“Rusiya-Türkiyə münasibətlərinin
pozulması türk dünyasına təsir
göstərir”
SALİH YILMAZ: “TÜRKİYƏ-RUSİYA MÜNASİBƏTLƏRİ POZULSA, DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİ SÜLH YOLU İLƏ HƏLL EDİLƏ BİLMƏZ”
Ötən ay Rusiya ilə Türkiyə münasibətlərində
təyyarənin vurulması
ilə başlayan gərginlik hələ də davam edir. Rəsmi səviyyədə
verilən açıqlamalar
isə gərginliyin daha də dərinləşməsini
göstərir.
İki ölkənin
münasibətlərindəki mövcud durum, bunun bölgəyə, eləcə
də Azərbaycan təsiri ilə bağlı Ankaranın İldırım Bəyazit
Universitetinin professoru Salih Yılmaz “525”ə müsahibəsi zamanı danışıb.
- Salih bəy, bu gün dünyanın
siyasi gündəmində
olan Rusiya-Türkiyə
böhranı ilə bağlı ümumi mənzərəni necə
dəyərləndirirsiniz? Bu böhran
fonunda Azərbaycan necə görünür?
- Rusiya-Türkiyə münasibətlərinin
pozulması bütün
türk dünyasına,
xüsusilə də,
Azərbaycana daha çox təsir göstərir. Əgər bu iki dövlətin münasibətlərində
bir problem yaranmasa, Azərbaycan üçün
də vəziyyət yaxşı olar. Əks halda, bu ölkə
seçim etmək məcburiyyətində qalacaq.
Rusiya tərəfində olsa, Türkiyəni küsdürmüş
olacaq. Əksinə, Türkiyə tərəfində
olarsa, indiki durumda bu da
yaxşı nəticə
verməz.
Bilirsiniz
ki, Ermənistanda çoxlu rus əsgəri var. Bu baxımdan
Dağlıq Qarabağ
münaqişəsinə oradan
da bir təhdid
var. Əgər Türkiyə-Rusiya
münasibətləri pozulsa,
Dağlıq Qarabağ
münaqişəsi sülh
yolu ilə həll edilə bilməz və ən pisi də
münaqişənin sülh
yolu ilə nizamlanmasının mümkünlüyü
tükənəcək.
Məsələnin bir başqa tərəfi də odur ki, bu
hadisələrin fonunda
Azərbaycan iqtisadi baxımdan üstünlüklər
əldə edə bilər. Məsələn, sahib olduğu neft və təbii qazı dünyaya Türkiyə vasitəsilə
satmaq imkanı var. Bildiyiniz kimi, məlum böhranlı durumdan sonra Gürcüstandan Rusiyaya gedən quru yolu qapandı və indi yalnız
Azərbaycan yollarından
istifadə olunur.
Əgər Azərbaycan Orta Asiyaya gedən quru yollar salarsa,
vergilər də azaldılsa, yol təhlükəsizliyinə də
təminat yaradarsa, çox böyük üstünlüklər əldə
edəcək. İldə Türkiyəyə 6 min tır keçdiyini düşünün. Bu Azərbaycan üçün
böyük iqtisadi gəlir imkanı olacaq. Eyni zamanda keçmiş
İpək Yolunu da əlində saxlamış olur.
- Bu arada məlum hadisələrlə bağlı
müxtəlif fikirlər
də səsləndirilməkdədir.
Məsələn, bəziləri
soyuq müharibə başlayır, bəziləri
də əksinə, artıq bunun bitdiyini dilə gətirirlər...
- Biz buna “İlıq savaş” deyirik. Bu ilıq müharibənin soyuq müharibə olması üçün Suriyada, Dağlıq Qarabağda hansı hadisələrin baş verəcəyini bilmirik. Hətta bu hadisələrdən asılı olaraq 50 illik bir soyuq savaşın da əsası qoyula bilər. Hələ ki, ölkələr bir-birilərinə Avrasiya coğrafiyasında bir strateji həmlələr edirlər. Bizdə belə bir deyim var; Avrasiyaya nəzarət edən bütün dünyaya hökmranlıq edər. Günümüzdə bu daha da dəyərli hala gəldi. Çünki Avrasiya coğrafiyası dünyada mövcud olan neft və təbii qaz başda olmaqla enerji qaynaqlarına sahibdir. Bölgədə də müharibələrin səbəbi budur. Amma bütün bunlara rəğmən ümid edək ki, hər iki dövlət arasında barış olacaq.
- Türkiyə Rusiya münasibətlərindəki gərginlik təkcə siyasi, iqtisadi deyil, bütün sahələri, o cümlədən, mədəniyyəti, təhsili də əhatə edir. Sizcə, belə yanaşma nə dərəcədə doğrudur?
- Bu gərginliyi, siyasi məsələləri xalqlararası səviyyəyə endirmək lazım deyil. Əgər ora qədər ensək, geri dönüş çətin olacaq. Rusiya bu siyasi hadisəyə tələbələrə, iş adamlarına qədər təbəqələri cəlb edir, türkdilli xalqların beynəlxalq mədəniyyət təşkilatı olan TÜRKSOY-la əlaqənin kəsilməsi məsələsini qaldırır. Belə davam edərsə, Rusiya bundan çox zərər görər və geriyə dönüş olmayan yola aparar. Mədəniyyət və təhsil insanları bir-birinə bağlayan məqamlardır.
Rusiyanın bu sahədə belə neqativ davranışı onu dünyaya neqativ ölkə kimi tanıdır, həm də türk toplumu ilə aralarında geriləməni artırır. Rusiya ilə Türkiyənin arasındakı münasibətlər məhdud deyil. Türk dünyası Orta Asiya respublikaları, Azərbaycan, Gürcüstanı da maraqlandırır. Çünki bunların Türkiyə ilə bir qohumluq bağları var. Eyni zamanda Rusiya ilə tarixi bağları olan bir tarixi keçmişləri mövcuddur. Rusiyanın bu ölkələri seçim durumuna buraxması lazım deyil. Əks halda bu, bütün Avrasiya coğrafiyasına bir rahatsızlıq gətirər və eyni zamanda pis təsir göstərər. Məsələn, TÜRKSOY-un Avrasiya mədəniyyətini bir araya gətirib inkişaf etdirmək baxımından böyük əhəmiyyəti var və dostluq münasibətləri qurmağa çalışırlar. Orda Rusiyaya bağlı türk respublikalarının təmsilçiləri fəaliyyət göstərir. Siyasi bir məsələni mədəniyyətə qədər endirsəniz, burda hətta haqlı da olsanız, haqsız duruma düşərsiz. Eyni zamanda bu vəziyyət toplumlar arasında nifrəti də artırmış olar. Mən bu məsələnin gələcəkdə həllinə inanıram. Amma buna qədər 10 və ya 20 ildə qurulmuş olan düzənin iki gündə yox edilməsi məntiqli deyil.
PƏRVANƏ
525-ci qəzet.- 2015.- 19 dekabr.- S.9