Bir üşüyən xatirə
“Gələn birdir, gedən birdir, qalan bir,
Gələn qalmaz, gedən gəlməz, əcəb sirr.
Bir əvvəl var, bir axır var
deyirlər,
Bu bir sözdür,
nə əvvəl var, nə axir”.
Şükuhi
Dünyaya gəlmək getmək üçündür - bu
fani dünya gec-tez hamını bircə-bircə öz ovuna çevirir. Amma heç
kəs öz ölümünə inanmır,
yaşamaq yanğısı
o qədər güclüdür
ki, son nəfəsdə
də yenidən əzabını çəkdiyi,
qəhrini udduğu, sevincini də, qəmini də gördüyü dünyadan
getmək istəmir.
İnsanın bu fani dünyada ömrünü
bir Yola bənzətmək olar.
O yolun əvvəli var, bir də
sonu. Amma o yol bitmir, ünlü
şairimiz Əli Kərim demişkən: “ Səfərdədir o adam... Hətta məzardadırsa, Xatirəsi
dostlara Bir təpə aşmaq üçün Qüvvə
verirsə əgər,
O yenə səfərdədir.
Mənzilə çox
var hələ... Səfərdədir, yol gedir...” Azərbaycan poeziyasının bir xanım-xatın şairəsi-Nurəngiz
Gün də belə əbədi səfərə çıxan
Allah bəndələrindən biridir.
Dodaqlarımda təbəssüm,
Bəbəklərimdə ümid və qürur,
İçimdə ağlamaq ehtiyacı...
Yol gedirəm,
yorulanadək.
Ovcumda sirr,
Barmaqlarımda qabar,
Ürəyimdir...varım-yoxum,
Yol gedirəm,
saplağımdan qırılanadək.
Saçlarımda rüzgarım,
Ruhumda ana laylası,
Başımda məğlub eşqim,
Yol gedirəm,
sinəm qaralanadək.
Önümdə silsilə dağlar,
Sərt
qayalar, soyuq dəniz
Qərib
canla, bu tək cana,
qürub çağı
Yol gedirəm,
öləziyib saralanadək.
Arxamda sarp enişlər,
Çiynimdə Günəş tayası,
Ağuşumda Caləm və titrəyişim...
Yol gedirəm,
yol olanadək.
Nurəngiz Gün Azərbaycan poeziyasının Məhsəti
Gəncəvidən başlayan
qadın şairlər
pleyadasına yüksələn
zəriflərdən biri
idi. Başdan-ayağa hisslərdən, duyğulardan yoğrulmuş
bu poeziya Azərbaycan qadınının
son əlli ildə yaşantılarını ən
gözəl şeirlərlə
isbata yetirdi. Bu poeziya çoxçalarlı,
rəngarəng, qövsi-qüzehi
xatırladan duyğu çalarlarından hörülmüşdü.
Qadın dünyası
bu böyük dünyanın içində
ayrı bir dünyadır- onun qəmində üsyan
var, sevincində də dünyaya sığmayan dənizlər,
nəhrlər çağlayır.
Nurəngiz Gün İlahinin ona pay verdiyi bir ömür
müddətində bir
qadın qəlbinin odunu, hisslər, duyğular gülzarını
onu sevən oxuculardan əsirgəmədi.
Nurəngiz Gün ədəbiyyata nəsrlə gəldi. “Ulduz” jurnalının 1981-ci il saylarının birində “Tanı” povesti dərc edildi. Bu, oxucular
üçün gözlənilməz
bir sürpriz oldu. Minlərlə azərbaycanlı Nurəngiz xanımı yalnız televiziya ekranında seyr etmiş, onun son dərəcə məlahətli,
ürəyə işləyən
səsinin cazibəsinə
düşmüşdülər.
Azərbaycan dilinin saflığını,
incəliyini səsinin
məlahətinə qatan
Nurəngiz xanım ekrana poeziya nəfəsi gətirən
ilk diktorlardan biri idi. Sonralar onun şeir məclislərində Azərbaycan
şairlərinin şeirlərini
necə şövqlə
səsləndirdiyinin də
şahidi olduq. Şeiri hamı söyləyə bilər, amma o şeiri öz duyğularına hopdurmadan,
səsindəki cilvəyə
qatmadan sevdirə bilməzsən. “Ulduz” jurnalında çap etdirdiyi povestində də Nurəngiz xanımın poeziyadan necə qaynaqlandığı göz
qabağında idi.
Bir nəsr əsəri kimi bu povest
duyğusal bir qadının həyatından
söz açırdı,
o qadın ata yurduna qayıdır və burada keçirdiyi ən xoş günlərinin xatirəsi ilə yaşayır. Povestin qayəsi
çox sadə bir süjetdə ifadə olunmuşdu.
İnsan
yaşa dolduqca keçmişi onun üçün əziz bir xatirəyə çevrilir. Dəyişən dünya o keçmişi bir daha qaytara
bilməz. Necə ki,
ilk sevgini təzədən
yaşamaq mümkün
deyil. “Yelləncək
yellənirdi. Göylərin
o qalın meşə
cəngəlliyindən vələslər,
palıdlar, söyüdlər,
cökələr, şamlar,
qayınlar arasından
ucalan bir çinar da pıçıldayırdı: “Mən də sevmişəm, mən də sevirəm və həmişə sevəcəyəm. Eheyy! Yadındamı o sevgili günlər?
Bir çinarın da vardı sənin, öz çinarın.
Dururmu ola?
Yenə eşidirsənmi
onun şeirli, nəğməli səsini?”. Povest beləcə
şeirli sətirlərlə
doludur .
Nurəngiz Gün sonrakı nəsr əsərlərində
də (“Qırmızı
gecə”, “Ən hündür çiçək
təpəsi və qar quyu”) o poetik
ritmi itirmədi. Deməli, onun
poeziyaya gəlişi labüd idi, qaçılmaz idi. Və az
sonra Nurəngiz Günün şeirləri
mətbuat səhifələrinə
və oxucuların ürəyinə yol tapdı.
Nurəngiz Günün şeirləri
bir kimsənin şeirlərinə bənzəmir
və onun bir şair kimi
birinci məziyyəti
də elə bundadır. Görkəmli tənqidçi Vaqif
Yusifli Nurəngiz Günün yaradıcılığına
həsr etdiyi bir məqaləsində şairənin fərqli poetik dünyasını incələyir. Yazır ki,
Nurəngiz Günün
şeirlərində XX əsr
qadınının ürək
dünyası əks olunur. Onun sərbəst şeirləri
ritmə, melodiyaya uyarlığı ilə seçilir, sərbəst
şeirdə müxtəlif
səs çalarlarına,
alliterasiyalara, həm də maraqlı təşbih və metaforalara müraciət edən Nurəngiz xanım şeirdə yeni bir ab-hava
yaratdı.Şeirdə müəyyən
bir detala istinad edib görümlü
obraz yaratmaq səyi çox zaman uğurla nəticələnirdi.
Onun şeirlərində Tanrı,
Günəş, Dəniz,
Nilufər, Çiçək,
Qürbət obrazlarına
tez-tez rast gəlirik. Şairə Günəşlə öz
könlü arasında
maraqlı assosiasiyalar
yaratmağa səy edir, həmişə Günəşə Tanrı
qədər sitayiş
edirdi:
Günəş!.. Mənə soyuqdur
Axı mən qütbə gedən tək gəminin
məzlum mənzərəsinə
dözümsüz
oluram.
Axı üşüyürəm mən
hərdən
azad qanad yoluna atəş açan
zalım ovçu
əlindən.
Günəşim! Tez-tez röyalarımdasan!
Bir dəfə də xəyalımda
səninlə öpüşəndə,
qucaqlaşıb demişdim:
Məhvəşim! Atəşim! Sahib dur!
Məşum toxunur hər şey.
Çək məni, apar məni.
Apar, apar!...
Yerdə
mənə yaman soyuqdur, Günəş!
Nurəngiz Gün mütaliəli, geniş erudisiyalı bir ziyalı idi. Həm məqalələrində, həm də şeirlərində onun dünya ədəbiyyatına
bələdliyi hiss olunur.
Ona görə də onun şeirlərində
modern poeziyaya məxsus
elementlər nəzərə
çarpacaq dərəcədə
gözə dəyir.Məsələn,
“Xocalı simfoniyası”
və “Salamat qal, Ağca yol” poemaları müasir modern şeirin ab-havasını əks etdirir.
O, şeirimizdə Ana obrazlarının
bir silsilə yeni variantlarını yaratdı. Bu poemalarda, eləcə də bir sıra şeirlərində
bir cəhət xüsusilə diqqəti cəlb edir: O Ana obrazlarının hamısında
Nurəngiz Günün
öz obrazını görürük. “Xocalı
simfoniyası” müasir
şeirimizdə Ana fəryadının
dünyanın üzünə
oxunan bir ittihamını əks etdirir: O faciədə həlak olan uşaqların fəryadı
ana fəryadına qarışır:
Ah! Doğulur cocuqlar,
Yorulur torpağın altında
Cocuqlar!
Əlləri, qolları yorulur...
Heç
bir şey anlamır Cocuqlar!
Cocuqlar
top-top oynamaq istəyir,
torpağın altında.
O! Məryəm!...
Ancaq ki, ana məməsi
istəyir
körpələr torpağın
altında!
Heç
bir şey anlamır İnqalar!..
İnqalar ana döşü
əvəzinə,
İndicə torpağı əməcəklər!
Nurəngiz Günün şeirlərində
ictimai motivlərlə
şəxsi, intim duyğular bir-birinə qovuşurdu və Vətən də, türk dünyası da, başımıza gələn faciələr
də, tariximizin şanlı və qanlı səhifələri
də onun sanki bu dünyada
hamıdan tənha qalan, amma hamıya
məhrəm olan ürəyindən gəlib
keçirdi.
Ümumiyyətlə, Nurəngiz Günün poeziyasında tədqiq olunmalı motivlər çoxdur və özü də onun özünəməxsus
şeir üslubu, poetik özəllikləri
tədqiqatçılarımızı düşündürməlidir.
Onun bu dünya ilə vidalaşdığı günü
xatırlayıram. Gün o GÜNÜ bizdən ayırdı.
Amma o, xoşbəxt
idi. Bəlkə son nəfəsində ağrılı-acılı, sevincli-kədərli
günlərini, həyat
kitabını gözləri
qarşısında canlandırırdı.
Həmişə mübariz, döyüşkən,
kimsənin qarşısında
məğrur başını
əyməyən, təpədən-dırnağa
xeyirxahlıq mücəssiməsi
olan mələk xislətli bir qadın dünyaya-bu fani dünyaya gözlərini yumdu.
Jaləsini, Müjganını - onların sevimli çöhrələrini bir
daha görməyəcəkdi.
Amma onlar Nurəngiz Günün həyatını
davam etdirəcəklər.
Təbii
ki, dünyaya ikinci Nurəngiz Gün bir daha
gəlməyəcək, amma
onun zərifliyini, gözəlliyini, Azərbaycan
qadını obrazını
yaşadacaqlar.
Xədicə İSGƏNDƏRLİ
AMEA Nizami adına Ədəbiyyat
İnstitutunun aparıcı
elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.- 2015.- 19 dekabr.- S.14.