"Bizdə psixoloqa
dayə kimi baxırlar"
PSİXOLOQ NİSƏ ABDULLAYEVA: "PSİXİATORLARLA PSİXOLOQLAR ARASINDA SOYUQ MÜHARİBƏ GEDİR"
Nisə Abdullayeva 1984-cü ildə
Bakıda dünyaya gəlib. A.Zeynallı adına Musiqi Kollecində fortepiano ixtisası
üzrə təhsil alıb, Bakı Dövlət Universitetinin Sosial Elmlər və Psixologiya fakültəsində psixologiya
ixtisasına yiyələnib.
SOS Uşaq Kəndləri
Azərbaycan Assosiasiyası
Sumqayıt Ailələrə
Dəstək Layihəsinin
psixoloqudur. Assosiasiyanın xətti ilə
Moskvada və Pskovda təcrübə keçib.
Hazırda sağlamlıq imkanları
məhdud, valideyn himayəsindən məhrum
uşaqlar üçün
4 saylı Respublika Xüsusi İnternat Məktəbinin nəzdində
fəaliyyət göstərən
Reabilitasiya-İnkişaf Mərkəzinin
fəaliyyətində çalışır.
- Nisə xanım, psixologiya elmi ilə psixiatriyanın fərqi nədir? Ruhi xəstəliklərin müalicəsi
ilə məşğul
olan bu mütəxəssislər
eyni işi görmürlərmi?
- Psixoterapiyaya həm psixiatriya, həm psixologiya aiddir. Psixoterapiya ilə həm psixiatorlar, həm psixoloqlar məşğul ola
bilərlər. Ona görə
də psixiatorlarla psixoloqlar arasında soyuq müharibə gedir. Psixiatorlar artıq
tam pozuntusu olan xəstə ruhlu insanlarla, psixoloqlar isə hələ sağlam, sadəcə çətinliyi olan insanlarla işləyir.
- Bizim psixoloqlar harada yetişir? Bizdə savadlı pedaqoq-psixoloqlar,
səviyyəli dərsliklər
varmı?
- Bakı Dövlət Universiteti, Pedaqoji Universitet psixoloqlar hazırlayır. Təcrübəmə
əsaslanıb deyə
bilərəm ki, bu ali məktəblərdə psixologiyanı
rus dili, biologiya müəllimləri
tədris edirlər. Bizdə kadr çatışmazlığı
olduğu üçün
kadr yetişdirməkdə
xarici təcrübədən
çox istifadə etməliyik. Bizdə baza
biliyi olan mütəxəssis azdır,
ona görə biz xaricdə təhsilə üstünlük verməliyik.
Kitablar var, amma Azərbaycan dilinə çox az tərcümə
olunub, peşəkarlıq
səviyyəsi aşağıdır.
Psixologiya sahəsi üzrə
Azərbaycan dilində
elmi ədəbiyyat yoxdur, elmi ədəbiyyatı
oxumaq üçün
rus dilini bilmək lazımdır.
Türk dilində də var, onlar xarici
dildən tərcümə
olunub, onu biz başa düşmürük,
bizim televiziyadan öyrəndiyimiz türk dili məişət dilidir.
- Psixologiya pullu sahə olduğu üçün bu sahəyə axın var, hər bir
psixoloq özünə
bir mərkəz açır. İnsanlar bu qədər
mərkəzlərin içərisində
savadlı psixoloqu necə seçə bilərlər?
- Belə bir dəb
var, mərkəz açanda adın yanında "psixoloji inkişaf", "psixoloji
fərdi inkişaf
", psixika ilə bağlı hansısa sözdən nüfuz artırmaq üçün
istifadə edilir, bu, prestij gətirir.
Bilirlər ki, psixika həmişə insanların
ən zəif yeri olub. Buna görə də mərkəzlərin bəzilərində
psixoloq olmasa da,
psixologiya ilə
məşğul olmasalar
da, adlarında, reklamlarında
"psixoloji" sözü
var.
- Televiziyalar psixoloqları çox güclü reklam edirlər. Sizcə, televiziyalarda ən yaxşı psixoloqlar reklam olunurlar?
- Çıxış edənlərin
çoxunun heç psixologiya təhsili
yoxdur. Televiziyada çıxış edən məşhurların
bəziləri təhsil
almaqdadır, bəziləri
sosiologiya üzrə təhsil alıblar. Bunlar psixologiya haqqında düzgün
fikrin formalaşmasına
imkan vermirlər. Televiziyada deyilənlər populyar psixologiyadır, elmi psixologiya deyil. Yaxşı kardioloq deyəndə fikir yaranır ki, o ən azından
kardioqramanı oxuya bilir. Bizdə yaxşı psixoloqun
necə olması barədə fikir formalaşdırmağa imkan
vermirlər.
- Əksər mərkəzlərdə
fırıldaqçıların insanları qarət etməsi, televiziyalarda savadsız adamların psixoloq kimi çıxışlar
etməsi bu elmə inamın itməsinə səbəb
olur.
- İnam artıq itib, bunu öz iş təcrübəmdən görürəm. Uşağı gətirib deyirlər ki, bilirəm düzəlməyəcək, gətirdim ki, sənin yanında qalsın. Psixoloqa dayə kimi baxırlar. Çünki çox məşhurların yanına gedib bir nəticə görməyiblər. Əhalinin psixoloqlara inamı itib. Bəziləri də fikirləşir ki, psixoloqun sehirli çubuğu var. Birinci görüşdən uşağa toxunduracaq, uşaq xoşbəxt olacaq, bayıra çıxan kimi insanların üzünə güləcək. Bu gözlənti də yanlışdır. İnsan çəkdiyi əziyyətlər hesabına depressiyaya düşübsə, həmin əziyyətli yolu geri qayıdıb düzgün yola qayıtmalıdır. Yəni iki dəfə artıq əziyyət çəkib özünə gəlməlidir.
- Psixoloqun seanslarında çox vaxt itirmək çox pul deməkdir. Hər adamın da çox pul vermək imkanı yoxdur.
- Razıyam. Amma psixoloqlar adətən çox pulu çox vaxtla əlaqələndirmirlər. Yaxşı psixoloq ancaq nəticəyə fokuslaşır.
- Savadlı psixoloqlar yetişdirmək üçün nə etmək lazımdır?
- Bu, böyük miqyasda görülməli işdir. Bu işə dövlət səviyyəsində maraq olmalıdır. Biz müharibə şəraitində yaşayırıq, bir milyon qaçqınımız var, onlarla işləmək lazımdır.
- Savadlı psixoloqlar televiziyalara çıxmaq istəmirlər, sonra da aparıcıları qınayırlar ki, nə üçün savadsızları efirə çıxarırlar.
- Televiziya elm öyrətmək
yeri deyil. Hansısa tok-şouda ailəni müzakirə edə bilmərəm. Bizə maraqlıdır
deyə qulaq asırıq, sonra o ailənin cəmiyyət içində necə yaşayacağını düşünmürük.
Psixologiya kütləvi elm sahəsi deyil, bu, fərdidir. Nə qədər insan varsa, o qədər metod var, o qədər
vəziyyətdən çıxış
yolu var.
- Psixoloq axtarışında
düzgün seçim
etmək üçün
nəyi bilmək lazımdır?
- İntellektual insanın intellektual olmayan psixoloqun yanında işi ola
bilməz. Psixoloq ilk görüşdə ağzını açıb
"xoş gəlmisiniz"
deyəndə siz artıq bilirsiniz ki, onunla sağollaşmaq
lazımdır. Sizinlə sadəcə,
söhbət etməyə
gəlib. Bu ruh məsələsidir deyə sizin baxışlarınız üst-üstə
düşməlidir. Həmin adamın
professionallığından başqa insanlığı
da olmalıdır.
Kimlərinsə məsləhəti ilə psixoloq seçmək olmaz. Mütləq onunla tanış olmalısınız. Psixoloq elementar
tanışlığı da ödənişlə edirsə, bu artıq çox şey deyir. Məndə çox olub ki, cədvəlimdə yer olmayıb, amma ilk tanışlıqdan
israr ediblər ki, ancaq sizin
yanınıza gəlmək
istəyirəm.
- Psixologiya elmi hazırda hansı ölkələrdə daha
çox inkişaf edib?
- Davranışı dəyişməyə
yönəlik psixologiya
elmi ABŞ-da, düşüncəni dəyişməyə
yönəlik psixologiya
elmi isə daha çox Avropada, Almaniyada inkişaf
edib. Azərbaycanda da iki istiqamət
var. Mən düşüncəni
dəyişmək istiqaməti
üzrə fəaliyyət
göstərirəm.
- Azərbaycanda psixologiyanın
inkişafı ilə
bağlı tədqiqatlar
aparılırmı və
bunun üçün
çox vəsait lazımdırmı?
- Çox da böyük vəsaitə ehtiyac yoxdur. Bizim ali məktəblərdə tədqiqat aparmaq üçün lazımi şərait yoxdur. Bizdə çox vaxt sorğunu tədqiqat hesab edirlər. Sorğu sosioloqların işidir. Kağız üzərində bizdə çoxlu sayda tədqiqatlar gedir. Hər il dissertasiyalar, diplom işləri müdafiə olunur. Dissertasiyaların son hissəsində adətən onun praktikada tətbiqi məsləhət görülür. O hissə həmişə havada qalır. Nə üçünsə yeniliklər praktikada tətbiq olunmur.
Mətanət
ƏLİYEVA
525-ci qəzet.-
2015.- 22 dekabr.- S.4