“Baş”ın səyahəti

 

XALQ YAZIÇISI ElÇİNƏ ƏDƏBİ MƏKTUB

 

 

 

Əziz Elçin müəllim!

 

Dərin tarixi bilgi əsasında, böyük fəhmlə yazılmış “Baş” romanınızın maraq və həvəslə - şəxsiyyətinizə hörmət, yaradıcılığınıza məhəbbətlə oxudum.

 

Öncədən etiraf edim ki, son vaxtlar belə ciddi və maraqlı roman oxumamışdım.

 

“Baş” başsızlıq haqqında romandır. Harada başsızlıq var, orada milli faciələr baş verir. Sizin romanda baş böyük bir imperiyanın timsalıdır.

 

Roman bir başın, bir də O-nun romanıdır. Əslində romanın süjeti sadədir: təslim olunmaq haqqında Hüseynqulu xandan Bakının simvolu olan şəhərin açarını almaq üçün Qoşa Qala qapısına gələn rus generalı, Zaqafqaziya ordusunun komandanı, milliyyətcə gürcü olan knyaz Pavel Dimitryeviç Sisyanov Hüseynqulu xanın bacısı oğlu, millətsevər, igid türkçü Mahmud ağanın adamları tərəfindən bir göz qırpımında öldürüldükdən sonra Molla Müzəffər Ağanın təklifi ilə İran şahı Fətəli şaha hədiyyə verilmək üçün başı kəsilir.

 

Bütün hadisələr bu Başın yaddaşında və Başın səyahətində baş verir. Bu yaddaş və bu səyahəti sıxılmış zaman çərçivəsində, romanda qırmızı xətt kimi keçir. “Miladi tarixi ilə 1806-cı il fevral ayının 9-u, hicri tarixi ilə 1220-ci il şubatın 20-si şaxtalı günortaçağı idi, Hüseynqulu xan məşvərət məclisi çağırmışdı. Sərdar Sisyanovun qətli xəbəri elə bir sürətlə yayılmışdı ki...” Hadisənin bir üzündə - Sisyanovun qətlə qədər həyat və mübarizəsi ilə bağlı yaddaşında və o biri tərəfdə  Başın İran şahı Fətəli şaha aparılması və şahzadə Abbas Mirzə ilə bağlı olaylar cərəyan edir...

 

Və hər iki müstəvidə baş verən olaylar əslində Onun şəffaf və çəkisiz varlığın da, sərhədsiz və Zamansız görünən məkanda əks olunur və qiymətini alır.

 

“Şəffaf və çəkisiz varlıq”, “sərhədsiz və zamansız görünən məkan” - bunlar sadəcə irreal, mistik anlayışlar deyil, bunlar tamamilə yeni - insanın fəhm tərzidir və romanın qeyri-adiliyi də elə bundadır. Burada (harada?) əks olunan ən böyük hadisələrin də - Sisyanovun (meyitin!) başının ətdoğranan nəhəng kötüyün üstündə kəsilməsinin, müharibədə minlərlə adamın ölməsi, Abbas Mirzənin və Fətəli şahın əməllərinin, igid Mahmud ağanın təhqir olunmasının da, Hacı Muxtarın mərdliyini də və ən kiçik hadisələrin də - gözəl Sarı Çoban qızının faciəsini də, Ağabəyim Ağanın taleyinin də, - əhəmiyyəti yoxdur. Sanki bunlar haradasa uzaqda baş verir, baş verən hadisələr O üçün bir vasitə, bir fondur.

 

Dəyərli Elçin müəllim!

 

O-nun məntiqini pozan O-ya və deməli ki, romanı qeyri-adilikdən adiliyə endirən bir general  Sisyanovun məktubları (məsələn, “Knyaz P.D. Sisyanovun qraf N.İ.Timofeyev - Boqoyavlenskiyə məktub”) bir də bəzi yaddaş düşüncələridir (məsələn, təhqir olunmuş kapitan Suxarevin əsl rus zabiti, təmiz qanlı rus qüruru haqqında düşüncələri). Əslində bəlkə də reallıqda belə məktublar yoxdur, Sizin təxəyyülünüzün məhsuludur, rus cəmiyyətinin, Rusiyanın dövlət siyasətinin - Qafqazdakı imperiyaçı siyasətin iç üzünü açmağa xidmət edir. Və bu cəhətdən romanın ayrıca bir xətti olaraq maraq doğurur.

 

Rusiyanın dövlət siyasətini gözəl bilməyinizi əks etdirən, rus diplomatiyasını açan, xüsusilə, Rusiyanın Qafqazı fəth etmək və Rusiyaya ilhaq etmək strategiyasını açıb göstərən, rus çarlarının - I Pyotrun, II Yekaterinanın, I Pavelin, I Aleksandrın əxlaqsız saray dramasını, bu hakimlərin Avropapərəst hərb siyasətini və Suxaryov kimi təmiz qanlı rusların bunlara münasibətini əks etdirən bu məktublar zəngin olsa da məhz romanın poetikası baxımından (xüsusilə O-nun məntiqi baxımında) uzun olur, onun dinamikasını bölüşdürür, psixoloji gərginliyi siyasi müstəviyə keçirir.

 

Yemelyan Puqaçovun başının kəsilməsi səhnəsini gənc zabit Pavel Dimitriyeviç Sisyanovun böyük şövqlə izlədiyi və aşkar həzz aldığı səhnəni  sənətkarlıqla qələmə almısınız.

 

Sisyanov bu səhnədə baş kəsməyin dərsini alır. Lakin bu baş kəsən diri adamın başını kəsirdi. Hüseynqulu xan və onun qəssabı həmişə insanpərvərlikdən danışan, Molla Müzəffər Ağanın qan tökməyi günah sayan İslam dininin təəssübkeşinin təklifi ilə meyitin başını kəsir. Baş torbada oyuncaq kimi eldən-elə daşınır -  çox ləyaqətli, mərd, təmiz qanlı bir türk kimi təsvir və tərif olunan Teymur Ağa Bakı və ətrafının ən mötəbər üləması Molla Müzəffər Ağa Fətəli şaha hədiyyə gətirir - Azərbaycanın digər  işğalçısına çatdırmaq üçün şahzadə Abbas Mirzədən iltimas edirlər. Nəticəsi bu olur ki, tərbiyəsiz, əyyaş şahzadə “getsin mollalığın eləsin” - deyə Molla Müzəffər Ağanı heç qəbul etmir, Fətəli şahla şəxsən görüşüb bütün türkləri birləşdirilməsi fikrini ona bildirmək istədiyini təkid edən Teymur Ağaya isə deyir: “ Bunu eşiyə atın!” Nədənsə, bütün Qafqazı lərzəyə gətirən general Sisyanovu qorxmadan bir göz qırpımında gülləni ağzına verən Mahmud Ağa əyyaş Abbas Mirzənin qarşısında bu qədər miskin vəziyyətə salmanız bədii təsdiqini tapmır, çünki hadisələrin bədii məntiqi belə bir sonluğu belə demir. Doğrudur, Teymur Ağa - bu türk oğlu türk Sibirdə - katorqada ömrünü başa vurur: “...başaçıq pırpızaqlı, uzun saçları saqqalına qarışmış, qaşları, kirpikləri buz bağlamış o dustaqlardan biri  bir anlıq ayaq saxladı və başını göyə qaldırıb canavar ulartısına oxşayan bir səslə “Mən Atillayam!”... qışqırdı və onun qışqırığının görünən o məkandakı əks-sədası çovğunun vıyıltısına qarışdı və elə həmin anda da atını o dustağa sarı çapan konvoy qamçısını onun belinə ilişdirdi: “Poşol!..Poşol” və O-nun yaddaşı o dustağı, əlbəttə, tanıdı: Hüseynqulu xanın bacısı oğlu çovğun bürümüş o Sibir çöllərində ayağı zəncirli Mahmud bəy yenə bir anlıq ayaq saxlayıb üzünü göylərə qaldırdı və yenə də canavar ulartısına oxşayan həmin səslə : “Mən Allahın qəzəbiyəm!...”qışqırdı...”.

 

“Baş” xarakterlər romanıdır. Hüseynqulu xan, Molla Müzəffər Ağa, Teymur Ağa, Pavel Sisyanov, Hacı Muxtar, Suxaryov, general Lazerevi qətlə yetirən gürcü çariçası Mariya və s. Bu xarakterlərin ən güclüsü Hacı Muxtardır. Son xəyanət anında Hacı Muxtar özünə qalib gəlir, dostluğa, gənc Mahmudun uşaqlığı ilə bağlı nəcib xatirələr onun nəfsinə üstün gəlir. Bu obraz milli ləyaqət, kişilik rəmzidir və o hər cür hörmətə layiqdir.

 

Hörmətli Elçin müəllim!

 

Romanda üç kədərli tale xüsusilə diqqətəlayiqdir. Ümumiyyətlə, Qarabağla bağlı epizodları, necə deyərlər, ürək qanı ilə yazmısınız. Bunlardan biri İbrahim xanın böyük qızı Ağabəyim Ağanın taleyidir. İkincisi Sarı Çoban qızının taleyidir.

 

Misilsiz bir gözəl olan bu qız beş ata Abbas Mirzəyə verilir, tez bir zamanda qadın düşkünü olan şahzadə Abbas Mirzənin əlində xırpalanır, zərif bir çiçək kimi qoxlanıb əzilir, əldən-ələ keçib nimdaş bir əski kimi atılır, dəli olur.

 

Və nəhayət, üçüncüsü İbrahim Xəlil xanın və bütün ailəsinin Şuşanın komendantı rus mayoru Lisaneviç tərəfindən xüsusi bir amansızlıqla qətlə yetirilməsidir.

 

“...çığırtılar Onun şəffaf və çəkisiz varlığındakı azadlığı, sərbəstliyi açıq-aşkar boğmağa başlamışdı, elə bil Onu həmin şəffaflıqdan və çəkisizlikdən çıxarmaq, ayırmaq,uzaqlaşdırmaq istəyirdi və O, heç nə edə bilmirdi gecə paltarında yataq otağından çıxan İbrahim Xəlil xan mayor Lisaneviçlə üz-üzə gəldi və ay işığında daha da bozarmış xırda boz gözləri daima oynayan qəzəbindən titrəyən səsi ilə : “Hə qoca tülkü, Abbas Mirzəni gizlincə Qarabağa çağırdın?! Nə oldu?! Elə bilirdin mən xəbər tutmayacağam, alçaq?!  Hanı indi sənin Qaçarların?! Hanı Fətəli şah?! Niyə gəlib səni xilas etmir?!” - dedi və dəhşətdən gözləri bərəlmiş xanın ağzını açmağa macal vermədən atəş açaraq İbrahim xanı yerə sərdi...

 

...sonra O, yavaş-yavaş elə bil, yenə səffaf və çəkisiz varlığına qayıtdı və O-nun varlıgı zərif bir inam yarandı ki, bütün bunların mənası sonra məlum olacaq” hansısa o qüvvə ki, Onu özünə tərəf çəkdi və O, mütləq ora (hara?) ucalacaqdı, onda orada hər şey aydın olacaqdı, ancaq görünən o məkan istəmirdi ki, hər şey aydın olsun, ancaq ...ancaq orada (harada?) hər şey aydın olacaqdımı?...”

 

Azadlığın, sərbəstliyin boğulduğu yerdə (hətta şəffaf və çəkisizlikdə də) mayor Lisaneviçlər peyda olur və onlar İbrahim xanları və onların ailələrini körpəli-qocalı çığırda-çığırda öz silahlarını yoxlayırmış kimi güllələyə bilirlər.

 

Hörmətli Elçin müəllim!

 

“Baş” romanı böyük həyat yaşamış, bu həyatın boşluğundan doymuş, çox şeyin yerində olmamasından dolayı dərin psixoloji vaakumda olduğunu dərk etmiş və bu vaakumla daimi mücadilə aparmağın səmərəsizliyindən yorulmuş bir adamın etirafları kimi də dəyərləndirilə bilər. Romanın üç mətni var: bir başla bağlı tarixi mətn, bir O-nun romanı, bir də deyilənlərdə deyilməyən mətn. Əsas məsələ bu sonuncu mətni “oxuya” bilməkdir. Bu həyatda olmayan, fəqət insan xoşbəxtliyi üçün olduqca zəruri - olmalı olan romanın mətnidir. Siz əslində “Baş” romanını bu mətni çatdırmaq üçün yazmısınız. Sizin əsərinizdə Azərbaycan xalqının, eləcə də dünya oxucusunun bu mətni oxuyacağına, yazıçı və vətəndaş kimi Sizin tarixi missiyanızı yerinə yetirmənizi dərk edəcəyinə nəcib bir ümid var.

 

 “Baş” roman poetikasını ehkamlarını dağıdan, ədəbiyyatımıza yeni poetika gətirən novator əsərdir. Əsərin strukturu yenidir : O təkcə roman içərisində roman deyil, romanda hadisələri nəql edən Başla yanaşı, sanki onları tarixin izi ilə gedərək şəxsən izləyən bir göz var: bu Onun gözləridir. Peyğəmbərlərin, Sufilərin, dahilərin bəsirət gözü kimi bu Göz də gözə görünməyənləri görmək üçündür. Elə ona görə də Siz çox şeyləri görə bilmisiniz. Mən bunu ilahi göz, bədii göz adlandırır, sənət adlanan möcüzə elə bu gözün gördükləridir.

 

Bu gözün sahibi - O - “şəffaf və çəkisiz varlıq”, “sərhədsiz və zamansız gözəgörünən məkanda” hər şeyi görür: burada (harada!) tarixdə var, milli varlıqda var, müharibədə var, qürur və cəsarət də var, qarət olunmuş qadın namusu və xəyanət də var... və o məkanda məhz O şəffaf gözəgörünməz varlıq sayəsində bunu görə bilir.

 

“...və elə həmin məqamda da görünən o məkan sürətlə uzaqlaşmağa başladı, uzaqlaşdı və yox oldu və O, yalnız sonra dərk etdi ki, uzaqlaşan görünən o məkan deyil, bu onun özünün şəffaf və çəkisiz varlığın Onu özünə çəkən qüvvəyə doğru uçuşudur - görünən o məkan Onu saxlamağı bacarmadı, daha Onu buraxmamağa gücü çatmadı və O, uçdu...”.

 

“Baş” romanı böyük fəhmlə, yüksək milli qürur hissi ilə yazılıb. Burada yer “həqiqətlərindən” bezmiş, usanmış bir yazıçının yerdən qırılmaq, üzülmək uçmaq (haraya?) səmaya köçmək təşnəsi əbədiləşib. Başabəla Baş torbada da düşünür, yox, Baş düşünmür, başını saxlamaq istəyən başlar düşünür. Başın səyahəti baş tutmur, çünki Başı başa düşən başlar yoxdur. Bu mənada “Baş” romanı ümumbəşər faciəni əks etdirir: Silah və Baş! Başı (başları!) elə Başın düzəltdiyi silahla kəsirlər. Bu, qədim tarixdən bəri belədir. Buna qarşı bədii divan qurduğunuza görə insanlıq Sizə minnətdar olacaq. Ədəbiyyatın isə hökmü hər şeydən ucadır.

 

Nizaməddin Şəmsizadə

525-ci qəzet.- 2015.- 19 dekabr.- S.15