"Teatr
tarixinin Cahangiri tədqiqat müstəvisində"
Dekabrın 21-də Azərbaycan Teatr Xadimləri İttifaqında (ATXİ) görkəmli
aktyor və teatr xadimi, Azərbaycan
professional teatrının banilərindən
biri, pedaqoq Cahangir Zeynalovun anadan olmasının 150 illiyi münasibətilə
elmi-praktiki konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, "Teatr tarixinin Cahangiri tədqiqat müstəvisində" mövzusuna
həsr olunmuş konfrans Teatr Xadimləri İttifaqı
və Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universiteti tərəfindən
təşkil edilib.
AXTİ-nin sədri,
Xalq artisti Azərpaşa Nemətov çıxış edərək
bildirib ki, Azərbaycan teatrının
tarixi görkəmli dramaturq və teatr xadimləri ilə yanaşı, Cahangir Zeynalovun adı ilə də bağlıdır. Onun Bakıda
fəaliyyət göstərən
aktyor truppaları ilə yaxından əlaqəsi olub, daim şəhərdə qastrolda olan xarici teatrların tamaşalarını izləyib.
C.Zeynalovun teatra olan məhəbbətindən
danışaraq bildirib
ki, o, aktyor, rejissor, həm də yazıçı kimi fəaliyyət göstərib. Maddi cəhətdən çox imkanlı olması, eləcə də milli burjuaziyanın
təmsilçisi kimi
Azərbaycan teatrının
tərəqqisi naminə
etdiyi fədakarlıqlar
çox olub. O, aktyorlara həmişə əl tutub, onlara maddi yardımlar
edib, evində məşqlər, görüşlər
keçirib, tamaşaların
nümayişinə şərait
yaradıb.
Qeyd edilib ki, Prezident
İlham Əliyevin Azərbaycan professional teatrının
banilərindən sayılan
Cahangir Zeynalovun 150 illiyinin keçirilməsi
ilə bağlı imzaladığı müvafiq
Sərəncama əsasən
ölkəmizdə silsilə
tədbirlərin keçirilməsi
nəzərdə tutulur.
Konfransda sənətkarın yaradıcılığı,
teatr və kino tarixindəki misilsiz xidmətlərinə
dair məruzələr
dinlənilib.
Teatrşünas, Əməkdar incəsənət xadimi Məryəm Əlizadə "Azərbaycan teatr mədəniyyətində Cahangir Zeynalovun yeri", professorlar İlham Rəhimli "Azərbaycan teatr tarixi və Cahangir Zeynalov", İsrafil İsrafilov "Cahangir Zeynalov: şəxsiyyət və zaman", Aydın Talıbzadə "Kəblə Cahangirin teatrı", Rafiq Sadıxov "Cahangir Zeynalov dövrün mətbuatında", sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov "Azərbaycan teatrının Cahangiri" mövzularını əhatə edən məruzələrdə bildirilib ki, Azərbaycan teatrını Cahangir Zeynalovsuz təsəvvür etmək olmaz. Qeyd olunub ki, 1885-ci ildən rollar oynamağa başlayan sənətkar realist aktyor məktəbinin banilərindəndir. Böyük komik istedada sahib olan C.Zeynalov həm də güclü dramatik aktyor olub. Cahangir Zeynalov qüdrətli sənətkar kimi ifaçısı olduğu bütün rolları öz canlı müşahidələri sayəsində daim yeni cizgilərlə zənginləşdirib və həyat həqiqətlərini realizm prinsipləri əsasında səhnədə müvəffəqiyyətlə canlandıran dolğun surətlər silsiləsi yaradıb. Diqqətə çatdırılıb ki, o, teatr məktəbdir, aktyor isə müəllimdir fikrini əsas tutaraq xalqına xidmət edib.
Vurğulanıb ki, Cahangir Zeynalov vaxtilə teatr ictimaiyyəti tərəfindən təntənəli yubileyi qeyd edilən ilk Azərbaycan aktyoru olub. Yubiley tədbiri aktyorun səhnə fəaliyyətinin 25 illiyi münasibətilə "Nicat" cəmiyyəti tərəfindən keçirilib.
Azərbaycan teatr tarixində ilklərə imza atan Cahangir Zeynalov ilk peşəkar aktyor, həm də yaşadığı evdə ilk teatr yaradan insan olub. Onun təşəbbüsü ilə parodiya teatrı yaradılıb.
C. Zeynalovun sənətinin qızı Nəsibə Zeynalova və nəvəsi Cahangir Novruzov tərəfindən davam etdirildiyi vurğulanaraq qeyd edilib ki, 130 ildir onun nəsli səhnədədir.
Tanınmış aktyor və rejissor, Əməkdar incəsənət xadimi, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov babası ilə bağlı eşitdiyi xatirələri bölüşüb. O, ölkə başçısına Azərbaycan teatrına verdiyi dəyərin təzahürü olaraq imzaladığı Sərəncama görə minnətdarlıq edib.
O deyib: "Sərəncama əsasən bütün teatr aləmində tədbirlər zəncirinin başladığını vurğulayaraq həm Teatr Xadimləri İttifaqının bir üzvü, həm də nəvə kimi teatra iz qoyub getmiş C.Zeynalovun yubileyinin qeyd olunması məni ancaq sevindirə bilər".
525-ci qəzet.-
2015.- 22 dekabr.- S.7