Yaddan çıxmış telefon

 (hekayə)

 

 

"Mobil telefon" hekayələrinin müəlliflərinə

 

Qəsəbənin ucqarında, yöndəmsiz bir yerdə kasıb-kusubun cibinə münasib bir kafe açılmışdı ki, müştərilərinin arasında, yaşına uyğun, yeniyetməsi, cavanı, ahılı, qocası da olardı. Yeniyetmələr adətən pivə, cavanlar araq, ahıllar bəzi qocalar çaxır içərdilər. O gün nahara yaxın bir vaxt idi. kafedə yenə  müştəri sarıdan gurluqdu. Yalnız qapıya yaxın bir yerdə üstü hələ yığışdırılmamış boş bir masa var idi. Kafeyə yenicə girən müştəri içəriyə göz dolandırıb sonra asta addımlarla masaya tərəf yeridi. Stullardan birini altına çəkib əyləşdi. Masaya baxan ofisiant elə bil buna bənd imiş kimi əlində padnos özünü masaya çatdırdı. Masanın üstündəki bulaşıq qab-qaşığı, boş çaxır şüşələrini, stəkanları yığışdırdı. Çirkli dəsmal ilə masanın üstündəki artıq qırıntıları da silib padnosa boşaltdı.

 

Masanın üstündəki ucuz mobil telefonu isə küncə tərəf itələdi.

 

O, mobil telefona gözucu nəzər saldı. Yəqin ki, masanın üstü dolu olduğundan bayaqdan bəri onu görməmişdi. Şübhə yox idi ki, telefonu ondan qabaq bu masa arxasında oturan müştəri yadından çıxararaq qoyub getmişdi. Bəlkə tanımadığı o müştərinin içdiyi spirtli içki ağlını başından alıbmış.  Axı, özü içkili olanda başına o qədər

 

Görünür, ofisiant isə belə zənd edibmiş ki, telefonu masanın üstünə təzə gələn müştəri qoyub. Ona görə əvvəlcə istədi ki, ofisiantı səsləsin, yaddan  çıxıb masa üstündə qalan telefonu ona versin ki, yiyəsi gələndə qaytarsın. Lakin bu fikrindən tez vaz keçdi. Fikirləşdi ki, bəlkə o nahar edib qurtaranacan yaddan çıxan telefonun yiyəsi arxasınca elə özü gəldi. Mobil telefonun sahibini gözləyə-gözləyə o gün naharı həmişəki vərdişindən ləng yeyib gec qurtardı. Mobil telefonun yiyəsi isə gəlib çıxmadı ki, çıxmadı.

 

Ofisiantla haqq-hesab ödəyərkən telefonu ona qaytarmağı fikirləşsə , ətrafda oturanlardan heç kimin ona baxmadığını görüb telefonu cibinə qoydu. Ucuz olsa da, təzə idi.

 

Bir adamın tapdığı dəyərsiz olsa da, nədənsə həmişə ona qiymətli görünür...

 

lll

 

Aradan xeyli keçmişdi. Ancaq bu müddət ərzində hələ ki tapdığı telefona heç bir zəng, mesaj gəlməmişdi.

 

Bir ara fikirləşdi ki, bəlkə telefonun balansı sıfırdır, yaxud batareyası zəifləyib. Yəqinlik hasil etmək üçün həmin telefonla öz telefonunun nömrəsini yığdı. Telefon çağırırdı. Bircə kəlmə "alo" deyib tez telefonu qapatdı. Ekranda hesabda qalan məbləğ yazildı. Telefona, demə, əməlli-başlı kontur yüklənibmiş.

 

Telefonun nömrəsi öz telefonuna düşmüşdüöz telefonu ilə həmin nömrəyə zəng çaldı. Çağırış siqnalları yerinə xırıltılı, yanıqlı bir kişi səsi gəldi. Şeir deyirdi, bəlkə də bu, telefon sahibinin elə öz səsi idi:

 

Yüklə dolu gələn gəmi,

Yatıbdır ayrılıq dəmi,

Kimə satım dərd-qəmimi,

Neyləyim, aman neyləyim?..

 

Durnaların səfi qırıq,

Çevrəndən çıxma, var cızıq,

Bəs mən bədbəxt, bəs mən yazıq,

Neyləyim, aman neyləyim?..

 

Hər bir işin öz çəmi var,

Gülənin də bir qəmi var,

Dövranın öz çəm-xəmi var,

Neyləyim, aman neyləyim?..

 

Telefonu söndürmədi, ardınca yenə də şeir gəlirdi. Amma bu dəfə səs başqa adamın idi. Tarda çalınan "Segah-Zabul" üstdə yanıqlı-yanıqlı oxuyurdu:

 

Gəzmədiyi yer qalmayıb,

Elə bil itiyi azıb,

Gözlər yolda, qulaq səsdə,

Tanrı, yoxsa belə yazıb.

 

Ürək dolu, əyin yalın,

Saya salmaz, gönü qalın,

Yolda görsəniz saxlayın,

Tanrı, yoxsa belə yazıb...

 

Qalıbdır yollarda gözü,

Yox deməyə, daha sözü,

Qəbrini qazıbdı özü,

Tanrı, yoxsa belə yazıb.

 

Dolan olsa - boşalan o,

Yanan olsa - kül olan o,

Susan olsa - danışan o,

Tanrı, yoxsa belə yazıb.

 

Onu maraq bürüdü, neçə saat idi ki, tapdığı telefon cibində idi. Bu müddət ərzində adam qədər kefli olsaydı da ayılardı. Bəs telefon yiyəsi əcəb bir yerdən telefon tapıb öz nömrəsinə zəng etmir? Beləcə fikirləşdisə, o telefona gələn çağırışları axtardı. Üç gün bundan qabaq bir çağırış gəlmişdi. Dərhal o çağrışı geri qaytardı. Dud-dud-dud...

 

-Sənsən...

 

Səsindən bildi ki, danışan məsti-xumardır, sözlər də elə bil ağzından axırdı.

 

Bir xeyli gözlədi. Nədənsə ona elə gəldi ki, həmin nömrədən ona zəng gələ bilər. Ancaq telefon susurdu.

 

Birdən ağlına nə gəldisə, telefonun yaddaş düyməsini basdı.

 

Və...

 

...Və dizləri əsdi, az qala səndələyib yıxılacaqdı...

  

Ay aman! Bu yaddaşda kimlərin adları yox idi?! Məşhur sənətkar, dövlət məmuru, adamı, estrada ulduzu, din xadimi,  hətta kriminal aləmin tanınmış nümayəndəsi...

 

Yox, yox! Müəmmalı məsələdi.

 

Burda nəsə bir sirr var idi. Ancaq sirr?..

 

Bir nəfər, cəmiyyətin müxtəlif təbəqələrindən bu qədər məşhur adamla necə yaxın dost ola bilərdi... Ancaq burası da var ki, axı mobil telefonun yaddaşına yalnız özünə yaxın adamların nömrələrini yazırlar...

 

Dünyanın işinə bax! Belə mötəbər adamlara bəzən necə ucuz telefonlardan zəng vururlarmış...

 

Burası da qəribə idi ki, belə mötəbər, məşhur adamlarla ən azı tanış olan birisi niyə ucuz yeməkxanalara girib-çıxır?!

 

Beləcə fikirləşə-fikirləşə, çəkinə-çəkinə yaddaşdakı nömrələrdən birinə zəng etdi. Telefonu qorxa-qorxa qulağına tutdu. Xeyli gözlədi. Əlbəttə belə bir tanınmış adam əlbəəl telefonu açmayacaqdı ki?..

 

Axır ki, telefondan yorğun bir səs gəldi.

 

- Kimdir?

 

-...

 

- Kim?

 

- Kim? Kim?- Telefonun o başındakı səs xırp kəsildi. Sonra da:

 

- Səhv düşmüsüz, - deyib əlbəəl telefonu qapatdı.

 

Yaddaşa yazılmış bir nömrəni ürkə-ürkə yığdı.

 

-Cənab...

 

Telefondan qəzəbli bir səs eşitdi.

 

- A kişi, keflisən, ya başın xarabdır? Filankəs hara, mən hara?

 

Tərsliyi tutmuşdu, əl çəkənə oxşamırdı. Yaddaşdakı adları yazılanların hamısına  bir-bir zəng edirdi.

 

- Dud-dud-dud...

 

- Sənətkar...

 

- Ha-ha, sənətkar, şair... Məni ələ salırsan?...

 

Tələsik telefonu qapatdı.

 

Bu sirr, tilsim idi. Ora-bura çox çək-çevir edib beynini qədər yordusa da, ağlabatan bir şey tapa bilmədi.

 

lll

 

Ertəsi gün yenə həmin yeməkxanada idi. İşə bax ki, dünən əyləşdiyi stol yenə boş idi. Yeməkpaylayan yan stola yaxınlaşanda sifarişindən qabaq cibindən çıxardığı telefonu ona uzadıb:

 

- Dünən bu stolun üstündə qalmışdı - dedi, - görünür, yaddan çıxarıb qoyub gediblər. - Səsində açıq-aşkar saxtalıq duyulsa da, davam etdi, - işə baxın ki, onu sizə qaytarmağı elə mən özüm unutdum.

 

Yeməkpaylayan saymazyana telefona baxıb:

 

- Əşi qəribə, key bir müştəridir, - dedi, - adam da bu qədər huşsuz olarmı?.. Az qala hər gün yeməkxanadan çıxanda telefonu stolun üstünə qoyub gedir.

 

Sonra da gizli bir təbəssümlə:

 

- Baş açmıram nə məsələdir, - deyə istehza ilə dilləndi. - Bəzən günlərlə bu telefon bizdə qalıb. Di gəl, bircə dəfə də olsa zəng edən olmayıb. Heç özütelefonun ardınca gəlməyib. Məhəttəl qalmalı işdir ki, daha bu telefonu niyə cibində gəzdirir...

 

Sonra yeməkpaylayan mənalı-mənalı:

 

- Yəqin ki, yaddaşda yazılan adları açıb siz də baxmısınız, - deyə sualedici nəzərlə  ona baxdı.

 

- Elədir, -deyə başını tərpədib yeməkpaylayanın sözünü təsdiqləsə də, ordakıların bir neçəsinə hətta telefon açdığını açıb demədi.

 

Yeməkpaylayan köks ötürdü.

 

- Bəlkə də başdan bir balaca xarabdı, - dedi, - elə bil lovğalanmaq, ədalanmaq istəyir ki, çox da mən bu ucuz yeməkxanada çörək yeyirəm, amma gör kimlərlə yaxınam. Di gəl... - Yeməkpaylayan sözünü tamamlamayıb ah çəkdi.

 

O, əvvəlcə diksindi, sonra da elə bil sarsıldı... Axır ki, özünə gəlib dodaqaltı - Bədbəxt adam, - deyə pıçıldaya bildi.

 

Stoldan uzaqlaşan yeməkpaylayan onun sözlərini eşitmədi. Yadından çıxarmışdı, yaidi, telefonu elə o da bu dəfə stolun üstünə qoyub getmişdi. Çağırıb telefonu yeməkpaylayana vermək istədi, lakin nə fikirləşdisə, niyyətindən əl cəkdi

 

"Yaddan çıxmış" telefonu stolun üstündən bu dəfə kim götürəcək və telefon yiyəsinin yaddaşda adları yazılan tanınmış, məşhur adamlarla yaxın olmağına kimlər heyrətlənəcəkdi...

 

Aydın Tağıyev

525-ci qəzet.- 2015.- 22 dekabr.- S.8