"Qoca qartal" - dostları ona belə deyirdilər...

 

 

- Alo, salam.

 

- Salam. Buyurun, eşidirəm, kimdi danışan?

 

- Daxili İşlər Nazirliyinin "Mübariz keşikdə" qəzetindən polis kapitanı Hafiz.

 

- Kim???

 

Xəttin o başında səs sanki qırıldı. Qəfil başlayan doludan qorxub hara pənah aparacağını bilməyən ucsuz-bucaqsız səhrada yalqız qalan, əli yerdən-göydən üzülən, saman çöpünə ümid kimi baxan bir Allah bəndəsinin keçirdiyi şaşqınlığı təəssüflər olsun ki, qələmə almaq gücündə deyiləm.

 

Bilirdim ki, adımın çəkilməyi səsini eşidib, üzünü görmədiyim insanın hələ qaysaq tutmayan yarasına duz basıb onu ürəyi ilə əlbəyaxa edəcək. Ancaq adımı deməyə məcbur idim. Çünki adaşımın ömür-gün yoldaşından şəhid Azərbaycan polisinin ömür yolu haqqında bəzi mətləbləri öyrənmək istəyirdim.

 

Xaçmaz şəhərində yaşayan təqaüddə olan polis mayoru Yolçu Hüseynov tərəfindən redaksiyamıza gələn məktubda Hafiz haqqında heç olmasa qısametrajlı filmin çəkilməsi arzu olunurdu. Və onun bir fikri diqqətimi xüsusilə cəlb etdi. Məktubunda veteran həmkarımız yazırdı: "O, mənimlə Səbail rayonunun 8-ci PB-də xidmət edirdi. Ailəli idi. Hafiz haqqında bildiklərimi, gördüklərimi deməyə, həmçinin onun haqqında çəkiləcək filmin hazırlanması üçün təqaüdümün bir hissəsini verməyə hazıram".

 

Polis veteranıyla danışdıqdan sonra qəti qərara gəldim ki, əslində, adına unutqanlıq deyilən məfhum yoxdur. Bir hadisənin, sevincin və dərdin birləşdirdiyi insanların illər keçəndən sonra bir-birini xatırlaması, ötənləri yada salması bundan sonra həyatımızdakı "unudaram"ların uydurmadan savayı heç nə olmadığını isbatlayır.

 

İnsan unutmur, sadəcə, yaşantıları, üzləşdiyi çətinliklər, problemlər onu nəyisə tez, nəyisə gec xatırlamağa sövq edir.

 

biz olanları xatırlamaqla sayğımızı nümayiş etdirmiş oluruq...

 

Elə o məktubdan sonra adaşımın xatirəsini yenidən yad etmək üçün axtarışa başladım. Səbail və Binəqədi RPİ-lərin hazırda xidmətdə olan, təqaüdə çıxan əməkdaşları ilə görüşüb Hafiz Abdullayev haqqında məlumat aldıqdan sonra onun ailəsi ilə tanış olmaq qərarına gəldim.

 

1954-cü ildə Ağdamda doğulmuşdu. Dörd qardaş, bir bacı idilər. Kiçik yaşlarından "Mən milis olacam" deyib tutdurmuşdu. "Milis güclü olmalıdır",- deyib həm dərslərini yaxşı oxuyur, həm idmanla məşğul olurdu. Uca boyu, enli kürəyi, qorxmazlığı ilə cavanlar arasında xüsusilə seçilirdi.

 

Arzusu onu Volqoqrada apardı. Burada Milis məktəbini bitirdi. Məktəbi bitirdikdən sonra Bakıya qayıdıb Səbail RPİ-nin 8-ci PB-də sahə inspektoru kimi xidmətə başladı. Həmin illər SSRİ-də vəziyyət get-gedə kəskinləşdikcə milli zəmində baş verən münaqişələr də qızışırdı. Bu hadisələrin isə ən pik nöqtəsi Ermənistanda yaşayan azərbaycanlıların öz dədə-baba torpaqlarından zorla qovulması oldu. Böyük bir qaçqın köçünün özü ilə gətirdiyi problemin onsuz da vəziyyəti çətin olan Azərbaycanda qarşısını almaq üçün hüquq-mühafizə orqanlarının üzərinə çox böyük məsuliyyət düşürdü. Vəziyyətə nəzarət etmək çətin olsa da, soydaşlarının harayına çatmaq üçün Hafiz də həmkarlarının cərgəsinə qoşuldu.

 

Hafiz bu köçün hələ son olmadığını sanki əvvəlcədən görürdü. Bununçün də gənc əməkdaşlara silahla davranmağı, əlbəyaxa döyüş fəndlərini öyrədir, onları əsl peşəkar kimi yetişdirmək üçün əlindən gələni edirdi.

 

Qarabağda, xüsusən də Xankəndində ermənilərin fəallaşması, sərsəm tələblər irəli sürməsi mövcud vəziyyətdən istifadə edib öz arzularını gerçəkləşdirmək üçün SSRİ rəhbərliyini ələ almaq cəhdləri Azərbaycanın  ərazi bütövlüyünə qəsdin başlanğıcı demək idi. Get-gedə çevrəsi genişlənən münaqişə müharibəyə çevrilmişdi. Çünki Ermənilər illər boyu buna hazırlaşmışdılar.

 

O, yaxşı başa düşürdü ki, milis zabiti kimi, Vətənin müdafiəsində ön sıralarda olmalıdır. Məhz elə buna görə də cəbhəni, döyüşməyi üstün tutdu. Çaykəndin, Ağdərənin azad edilməsində xüsusi qəhrəmanlıq göstərdi. Vaxtsız ağaran saçlarını görüb dostları ona "Qoca qartal" deyirdilər. "Qoca qartal" düşmən tərəfindən yandırılan, zəbt edilən torpaqların itkisi ilə barışa bilmirdi. İlk silahı Vətənə sevgi, istək olan, lakin vahid komandanlıq altında birləşdirilməyən oğullarla, rabitəsiz, pələsəng könüllülərlə, vətənin müdafiəsini təşkil etmək, onu qorumaq çox çətin olsa da, döyüş alnına yazılanlar ölümdən qorxmurdular.

 

Yazdıqlarım adaşımın ömür-gün yoldaşı Vüqarə xanımın dediklərindəndir. Yaddaşını silkələyib keçənləri xatırlaya-xatırlaya o illərə qayıtdıqca sanki çiyinlərindən ağır bir yük asılıbmış kimi aram-aram danışır Vüqarə xanım. Masanın üstündəki şəkillərdən bizə boylanan həmkarımızın baxışlarından hələ düşməndən ala bilmədiyimiz qisası görürəm. Elə bilirəm ki, şəkillər də od tutub alışacaq. Bir də diqqətimi Hafiz haqqında yazılar çıxan qəzetlər çəkir. Saralmış qəzetlərdən boy verən yazılarda onun qəhrəmanlığından bəhs edilir.

 

Hafiz əsl kəşfiyyatçı idi. Ermənilər onun adına "Sedoy" deyirmişlər. Həm də başına pul qoyubmuşlar. Qapanlının yaxınlığında yerləşən kənddə ermənilərin silah anbarını partlatdıqdan sonra düşmən daha da azğınlaşmışdı, necə olursa olsun, Hafizi ya ölü, ya da diri ələ keçirmək istəyirmişlər. İgid döyüşçü sanki ölümünü hiss edirmiş. Dünyasını bir il öncə dəyişən anasının Ağdamdakı qəbrini gizli şəkildə ziyarət etdikdən bir gün sonra girdiyi ağır döyüş onun sonuncu döyüşü olacaqdı.

 

Tərtərin Qapanlı kəndi uğrunda döyüşdə düşməni geriyə oturdan Hafizgil döyüşün səngidiyini düşünsələr də, yenidən xeyli texnika və canlı qüvvə ilə hücuma keçən düşmənin həmləsinə cavab vermək üçün son gülləyə qədər döyüşməyi qarşıya məqsəd qoydular. Düşmənin iki döyüş maşını sıradan çıxarıldı. Lakin düşmən tankının atdığı mərmi Hafizi ağır yaraladı. O, dostlarına onu buraxıb getməyini xahiş etsə də döyüş yoldaşları onu tək qoymadılar.

 

Hafiz "Atəşkəs"dən bir gün əvvəl həyata gözlərini əbədi yumdu. Vətən dağları  "Qoca qartal"sız qaldı...

 

Yazıma nöqtə qoymaq fikrində deyiləm. Yenə də diqqətimi masanın üzərindəki şəkillərdən biri çəkir. Şəkildə iki oğlan uşağı vardı. Sanki bunlar kimdi sualımı Vüqarə xanım hiss edib deyir: "Aslanla Emildi". Bu şəklin maraqlı tarixçəsi var: "Yay idi. Hafiz döyüşdən təzəcə gəlmişdi. Uşaqlar onları gəzməyə aparmağını deyəndə yorğun olmasına baxmayaraq razılaşdı".

 

Vüqarə xanım onu da deyir ki, Hafizin maraqlı hobbisi vardı. O müxtəlif ölkələrin markasını yığırdı. Həmişə maraqlı kitabları oxumağı, mütaliə etməyi sevərdi.

 

Hafiz Şiraslan oğlu Abdullayev ölümündən sonra möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən "İgidliyə görə" medalıyla təltif olunub. DİN rəhbərliyi, döyüş yoldaşları onları unutmur, bayramlarda, əlamətdar günlərdə, polisin peşə bayramında zəng edib hal-əhval tuturlar.

 

İndi baba Hafizin ocağında nəvə Hafiz böyüyür. Bax, bu, hafizlər ailəsi üçün ən böyük təsəlli, Hafizin ruhunu oxşayan ən gözəl mükafatdır.

 

Demək Vətən uğrunda ölmək, şəhid olmaq ölümsüzlüyün zirvəsinə ucalmaqdır. Birdə ki, insanlar xatırlamaya bilər. Amma  "Vətən unudulmur, Vətən unutmur".

 

Hafiz TƏMİROV

polis kapitanı

525-ci qəzet.- 2015.- 23 dekabr.- S.8