BDU-da Pənah Xəlilovun yubileyi qeyd olundu
Bakı
Dövlət Universitetində
görkəmli ədəbiyyatşünas,
tənqidçi və
tərcüməçi, filologiya
elmləri doktoru,
professor Pənah Xəlilovun
90 illik yubileyinə həsr olunan Respublika elmi konfransı keçirilib.
BDU ictimaiyyətlə əlaqələr
şöbəsindən verilən
məlumata görə,
konfransı giriş sözü ilə açan rektor, akademik Abel Məhərrəmov
bildirib ki, Pənah Xəlilov 1948-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib və 70 ildir taleyini həmişəlik bu ali məktəblə
bağlayıb.
Rektorun sözlərindən məlum
olub ki, Pənah Xəlilov elmi şuranın qərarı ilə universitetdə saxlanıb,
aspiranturada təhsil alıb, 1951-ci ildə filologiya elmləri namizədi, 1969-cu ildə isə filologiya elmləri doktoru elmi adına
layiq görülüb.
Akademik həmçinin bildirib ki, Pənah Xəlilovun Bakı Dövlət Universiteti qarşısında, dolayısı
ilə Azərbaycan elmi, ədəbiyyatı və xalqı qarşısında müstəsna
xidmətləri var.
O,1973-cü ildə BDU-nun filologiya fakültəsində
açılan “SSRİ xalqları
ədəbiyyatı” kafedrasının
ilk müdiri seçilib.
Sonralar adı “Türk xalqları ədəbiyyatı” kafedrasına dəyişdirilən bu kafedra üçün Pənah müəllim güclü potensiala malik alimlər seçib, bir qismini isə şəxsən özü yetişdirib. Onun rəhbərliyi altında 20 nəfərə yaxın elmlər namizədi, 5 elmlər doktoru dissertasiya müdafiə edib. Pənah Xəlilovun ölkənin ümumtəhsil məktəbləri üçün bir sıra proqram və dərsliklərin hazırlanmasında yaxından iştirak etdiyini diqqətə çatdıran rektor, onun akademik Məmməd Arif Dadaşzadə ilə birlikdə yazdığı “Ədəbiyyat” dərsliyi, professor Mir Cəlal Paşayevlə birlikdə qələmə aldığı “Ədəbiyyatşünaslığın əsasları” kitabı müxtəlif dövrlərdə dəfələrlə nəşr olunub.
Pənah Xəlilovun ölkəmiz və elmimiz qarşısındakı mühüm xidmətlərinin dövlət tərəfindən layiqincə qiymətləndirildiyini deyən rektor onun “Əməkdar müəllim” adına layiq görüldüyünü, həm də Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olduğunu diqqətə çatdırıb. Rektor çıxışının sonunda Pənah Xəlilovu “Gənc nəslin yetişdirilməsində göstərdiyi xüsusi xidmətlərinə, elmin, təhsilin inkiafındakı böyük roluna və anadan olmasının 90 illik yubileyi münasibətilə” Fəxri fərmala təltif edib.
Eyni zamanda alimə təhsil sahəsində göstərdiyi xidmətlərə görə Təhsil Nazirliyinin “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi döş nişanı” təqdim edilib və M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, AMEA-nın müxbir üzvü Nərgiz xanım Paşayevanın təbrik ünvanı oxunub.
Yubilyarın həyat və elmi yaradıcılığına həsr olunan film nümayişindən sonra filologiya fakültəsinin dekanı, dosent Məhərrəm Vəliyevin “Böyük alimin şərəfli həyat yolu” adlı məruzəsi dinlənilib.
Tədbirdə AMEA-nın müxbir üzvü Təhsin Mütəllibov, professorlar Abuzər Xələfov, Tofiq Hüseynoğlu, Ramiz Əsgər, Əməkdar jurnalist İlyas Adıgözəlov, eləcə də Türk xalqları ədəbiyyatı kafedrasının professor-müəllim heyəti çıxış ediblər.
Sonda çıxış edən professor Pənah Xəlilov 90 illik yubileyinin keçirilməsinə görə universitet rəhbərliyinə, o cümlədən tədbir təşkilatçıları və iştirakçılarına təşəkkür edib.
Vəfa MƏMMƏDLİ
525-ci qəzet.- 2015.- 19 dekabr.- S.3