Ölməz eposun almanca
nəşrinin 200 illiyi
qeyd edilib
Dekabrın 22-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Kitabi-Dədə Qorqud"un alman dilində ilk tərcüməsi
və nəşrinin
200 illiyinə həsr
olunmuş elmi-bədii
yubiley tədbiri keçirilib.
Tədbir Prezident İlham Əliyevin "Kitabi-Dədə Qorqud"un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında" müvafiq Sərəncamına əsasən təşkil olunub.
Mədəniyyət və Turizm Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə reallaşan tədbirin iştirakçıları əvvəlcə teatrın foyesində təşkil olunmuş sərgi ilə tanış olublar.
Sərgidə "Kitabi-Dədə Qorqud"un tədqiqinə aid nəşrlər, bu eposla bağlı uşaqların çəkdiyi rəsmlər, eləcə də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən görkəmli alman şərqşünası və diplomatı Henrix Fridrix fon Ditsin 1815-ci ildə alman dilinə tərcümə edərək çap etdirdiyi "Basatın Təpəgözü öldürməsi" boyunun 25 dildə nəşri nümayiş olunub. Tədbirdə ulu öndər Heydər Əliyevin "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik təntənəli yubileyi mərasimindəki çıxışından fraqment nümayiş etdirilib.
Tədbiri Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) Himayəçilik Şurasının sədri akademik Kamal Abdullayev açaraq bildirib ki, ölkə başçısının müvafiq Sərəncamı qorqudşünaslığa yeni bir nəfəs verib, ruh gətirib, onun perspektivlərini müəyyənləşdirib. Bu tədbir il ərzində müxtəlif qurumlar tərəfindən birgə planlaşdırılan tədbirlərin məntiqi yekunudur. Tədbirdə Türkiyə, Almaniya, Rusiya, İran, Gürcüstan, İtaliya və digər ölkələrdən alimlər, qorqudşünaslar iştirak edir. Lakin bu yekun deyil, hələ qarşıdakı onilliklərdə də bu Sərəncamdan irəli gələn məsələlər tədqiq olunacaq.
Tədbir çıxışlarla və ədəbi-bədii proqramla davam edib.
M.ŞÜKÜRLÜ
525-ci qəzet.-
2015.- 23 dekabr.- S.7