Balayar Sadiqin həndəsə fəsli

 

 

 

2000-ci ilin əvvəli idi, bir payız günündə Balayar Sadiq gəlmişdi Bakıya.

 

Hava soyuq, küləkli, bir az yağışlı idi. Küçələr qaçaqaç, qovaqov, avtobuslar qaşqabaqlı, dayanacaqlar kədərli, sanki hər tərəfdə "Əlvida, Bakı" musiqisi səslənir. Bir az pulsuzluq, bir az da dostların vəfasızlığı, bir az laqeydlilik havası var Bakıda.

 

Azərbaycan Yazıçılar Birliyinin pilləkənlərində ayaqüstü görüşdük, dedi, bu səhər gəlmişəm, axşama Lənkərana qayıtmalıyam. Elə tələsirdi ki, məndən bir addım Lənkəran tərəfə dayanmışdı. Dayandığı yerdə bir ayağı yenə Lənkəran tərəfə idi, əlləri mənə uzalı halda ayrıldıq. Balayar gedən kimi Bakıda külək kəsdi, hava duruldu, günəş çıxdı.

 

Balayar Sadiq mənim yadımda ilk dəfə belə qaldı, bir az da saqqalı vardı, bir az da kədəri. Sonra yenə günlərin bir günü Bakıya gəldi, əlində 3-4 bükülmüş qəzet, yenə bir ayağı qaçaq. Amma dilindən Lənkəran düşmürdü, bir dəqiqənin içində Şəkər Aslandan, İltifat Salehdən,  özünün eynən dediyi kimi, ustadı-əzim Məmmədhüseyn müəllimdən, sonra cavanlardan Tərlan Əbildən danışdı çıxıb getdi... Getdiyi yerdə qayıdıb dedi ki, sənin "60-cı illər" poemanı oxudum, əla poemadır, özü belə dedi, "poetik düşüncənin özünü dərk prosesi..." yarısını eşidə bilmədim, mindi avtobusa, getdi Lənkərana. Bir görünməyi qaldı yaz-yaya.

 

Bu o zaman idi ki, Bakıda iki yazıçı bir yerdə çay içə bilmirdi, iki qoçun başı bir çaynikin başına cəm olması məsələsi çox çətin idi, hamı dahi idi, hamı Kafkanın kitabını qoltuğunda gəzdirən vaxtlarıydı.

 

Balayar Sadiqin şeirlərini 90-cı illərin əvvəllərindən oxuyurdum, bu şeirlərdə bir cənublu oğlanın ürək ritmləri vardı, həm əruzda, həm hecada, həm sərbəstdə, özü aritimiyasız. Yenə bu o zaman idi ki, Masallıda "Qala" qəzeti çıxırdı, baş redaktoru Məmməd Kazım əməkdaşları Arif Fərzəli, Süleyman Əlisa başqaları idi. O zaman rayonda ədəbiyyat çap eləyən bir qəzetin çapı böyük bir ədəbiyyat hadisəsiydi, mən , Balayar da o qəzetdə gen-bol çap olunurduq.

 

Sonra Balayar Sadiq Bakıya köçdü, bundan sonra sıx görüşdük, bir-birimizi yaxşı tanıdıq. Demək olar ki, hər gün Nərimanov bağında çay içirdik, ədəbi söhbətlər eləyirdik. Mən sonra öyrəndim ki, Balayar hərbçi imiş, Qarabağ da döyüşüb, elə tələsməyinin bir tərəfi hərbinin onun xarekterinə yazdığı bir lent yazısı imiş. O gənc yaşlarında müharibə görmüş onun dəhşətlərini yaşamış bir adamdı.

 

Balayar Sadiqi son illərdə kəşf elədim, həm şeirləri ilə, həm xarakteri ilə oxcuların yaddaşında öz obrazını yaratdı. Mən onu gözəl bir şair, tənqidçi, esseist kimi tanıdım. Yaxşı bir dost kimi qəbul elədim.

 

Onun çox gözəl sonetləri, qəzəlləri, heca sərbəst şeirləri var. Əruzu gözəl bilir, gənclərə həmişə dəstək olur. Sərhədlə, xüsusən Qarabağla bağlı onun çox maraqlı şeirlərini oxumuşam.

 

O, Beynəlxalq Rəsul Rza Mükafatı laureatıdır, "Ədəbi azadlıq -2013" şeir nominasiyasının birinci yerin qalibidir. Dövlət Sərhəd Xidmətinin keçirdiyi ədəbi yarışmalarda dəfələrlə birinci yeri tutmuşdur.

 

Balayar Sadiq ən gözəl xüsusiyyətlərindən biri budur ki, o, doğulub boya-başa çatdığı torpağı unutmur, həmişə öz bölgəsi haqda ağız dolusu məhəbbətlə danışır, ona yaxşılıq eləyənləri yaddan çıxarmır. Eləsi var ki, Bakıda bir- iki şeiri çap olunan kimi öz rayonunu, ona xeyirxahlıq edənləri yaddan çıxarır.

 

Balayar Sadiqin şeirləri onun ədəbi təcrübəsinin, mütaliəsinin, müşahidəsinin məhsuludur. O, aşağıdakı şeirlərin hazırkı dayandığı yerə qədər böyük bir yol gəlib. Bu 5-10 ilin işi deyil, 20-30 ilin bəhrəsidir.

 

Üzünü yumağa

bir ovuc

su tapmır dəniz.

 

lll

 

Ovcumdakı su kimi

üstümə dağıldı

sükut...

 

Balayar Sadiq klassik ədəbiyyatı müasir şeiri gözəl bilir. Ədəbi mətni müxtəlif kontekslərdən təhlil təqdir edir. Onun müasir şeirimizdə layiqli yeri var. Kimin qəbul edib-etməməsindən asılı olmayaraq, artıq bu hadisə baş verib.

 

Bu itin əlindəki

qarpız dilimi

əruz vəznində

can verir...

 

Balayar Sadiqin şeirləri meşələrin içindəki üstü qırmızı kərəmitli talış evləri kimidir. Sanki adama boylanır bu şeirlər. Məhz belə koloritlilik şeirin daxili enerjisini təşkil edir. Daxili vəziyyət çöldəki vəziyyətin halına uyğundur.

 

ağacların danışdığı

rəngdə yorğunam.

Baxışımda çidarlanıb

buludlar

Yaddaşımın çölləri

dağılıb

yaşıllığın təravətinə...

 

yaxud

 

Yenə də gec gəldi həndəsə fəsli

Məni unudubdu

bütün rəqəmlər

ağacların danışdığı rəngdə.

 

Bu il gözəl şairimizin 50 yaşı tamam oldu. Getdik Lerikə. Dağlar qoynunda dərin fikrə dalmış Lerik bizi gülərüzlə qarşıladı. Lerik rayon İcra Hakimiyyəti Balayar Sadiqin 50 illik yubileyini təntənə ilə qeyd etdi. Mən onda bildim ki, bu yerin camaatı Balayar Sadiqi necə sevirmiş. Meşələr, meşələr arasındakı üstü kərəmitli evlər təbiətin həndəsə fəsli idi. Balayar Sadiqin şeirləri həndəsi silsilə ilə bu yerlərdən dünyaya qanadlanıb.

 

Qəşəm NƏCƏFZADƏ

525-ci qəzet.- 2015.- 23 dekabr.- S8.