türkçülüyün atası” kimi öz əbədi imzasını atmış oldu” (Yenə orada, s. 384). Göründüyü kimi, Ə.Quliyev burada Ə.Hüseynzadəni həm türkçülüyün, həm üçlü məramın, həm də bayrağımızın rəng simvolikasının şəriksiz müəllifi hesab etməklə yanaşı, bu düsturu əsaslandırması ilə bağlı da hökm verir. Hərçənd hər hansı bir fikrin əsaslandırılması üçün sistemli araşdırma, yaxud elmi-nəzəri əsaslandırma tələb olunur. Filologiya üzrə fəlsəfə doktoru Cavidə Məmmədova “Əli bəy Hüseynzadənin üçlü düsturunun bədii ədəbiyyata tətbiqi” məqaləsində bu təlimi Ə.Hüseynzadəyə aid edir və “ ...az bir zaman içində Türkiyə ictimai fikrini öz cazibəsinə alaraq Türkiyədə də yeni tipli, bitkin millət düşüncəsi yaratdı, daha mükəmməl müdafiə və mübarizə üsullarını təlim etdi” (“Böyük ədəbi və mütəfəkkir Əli Bəy Hüseynzadə”, Bakı, “Elm”, 2015, s. 432) qənaətinə gəlir.

 

Türkiyədə də bu üçlü düsturun Əli bəy Hüseynzadəyə aid olması ilə bağlı fikirlər az deyil. Türkçülük hərəkatının böyük adlarından biri Yusif Akçura özünün “Türkçülüyün tarixi” əsərinin “Hüseynzadə Əli bəy” bölümündə onun “Türklər kimdir və kimlərdən ibarətdir”, “Bizə hansı elmlər lazımdır” və “Yazımız, dilimiz, ikinci ilimiz” adlı məqalələrinin adını çəkərək yazır: “İkinci məqaləsində “Bizə hansı elmlər lazımdır?” deyir, çağdaşlıq aşılayır və bu məqalədə müsəlman türk qövmləri üçün bir əsas olaraq: “türkləşmək, islamlaşmaq, Avropalaşmaq” vacib olduğunu iddia edərək bunu isbata çalışır. Əli bəyin üçlü düsturu yaxşı tapılmış xoşbəxt əsaslardandır” (Y.Akçura. Türk tarixi. Bakı, “Qanun”, 2010, s. 209).  “Üç tərzi siyasət” (1904) əsərinin müəllifi lakin elə buradaca bu düsturla bağlı Z.Göyalpın da yazılarının olduğunu bildirir: “Bu əsas türk aləminin hər tərəfinə yayılmış və xüsusən Məşrutiyyətdən sonra İstanbulda çox işlənmişdir. Məsələn, Ziya Göyalp bəy “Türkləşmək, islamlaşmaq, müasirləşmək” məsələsi haqqında bir çox yazılar yazmışdır  (Yenə orada, s. 209). Mirzə Bala Məmmədzadə də Y.Akçuranın bu fikrinə istinad edərək Ə.Hüseynzadənin “Türkləşmək, islamlaşmaq və Avropalaşmaq” (eynən Y.Akçurada olduğu kimi!) formulunun müəllifi olduğunu və Ziya Göyalpın bu mövzu üzərinə çox yazı yazdığını bildirir (M.B.Məmmədzadə. Milli Azərbaycan hareketi, Ankara, 1991, 16-17). Onu da qeyd edək ki, əksər araşdırmaçılar üçlü düsturun Z.Göyalp tərəfindən bir sistem halına salındığını, elmi-nəzəri cəhətdən işləndiyini bu və ya digər şəkildə təsdiq etmişlər. Z.Göyalpın iki fundamental “Türkçülüyün əsasları” və “Türkləşmək, islamlaşmaq, müasirləşmək” əsərlərində bu üçlü düstur  bir elmi-nəzəri sistem halına salındığı hamı tərəfindən birmənalı şəkildə qəbul edilir.

 

Bu düsturun Əli bəy Hüseynzadəyə aid olması ilə bağlı elmi, ədəbi mühitdəki qənaətlər demək olar ki, Türkiyədə və Azərbaycanda bu şəkildə ifadə olunur. Bu qənaətlər bu gün də qüvvədədir; düsturun adı gələrkən Əli bəy Hüseynzadə yada düşür, yaxud Əli bəydən yazanlar dərhal bu üçlü məramın adını çəkirlər. Bir sözlə düsturun ən azından müəlliflərindən birinin (irəlidə bunun əsaslandırılmasını görəcəyik!) Əli bəy Hüseynzadənin olması ilə bağlı bizdə də heç bir şübhə yoxdur. “XX yüzil Azərbaycan ədəbiyyatı. Mərhələlər, istiqamətlər, problemlər” (Bakı, “Elm və təhsil”, 2015) monoqrafiyamızda da ötən əsrin əvvəllərində özünün ən yüksək zirvəsinə çatmış bu düsturun inkişaf yolu ilə bağlı mülahizələrimizi də bildirmişik. Tədqiqatda “Füyuzat” dərgisi ilə bağlı gəldiyimiz nəticələrdən biri belə formulə edilir: “Füyuzatçılıq “türkləşmək, islamlaşmaq, müasirləşmək” düsturunun formalaşmasında müəyyən rol oynadı” (Göstərilən mənbə, s. 72).

 

Maraqlıdır ki, görkəmli ədəbiyyatşünas Ə.Mirəhmədov Əli bəy haqqında “Həqiqətin böyüyünü deyən sənət əsəri”, “Türklüyə xidmət nümunəsi” adlı iki məqalə yazmasına rəğmən, bu düstura və onun müəllifliyinə toxunmamışdır. Professor Şamil Vəliyevin “Füyuzat ədəbi məktəbi” (Bakı, 1999) monoqrafiyasında da bu üçlü düsturun müəllifliyi haqqında qəti fikir yoxdur. Lap bu yaxınlarda isə Ə.Hüseynzadə yaradıcılığını bütün yönlərilə araşdıraraq sanballı monoqrafiya ortaya qoyan tədqiqatçı, filologiya üzrə fəlsəfə doktoru Azər Turanla söhbətimizdə düsturun müəllifliyilə bağlı fikirlərimizi bölüşdük. Düşünürəm ki, ədəbiyyatşünaslığımızın indiki durumunda triadanın müəllifliyində 30 il əvvəlki fikirlərlə məhdudlaşmaq olmaz. Çünki ədəbi, elmi fikir daim inkişafdadır, fasiləsiz olaraq elmi dövriyyəyə daxil olan əsərlər onun yenidən araşdırılmasına rəvac verir, yeni fikir və ideyaların yaranmasını şərtləndirir.

 

Bu baxımdan “Türkləşmək, islamlaşmaq, müasirləşmək” üçlü düsturunun yaranması, formalaşması və sistem halına salınması məsələlərinə yenidən nəzər salmağın zamanıdır. Söhbətimizdən bir neçə ay sonra isə A.Turanın “Türkləşmək, islamlaşmaq, çağdaşlaşmaq. Əli bəy Hüseynzadəmi, yoxsa Ziya Göyalpmı?” “(“Böyük ədib və mütəfəkkir Əli Bəy Hüseynzadə”, Bakı, “Elm”, 2015, s. 436-451) məqaləsi üzə çıxdı.  A.Turanın yenidən bu problemə qayıtması əslində açıq qalan, müzakirəsi gərəkən bəzi problemlərə aydınlıq gətirmək, müzakirə açmaq baxımından əhəmiyyətlidir. Müəllifin fikrincə, çoxdan çözülən məsələnin nəzəri prinsipinin Cəmaləddin Əfqaniyə, Yusif Akçuraya, yaxud Ziya Göyalpa aid olmasını iddia edənlərə ən tutarlı cavabı “Ziya Göyalpın vəfatı ilə əlaqədar  yazdığı “Ziya Göyalp haqqında xatirə və mülahizələr” (Türk yılı, 1928, s.417)  məqaləsində türkçülüyün böyük qurucularının ilklərindən olan Yusif Akçuranın özü verirdi: “Türkləşmək, islamlaşmaq, müasirləşmək...türkçülərin fəaliyyətində bir vəchlə mahiyyətini haiz olan bu üçüz (üçlü) ümdənin əsl atası Hüseynzadə Əli bəydir. Məhz siyasət sahəsində, biri digərinə zidd kimi görünən türklük, islamlıq, osmanlılıq siyasətlərinin, bu üç tərzi siyasətin, qabili təlif olduğunu Əli bəy iddia etmiş və “Füyuzat”ın 10 iyul ihtilalından əvvəl çıxmış nüsxələrindən birində “türklük, islamlıq və avropalılıq” qayələrinin məmzucən (sintez edərək, birləşdirərək) istehsalını tövsiyə eyləmişdi” (“Böyük ədəbi və mütəfəkkir Əli Bəy Hüseynzadə”, Bakı, “Elm”, 2015, s. 436).

 

A.Turan məqaləsində Y.Akçura, M.Ə.Rəsulzadə, David Kuşner, Yusif Vəzir, Krımərdən gətirdiyi sitatlarla düsturun tək Ə.Hüseynzadəyə aid olmasını, onun şəriksiz müəllifliyini isbatlamağa çalışır. Bəri başdan deyək ki, məsələyə bu cür yanaşma doğru olmadığı kimi, məğlubiyyətə məhkumdur. Çünki eynən bunun əksini söyləyən müəlliflər də yox deyil...

 

Məsələyə yanaşmanın yanlışlığı orasındadır ki, birincisi, bu düstur beş-üç günə ərsəyə gəlməyib, müəyyən zaman keçdikdən sonra bu şəklə düşmüşdür; ikincisi, hər hansı bir düsturun təsbit olunması bir fikir, məqalə ilə başa çatmır, ədəbi, ictimai mühitdə toplumdan, müxtəlif aydınlardan gələn düşüncələr, meyillər əsasında formalaşır, onun nəzəri, estetik prinsiplərini müəyyənləşdirmək üçün müəyyən zaman lazım gəldiyi kimi, elmi-nəzəri cəhətdən əsaslandırılması da tələb olunur; üçüncüsü, bu düsturun formalaşmasında Ə.Hüseynzadə qədər M.F.Axundzadənin, Ə.Suavinin, H.Zərdabinin, İ.Qaspıralının, C.Əfqaninin, Ə.Ağaoğlunun, Y.Akçuranın, S.Hüseynin, Füyuzatçıların, Z.Göyalpın və nəhayət, M.Ə.Rəsulzadənin hər birinin zəhməti olmuşdur; dördüncüsü, Ə.Hüseynzadədə bu düstur irəlidə görəcəyimiz kimi “türkləşmək, islamlaşmaq, müasirləşmək” formulunda səslənməmişdir (nəzərə alaq ki, məsələ yuxarıda verilən düsturun ibtidai formasından yox, məhz göstərildiyi şəkildə ifadə olunmasından gedir!); beşincisi, bayrağın rəng simvolikasının Ə.Hüseynzadə ilə hansı əlaqəsi ola bilər; və nəhayət, altıncısı, bayrağın rənginin “türkləşmək, müasirləşmək, islamlaşmaq” şəklində formulə edilməsi düsturdakı ideya dəyişikliyini təmin etmiş olur ki, bu da düsturun dövlət rəmzində bütün müəlliflərdən fərqli şəkildə, yeni ictimai-siyasi rakursda və formulda (bu isə formulun yeni müəllifi deməkdir!) öz əksini tapdığını göstərmirmi?!

 

Əlbəttə, tədqiqatçı A.Turanın istinad etdiyi mənbələr və gətirdiyi sitatlar doğru olduğu kimi, bizə də yaxşı tanışdır, lakin bu cür mənbələr bəzən yubiley çıxışlarında və xatirələrdə səsləndirildiyindən özünün elmi ciddiliyini və qüvvəsini itirmiş olur. Məsələ burasındadır ki, bu fikrin irəli sürüldüyü Ə.Hüseynzadə ilə bağlı ilk fundamental tədqiqatlar Azərbaycanda üzə çıxarkən tədqiqatçılar ölkədən kənarda aparılan araşdırmalardan o qədər də məlumatlı deyildi. Azərbaycanın özündə belə aparılan araşdırmalarda hələ bu üçlü düsturun ayrı-ayrı komponentlərinin özü belə tədqiq edilməmişdi. Türkiyədə, Tatarıstanda, Krımda  aparılan araşdırmalarda isə Azərbaycandakı tədqiqatlardan xəbər tutmaq çətin olurdu. Bu nədənlə bu triadanın müxtəlif ziyalıların adına çıxarılmasını tamamilə təbii qarşılamaq lazımdır. Triadanın müəllifi olaraq bir çox mənbələrdə Ə.Süavi, Z.Göyalp, Y.Akçuranın da adı çəkilir ki, bunun da müəyyən əsasları vardır. Lakin A.Turan bundan narahat olaraq yazır: “Mübahisələri diqqətlə nəzərdən keçirib dərhal belə bir nəticəyə gəlmək olur ki, bütün tərəflərin ümumi hədəfi Əli bəy Hüseynzadədir” (Göstərilən məqalə, s. 436).

 

Məsələ burasındadır ki, problemlə bağlı bütün araşdırmalarda ümumi hədəf kimi Ə.Hüseynzadə seçilməyib, cəmi-cümlətanı bəzi doğruya yönəlik fikirlər vardır, hətta mən deyərdim söylənilən fikirlərdə bir qədər şişirtməyə yol verilərək Ə.Hüseynzadə triadanın şəriksiz müəllifi kimi təsbit edilib. Problemlə bağlı mübahisələrin olması təbii olduğu kimi, həm də gərəklidir. Keçən müddət ərzində ədəbiyyatşünaslığımızda M.F.Axundzadə, Ə.Süavi, H.Zərdabi, C.Əfqani, Y.Akçura, M.Ə.Rəsulzadə, Ziya Göyalp, lap elə Ə.Hüseynzadənin özü ilə bağlı aparılan araşdırmalar məsələyə yeni kontekstdə yanaşmanı tələb edir. Lakin məsələni “Əli bəy Hüseynzadəmi, yoxsa Ziya Göyalpmı?” şəklində qoymağın özü də düzgün deyildir. Bəs burada Ə.Hüseynzadə və Z.Göyalp qədər  haqqı çatan fikir adamlarımız necə olsun, onların haqqını necə danmaq olar?

 

Maraqlı burasındadır ki, bu üçlü düsturun Ə.Hüseynzadədən öncə Ə.Süavinin olması fikri elə Ə.Hüseynzadə irsinin böyük tədqiqatçısı O.Bayramlıya məxsusdur. O, yuxarıda istinad kimi gətirdiyimiz fikrindən sonra bu üçlü görüşün Ə.Hüseynzadədən öncə Ə.Süaviyə aid olmasını irəli sürərək yazır: “Bu üçlü görüş, yəni islamlaşmaq, türkləşmək və avropalaşmaq (göründüyü kimi, bu üçlü düstur həmişə müxtəlif şəkildə ifadə olunur, komponentlərin yeri dəyişilir-B.Ə.) Ə.B.Hüseynzadədən bir az əvvəl Əli Süavi (1839-1878) tərəfindən irəli sürülmüş və müdafiə olunmuşdur. Məlumdur ki, yeni osmanlılar islamçılıqla yanaşı avropalaşmağı da irəli sürürdülər. Bunlardan yalnız Əli Süavidə islamlaşmaqla, avropalaşmaqla yanaşı türkçülüyə də meyl vardı. Əli Süavi ilk türkçülərdəndir və islam birliyini müdafiə etməklə yanaşı türkçülüyü də müdafiə edirdi. O yazırdı: “Türklər sadə bir əsgər və fateh bir irq deyil, dünya mədəniyyətində quruculuq xidməti görən böyük bir irqdir. Ona görə islamçılıq, qərbçilik ancaq türkçülüklə birləşdiyi zaman Avropa millətlərinin önündə dayanacaq bir qüvvət halını ala bilər”. Türkçülük görüşləri Əli Süavidə osmançılığa qarşı qoyulmuşdur” (Ə.Hüseynzadə. Qırmızı qaranlıqlar içində işıqlar. B., 1996, s. 42).

 

O.Bayramlının bir az əvvəl dediyi zaman XIX yüzilin 70-ci illərinə gedib çıxır ki, bu da Ə.Hüseynzadədən 30 il əvvəl deməkdir. Tədqiqatçı O.Bayramlının 90-cı illərin ortalarında irəli sürdüyü bu fikri ən azından yeni araşdırmalar aparmağa imkan verir. Yalnız O.Bayramlının bu fikrimi? Yox, M.F.Axundzadənin, Ə.Süavinin, C.Əfqaninin, İ.Qaspıralının, H.Zərdabinin, Ə.Ağaoğlunun, Y.Akçuranın, S.Hüseynin, füyuzatçıların, M.Ə.Rəsulzadənin, Z.Göyalpın əlimizdə olan əsərləri, əldə etdiyimiz mənbələr, mətnlər bu problemlə bağlı elmi qənaətlərdə bir yanlışlığın olduğunu göstərir. O.Bayramlı Ə.Süavidən aldığı sitatın mənbəyini göstərmir, bunu da başa düşmək olardı, çünki o zaman Ə.Süavinin əsərlərinə əlimiz çatmırdı. İndi isə hər şey ortadadır. Əlbəttə, məsələ heç də tam olaraq O.Bayramlının dediyi kimi deyil, ancaq onun fikrini təpki ilə qarşılamaq da doğru deyildir. A.Turan O.Bayramlının bu fikrinə qarşı dərhal türk ədəbiyyatşünası A.H.Tanpınarın Ə.Süavi haqqında “...böyük bir doktrin sahibi olduğunu iddia etmək, hətta hər hansı bir bilgi şöbəsində tam bir dərinləşməyə endiyini qəbul etmək imkansızdır” (A.Turanda mənbə göstərilməyib-B.Ə.) fikrinə söykənərək onun xidmətlərini kənara qoymağa çalışır.

 

Olsun ki, O.Bayramlının “ilk türkçü” ifadəsi (ümumiyyətlə, tədqiqatlarda bu cür ifadələri işlədərkən bir qədər ehtiyatlı olmaq lazımdır, çünki çox zaman bu cür ifadələr sonra təkzib olunur) yerinə düşməyib, ancaq onun O.Bayramlının Ə.Süavinin üçlü düsturun müəllifi hesab etməsinə nə dəxli var axı?! A.Turan A.H.Tanpınarın yuxarıdakı fikrinə əsaslanaraq yazır: “Bunu da nəzərə alaraq (maraqlıdır, A.H.Tanpınar yuxarıda Ə.Süavinin bu üçlü düsturu ilə bağlı heç nə demədiyi halda, A.Turan nəyi nəzərə alır?!-B.Ə.). XX yüzil türk tarixi üçün bu qədər həyati əhəmiyyət daşıyan dirilik, varoluş düsturunu Əli bəy Hüseynzadədən qabaqkı mərhələyə-türkləşmək, islamlaşmaq, çağdaşlaşmaq triadasını irəli sürə biləcək qədər dərin və geniş mündəricəli əsərləri olmayan (seçmə mənimdir-B.Ə.) Əli Süaviyə bağlamaq cəhdi yolverilməzdir” (A.Turan. Göstərilən mənbə, s. 446).

 

Biz Ə.Süavinin üçlü düsturu ilə bağlı müzakirəni irəlidə aparacağıq, ancaq A.Turanın bu sahədə ciddi tədqiqatları olan O.Bayramlıya publisistik tonda “Əli Süaviyə bağlamaq cəhdi yolverilməzdir” və triadanı “irəli sürə biləcək qədər dərin və geniş mündəricəli əsərləri olmayan” kimi birtərəfli fikrlərini hec cür başa düşmürük. Axı, sabah Əli Süavi yox, başqa birisinin bu üçlü düsturla bağlı fikirləri ortaya çıxarsa, necə razılaşmaya bilərsən?! Yaxud, bu fikir və ideyalar bizim razılaşıb-razılaşmamağımızdan asılı olmayaraq mövcuddur. Bizim bu fikirləri görməzdən gəlməyimizdənsə, qolumuzu çırmayıb məsələnin dərinliyinə getmək daha yaxşı olmazmı?! Tədqiqatçının narahatlığını yaxşı başa düşürəm: bu triadanın müəllifliyi Azərbaycandan kənara getməsin! Bu yanaşma ilə də heç cür barışmaq olmaz, ona görə ki, triadanın qapsadığı problem o qədər böyük, coğrafiyası o qədər geniş, əhəmiyyəti o qədər gərəklidir ki, bununla məşğul olarkən məhz o səviyyəni gözləmək lazımdır, onu kiçiltmək, yerli, məhəlli düşünmək sadəcə doğru olmadığı kimi, həm də elmi yol və elmin yolu deyildir. A.Turanın “varoluş düsturunu Əli bəy Hüseynzadədən qabaqkı mərhələyə” atmaq cəhdlərinə dirəniş göstərməsi də heç bir tənqidə dözmür, çünki bu triada müxtəlif variasiyalarda ayrı-ayrılıqda ən azından otuz illik bir yol keçmiş, Ə.Hüseynzadə ilə təkmilləşərək sonrakı mərhələyə adlamış, Z.Göyalp və M.Ə.Rəsulzadə ilə indiki şəklinə düşmüşdür. Heç nə ilk vəziyyətində olduğu kimi qalmır, xüsusilə ictimai fikir daim inkişaf edir, yenilənir və dəyişir. Bunu “türkləşmək, islamlaşmaq, müasirləşmək” triadasında da görmək olar. Aydındır ki, biz triada haqqında danışarkən onun müxtəlif dövrlərdəki formulları ilə yanaşı, bugünkü formulundan çıxış etməliyik. Bu triadanın bugünkü, bayrağımızda təsbit olunan formulu isə “türkləşmək, müasirləşmək, islamlaşmaq”dır. Belə olan halda triadanın keçdiyi inkişaf yoluna, hansı proseslərdən keçməsinə bir daha nəzər salmaq vacib problemlərdəndir.

 

Bir məsələni də xüsusi qeyd etməliyik, triadanın kimin olması ilə bağlı hökm verərkən, fikir bildirərkən kimlərinsə hardasa söylədiyi fikirlərdən daha çox, müəllifin özünün əsərlərinə istinad etməliyik. Yəni bu üçlü düsturun kimin olmasını aydınlaşdırmaq üçün ən yaxşı mənbə müəlliflərin (müəllifin yox!) özünün əsərləri olmalıdır, nəinki onun haqqında deyilənlər. Bu düsturun Ə.Hüseynzadənin olmasını irəli sürən araşdırıcılar, yaxud müasirləri ən çox onun “Türklər kimdir və kimlərdən ibarətdir”, “İntiqad (tənqid-B.Ə.) ediyoruz, intiqad olunuyoruz”, “Bizə hansı elmlər lazımdır”, “Yazımız, dilimiz, “İkinci il”imiz” məqalələrinə istinad edirlər. Y.Akçura, M.B.Məmmədzadə, O.Bayramlı, Y.Qarayev, A.Turan və b. məhz bu məqalələrin adlarını çəkirlər.  Y.Akçura formulu yuxarıdakı şəkildə ifadə edərkən Ə.Hüseynzadənin bu fikirlərinə əsaslanıb: “Fədai lazımdır, fədai! Yuxarı sıçrayan murdarlıqlardan qorxmayan fədai! Türk qanlı, müsəlman etiqadlı, firəng fikirli, Avropa qiyafətli fədai! İngilis, Amerikan kibi tizrəftar, yeni yaponlar kibi kütahdamən fədai! Çünki bu dövr kütahdamənlər, tizrəftarlar dövrüdür” (“Füyuzat”, 1907, N 23).

 

Biz Ə.Hüseynzadənin “türkləşmək, islamlaşmaq, müasirləşmək” üçlü formuluna olan qatqıları, onun formalaşmasındakı rolu haqqında ayrıca bəhs edəcəyik. Bunu isə ona görə gətirdik ki, Ə.Hüseynzadəni bu üçlü düsturun müəllifi hesab edənlər, əsasən, bu fikirlərinə əsaslanırlar.

 

Doğrudan da üçlü düsturun mahiyyəti Ə.Hüseynzadənin bu fikirlərində qismən açılır. Başqa bir neçə məqaləsində də Ə.Hüseynzadə buna yaxın bəzi fikirlər işlədir, türklərin tarixi və bugünü, əhatə etdiyi coğrafiya haqqında isə sistemli məqalələr yazaraq “Türklər kimdir və kimlərdən ibarətdir” başlığı altında dərc etdirir. İrəlidə bu barədə geniş araşdırmalar təqdim olunacaq. Ancaq məsələnin qoyuluşu üçün vacib olan bir neçə parametrə nəzər salaq; biz nəyin mübahisəsini edirik, əgər söhbət Əli bəyin “türk qanlı, islam imanlı, firəng fikirli, avropa qiyafətli” (dördlü düstur?-B.Ə.) kimi ifadə olunmuş, lakin hələ bir sistem halına düşməmiş fikirlərinin, yoxsa onun bugünkü şəklə düşmüş “türkləşmək, islamlaşmaq, müasirləşmək”, “türkləşmək, islamlaşmaq, avropalaşmaq”, yaxud “türkləşmək, müasirləşmək, islamlaşmaq” (bu düsturlar arasındakı fərqi də nəzərə almamaq olmaz!) triadasının, yaxud ondan əvvəlki formulların?!

 

Bir daha vurğulamaq lazım gəlir ki, Azərbaycan Xalq Cümhuriyyətinin və onun varisi olan bugünkü Azərbaycan Respublikasının bayrağında “türkləşmək, müasirləşmək, islamlaşmaq” formulu dayanır.

 

Əgər bu formullardan birinin yeri dəyişik düşərsə, çox doğru olaraq, bizim təpkimizə nədən olur. Məsələ də elə burasındadır; bu formulun ilk şəkli ilə sonuncu şəkilləri arasında xeyli dərəcədə mahiyyət, ifadə və sistem fərqi vardır.

 

Bundan başqa, bu triadanın bu və buna oxşar şəkildə işlənməsini əsas tutmalıyıq, yoxsa elmi, nəzəri və sistem şəklində kim tərəfindən əsaslandırılmasını? Doğrudanmı, triadanın ilk şəkli ilə sonuncu arasında olan fərq heç nəyi ifadə etmir. Lap tutaq ki, belədir, o zaman triadanın komponentlərinin birləşməsi məqamınadək hər birinin ayrı-ayrılıqda otuz ildən çox ictimai fikrin müzakirəsindən keçib gəldiyi yolu hara qoyaq?! Azərbaycanda deyil, bütün türk dünyasında gedən bu müzakirələr bizə imkan verir ki, triadanın komponentlərinin hər birinin keçib gəldiyi yolu və onun necə bir sistem şəklinə düşməsini araşdıraq.

 

Burada M.F.Axundzadənin, Ə.Süavi, C.Əfqani, H.Zərdabi, İ.Qaspıralı, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Y.Akçura, Z.Göyalp və nəhayət M.Ə.Rəsulzadənin, adları çəkilməyən bir çox aydınlarımızın hər birinin xidmətlərini, yaxud onun ayrı-ayrı komponentlərilə bağlı fikirlərini, nəzəri əsaslandırmalarını düzgün qiymətləndirmək gərəkir. Bizim istəyimiz də məhz budur! Bunu isə biz gələcək məqalələrimizdə gerçəkləşdirəcəyik.

 

Bədirxan ƏHMƏDOV

525-ci qəzet.- 2015.- 19 dekabr.- S.18-19